Cənubi Qafqazda yeni geosiyasi nizam

post-img

Açıq qalan suallar

Cənubi Qafqaz 2020-ci ildən sonra sürətlə dəyişən geosiyasi məkana çevrilib. Uzun illər münaqişə ilə yadda qalan region indi yeni diplomatik modelin sınaq meydanına dönür. Əslində, bu modelin hədəfi uzunmüddətli sabitlik, iqtisadi inteqrasiya və təhlükəsizlik arxitekturasının yenidən qurulmasıdır. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin sözləri bu dönüşün mahiyyətini bir cümlədə xülasə edir: “Münaqişə tənzimlənsə də, bəzi suallar aktuallığını qoruyub saxlayır”.

Əvvəlcə aydınlıq gətirməliyik ki, ümumiyyətlə, indiki mərhələ postmünaqişədir, yoxsa postsülhün quruculuq dövrü? Hazırkı mərhələni postmünaqişə dövrü kimi təqdim etmək artıq regionun reallığını tam izah etmir. Müharibənin bitməsi siyasi xəritədə ciddi dəyişikliklər yaradıb, lakin bu dəyişikliklər hələ tam olaraq sabit, dayanıqlı sülh modelinə çevrilməyib. Cənubi Qafqaz sanki iki mərhələnin – münaqişədən sonrakı sabitləşmənin və sülhün institusionallaşmasının kəsişmə nöqtəsindədir. Vəziyyətin ən mühüm xüsusiyyəti ondan ibarətdir ki, diplomatiya intensiv şəkildə işləsə də, cəmiyyətlər səviyyəsində psixoloji və emosional boşluqlar qalmaqdadır. Dövlətlərin imza atdığı razılaşmalar konkret siyasi reallığı müəyyənləşdirir, amma sosial yaddaş, uzun illərin qarşıdurma təcrübəsi və tərəflərin bir-birini qəbuletmə dərəcəsi bu sənədlərin arxasınca tam gəlmir.

Məhz bu səbəbdən, Ermənistanla Azərbaycan arasındakı proses “müzakirə–saziş–tədbir” ardıcıllığı ilə irəliləyə bilmir. Burada həm sosial şüuru dəyişmək, həm də yeni siyasi mədəniyyət formalaşdırmaq lazımdır. Elə buna görə danışıqlarda paralel olaraq akademik dairələr, ekspert platformaları, media və ictimai institutların iştirak etdikləri hibrid model işə salınır. Belə bir model dövlətin siyasi iradəsini vətəndaş cəmiyyətinin yumşaq gücü ilə birləşdirir, cəmiyyəti sülh gündəminə tədricən uyğunlaşdırır və tərəflərin sosial psixologiyası arasında körpü yaradır.

Mövcud reallıq fonunda region nə tam şəkildə postmünaqişə mərhələsindədir, nə də postsülh dönəminə daxil olub. Postmünaqişə vəziyyətindən fərqli olaraq, indi söhbət təkcə atəşkəsin qorunmasından getmir; tərəflər sərhədləri razılaşdırır, iqtisadi əlaqələri genişləndirir, nəqliyyat-kommunikasiya xətlərini açır, uzunmüddətli sabitliyi təmin edəcək institusional çərçivə yaradır. Eyni zamanda, postsülh mərhələsindən fərqli olaraq, emosional konsensus hələ tam formalaşmayıb, xüsusilə Ermənistan cəmiyyətinin yeni reallığı qəbul etməsi vaxt tələb edir.

Deməli, Cənubi Qafqaz hazırda keçid dövrünü yaşayır. Müharibə bitib, lakin sülhün sosial dayaqları yeni qurulur. Siyasi sənədlər mövcuddur, amma onların cəmiyyətlər tərəfindən mənimsənilməsi hələ proses halındadır. Diplomatik iradə var, lakin bu iradənin sosial legitimliyə çevrilməsi üçün ardıcıl dialoq, qarşılıqlı inam və yeni regional davranış kodu formalaşdırılmalıdır. Hazırkı mənzərə regionu klassik postmünaqişə çərçivəsindən çıxarır və onu postsülhün inşasına gedən yeni siyasi mərhələnin astanasına gətirir.

Buradan ikinci sual yaranır ki, bəs regional liderlik anlayışı hansı yeni məsuliyyətlər yaradır? Regional liderlik iddiası Azərbaycanın Cənubi Qafqazda formalaşan yeni geosiyasi nizamda həm imkanlarını, həm də öhdəliklərini genişləndirir. Liderlik regionun təhlükəsizlik, iqtisadi və kommunikasiya balansını dayanıqlı şəkildə tənzimləmə bacarığı kimi başa düşülür. Belə bir durumda Azərbaycan özünü regional nizamın qurucusu və davamlılığının təminatçısı kimi təqdim etməli olur.

