Xalqımız Ulu Öndər, müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin şanlı tariximizdə olan yerini və rolunu hər zaman yüksək səviyyədə qiymətləndirib. Məhz Ulu Öndərin müəllifi olduğu siyasi strategiya və onun uğurlu davamı nəticəsində ölkəmiz dünya ölkələri içərisində öz sözünü deyən güclü bir dövlətə çevrilib. Bu gün böyük fəxrlə deyə bilərik ki, qüdrətli Azərbaycan Ulu Öndərin şah əsəridir.
Heydər Əliyev siyasi kursunun davamçısı Prezident İlham Əliyevin rolu Azərbaycanın müasir inkişaf tarixində əvəzsizdir. Öz fövqəl bacarığı ilə dövlətimizin başçısı Azərbaycanda həm strateq, həm lider, həm də ümumxalq fenomeni kimi sevilir. Onun fəaliyyəti bütün liderlər üçün örnəkdir. Müasir dövrdə Prezident İlham Əliyev kimi xalqı tərəfindən sevilən ikinci bir lideri tapmaq çətindir, bu xoşbəxtlik yalnız işıqlı gələcək yolunda əzəmətlə addımlayan xalqımıza nəsib olub.
2025-ci ildə “Konstitusiya və suverenlik ili” çərçivəsində nəşr olunmuş Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilovun məsləhətçisi, Ali Məclisin sədr müavini, tarix üzrə fəlsəfə doktoru, dosent Arzu Abdullayevin müəllifi olduğu “Konstitusiya, Suverenlik və yeni siyasi konfiqurasiya: tarixi irs, müasir çağırışlar, gələcəyə baxış” monoqrafiyasında Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu milli inkişaf strategiyası, dövlət başçısı cənab İlham Əliyevin milli dövlət quruculuğu sahəsində atdığı addımlar, bu addımların real əksi olaraq qalib millətə çevrilmiş xalqımızın keçdiyi inkişaf yolunun əsas konturlarının müfəssəl təzahürü olmaqla bütün detalları ilə təqdim edilmişdir. Monoqrafiya ön söz, giriş, üç fəsil və nəticədən ibarət olmaqla milli dövlətçilik ənənələrimizdə konstitusiya anlayışından başlayaraq möhkəm təmələ əsaslanan suverenlik kursunu özündə ehtiva etməklə yeni tarixi mərhələdə yeni siyasi konfiqurasiyanın təməlinə sadiqliyini göstərərək azərbaycançılıq məfkurəsini bütün incəlikləri ilə konseptual şəkildə əks etdirərək düzgün taktiki yanaşmalar və doğru strateji hədəflərə çatmaq baxımından mükəmməl mənbədir.
“Azərbaycan Konstitusiyası: tarixi irsin, yeni çağırışların, strateji hədəflərin hüquqi tənzimlənməsi” adlanan birinci fəslə milli dövlətçilik ənənələrimizdə Konstitusiya anlayışı, konstitusionalizmin ilk nümunəsi, hüquqi dövlət quruculuğu, repressiyalar dövrünün “Humanizm” hüququ, milli intibahın hüquqi zəmini, suveren, bütöv Azərbaycan strategiyasının konstitusion təməli, güclü dövlətin hüquqi bazası, Naxçıvandan başlanan hüquqi dövlətçilik yolu, qurtuluş misssiyasının hüquqi təntənəsi, dövlət quruculuğunun mükəmməl hüquqi təkmilləşməsi kimi bölmələr daxildir. Müəllif konstitusiyamıza Ulu öndərin “Konstitusiya dövlətimizin milli sərvətidir” çağırışından yanaşmaqla müasir dövlətlərin konstitusiyalarının ideya-siyasi əsasının ta qədimdən qaynaqlandığını vurğulayaraq milli dövlətçilik tariximizdə konstitusionalizmin ilk nümunəsi Azərbaycan Xalq Cümhuriyyətinin Konstitusiya aktı statusuna malik olan İstiqlal Bəyannaməsinin müddəalarını əsas gətirməklə hər bir müstəqil dövlətin vacib atributları hesab olunan suverenlik və ərazi bütövlüyü prinsiplərini də həm hüquqi-normativ sənədlərlə, həm idarəçilik və diplomatik fəaliyyətlə maksimum möhkəmləndirməyə çalışmalarının məhz hüquqi dövlət quruculuğuna gedən yolda atılan mühüm addımlar olduğunu diqqətə çatdırmış, faktik materiallarla baş verən