Paris nə axtarır, Pekin nə gözləyir?

post-img

Fransa Prezidenti Emmanuel Makronun Çinə səfəri bu həftə beynəlxalq gündəmin ən diqqətçəkən hadisələrindən birinə çevrilib. Əslində, Makronun Pekinə gedən təyyarəsi bütün Avropanın geosiyasi narahatlıqlarını və iqtisadi tələblərini özündə daşıyır. Beynəlxalq sistemdə eyni anda bir neçə kritik prosesin üst-üstə düşməsi Makronu Pekinlə birbaşa dialoqa məcbur edir. Gəlin, bu səfərin əsas komponentlərinə birlikdə baxaq.

Beləliklə, Makronun Çinə səfərinin ən həssas istiqaməti Ukrayna müharibəsidir. Paris uzun müddətdir ki, münaqişədə yalnız hərbi və maliyyə dəstəyi ilə kifayətlənməyin mümkün olmadığını görür. Müharibə uzandıqca Avropanın təhlükəsizlik sistemində çatlar dərinləşir, siyasi vahidlik zəifləyir, ABŞ-ın diqqəti isə Yaxın Şərq və Asiya istiqamətində parçalanır. Belə bir şəraitdə Makron başa düşür ki, Ukrayna məsələsində fərqli ünsiyyət kanalına ehtiyac yaranıb və bu kanal, nə qədər paradoksal səslənsə də, Pekindən keçir.

Bəs Fransa lideri niyə hesab edir ki, Çin bu prosesdə xüsusi rol oynaya bilər? Sual əslində sadədir: Pekin Moskvanın ən kritik dayaqlarından biridir. Rusiyanın Qərb sanksiyalarına qarşı dayanıqlı görünməsinin arxasında Çindən gələn texnologiya, avadanlıq, kredit və ticarət axını dayanır.

Burada başqa bir sual meydana çıxır: Pekin niyə Moskvaya təzyiq göstərmək istəsin? Çin üçün Rusiya strateji tampon, ucuz enerji mənbəyi və Qərbə qarşı geniş oyun sahəsinin bir parçasıdır. Buna görə Pekin Rusiyanı tam itirmək niyyətində deyil. Amma başqa bir reallıq da var: müharibənin nəzarətdən çıxması, Avrasiyada sabitliyin pozulması və Avropanın daha sərt bloklaşmaya getməsi Çinin iqtisadi planları üçün risk yaradır. Pekin gərginliyin idarə oluna bilən səviyyədə qalmasını üstün tutur. Makron öz şansını məhz bu nöqtədə axtarır.

Fransa üçün əsas məqsəd Çini Ukrayna məsələsində “ən azı neytral, amma passiv olmayan oyunçuya” çevirməkdir. Makron bilir ki, Çin birdən-birə Rusiyaya təzyiq aləti kimi çıxış etməyəcək, lakin Moskvanın daha riskli addımlardan çəkindirilməsi üçün müəyyən mesajlar verə bilər.

Pekin qarşılığında nə gözləyir? Çin Makronun Aİ-nin sərt xəttini yumşaldacağını, Avropanın ABŞ-ın Çinə qarşı texnoloji məhdudiyyətlərinə avtomatik qoşulmamasını və ən azı Pekinin “sülh təşəbbüslərinə” hörmətlə yanaşılmasını arzulayır. Yəni Makronla Çin rəhbərliyi arasında dialoq bir növ qarşılıqlı ehtiyaclar balansına söykənir. Paris Ukraynanın gələcəyini, Pekin isə Avropa ilə münasibətlərinin tonunu tənzimləmək istəyir. Bu səylərin real nəticə verib-verməyəcəyi isə daha mürəkkəb məsələdir. Çünki Ukrayna mövzusu böyük güclərin öz strateji hesabları ilə müəyyən olunur. Makronun Pekində apardığı söhbətlər bəlkə sabah müharibəni dayandırmayacaq, amma bu cəbhədə yeni diplomatik mümkünlüklərin yaranması üçün zəmin yarada bilər. Səfərin Ukrayna hissəsi də məhz bu “mümkünlüklər pəncərəsini” genişləndirmək üzərində qurulub.

***

Çinlə Rusiyanın son illərdə artan yaxınlığı Qərbin geopolitik hesablama masasında ən çox yer tutan məsələlərdən biridir. Əslində, Pekinlə Moskva arasında formalaşan model daha çox strateji ehtiyacların kəsişdiyi bir praqmatik zonadır. Elə bu praqmatizm də Qərbi narahat edən əsas elementdir. Çünki tərəflərin bir-birinə verdiyi dəstək dəyərlərdən yox, qarşılıqlı faydadan qaynaqlanır və məhz bu tip münasibətlər dəyişən qlobal nizamda daha dayanıqlı olur.

