Azərbaycan-ABŞ münasibətləri inkişaf yolunda: Cənubi Qafqazda yeni tarix yazılır

post-img

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana səfəri sıradan diplomatik təmas kimi deyil, Vaşinqtonun Bakı ilə münasibətlərə verdiyi yüksək siyasi əhəmiyyəti və dəyəri göstərən hadisə kimi qiymətləndirilməlidir. Bu səfər ABŞ xarici siyasət strategiyasında Azərbaycanın nə qədər önəmli yer tutduğunu bir daha nümayiş etdirdi. Cənab Vensin Azərbaycana səfəri xüsusunda Bakı–Vaşinqton əlaqələrinin müasir xarakterində Prezident Trampın şəxsi rolu xüsusi olaraq vurğulanmalıdır. Prezident İlham Əliyevlə Prezident Tramp arasında pozitiv münasibətlər mövcuddur və bu, Bakı–Vaşinqton münasibətlərinin hazırkı dinamikasını müəyyənləşdirən ən mühüm cəhətdir.

Ümumilikdə, ABŞ-ın yeni xarici siyasət konsepsiyasına görə Azərbaycan Cənubi Qafqazda və geniş Avrasiya məkanında açar ölkə kimi qiymətləndirilir. 2025-ci avqustun 8-də Ağ Evdə keçirilən görüşdən və imzalanan sənədlərdən sonra isə ikitərəfli əlaqələr tamamilə yeni səviyyədə qalxdı. Tramp hakimiyyəti öz sələfi Cozef Baydenin ölkəmizə qarşı qeyri-adekvat münasibətini təkrarlamadı. Əksinə, buzların əriməsi, əlaqələrin inkişafı üçün addımlar atıldı. Əlbəttə, bu məsələdə dəyişən reallıqlar, o cümlədən Azərbaycanın qlobal siyasi oyunçuya çevrilməsi mühüm rol oynadı. Azərbaycan ABŞ üçün həm Mərkəzi Asiyaya, həm də türk dünyasına açılan strateji pəncərə kimi qiymətləndirilir. Məhz bu baxımdan vitse-prezidentin səfəri həm regional balans, həm də sülh prosesinin irəliləməsi üçün əhəmiyyətli addım kimi dəyərləndirilir. Cənab Vens çıxışında Azərbaycanda hökm sürən tolerant mühiti qeyd edərək, ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin bir ailə kimi sülh və dostluq şəraitində yaşadığını bildirib.

Eyni zamanda, Azərbaycan Prezidenti ilə söhbət zamanı TRIPP nəqliyyat dəhlizinin inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycanla ABŞ arasında siyasət, iqtisadiyyat, ticarət, yüksək texnologiyalar, süni intellekt mərkəzlərinin yaradılması və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunuldu, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. Tərəflər arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması ilə, yəqin ki, görüşün ən yaddaqalan hadisələrindən oldu. Strateji Tərəfdaşlıq Xartiyası nəticəsində münasibətlər tamamilə yeni mərhələyə daxil oldu. Lakin təkcə ikitərəfli münasibətlərdə yeni dinamika yaranmadı, həm də Cənubi Qafqazda "oyun qaydaları" dəyişdi. Strateji baxışın simvolu olan bu sənəd Azərbaycanla ABŞ arasında münasibətlərin yeni mərhələyə keçdiyini açıq şəkildə nümayiş etdirir. Qarşılıqlı maraqlar və ortaq məqsədlər üzərində qurulan bu tərəfdaşlıq, regional sabitliyin möhkəmləndirilməsi, qlobal çağırışlara birgə cavab verilməsi və davamlı sülhün təmininə töhfə vermək baxımından mühüm əhəmiyyət daşıyır. Dünyanın birinci dövləti ilə Cənubi Qafqazın aparıcı siyasi aktoru arasında imzanan sözügedən sənəd hər iki tərəfin strateji maraqlarına cavab verir.

ABŞ vitse-prezidentinin səfəri, eyni zamanda, Zəngəzur dəhlizinin bir qolu olan TRIPP – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” üzrə işlərin sürətləndirilməsinə, Ermənistan tərəfindən hər hansı gecikmələrin və ya prosesdən yayınmaların qarşısının alınmasına yönəlib. Bu məsələdə verilən mesaj olduqca aydındır: TRIPP marşrutu vasitəsilə Azərbaycanla Naxçıvan arasında maneəsiz bağlantının yaradılması, İran və Rusiyaya qarşı tətbiq olunan sərt sanksiyalar fonunda Orta Dəhlizin qlobal logistika xəritəsində mövqeyinin gücləndirilməsi ABŞ üçün strateji əhəmiyyət daşıyır. Vaşinqton bu prosesdə söz sahibi olmaq istəyir və məhz buna görə TRIPP brendləşdirilir.

Beləliklə, Zəngəzur dəhlizi regional təşəbbüsdən çıxaraq qlobal iqtisadi və təhlükəsizlik layihəsinə çevrilir. Ona qarşı çıxmaq artıq təkcə Azərbaycana deyil, birbaşa ABŞ maraqlarına qarşı çıxmaq kimi qiymətləndiriləcək. Bir sözlə, Azərbaycan-ABŞ münasibətlərinin hazırkı mənzərəsi, sadəcə, iki dövlət arasındakı rəsmi əlaqələri deyil, həm də qlobal siyasətdə ən uğurlu diplomatiya modelinin nümunələrindən birini təşkil edir. Vitse-prezident Vensin səfəri çərçivəsində imzalanan sənədlər və TRIPP layihəsinin icrasına yekdil rəy Azərbaycanın regional liderliyini beynəlxalq səviyyədə bir daha təsdiqləyəcək. Bu prosesin sonunda Azərbaycan-ABŞ strateji müttəfiqliyi daha da güclənəcək. 


Fəzail İbrahimli
Milli Məclisin deputatı

Siyasət