prosesləri təhlil etmişdir. Sözügedən fəsildə həmçinin 1936-cı ildə qəbul olunmuş “Stalin Konstitusiyası”ndan sonra sovet cəmiyyətində reallıqların dəyişməsi, yeni idarəetmə formalarının tətbiqi, müəyyən sahələrdə struktur dəyişiklikləri elm və texnikanın inkişafı ilə əlaqədar dövlətin idarəetmə mexanizmlərində özünü göstərən dəyişiklikləri yaradan amillər müzakirə obyekti kimi götürülərək təhlil süzgəcindən keçirilmişdir. Sözügedən bölmədə həmçinin Naxçıvan MSSR ilə bağlı muxtariyyətin konstitusional çərçivəsində hüquqi nəzarət səlahiyyətini əks etdirən məsələlər araşdırılmış, mərkəzi və muxtar strukturlar arasında inzibati-siyasi bağlılığın institusional ifadəsi öz həllini tapmışdır. Müəllif “Müstəqilliyin ilk “yol xəritəsi” adlı yarımfəsildə hələ keçmiş sovetlər birliyi dövründə xalqın istiqlal ruhunun bayraqdarı olan Ümumilli Lider Heydər Əliyevin yeni Konstitusiya layihəsinin hazırlanması və qəbulu prosesinə birbaşa rəhbərlik etməsini haqlı olaraq tarixin və taleyin Azərbaycana xoş bir hədiyyəsi olaraq qiymətləndirmişdir. Yarımfəsildə Ulu Öndərin milli kimliyimizə olan dərin və sonsuz məhəbbəti, milli ruhumuzun daşıyıcıları klassiklərimizə, mütəfəkkirlərimizə olan sevgisi, bu böyük dövlət adamının Azərbaycanımızın gələcək müstəqilliyi uğrunda davamlı mübarizəsinin təqdimi müəllifin dərin məntiq və erudisiyasının real təzahürü kimi öz əksini tapmışdır. Ulu öndər Heydər Əliyevin ən böyük qələbəsi təbii ki, onun gələcək Azərbaycan dövlətçiliyi naminə atdığı mühüm addımlar idi. Kitabda qeyd olunduğu kimi, Ümumilli Lider Heydər Əliyev Azərbaycana birinci dəfə rəhbərlik etdiyi dövrün mövcud imkanlarından maksimum faydalanaraq bütün sahələrdə Azərbaycanın gələcək müstəqilliyi üçün potensialın formalaşdırılması istiqamətində vacib addımlar atmışdır. Müəllif eyni zamanda Naxçıvandan başlanan hüquqi dövlətçilik yolunun inkişafından, milli özünüdərk düşüncəsinin, siyasi fəallığın yüksəlməsi prosesinin əhəmiyyətindən bəhs edərək bu yolun çətin olmaqla yanaşı, eyni zamanda ləyaqətli, şərəfli bir yol olduğunu bütün təfərrüatı ilə açıb göstərmişdir. Xalqın təkidi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra Ulu öndər Heydər Əliyevin ölkəmizin azadlıq və suverenliyi yolunda atdığı addımlar, bütün sahələrdə özünü göstərən inkişaf, ən əsası bütün Azərbaycan vətəndaşlarının bərabər hüquqlara malik olması, vətəndaşların öz hüquqlarından səmərəli istifadə imkanlarının təmin edilməsi Ümumilli liderin son dərəcə zəruri hesab etdiyi məsələlərdən idi. Bütün bunlar – qət edilən çətin və şərəfli yol kitabda əhatəli və xronoloji ardıcıllıqla öz əksini tapmışdır. Müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə konstitusiyamızla bağlı aparılan gərgin fəaliyyətin nəticəsi olaraq qanuni demokratik prinsiplərə cavab verən, insan və vətəndaş hüquq azadlıqlarının qorunmasına yönələn, ümumilikdə milli dövlətçilik yolunu bütün tərəfləri ilə qoruyan və təmin edən bir qanunlar toplusu ərsəyə gəlmişdir. Müəllif dövlət quruculuğunun mükəmməl hüquqi təkmilləşməsi yönündə atılan mühüm addımların real təsvirini verməklə yanaşı, eyni zamanda dövrün xarakterindən asılı olaraq yaranan ictimai münasibətləri və müxtəlif dəyişiklikləri doğuran səbəbləri dövrün tələblərinə uyğun şəkildə analiz etmiş, konstitusiyada özünü göstərən dəyişikliklərin yaranma zərurətini obyektiv və subyektiv tərəfləri ilə xarakterizə etmişdir.