Məhz mövcud kontekstdə Qərb paytaxtlarından gələn xəbərdarlıqların sayı son aylarda artıb. Finlandiyanın müdafiə naziri Pekinin Rusiya müdafiə sənayesi ilə əməkdaşlıq etdiyini açıq şəkildə demişdi və bu bəyanat, əslində, Avropa ölkələrinin uzun müddətdir ehtiyatla gündəmdə saxladığı narahatlığın səsləndirilmiş forması idi. Buna paralel olaraq, Zelenskinin bəzi Çin vətəndaşlarının muzdlu döyüşçü kimi Rusiya tərəfində göründüyünə dair açıqlamaları Pekin–Moskva xəttində əməkdaşlığın fərqli qatlarına da işarə edirdi. Bu iddiaların real miqyası bəlkə tam bilinmir, amma Qərbin məsələni “kontrollu risk” olaraq yox, “böyüyən təhlükə” kimi qiymətləndirməsinə kifayət edir.

Burada vacib bir sual yaranır: Pekin Moskvaya nə dərəcədə bağlıdır və nə dərəcədə ondan istifadə edir? Əslində, Çin Rusiyaya tabe deyil; əksinə, Moskva Pekinə daha çox möhtac vəziyyətdədir. Qərb sanksiyalarından sonra Rusiya üçün Çin həm bazar, həm enerji alıcısı, həm də texnoloji təchizatçı rolunu oynayır. Pekin isə bu asılılıqdan geosiyasi təsir kimi istifadə edir.

Makronun səfərinin bu hissəsi isə ikiqat çətinlik daşıyır. O, Pekinlə dialoq qurarkən, təkcə Ukrayna məsələsini deyil, həm də Çin–Rusiya münasibətlərinin arxa planındakı strateji dinamikaları nəzərə almalıdır. Paris bilir ki, Pekin Moskvaya tam arxa çevirməyəcək. Lakin Makronun ümid etdiyi məqam Pekinin Moskva üzərindəki təsirini “yönləndirici” formaya salmaqdır. Başqa sözlə, Fransa lideri Çindən Rusiyanı zəiflətmək deyil, ən azı onun ən riskli addımlarını cilovlamaq üçün siyasi siqnallar gözləyir.

Pekin isə bu dialoqda öz oyununu qurur. Çin üçün Avropa ilə münasibətlərin gərginləşməsi Vaşinqtonla rəqabətdə ziyanlı ola bilər. Ona görə Pekin Qərbə qarşı tam sərt bloklaşmanın tərəfdarı deyil. Elə bu səbəbdən Çin Makronun səfərini, bir növ, Avropa ilə əlaqələri normallaşdırmaq üçün fürsət hesab edir.

Burada oxucu üçün başqa bir maraqlı sual meydana çıxır: Qərbin narahatlığı Pekini davranışını dəyişməyə məcbur edə bilərmi? Cavab birmənalı deyil. Qərb nə qədər təzyiq göstərsə də, Pekin Rusiyanın çöküşü ilə maraqlanmır, lakin Avropanın Çinə qarşı sərt iqtisadi tədbirlərini də istəmir. Ona görə balans axtarmağa meyillidir və Makronun səfəri balans mexanizminin test edildiyi bir müstəvidir.

Makron Çini Rusiyadan ayırmağa çalışmır, amma münasibətin mahiyyətini “risk yaradan tərəfdaşlıqdan” “məsuliyyətli güc sərhədinə” çəkmək niyyətindədir. Bunun nə dərəcədə mümkün olacağı isə qarşıdakı geosiyasi dinamikanın inkişafından asılıdır.

***

Makronun Pekin səfərinin arxa planında dayanan əsas motivasiya həm də Ukrayna müharibəsinin gedişatıdır. Avropanın siyasi ritmi artıq bu müharibənin tempindən asılıdır və Paris anlayır ki, münaqişənin hərbi mərhələsi uzandıqca, diplomatik oyun masası da daralır. Makron indi özünü həmin daralan masa üzərində manevr edən lider kimi göstərməyə çalışır. Onun fikrincə, Pekinə gedən yol Kiyevə aparan yolların bir hissəsini yenidən açmaq potensialına malikdir.

Fransa Prezidenti əvvəllər dəfələrlə vurğulayıb ki, Çin Rusiya üzərində real təsir imkanına malik yeganə aktorlardan biridir. Pekin Moskvanın iqtisadi nəfəs borusudur və bu boru bağlanmasa da, daraldıqca Kreml daha ehtiyatlı davranmağa məcbur qalır. Buna görə Makronun səfəri sanki belə bir sual üzərində qurulub: Çin Rusiya ilə münasibətlərinə zərər vermədən müharibənin gedişinə təsir göstərməyə nə qədər hazırdır?

Makron diplomatiyası Pekindən açıq şəkildə Moskvanın qarşısını kəsməyi yox, daha yumşaq, amma effektli addımlar gözləyir: silah komponentlərinin ötürülməsinə nəzarət, Kremlin maksimalist mövqelərinin yumşaldılması və heç olmasa, danışıqlara aparan yolun ideoloji olaraq bağlanmamasına yardım.

