Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qətər Əmirinin milli təhlükəsizlik üzrə müşaviri, Məhəmməd bin Əhməd əl-Misnəd ilə görüşüb.
O, bu barədə "X" hesabında yazıb. Bildirilib ki, görüş zamanı ikitərəfli münasibətlər, həmçinin regional və beynəlxalq inkişaf müzakirə olunub.
***
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Doha Forumunda da iştirak edib. O, forumda çıxışında deyib ki, region (Cənubi Qafqaz - müəl.) sülh gündəliyinin iqtisadi faydaları, o cümlədən birlikdə inşa edilən Zəngəzur dəhlizi və əlaqə bağlantıları üçün beynəlxalq dəstəyə ehtiyac duyur.
Hikmət Hacıyev daha sonra forum çərçivəsində Taker Karlsonla (amerikalı tok-şou aparıcısı - red.) aralarında keçən dialoqa diqqət çəkib:
"Ona Ermənistan-Azərbaycan haqqında son materialının sülhə töhfə üçün o qədər də müsbət olmadığını bildirdim. O da mənimlə razılaşdı. Hətta təklif etdim ki, növbəti dəfə Ermənistan və Azərbaycan nümayəndələrini birlikdə dəvət etsin və biz həqiqətən sülhün real gündəliyi haqqında danışaq. Bu, sadəcə bir nümunədir. Çünki beynəlxalq media, beynəlxalq ictimaiyyət bizi dəstəkləməlidir. Biz gələcəyə doğru irəliləyirik və gələcək nəsillərimizi müharibənin yaralarından uzaq tutmaq istəyirik".
Prezidentin köməkçisi, həmçinin bildirib ki, bu gün dünyada yeni münaqişə ocaqları yaransa da, heç olmasa Cənubi Qafqaz regionunda bir münaqişə səhifəsinin bağlanması müsbət xəbərdir:
"Müşahidələrim onu deməyə əsas verir ki, sülhdən danışmaq münaqişədən danışmaqdan qat-qat asandır. Əvvəllər Ermənistan və Azərbaycan daim bir-biri ilə mübahisə edir, münaqişə və ixtilaflardan danışırdıq. İndi isə sülhdən danışırıq. ABŞ-nin bu prosesdə oynadığı həlledici rolu qəbul etməklə yanaşı, Azərbaycan və Ermənistan arasında ikitərəfli əlaqələrin vacibliyini vurğulamaq istəyirəm. Azərbaycan və Ermənistan olaraq başa düşdük ki, hər şeydən əvvəl bizə sülh lazımdır. Bu sülhü yaratmalı, razılığa gəlməli, daha sonra isə beynəlxalq tərəfdaşlarımıza təqdim etməliyik".
H.Hacıyev əlavə edib ki, sülh danışıqları prosesinin ikitərəfli xarakteri özünü effektiv göstərib: "Amerikalı dostlarımız isə iki tərəf arasında tamamilə qərəzsiz və dürüst vasitəçi oldular və bizi yekun razılaşmaya gətirdilər. Hazırkı mərhələdə Azərbaycan-Ermənistan qlobal sülhquruculuğu prosesini, o cümlədən vətəndaş cəmiyyəti institutlarının qurulması sahəsində əməkdaşlığı ikitərəfli əsasda davam etdiririk. Bu da özünü təsirli və səmərəli yanaşma kimi doğruldur".
***
Bakı və İrəvan arasında sülh sazişinin paraflanması Cənubi Qafqaz regionunda legitimliyi, qanuniliyi və beynəlxalq hüququn üstünlüyünü təmin edib.
XQ "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Dohada keçirilən beynəlxalq forumda bildirib.
"Biz ədalətli sülhə əsaslanaraq Cənubi Qafqazda yeni reallıqlar və yeni status-kvo yaradırıq. Sülh dağa qalxmağa bənzəyir, ona görə də qarşımızda çox iş var", - o qeyd edib.
Prezidentin köməkçisi əlavə edib ki, Bakı və İrəvan rəsmiləri müxtəlif kanallar vasitəsilə müntəzəm təmasdadırlar və əldə edilmiş razılaşmaların tam həyata keçirilməsi üzərində fəal işləyirlər.
Hikmət Hacıyev Doha Forumunda, həmçinin vurğulayıb ki, Azərbaycan sülh gündəliyi ilə bağlı əlindən gələn bütün səyləri göstərir.
O, Azərbaycan-Ermənistan nizamlama prosesində geriyə addım atılmamasının zəruriliyini vurğulayıb: "Biz sülh gündəliyi ilə bağlı əlimizdən gələn bütün səyləri göstəririk. Bununla yanaşı, beynəlxalq ictimaiyyətin də dəstəyinə ehtiyacımız var. Bu dəstək bizim gündəmimizə necə yönəldilməli və uyğunlaşdırılmalıdır? İlk növbədə, siyasi dəstək və əlbəttə, siyasi iradə lazımdır".
H.Hacıyev beynəlxalq ictimaiyyətdən sülh prosesinə zərbə vuracaq bəyanatlardan çəkinməyə çağırıb: "İrəli gedərkən bizə yardımçı olun. Bəzən siyasi bəyanatlarda geriyə aparan elementlər görürük. Bu, həm beynəlxalq media, həm akademik dairələr, həm də beyin mərkəzlərinə yönələn bir çağırışdır. Elə araşdırmalar var ki, onlar bizi keçmişə qaytarır və bu, belə olmamalıdır. Biz gələcəyə baxırıq. Çətinliklərin olduğunu bilirik, amma gəlin sülh gündəminə fokuslanaq və buna nail olmaq üçün çalışaq".
XQ