Yeni məsuliyyətlərin əsas istiqamətləri isə aydın görünür. Birincisi, iqtisadi tranzitə nəzarət – Şərq–Qərb və Şimal–Cənub koridorlarında Azərbaycanın rolunun artması həm marşrutların təhlükəsizliyini, həm də region ölkələrinin iqtisadi inteqrasiyasını təmin etməyi zəruriləşdirir. İkincisi, təhlükəsizlik arxitekturasının koordinasiyası – postmünaqişə dövründə Bakı regional təhlükəsizliyin əsas təyinedici aktoruna çevrilib və bunlar həm balanslaşdırıcı siyasət, həm də risklərin idarə olunması mexanizmlərinin yaradılmasını tələb edir. Üçüncüsü, kommunikasiya xətlərinin tənzimlənməsi Azərbaycan üçün regional məsuliyyət xarakteri daşıyır. Nəhayət, sülhün institusionallaşdırılması – davamlı sabitlik qarşılıqlı öhdəlikləri hüquqi və iqtisadi mexanizmlərlə möhkəmləndirməklə mümkündür.

Elə bu kontekstdə Bakının Ermənistana neft və taxıl tranzitini təklif etməsi Azərbaycanın regional liderlik fəlsəfəsini əyani şəkildə nümayiş etdirir: iqtisadi asılılıq yaratmadan qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq modeli qurmaq, rəqabət dinamikasını qarşılıqlı inteqrasiya ilə əvəzləmək və bu yolla siyasi riskləri minimuma endirmək. Bütün bunlar siyasi baxımdan həm Ermənistanın iqtisadi dayanıqlılığının artırılması yolu ilə radikalizmin zəiflədilməsinə, həm də regionda uzunmüddətli sabitliyin rasionallaşdırılmasına xidmət edir. İqtisadi qarşılıqlı asılılıq mexanizmi münaqişə sonrası bölgələrdə sülhü möhkəmləndirməyin ən etibarlı vasitələrindən biri kimi qəbul olunur və Azərbaycan bu modelin Cənubi Qafqaza tətbiqinə çalışır.

Bəs regional kommunikasiyaların açılması geosiyasi xəritəni necə dəyişə bilər? Regional nəqliyyat xətlərinin tam açılması Cənubi Qafqazda geosiyasi xəritəni yenidən çəkir. Zəngəzur dəhlizi 4 böyük geoiqtisadi məkanı birləşdirən strateji arteriya kimi çıxış edir – Mərkəzi Asiya resurs bazarını Xəzər hövzəsi üzərindən Qara dəniz və Aralıq dənizi limanlarına bağlayan, həm Şərq–Qərb, həm də Şimal–Cənub istiqamətlərini eyni anda canlandıran çoxvektorlu şəbəkə. Deməli, Cənubi Qafqaz tədricən marşrutların kəsişməsi nöqtəsindən “iqtisadi hub” modelinə keçir, bu isə regionun geosiyasi çəkisini yüksəldir və onu böyük güclərin rəqabət xəritəsində daha strateji mövqeyə gətirir.

Bütün bunlar sülhü davamlı edə bilərmi? Əlbəttə, regional inteqrasiya sülhü daha davamlı edə bilər, lakin bu proses yalnız infrastrukturun qurulması ilə tamamlanmır. Davamlı sülhün başlıca şərti üçpilləli mexanizmdir: siyasi saziş, iqtisadi inteqrasiya və sosial etimad birlikdə işləməlidir. Zəncirin bir halqası qırıldıqda sistem bütövlükdə sabitliyini itirir.

Hazırda siyasi tərəfdə ciddi irəliləyiş var – danışıqlar ritmi intensivləşib, gündəmdə konkret hüquqi sənədlər mövcuddur. İqtisadi əməkdaşlıq xətti də genişlənməkdədir; tərəflər infrastruktur və logistika məsələlərində daha praqmatik yanaşma nümayiş etdirirlər. Lakin sosial etimad hələ zəifdir və əslində, elə bu da sülhün ən həssas elementidir. Ermənistan cəmiyyətində psixoloji keçidin baş verməsi – yəni sülhü siyasi güzəşt deyil, normal regional həyatın zəruri tələbi kimi qəbul etmək – hələ formalaşmayıb. Məhz buna görə Bakı rəsmi danışıqlarla yanaşı, humanitar və vətəndaş cəmiyyəti kanallarının da işə salınmasını vacib hesab edir.