“Suverenlik: Azərbaycanın bütövlük təsdiqi” adlanan ikinci fəsildə möhkəm təmələ əsaslanan suverenlik kursu, müasir beynəlxalq münasibətlər sistemində tutduğumuz mövqe, dayanıqlı inkişaf mühitinin yaranmasında özünü göstərən amillər, rifah və xoşbəxtliyə doğru yönələn Cənubi Qafqazda yeni strateji dövrün inikası, ən əsası dövlət başçısının suverenlik prioritetləri, suverenlik təminatımız olan “Zəngəzur dəhlizi”, müstəqil siyasət, güclü iqtisadi konsepsiya, geostrateji proseslərdə oynanılan əhəmiyyətli rol və digər məsələlərə yanaşılaraq onları doğuran səbəblər və özünü göstərən mühüm nailiyyətlər vurğulanmış, uğura doğru gedən yol faktik materiallarla diqqətə çatdırılmışdır. Monoqrafiyada qeyd olunduğu kimi “Azərbaycan Prezidenti əsrlərin müşkülünü yoluna qoydu, təkcə Azərbaycanı deyil, ümumilikdə Cənubi Qafqazı böyük bir çıxılmazlıqdan aydın, rəvan inkişaf yoluna çıxardı, əsrlərlə bu torpaqlarda davamlı sülhün, mehriban qonşuluq münasibətlərinin, faydalı əməkdaşlıq əlaqələrinin olmasını arzulayan, bu amal uğrunda çalışan düşüncə adamlarımızın arzularını reallığa qovuşdurdu”. Günümüzün ən əsas prioriteti olan Zəngəzur dəhlizinə ayrıca yarımbölmənin ayrılması regionun enerji, nəqliyyat və logistika xəritəsində həlledici aktora çevrilməsinin yüksək əhəmiyyətini bir daha diqqətə çatdırır. Çünki Zəngəzur dəhlizi milli təhlükəsizlik və hərbi-strateji üstünlüklərimiz baxımından son dərəcə aktual ərazidir, eyni zamanda Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın blokadadan çıxmasına imkan yaradır. Monoqrafiyada qeyd olunduğu kimi, “cənab İlham Əliyevin yürütdüyü siyasətin, irəli sürdüyü təşəbbüslərin özünəməxsusluğu ondadır ki, bütün bunlar təkcə Azərbaycana fayda gətirmir, eyni zamanda bu təşəbbüslərə cəlb olunan hər kəs üçün böyük mənfəət gətirir”. Məlumdur ki, 1993-cü ildə Ermənistanın hərbi təcavüzünün şiddətlənməsi, həmçinin ölkədə yaranmış vətəndaş müharibəsi təhlükəsi, sosial-iqtisadi xaos, dövlət institutlarının fəaliyyətinin iflic olması və ümumi iqtisadi böhran müstəqilliyinin əsasları hələ möhkəmlənməmiş Azərbaycanı parçalanaraq dünya xəritəsindən silinmək riski ilə üz-üzə qoymuşdur. Belə bir məqamda xalqın təkidi ilə yenidən siyasi hakimiyyətə qayıdan Ümumilli Lider Heydər Əliyev xalqın əsl xilaskarı oldu. Həm daxili, həm də xarici siyasət tənzimləndi, bir sıra beynəlxalq təşkilatlarla əlaqələr quruldu, Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar prosesinin normativ-hüquqi bazası və mexanizmi müəyyənləşdirildi. Çoxsaylı sənədlərdə Azərbaycanın beynəlxalq hüquqa və tarixi ədalətə əsaslanan mövqeyi dəstəklənmiş, bu sənədlər münaqişənin həllinin ölkəmizin ərazi bütövlüyü və suverenliyi çərçivəsində mümkünlüyünü bir daha təsdiqləmişdir. Ermənistanın 2020-ci il sentyabrın 27-də başladığı növbəti hərbi təcavüz cəhdinə cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlamış, nəticədə 44 gün davam edən Vətən müharibəsi Ermənistan ordusunun darmadağın edilməsi, işğal altında olan torpaqların azad olunması