Erməni kilsəsi mövqeyini itirdikcə davakarlaşır

post-img

Daşnaklar isə bu nifaq yuvasının müdafiəsinə qalxıblar

Erməni Apostol Kilsəsi (EAK) ilə ölkə iqtidarı arasında davam edən qarşıdurmaya xarici ölkələrdə yaşayan hayların münasibəti birmənalı deyil. Qərbdə, Rusiyada və Yaxın Şərq ölkələrində yaşayıb fəaliyyət göstərən diaspor nümayəndələri prosesə fərqli siyasi baxışlar və şəxsi maraqlar prizmasından yanaşırlar. Xüsusilə, son aylarda bu fikir ayrılığı özünü daha qabarıq nümayiş etdirməyə başlayıb. Bəziləri kilsəni erməni milli kimliyinin son dayağı adlandıraraq Paşinyan iqtidarının addımlarını təhlükəli sayır, digərləri isə prosesləri köhnəlmiş institutların yenilənməsi kimi qiymətləndirir.

Bu istiqamətdə Erməni İnqilabi Federasiyası – “Daşnaksütyun”un bürosunun siyasi məsələlər üzrə mərkəzi ofisinin və “Hay Dat” bölməsinin rəhbəri, ABŞ-da yaşayan Kiro Manoyanın açıqlaması diqqət çəkir. Mənfur “Daşnaksütyun”un yaradılmasının 135-ci ildönümünə həsr olunmuş təntənəli tədbirlərdə iştirak etmək üçün İrəvana gələn Manoyan “Sputnik Ermənistan”a açıqlamasında bildirib ki, hazırkı hakimiyyət–kilsə qarşıdurmasına dair diasporda yekdil mövqe olmasa da, ümumilikdə xaricdə yaşayan ermənilər apostol kilsəsinin rolunu tanıyırlar: “Çünki məhz kilsənin sayəsində onlar xalq olaraq öz mövcudluqlarını qoruyub saxlaya biliblər. Elə buna görə də yaranmış vəziyyət istənilən halda onlarda narahatlıq doğurur”.

Kilsədə parçalanma ehtimalı ilə bağlı suala cavab verən Manoyan bunun nəticə verməyəcəyini deyib. Onun sözlərinə görə, “Daşnaksütyun” öz növbəsində kilsəni dəstəkləyir: “Nəzərə almaq lazımdır ki, “Daşnaksütyun”un fəallarının əsas hissəsi Kilikya katolikosluğunun dini rəhbərliyi altında olan yeparxiyalarda cəmləşiblər. Bu fəalların əksəriyyəti Suriya və Livandan olan ermənilərdir. Orada “Daşnaksütyun” ənənəvi olaraq güclü olub. Eçmiədzinə tabe olan yeparxiyalarda isə daşnaklar yaranmış vəziyyətlə bağlı öz mövqelərini ifadə edirlər”.

Qeyd edək ki, EAK-a qarşı çıxan tanınmış din xadimlərindən biri ABŞ-da yaşayan Qərb sahili yeparxiyasının rəhbəri, baş yepiskop Ovnan Terteryandır. Terteryan noyabrın 29-da katolikos II Qaregini vəzifəsindən könüllü olaraq istefa verməyə çağıran ictimai müraciəti imzalamış 10 din xadimindən biridir. K.Manoyan bununla bağlı bildirib ki, kilsənin ABŞ-ın qərb sahili bölgəsi yeparxiyasının katolikosa loyallığı ilə bağlı müəyyən suallar yaranıb. “Bu yeparxiyanın rəhbəri Ovnan Terteryanın liturgiya zamanı katolikosun adını çəkib-çəkmədiyini bilmirəm. Həmçinin deyilir ki, o özünü taxt-taca namizəd hesab edir və ona görə də bu cür siyasət yürüdür. O, həmçinin yepiskopların katolikosun dəstəklənməsinə dair müraciətini də imzalamayıb. Hərçənd ki, müraciətdə onun da adı qeyd olunub. Yəni özünə geri dönüş üçün yer saxlayır”.

