Milli insan kapitalı potensialı

post-img

Azərbaycan gəncliyi strateji ordu, ideoloji dayaq və gələcəyin lokomotividir

Prezident İlham Əliyevin Gənclər Günü münasibətilə Azərbaycan gənclərinə ünvanladığı müraciət müasir Azərbaycan dövlətçiliyinin ideoloji çərçivəsində gəncliyin yerini, rolunu və gələcək missiyasını sistemli şəkildə ifadə edən siyasi manifest kimi dəyərləndirilə bilər. Müraciətdə səsləndirilən fikirlər gəncliyi dövlətin uzunmüddətli inkişaf strategiyasının əsas subyekti kimi təqdim edir.

Prezident İlham Əliyevin müraciətində milli-mənəvi dəyərlərlə müasir inkişaf tendensiyalarının paralel vəhdətdə təqdim olunması Azərbaycan dövlətçilik fəlsəfəsinin əsas ideoloji sütunlarından birini təşkil edir. Qloballaşma proseslərinin sürətləndiyi, mədəni sərhədlərin getdikcə silindiyi bir dövrdə milli identikliyin qorunması artıq dövlətlərin siyasi suverenliyi ilə birbaşa əlaqəli strateji prioritetə çevrilmişdir. Bir çox ölkələrdə modernləşmə prosesi ənənəvi dəyərlərin aşınması hesabına baş verdiyi halda, Azərbaycan modeli modernliyi milli-mənəvi əsaslardan qopmadan reallaşdırmağı hədəfləyir.

Məhz bu kontekstdə milli-mənəvi dəyərlər müasir çağırışlara uyğun şəkildə yenidən interpretasiya olunan canlı ideoloji resurs kimi təqdim edilir. Dövlətin rəsmi diskursunda milli kimlik qloballaşma ilə dialoqa girə bilən, onu selektiv şəkildə mənimsəyən və milli maraqlara uyğunlaşdıran mexanizm funksiyasını daşıyır. Məhz bu yanaşma Azərbaycanı mədəni assimilyasiya risklərindən qorumaqla yanaşı, qlobal inteqrasiya proseslərindən kənarda qalmaq təhlükəsindən də sığortalayır.

Gəncliyin bu modeldə rolu həlledicidir. Prezidentin çıxışında gənclər “ənənə–modernlik dilemması”nın daşıyıcısı kimi deyil, onun rasional həllini təmin edən sosial-siyasi aktor kimi təqdim olunur. İntellektual milli potensiala malik, qlobal elmi-texnoloji və mədəni trendləri izləyən, eyni zamanda, tarixə, dilə, mədəni irsə və dövlətçilik ənənələrinə bağlı gənc nəsil ideoloji davamlılığın əsas təminatçısıdır.

Azərbaycan gəncliyi milli ideologiyanın daşıyıcıları kimi formalaşdırılır. Onların modern dünyada rəqabət qabiliyyətli olması milli identikliyin zəifləməsi hesabına deyil, əksinə, həmin identikliyin möhkəmlənməsi fonunda baş verir.

* * *

Prezident İlham Əliyevin müraciətində gənclərin iqtisadiyyat, elm, mədəniyyət və vətəndaş cəmiyyəti sahələrində “dövlətimizin qüdrətini artıran qüvvə” kimi xarakterizə olunması gəncliyin dövlət gücünün struktur elementinə çevrildiyini göstərən konseptual yanaşmadır. Burada gənclik dövlətin inkişaf gündəliyində aktiv iştirak edən, qərarların icrasına və ictimai rəyə təsir göstərən siyasi və sosial aktor kimi təqdim olunur. Təhsil səviyyəsi, intellektual potensial, şəbəkələşmə imkanları və təşəbbüskarlıq xüsusiyyətləri ilə seçilən gənclər dövlətin institusional gücünü insan kapitalı üzərindən də möhkəmləndirirlər. Xüsusilə iqtisadiyyat və elmdə gənclərin iştirakı innovasiyayönümlü inkişaf modelinin əsas dayağına çevrilir, bu isə uzunmüddətli perspektivdə ölkənin rəqabət qabiliyyətini artıran fundamental amildir.

Müraciətdə vətəndaş cəmiyyətinin möhkəmləndirilməsində gənclərin roluna verilən önəm siyasi baxımdan xüsusi əhəmiyyət daşıyır. Gənclər həm dövlət siyasətinin daşıyıcısı, həm də ictimai ehtiyacların artikulyasiyasında fəal subyekt kimi çıxış edərək, sosial sabitliyin və institusional legitimliyin möhkəmlənməsinə töhfə verirlər. Xüsusilə mədəni irsin qorunması və beynəlxalq səviyyədə tanıdılması kontekstində gənclərin rolunun vurğulanması Azərbaycanın “yumşaq güc” strategiyasının əsas istiqamətlərindən birini üzə çıxarır. Müasir beynəlxalq münasibətlərdə dəyərlər və narrativlər də qlobal rəqabətin mühüm alətlərinə çevrilib. Bu prosesdə gənclər qeyri-rəsmi, lakin yüksək effektivliyə malik təsir kanalları yaradırlar – akademik mübadilələrdə, beynəlxalq platformalarda, mədəni layihələrdə və rəqəmsal məkanlarda ölkənin simasını formalaşdırırlar.