Xarici aktorların prosesə təsiri nədir? Xarici aktorların Cənubi Qafqaz sülh prosesində rolu ikili xarakter daşıyır: onlar həm vasitəçi, həm də prosesin həssaslığını artıran faktor kimi çıxış edə bilirlər. ABŞ-ın son mərhələdəki diplomatik fəallığı müəyyən mənada effektiv oldu, çünki Vaşinqton regional nizamın formalaşmasında sabitlik və proqnozlaşdırıla bilənlik axtarırdı. Lakin Bakı açıq mesaj verdi: sülh kənardan diktə edilən format deyil və regionun gələcəyi yalnız region dövlətlərinin iradəsinə əsaslana bilər.

Xarici güclərdən gələn bəzi bəyanatlar, xüsusilə də Ermənistanı “psixoloji dəstək” xətti ilə cəsarətləndirməyə hesablanmış ritorika əks-effekt yaradır və danışıqları geri çəkir. Elə bu səbəbdən Bakı ikitərəfli formatı optimal yol kimi seçib. Söhbət üçüncü tərəfin siyasi maraqları ilə yüklənməyən, daha rasionallaşdırılmış danışıqlar modelindən gedir. Maraqlısı budur ki, ABŞ prosesi məhz buna görə irəlilədə bildi: balanslı mövqe saxlandı, tərəflərin maraqları paralel xəttə düşdü və danışıqlarda texniki irəliləyiş əldə olundu. Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qeyd edib ki, “Vaşinqton Bəyannaməsini tez-tez Cənubi Qafqaz üçün “Kemp Devid sülh modeli” adlandırıram. Əlbəttə, hər bir münaqişə, hər bir geosiyasi kontekst fərqlidir. Amma əminəm ki, bu sazişin təsiri də oxşar olacaq”.

Xatırladaq ki, Kemp Devid sazişi Yaxın Şərq diplomatiyasında dönüş nöqtəsi hesab olunur. 1978-ci ildə ABŞ Prezidenti Cimmi Karterin vasitəçiliyi ilə Misir Prezidenti Ənvər Sədat və İsrail Baş naziri Menaxem Begin arasında imzalanan bu sənəd regional təhlükəsizlik arxitekturasının tam yenilənməsi idi. Kemp Devid modelinin əsas xüsusiyyəti iki elementdən ibarət idi: birincisi, tərəflərin uzun illər davam etmiş hərbi-siyasi qarşıdurmadan çıxarılması; ikincisi isə sülhü iqtisadi əməkdaşlıq və qarşılıqlı tanınma prinsipləri ilə möhkəmləndirmək. Məhz buna görə Hikmət Hacıyevin paraleli təsadüfi deyil. O, Kemp Devid modelinin Cənubi Qafqaz üçün mahiyyətini belə izah edir: liderlərin siyasi iradəsi + beynəlxalq təminat + iqtisadi qarşılıqlı asılılıq + təhlükəsizlik mexanizmləri kombinasiyası sülhü geridönməz edən strukturdur. Vaşinqton Bəyannaməsinin də eyni formulu tətbiq etməsi prosesin davamlılıq potensialını artırır.

Cənubi Qafqazda sülh artıq konkret konturları formalaşmaqda olan siyasi reallıqdır. Bu reallıq üç əsas sütuna söykənir və onların hər biri prosesin davamlılığı üçün ayrı-ayrılıqda zəruridir. İlkin olaraq, siyasi razılaşmaların sabitləşdirilməsi. Vaşinqton formatı hər nə qədər müvəqqəti platforma sayılsa da, regional arxitekturanın hüquqi çərçivəsinin əsas elementlərini müəyyənləşdirir. İkincisi, iqtisadi inteqrasiyanın gücləndirilməsi. Sülh real iqtisadi dividendlərlə möhkəmlənir. İqtisadi maraqlar üst-üstə düşdükcə, siyasi risklər azalır.

Nəhayət, üçüncüsü cəmiyyətlərarası etimadın qurulması. Bütün sənədlər və iqtisadi layihələr uzunmüddətli sülh üçün yalnız infrastruktur rolunu oynayır. Əsas məsələ sosial–psixoloji baryerlərin aradan qaldırılmasıdır. Ermənistan cəmiyyətinin yeni regional reallığı qəbul etməsi, Azərbaycan cəmiyyətində isə postmünaqişə görüşlərinin postsülh təfəkkürü ilə əvəzlənməsi vacibdir. Azərbaycan diplomatiyasının vurğuladığı kimi, sülh yalnız hökumətlər arasında deyil, xalqlar arasında imzalandıqda davamlı olur.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru



Siyasət