Manoyanın sözlərinə görə, bu məsələlərin çoxu arxiyereylər şurasının iclası zamanı həll oluna bilərdi. İclas dekabrın 10-12-də keçirilməli idi, lakin Eçmiədzin tərəfindən təxirə salınıb. Manoyan hesab edir ki, yuxarıda sadalanan halları Ermənistan hakimiyyəti təşviq edir və onlar həm kilsəni, həm də “milli dəyər daşıyan digər institutları” sarsıdırlar. “Kilsə daxilində həll edilməli problemlər yığılıb, lakin hökumət bunu kilsəyə qarşı mübarizə aparmaq üçün bəhanəyə çevirir”, – deyə o bildirib.

K.Manoyanın bəyanatını diqqətlə nəzərdən keçirdikdə görmək olar ki, “Daşnaksütyun”un kilsə ilə bağlı mövqeyi heç də yeni yaranmış situasiyanın nəticəsi deyil. Bu, tarixi alışqanlığın, daha doğrusu, uzun illər davam etmiş simbiozun (iki tərəfin uzunmüddətli qarşılıqlı asılılıq münasibəti – S.H.) davamıdır. “Daşnaksütyun”un kilsəni müdafiə etməsi onların hansısa dərin dini təəssübkeşliyindən qaynaqlanmır. Əksinə, bu siyasi təşkilat tarix boyu kilsəni öz ideoloji dayağı, legitimlik mənbəyi və diaspor üzərində təsir aləti kimi istifadə edib. Erməniliyin milli özünüdərk formulunun kilsə üzərində qurulduğu mifinə ən çox ehtiyac duyan məhz “Daşnaksütyun” olub. Çünki bu mif onların XX əsrin əvvəllərindən bəri həyata keçirdiyi xəttin, yəni silahlı dəstələrin qurulması, daxili nifaqın qızışdırılması, radikal çağırışların səsləndirilməsi və on minlərlə günahsız insanın həyatına son qoyan əməllərin üstünü örtən pərdə rolunu oynayıb.

Bu gün Paşinyan iqtidarının kilsə institutunda islahat aparmaq cəhdləri “Daşnaksütyun” üçün əsas təhlükə mənbəyinə çevrilib. Çünki kilsənin daha şəffaf, ictimai nəzarətə açıq və ciddi məsuliyyət daşıyan struktura çevrilməsi onların uzun illər qurduğu ideoloji mexanizmi dağıdar. Manoyanın, “kilsə xalqın varlığını qoruyub” tezisi də, əslində, bu mexanizmin növbəti dəfə təkrarlanmasıdır. Diaspor içində həmin yanaşmanın müdafiəçisi olan qruplar da daha çox köhnə radikal şəbəkələrin üzvləridir. Maraqlıdır ki, “Daşnaksütyun”un ən fəal dayaqları Kilikya Böyük Evinin tabeliyində olan yeparxiyalardadır. Bu isə yenə həmin köhnə sistemin, yəni Livan və Suriya mühitində formalaşmış radikal hərəkatın təsir dairəsindədir. Onların Eçmiədzinə bağlı yeparxiyalarda daha sərbəst danışması isə ümumi siyasi xəttin əvvəlki kimi vahid və nəzarətli olmadığını göstərir.

Bu gün kilsə islahatlarına qarşı çıxan diaspor nümayəndələrinin önündə “Daşnaksütyun”un dayanması təsadüfi deyil. Çünki kilsədə aparılacaq real dəyişikliklər təkcə dini sistemi yox, həm də onların illərlə “milli ideologiya” adı ilə yaratdığı mifləri dağıda bilər. Əgər ictimai düşüncə yenilənsə və diaspor daha rasional mövqe tutsa, “Daşnaksütyun”un əvvəlki təsiri azalacaq. Buna görə də onlar kilsədən ayrılmırlar.

