Azərbaycanın gələcək onilliklərinin xəritəsi

post-img

TRIPP-in qlobal iqtisadi təhlükəsizlik amili kimi strateji önəmi

Avstriyanın paytaxtı Vyanada keçirilən ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 32-ci iclası Cənubi Qafqaz regionunda sülh prosesinin inkişafı və Azərbaycan–Ermənistan münasibətlərindəki son dəyişikliklər üçün mühüm platforma rolunu oynayıb. Tədbirdə regionda münaqişədən sonrakı dövrdə baş verən müsbət dəyişikliklər vurğulanıb və beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib. Cənubi Qafqazda sülh prosesinin başlanması region üçün strateji əhəmiyyət daşıyan müsbət hadisə kimi qiymətləndirilib. Qeyd olunub ki, Bakı və İrəvan arasında əldə olunmuş razılaşmalar yalnız iki dövlətin münasibətlərinin normallaşmasını təmin etmir, həm də bölgədə iqtisadi inkişaf, infrastruktur layihələrinin icrası və insanlar arasında etimadın bərpası üçün geniş imkanlar yaradır.

Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafında rolu xüsusilə qeyd olunub. Bildirilib ki, Azərbaycan Cənubi Qafqazda son illər formalaşan yeni geosiyasi və geoiqtisadi reallıqlar konteksində Avrasiya məkanında strateji əməkdaşlıq qovşağına çevirilir. Mövcud proseslərin mərkəzində Azərbaycan üzərindən keçən nəqliyyat və enerji dəhlizləri dayanır. Xüsusilə, Zəngəzur dəhlizi bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu, Orta Dəhlizin təbii davamı kimi Avrasiyada ticarət axınlarını optimallaşdırır, region dövlətləri arasında iqtisadi əməkdaşlığı və qarşılıqlı etimadı möhkəmləndirir. Aİ-nin Zəngəzur dəhlizinə xüsusi diqqət yetirməsi də məhz bu strateji səbəblərdən irəli gəlir.

Belə bir geosiyasi fonda “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) təşəbbüsü ön plana çıxıb. TRIPP Cənubi Qafqazı, Türkiyəni, Xəzər hövzəsini və Mərkəzi Asiyanı vahid iqtisadi platformada birləşdirən genişmiqyaslı layihə kimi dəyərləndirilib. Aİ-nin ABŞ, Azərbaycan və Türkiyə ilə intensiv məsləhətləşmələr aparması, habelə Ermənistan–Azərbaycan–Türkiyə–Aİ formatının müzakirə edilməsi bu təşəbbüsün Avroatlantik məkanda strateji çəkisini göstərir.

Onu da qeyd edək ki, layihə Aİ üçün ticarətin genişləndirilməsi, enerji marşrutlarının şaxələndirilməsi və Rusiyadan asılılığın azaldılması baxımından da xüsusi prioritet hesab olunur.

Maraqlıdır ki, TRIPP layihəsi Aİ-dən başqa, ABŞ və Mərkəzi Asiya ölkələri üçün geniş geosiyasi maraq daşıyır. ABŞ və Mərkəzi Asiya ölkələri Ermənistan ilə Azərbaycan arasında dayanıqlı sülhə və marşrut çərçivəsində yaranan yeni imkanlara maraq göstərirlər. Yada salaq ki, Mərkəzi Asiya dünyanın ən strateji kritik mineral ehtiyatlarına malik regionlarından biridir və bu ehtiyatlar Qərbin yeni sənaye və texnoloji mərhələyə keçidində həlledici rol oynaya bilər. Çünki Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan böyük həcmdə nadir torpaq elementləri, uran, litium, mis, molibden, titan və volfram kimi resurslarla zəngindir. Bu minerallar qlobal iqtisadiyyatın transformasiyası üçün əsas komponentlər hesab olunur, çünki süni intellekt texnologiyalarından tutmuş mikroçiplərə, elektromobil batareyalarından tutmuş hərbi sənaye məhsullarına, eləcə də günəş və külək enerjisi texnologiyalarına qədər bütün strateji sahələr məhz bu xammallardan asılıdır.

Qərbin əsas problemi ondan ibarətdir ki, bu kritik mineralların hasilatı, emalı və ticarəti üzrə qlobal bazarda Çin uzun illərdir dominant mövqedədir. Dünya üzrə nadir torpaq elementlərinin emalının təxminən 80 faizi, litium batareya zəncirinin isə 60 faizi Çin tərəfindən nəzarət edilir. Bu, ABŞ və Avropa üçün ciddi strateji təhlükə yaradır. Çünki sənaye və müdafiə sektorları üçün vacib materialların tək bir aktora bağlı olması geosiyasi və iqtisadi riskləri artırır. Bu səbəbdən Qərb hazırda kritik minerallar üzrə yeni təchizat marşrutları yaratmağa böyük üstünlük verir. Bu marşrut da Azərbaycandan keçir.

Məhz bu kontekstdə TRIPP marşrutu və Orta Dəhliz ABŞ və Aİ üçün strateji önəm daşıyır. İnfrastruktur genişləndikcə və regiondakı nəqliyyat şəbəkələri modernləşdikcə, Qazaxıstan və Özbəkistanın kritik mineralları Xəzər dənizi vasitəsilə Azərbaycana, buradan isə Gürcüstan və Türkiyə üzərindən Avropaya daha rahat şəkildə daşına bilər.