və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə başa çatmışdır. Bütün bu tarixi hadisələrə monoqrafiyada ardıcıllıq qorunmaqla analitik təhlillər vasitəsilə aydınlıq gətirilmiş, sözügedən dövr müəllif tərəfindən genış şəkildə tədqiq edilmişdir. Kitabın müəllifi, dosent Arzu Abdullayev “Suverenliyin “Dəmir Yumruq” təminatı” adlanan yarımbölmədə məhz Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli ordumuzun həyata keçirdiyi “Dəmir Yumruq” əməliyyatının ölkəmizin və regionumuzun müasir tarixində yeni bir dönəmin başlanğıcı olduğunu diqqətə çatdıraraq Zəfərimizin bütün dünyaya qalib millət statusunda təqdim olunmasını vurğulamışdır. Kitabda birinci vitse-prezident və Heydər Əliyev Fondunun rəhbəri kimi Mehriban xanım Əliyevanın fəaliyyətinin dövlət institutlarının güclənməsinə, vətəndaş hüquqlarının qorunmasına və sosial sahədə təşəbbüslərin həyata keçirilməsinə dair xidmətləri, eyni zamanda beynəlxalq və mədəni layihələrdə iştirakı müfəssəl şəkildə öz əksini tapmışdır.
“Yeni siyasi konfiqurasiya: dayanıqlı inkişafın və milli birliyin etibarlı təməli” adlanan üçüncü fəsildə Ulu öndər Heydər Əliyevin siyasi arxitekturası əsasında Ali Baş Komandan cənab İlham Əliyevin demokratikləşmə siyasəti çərçivəsində son illərdə yeni mərhələyə qədəm qoyan siyasi konfiqurasiya prosesi əks olunmuşdur. Monoqrafiyada eyni zamanda bu aspektdə siyasi partiyaların fəaliyyətini tənzimləyən hüquqi bazanın təkmilləşməsi prosesinin xüsusi önəm daşıdığı detallı şəkildə öz əksini tapmışdır. Azərbaycanda formalaşan yeni siyasi konfiqurasiyadan bəhs edərkən, siyasi partiyaların fəliyyətini tənzimləyən hüquqi bazanın təkmilləşməsi prosesinin xüsusi önəm daşımasının və siyasi dialoqlar çərçivəsində bu mövzuda təşəbbüslər irəli sürülməsinın, həmçinin hakimiyyət tərəfindən nəzərə alınmasının düzgün taktiki həmlələr, eyni zamanda doğru strateji hədəf yönündə atılan mühüm çağırışların monoqrafiyada təfərrüatlı şəkildə geniş inikası ilə tanış oluruq. Bölmədə qeyd olunduğu kimi milli ideyanın reallaşmasında siyasi konfiqurasiyanın prioritetliyi bu gün də qorunmaqdadır. Qərbi Azərbaycana qayıdış tarixi bir zərurətdir. Müəllifin sözləri ilə ifadə etsək, “Azərbaycan xalqı Müzəffər Ali Baş Komandanın qüdrəti, apardığı uğurlu xarici və daxili siyasəti sayəsində Qərbi azərbaycanlıların da öz doğma torpaqlarına qayıdacağı günün heç də uzaqda olmadığından tam əmindir”. Bütün istiqamətlərdə olduğu kimi, Ölkə Prezidenti cənab İlham Əliyevin Qərbi Azərbaycana qayıdışla bağlı səsləndirdiyi fikirlər və bu tezislərdən irəli gələn məsələlər Naxçıvan Muxtar Respublikasında da gündəlik fəaliyyət istiqaməti olaraq müəyyən edilmişdir. Müəllifin gəldiyi nəticəyə əsasən deyə bilərik ki, Dövlət Başçısının siyasi islahatlar gündəliyində siyasi sistemin təkmilləşməsi konkret dövr üçün nəzərdə tutulmamışdır. Dövlətin mövcud olduğu bütün tarixi mərhələlərdə daim yeniləşən, modernləşən, dövrünün çağırışlarına uyğunlaşan və milli ənənələrinin bu gün formalaşmaqda olan mükəmməl bir sistem olduğu vurğulanmışdır.