Makronun hesablamasında Çin faktoru həm təhlükədir, həm fürsət. Təhlükə ondadır ki, Pekin Qərbin zəiflədiyi təəssüratı ilə Rusiyaya daha çox arxa-dayaq rolu oynaya bilər. Fürsət isə burada gizlənir: Çin artıq qlobal iqtisadi sistemdəki gərginliklərdən bezib və uzunmüddətli riskləri azaltmaq istəyir. Avropanın Ukrayna ilə bağlı daha proqnozlaşdırıla bilən mövqeyi Pekin üçün də neqativ deyil. Makron məhz bu psixoloji xətti tutur – Çinə göstərir ki, sabitlik təkcə Avropanın marağı deyil, Pekinin öz iqtisadi planlarının da təməl şərtidir.

Bəs Makron həqiqətən düşünür ki, Pekin öz yaxın strateji tərəfdaşı olan Rusiyanın xətrinə dəyəcək addımlar atacaq? Cavab birmənalı deyil. Makronun məqsədi Çinlə Rusiyanı ayırmaq yox, onların maraq dairələrini bir qədər məsafələndirməkdir. Bir növ, Pekinə göstərmək istəyir ki, Moskva ilə tam eyniləşmək strateji baxımdan Çini də zərərli mövqeyə salır. Yəni Fransa bu səfərlə Çin–Rusiya oxunu qırmağa yox, sadəcə, o oxun gərginliyini bir qədər boşaltmağa çalışır.

Makron həm də özünü Avropada sülhün əsas siyasi arxitektoru kimi təqdim etmək niyyətini gizlətmir. ABŞ seçkilərinin yaratdığı qeyri-müəyyənlik fonunda Avropa daxilində belə bir liderlik boşluğu hiss olunur. Makron bu boşluğu Pekinlə dialoqda doldurmaq istəyir. Onun Pekinlə təmas qurması Avropanın qlobal diplomatiyada öz avtonom rolunu göstərmək cəhdidir.

Bəs Pekin Makrondan nə gözləyir? Makronun Pekinə səfərinin necə qəbul ediləcəyini anlamaq üçün əvvəlcə Çinin regional və qlobal prioritetlərinə baxmaq lazımdır. Çin indi dünyanı yeni prizmalardan oxuyur və Makronun səfəri həmin oxunuşun daxilində müəyyən bir hesablama ilə qiymətləndirilir.

Çin üçün sabitlik bir ideoloji seçim deyil, iqtisadi mütləqdir. Ona görə də Pekin Kremlə dəstək versə də, müharibənin sonsuzluğa qədər uzanmasını istəmir. Çünki uzanan hər ay Çinin Avropa bazarını daha çox itirməsi, Qərblə gərginliyin daha kəskinləşməsi deməkdir. Makronun səfəri Çinin gözündə bir testdir: Avropa hələ də öz adına danışa bilən gücdürmü? Yoxsa yalnız Vaşinqtonun strategiyasını mexaniki şəkildə təkrarlayan oyunçudur? Pekinin Makrondan birinci gözləntisi məhz budur – Avropanın öz “siyasi nəfəsini” hələ itirmədiyini sübut etmək.

İkinci gözlənti daha praqmatikdir. Çin Avropa ilə münasibətlərin tamamilə dağılmasını istəmir. Çünki Çin iqtisadiyyatının yeni mərhələsində Avropa bazarı hələ də əsas stabil gəlir mənbələrindən biridir. ABŞ-la rəqabət kəskinləşdikcə Pekin təkqütblü düşmənləşmə modelindən qaçmağa çalışır. Fransa və Avropa Çinlə sərt rəqabəti davam etdirəcək, amma qapıları bağlamaq niyyətində deyil. Çin bu “yarıaçıq qapı” modelini özünün strateji nəfəs borularından biri hesab edir.

Pekinin Makrondan üçüncü gözləntisi isə simvolikdir, amma siyasi cəhətdən dəyərlidir: Avropa liderinin Çinə açıq kanallar saxlaması Pekinin qlobal imicinə də xidmət edir. Çin göstərmək istəyir ki, dünya hələ də onunla dialoqa ehtiyac duyur və Pekinsiz sistemin idarəolunması mümkün deyil.

Makronun Çinə səfəri həm Fransa siyasətində, həm də Avropa diplomatiyasında yeni bir mərhələnin işarəsidir. Makron anlayır ki, Ukrayna müharibəsi Avropanın strateji reallığını artıq dəyişib və Avropa bu dəyişikliklərə ancaq öz səsini qaldıra biləcəyi halda uyğunlaşa bilər. Pekinlə dialoq bu mənada həm tarazlıq axtarışıdır, həm də Avropa diplomatiyasına yeni nəfəs vermək cəhdidir.

Nəticə etibarilə, qarşılıqlı maraqlar üst-üstə düşdüyü üçün Makronun Pekin missiyası geosiyasi şahmat partiyasında Avropanın hələ də oyuna daxil olmağa çalışdığını göstərən mesajdır. Bəzən diplomatiyanın qazancları dərhal görünmür, amma Makronun Pekinlə təması Avropa üçün ən azı bir şeyi təsdiqləyir: Avropanın qlobal sistemdə qalması üçün dialoq da lazımdır. Makron isə dialoqu bu mərhələdə Avropanın ən dəyərli valyutası hesab edir.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru

Siyasət