Bu, Qərbin çoxdandır arzuladığı “Çini yan keçən”, “Rusiyadan asılı olmayan” tamamilə yeni bir təhlükəsiz marşrutun formalaşması deməkdir. Mərkəzi Asiya–Xəzər–Cənubi Qafqaz xətti həm daha qısa, həm də siyasi baxımdan sabit alternativdir və Qərbin tədarük zəncirlərini diversifikasiya etmək planları ilə tam uzlaşır. Bu üstünlüklər Qərbin Mərkəzi Asiyaya böyük məbləğdə investisiya yatırmağa zövq edir. Aİ-nin 12 milyard avro dəyərində Qlobal Keçid İnvestisiya Paketi də bundan xəbər verir. Bunu Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Lyayen Birinci Mərkəzi Asiya - Avropa İttifaqı sammitində bildirmişdi. O qeyd etmişdir ki, Aİ və Mərkəzi Asiya ölkələri nəqliyyat dəhlizi, xammallar, təmiz enerji və rəqəmsal bağlantı kimi prioritet sahələrdə çox şeyə nail ola bilər.

Bundan əlavə, yeni kommunikasiya xətti təkcə nəqliyyat marşrutu deyil, həm də qlobal sənaye zəncirinə real təsir göstərə biləcək iqtisadi məkan yaradır. Orta Dəhliz üzrə tranzit müddətinin azalması, Bakı və Aktau limanlarında rəqəmsal gömrük sistemlərinin tətbiqi, həmçinin Azərbaycan üzərindən keçən dəmir yolu infrastrukturunun gücləndirilməsi kritik mineralların Qərb bazarlarına vaxtında çatdırılmasını təmin edən əsas amillərdir. Bu marşrutun iqtisadi əhəmiyyəti ilə yanaşı, onun geosiyasi çəkisi də böyükdür: Çin və Rusiyanın nəzarət etdiyi mövcud logistika sxemlərinə alternativ yaranır və Mərkəzi Asiyanın siyasi manevr imkanları genişlənir.

Eyni zamanda, Azərbaycan TRIPP və Orta Dəhliz çərçivəsində təkcə tranzit ölkə deyil, həm də Qərbin kritik mineral strategiyasında əsas koordinasiya mərkəzinə çevrilə bilər. Bakı artıq Qazaxıstanla Xəzər dənizi üzərindən yeni nəqliyyat xətləri, Qərb şirkətləri ilə isə kritik mineralların emalı üzrə əməkdaşlıq formatları müzakirə edir. ABŞ və Aİ üçün yalnız xammala çıxış deyil, həm də onun emalı və dəyər zəncirinin diversifikasiyası strateji prioritetdir. Bu baxımdan Azərbaycanda regional emal mərkəzlərinin yaradılması perspektivi də gündəmdədir.

Bununla bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Sultan Zahidov mətbuata açıqlamasında bildirib ki, uzun müddət dondurulmuş münaqişələr və etnik qarşıdurmalar səbəbindən “barıt çəlləyi” adlandırılan Cənubi Qafqazda bu gün sülh üçün əhəmiyyətli imkanlar yaranıb: “Bu prosesin irəliləməsində mühüm mərhələ 2025-ci il avqustun 8-də ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda imzalanmış Birgə Bəyannamə oldu. Bəyannamənin ən mühüm elementlərindən biri Zəngəzur dəhlizinin açılması barədə razılığın əldə edilməsidir. Bu, Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələnin göstəricisidir və birbaşa olaraq Cənubi Qafqazda davamlı sülhün təmin edilməsinə töhfə verir. Ticarət sülhü nəzəriyyəsinə əsasən, dövlətlər arasında fəal ticarət əlaqələri mövcud olduqda münaqişə ehtimalı da azalır”.

Göründüyü kimi, ATƏT-in Xarici İşlər Nazirləri Şurasının mövqeyi həm yerli, həm də beynəlxalq ictimaiyyət üçün aydın mesajdır. Cənubi Qafqazda sülh mümkündür və onun təmin olunması yalnız region üçün deyil, qlobal sabitlik və əməkdaşlıq baxımından da strateji əhəmiyyət daşıyır. Əldə olunan nəticələr regionun gələcək nəsilləri üçün barış və rifah mühitinin formalaşmasına zəmin yaradır və göstərir ki, davamlı dialoq və beynəlxalq dəstək uzunmüddətli münaqişələrin həllində həlledici amildir.

Beləliklə, Mərkəzi Asiyanın kritik mineral ehtiyatlarına çıxış məsələsi TRIPP-in qlobal miqyasda ən mühüm strateji komponentlərindən biridir. Bu model həm Qərbin enerji və sənaye təhlükəsizliyini gücləndirir, həm də Azərbaycan və Cənubi Qafqazı gələcək onilliklərin texnoloji, iqtisadi və geosiyasi xəritəsində daha önəmli mövqeyə daşıyır. Bu resursların alternativ marşrut vasitəsilə hərəkəti yalnız bir logistika məsələsi deyil, həm də qlobal güc balansının dəyişməsi prosesində həlledici elementdir.

Pünhan ƏFƏNDİYEV
XQ

Siyasət