* * *

Onu da bildirək ki, O.Terteryan həqiqətən də bütün ermənilərin yeni katolikosu ola bilər. Bir neçə gün öncə “Joxovurd” qəzeti öz mənbələrinə istinadən N.Paşinyanın katolikosun mümkün varisi postuna üstünlük verdiyi iki namizədi müəyyənləşdirdiyini yazmışdı. Nəşrin məlumatına görə, əsas namizədlər kimi Terteryan və Kilikya Böyük Evinin Katolikosu I Aram nəzərdən keçirilir. İndi isə K.Manoyanın bu fikri söyləməsi “Joxovurd”un yazdıqlarının gerçəyə yaxın olduğunu deməyə əsas verir. Terteryanın açıq şəkildə katolikosu istefaya çağıran din xadimlərindən biri olması artıq kilsə daxilindəki gərginliyin dərinləşdiyini göstərən əsas nüanslardan biridir. Bu addım diaspor daxilində bölünmənin təkcə ictimai-siyasi müstəvidə deyil, həm də kilsə strukturlarında özünü göstərdiyini təsdiqləyir. Terteryan adi ruhani deyil. O, ABŞ kimi böyük diaspor mərkəzində qərarverici təsirə malik fiqurdur və onun istənilən mövqeyi geniş auditoriya tərəfindən nəzərə alınır.

Maraqlıdır ki, Ermənistan mediasında, xüsusilə “Joxovurd” qəzetində bir neçə gün öncə yayılan məlumatlar Paşinyanın artıq iki mümkün namizəd müəyyənləşdirdiyini iddia edirdi. Həmin siyahıda məhz Terteryanın və Kilikya Katolikosluğunun rəhbəri I Aramın adı çəkilirdi. İndi isə Manoyanın Terteryanla bağlı söylədikləri bu ehtimalların təsadüfi olmadığını göstərir. Əgər hakimiyyət doğrudan da kilsədə islahat aparmağa və yeni rəhbərlik formalaşdırmağa çalışırsa, Terteryanın bu prosesdə mərkəzi fiqura çevrilməsi ehtimalı güclənir.

Bütün bunlar bir daha sübut edir ki, EAK-da gedən proseslər sırf dini çərçivədə deyil, siyasi-hakimiyyət müstəvisində də ciddi rəqabət doğurur. Diasporun müxtəlif qanadlarında bu məsələyə fərqli münasibətlərin yaranması da təsadüfi deyil. Terteryanın qəti mövqeyi həm ABŞ-dakı erməni icmalarını iki yerə bölür, həm də Eçmiədzin–Kilikya xəttində yeni gərginlik ehtimalını artırır. Əgər Paşinyanın həqiqətən yeni katolikos seçilməsi prosesinə təsir imkanları varsa, Terteryanın adı yaxın aylarda daha çox hallanacaq və kilsə daxilində güc balansını dəyişə biləcək potensial oyunçular sırasında qalacaq.

Ramiyə MƏMMƏDOVA,
politoloq

Son hadisələr göstərir ki, erməni kilsəsi artıq xaricdəki ermənilər arasında da birmənalı dəstəyə malik deyil. Uzun illər boyu diasporun əsas, necə deyərlər, milli dayağı kimi təqdim olunan kilsə bu gün müxtəlif ölkələrdə yaşayan erməni icmaları üçün eyni məna kəsb etmir. ABŞ, Fransa, Rusiya və Yaxın Şərqdəki cərəyanlar prosesə fərqli yanaşırlar. Bir qrup kilsəni tarixi identikliyin ayrılmaz hissəsi sayaraq II Qareginin müdafiəsinə qalxır, digər qrup isə EAK-ın köhnəlmiş idarəçilik modelinin dəyişməsini zəruri hesab edir.

Bu parçalanmanın əsas səbəblərindən biri diasporun artıq tək siyasi xəttlə idarə olunmayan müxtəlif ideoloji bloklara bölünməsidir. Kilsəyə münasibətdə də bu fərqlər aydın görünür. Məsələn, ABŞ-da bir sıra ruhanilər açıq şəkildə islahat tələb edir, bəzi yeparxiyalar isə katolikosun dəyişdirilməsini mümkün çıxış yolu kimi görürlər. Eyni zamanda, Yaxın Şərqdə güclü olan daşnakçı dairələr mühafizəkar mövqedən çıxış edərək kilsənin nəzarətdən çıxmasını təhlükə kimi təqdim edirlər. Beləliklə, EAK ətrafında yaranan böhran təkcə Ermənistan daxilində deyil, diasporun ideoloji xəritəsində də ciddi çatlar yaradır. Bu parçalanma kilsənin gələcək legitimliyinə və diaspor üzərindəki təsir gücünə birbaşa təsir göstərə biləcək amildir.

Səxavət HƏMİD
XQ



Siyasət