Nəticə hissəsində müəllif tədqiqatının yekunu olaraq dəyərli elmi nəticələrə gəlmişdir. O bildirmişdir ki, Konstitusiya dövlətin siyasi-hüquqi sisteminin əsasını təşkil edir və hüquqi dövlət quruculuğunun başlıca normativ bazasıdır. Ümumilli Lider Heydər Əliyevin siyasi rəhbərliyi ilə Müstəqil Azərbaycan dövlətinin ilk konstitusiyasının qəbulundan sonra Konstitusiyaya “dövlət dili” kimi Azərbaycan dilinin daxil edilməsi milli dövlətçilik tariximizdə dönüş nöqtəsi olmuşdur.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Birinci vitse-prezident və Heydər Əliyev Fondunun rəhbəri qismində həyata keçirdiyi sosial, humanitar və mədəni layihələr suverenliyin sosial legitimliyini və dövlət-vətəndaş etimadını daha da möhkəmləndirir.
Azərbaycan torpaqları işğaldan azad edilmiş, Azərbaycan Prezidenti bu tarixi qələbə ilə əsrlərin problemini yoluna qoymuşdur. Ölkəmiz münaqişənin həlli üçün böyük bir hazırlıq yolu keçmiş, güclü iqtisadiyyat, qüdrətli ordu formalaşdırmış, qlobal nüfuzunu yüksəltmiş, ermənilərin illərlə yaratdıqları informasiya blokadasını aradan qaldıraraq informasiya müharibəsində də üstünlük qazanmış, beynəlxalq təşkilatların sənədləri ərazi bütövlüyü prinsipinə istinadla münaqişənin hüquqi həlli çərçivəsini müəyyənləşdirmişdir.
Kitabda qeyd olunduğu kimi, Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək siyasi və iqtisadi inkişafının təminatçısıdır və ölkənin çağdaş siyasi tarixinə yeni missiya ilə daxil olmuşdur. Dövlət başçısı siyasi sistemimizin yeni yol xəritəsinin müəllifi olmaqla yanaşı, Azərbaycanda azad və demokratik cəmiyyətə xas siyasi institutların tam formalaşması və siyasi konfiqurasiyaya uyğun sağlam siyasi mübarizə ənənəsinin oturuşması siyasətinin də memarı olduğunu bir daha əməli olaraq göstərir. Yeni siyasi konfiqurasiya quruculuğu və təkmilləşməsi prosesi artıq dövlətimizin strateji inkişaf strategiyasının tərkib hissəsi kimi qəbul edilir. Siyasi konfiqurasiyanın hədəfləri dövrün yeni qlobal çağırışlarını ehtiva etməklə yanaşı, ənənələr və novatorluq kontekstində də birləşdirici mərama çevrilib. Monoqrafiyada öz əksini tapan bütün bu nəticələr müəllifdən dövrün ictimai-siyasi hadisələrinə münasibətdə dərin müşahidə qabiliyyəti, tarixi və xronoloji hadisələrin ardıcıllığı baxımından yüksək peşəkarlıq, ən əsası isə dövlətçilik ənənələrinin yaşadılması və onun gələcək nəsillərə ərməğan edilməsi aspektindən dərin, çoxcəhətli siyasi erudisiya tələb edir. “Liderlik missiyası”, “Naxçıvan şəhərinin tarixi”, “Naxçıvan şəhəri: tarixi-siyasi və mədəni inkişafı XIX əsr” kitablarının ardınca “Konstitusiya, Suverenlik və yeni siyasi konfiqurasiya: tarixi irs, müasir çağırışlar, gələcəyə baxış” adlı kitabın işıq üzü görməsi müəllifin dövlətçiliyimiz və suverenliyimiz yolunda apardığı ciddi araşdırmaların real təsviridir.
Xumar Məmmədova
Naxçıvan MR Ali Məclisinin deputatı,
filologiya üzrə fəlsəfə doktoru, dosent