* * *

Prezident İlham Əliyevin Gənclər Günü münasibətilə müraciətində 44 günlük Vətən müharibəsinə edilən istinad dərin simvolik məna daşıyan ideoloji konstruksiyadır. Vətən müharibəsi dövlət diskursunda Azərbaycan gəncliyi üçün nəsil miqyasında formativ hadisə – yəni kollektiv identikliyi müəyyən edən tarixi sınaq kimi təqdim olunur. Müəyyən tarixi hadisələr var ki, onlar konkret bir nəslin dünyagörüşünü, dövlətə münasibətini və gələcəyə baxışını dərin şəkildə formalaşdırır. 44 günlük Vətən müharibəsi də Azərbaycan gəncliyi üçün məhz belə hadisə kimi çərçivələnir. Müharibə gənclərin dövlətlə münasibətini real məsuliyyət, fədakarlıq və iştirak müstəvisinə keçirir. Zəfər narrativi gəncliyi qalib dövlətin varisi statusuna yüksəldir. Qalib nəsil anlayışı gənclərin gələcəkdə dövlətin suverenliyinin qorunması, ərazi bütövlüyünün möhkəmləndirilməsi və postmüharibə inkişaf mərhələsində fəal iştirak etməsi gözləntisini legitimləşdirir.

Postmüharibə dövründə bu narrativin əsas funksiyalarından biri milli birliyin möhkəmləndirilməsidir. Müharibədən sonrakı mərhələ, adətən, cəmiyyətlər üçün yeni risklər və daxili parçalanma potensialı yarada bilər. Lakin 44 günlük Vətən müharibəsinin dövlət diskursunda “ümummilli zəfər” kimi təqdim olunması fərqli sosial qruplar arasında ortaq kollektiv yaddaş formalaşdırır. Gənclik bu yaddaşın həm daşıyıcısı, həm də gələcək nəsillərə ötürücüsü rolunu üzərinə götürür.

* * *

Dövlətimizin başçısının müraciətində yer alan “yeni intibah dövrü” anlayışı postmünaqişə Azərbaycanının inkişaf fəlsəfəsini və strateji iddiasını əks etdirən konseptual çərçivədir. Bu dövr ölkənin qarşısında duran məqsədlərin yalnız dağıdılmış ərazilərin bərpası və sosial reinteqrasiyası ilə məhdudlaşmadığını, keyfiyyətcə yeni siyasi, iqtisadi və institusional mərhələyə keçidi hədəflədiyini göstərir. Burada intibah əldə olunan tarixi nəticələr üzərində yeni inkişaf modelinin qurulması kimi təqdim olunur.

Yeni intibah diskursu postmüharibə dövründə dövlətin legitimliyini inkişaf və tərəqqi ilə möhkəmləndirməyə xidmət edir. Müharibədən sonra yaranan sosial gözləntilər yalnız təhlükəsizlik və sabitliklə məhdudlaşmır; cəmiyyət daha yüksək həyat standartları, texnoloji modernləşmə və qlobal rəqabətə inteqrasiya tələb edir. Məhz bu nöqtədə gənclik əsas həlledici faktor kimi ön plana çıxır.

Müraciətdə gəncliyin innovativ potensialın və yaradıcı enerjinin əsas daşıyıcısı kimi təqdim olunması təsadüfi deyil. Müasir dünyada iqtisadi güc təkcə təbii resurslarla deyil, bilik, texnologiya və innovasiya ilə ölçülür. Dövlətin gənclərdən gözləntisi texnoloji düşüncə, elmi yaradıcılıq və institusional çeviklik nümayiş etdirməkdir.

Rəqəmsal transformasiya, yaşıl enerji, süni intellekt, startap ekosistemləri və bilik əsaslı iqtisadiyyat kimi sahələrdə uğur qazanmaq üçün gənclərin fəal iştirakı alternativsizdir. Bu baxımdan, Azərbaycan gəncliyi gələcəyin iqtisadiyyatının əsas istehsalçısı olmaqla yanaşı, dövlət idarəçiliyinin də modernləşməsində aparıcı rol oynamağa namizəddir. İnnovativ missiya yeni idarəetmə mədəniyyətinin, şəffaf institusional yanaşmaların və qlobal standartlara uyğun sosial davranış modellərinin formalaşmasını da ehtiva edir.

İlham Əliyevin Gənclər Günü münasibətilə müraciəti aydın şəkildə göstərir ki, Azərbaycan gəncliyi dövlət siyasətində milli inkişaf strategiyasının strukturlaşdırılmış və uzunmüddətli baxışının mərkəzində yerləşdirilir. Milli-mənəvi dəyərlərə sadiq, 44 günlük Vətən müharibəsi kimi tarixi sınaqdan keçmiş və eyni zamanda innovasiyaya açıq gənclik modeli dövlətin ideoloji, siyasi və iqtisadi davamlılığını təmin edən əsas dayaqlardan birinə çevrilir.

Son olaraq qeyd edək ki, yeni model Azərbaycan dövlətinin həm daxili sabitliyini möhkəmləndirir, həm də regional və qlobal ambisiyalarını reallaşdırmaq üçün zəruri insan kapitalını formalaşdırır. Gənclər burada gələcəyin ümididir. Onlar artıq bu günün siyasi, ideoloji və strateji reallığında fəal iştirak edən, dövlət gücünün canlı və dinamik komponentinə çevrilmiş aktorlardır. Məhz bu baxımdan, Azərbaycan gəncliyi ölkənin strateji davamlılığının ən etibarlı təminatçısı, milli potensial kimi çıxış edir.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru

Siyasət