Sanksiyalar ətrafında fikir ayrılığı
Avropa İttifaqının son illərdə üzləşdiyi ən ciddi sınaqlardan biri xarici siyasət və təhlükəsizlik məsələlərində vahid mövqenin qorunub saxlanılmamasıdır. Xüsusilə Rusiya–Ukrayna müharibəsi fonunda qəbul edilən sanksiyalar, maliyyə paketləri və siyasi bəyanatlar Aİ-nin institusional mexanizmlərinin nə dərəcədə işlək olduğunu nümayiş etdirən əsas indikatorlara çevrilib. Bu baxımdan Aİ Xarici İşlər Şurasında 20-ci Rusiya sanksiya paketinin qəbul olunmaması diqqət çəkən hadisə kimi qiymətləndirilir. Qərarın baş tutmaması Macarıstanın veto mövqeyi ilə əlaqələndirildi və bununla da Aİ daxilində vahid yanaşmanın həmişə birbaşa formalaşmadığı bir daha üzə çıxdı. Məsələnin hüquqi tərəfi göstərir ki, Avropa İttifaqında xarici siyasət sahəsində qərarların böyük hissəsi konsensus prinsipi ilə qəbul olunur. Sözügedən mexanizm üzv dövlətlərin suverenliyinə hörmət və ortaq qərarların legitimliyinin qorunması baxımından əhəmiyyətli olsa da, Aİ-nin sürətli və çevik qərar vermək imkanlarını məhdudlaşdırır. Xarici İşlər Şurasında sanksiya paketlərinin təsdiqi üçün bütün üzvlərin razılığı tələb olunduğundan, hər hansı bir dövlətin fərqli mövqeyi prosesi dayandıra bilər. 20-ci sanksiya paketi ətrafında yaranmış vəziyyət də məhz bu struktur xüsusiyyətin nəticəsi kimi ortaya çıxır. Əslində Macarıstanın veto qərarı sadəcə sanksiyalarla bağlı deyildi. Eyni zamanda Ukraynaya ayrılması nəzərdə tutulan 90 milyard avroluq maliyyə paketinə də etiraz edildi. Bu məqam məsələni daha geniş kontekstə çıxardı. Çünki söhbət sanksiyaların sərtləşdirilməsindən, Aİ-nin müharibə şəraitində olan Ukraynaya göstərdiyi iqtisadi və maliyyə dəstəyinin davamlılığından gedirdi.
Belə bir qərarın bloklanması təbii olaraq digər üzv dövlətlər tərəfindən ciddi siyasi reaksiya ilə qarşılandı. Almaniya, Fransa və Polşa kimi aparıcı ölkələrin Macarıstanı Aİ-nin birliyini zəiflətməkdə ittiham etməsi İttifaq daxilində artan narahatlığı bir daha göstərdi. Məlumdur ki, Almaniya və Fransa kimi aparıcı dövlətlərin mövqeyi Aİ siyasətində istiqamətverici rol oynayır. Polşa isə regionun təhlükəsizlik arxitekturasında mühüm aktor kimi çıxış edir və Ukraynaya dəstək məsələsində prinsipial mövqe nümayiş etdirir. Digər tərəfdən, Macarıstanın mövqeyi daha çox daxili siyasi dinamika ilə əlaqələndirilir. Son illərdə ölkə daxilində iqtisadi çətinliklər, sosial narazılıqlar və hakimiyyətlə müxalifət arasında artan gərginlik hökumətin Aİ ilə münasibətlərində daha ehtiyatlı və bəzən sərt xətt tutmasına səbəb olub. Sanksiyaların ölkə iqtisadiyyatına təsiri, enerji təhlükəsizliyi ilə bağlı həssas məqamlar və seçici bazasının gözləntiləri qərarların formalaşmasında rol oynayan faktorlar kimi qiymətləndirilir. Bu baxımdan veto qərarını geosiyasi kontekstlə yanaşı, daxili siyasi balansların qorunması prizmasından da təhlil etmək lazımdır.
Yeri gəlmişkən, Aİ daxilində vahid yanaşmanın olmaması yeni hadisə deyil. Bundan öncə də birlik tarixində müxtəlif məsələlər üzrə fikir ayrılıqları dəfələrlə yaşanıb. Lakin təhlükəsizlik və müharibə kontekstində problem daha kəskin görünür. Çünki belə dövrlərdə siyasi həmrəylik həm simvolik, həm də praktik əhəmiyyət daşıyır. Sanksiya paketinin qəbul olunmaması Aİ-nin çoxtərəfli qərar mexanizminin mürəkkəbliyi kimi dəyərləndirilə bilər. Konsensus modeli üzv dövlətlərə təsir imkanları versə də, eyni zamanda ortaq strategiyanın formalaşdırılmasını çətinləşdirir.
Mövcud vəziyyət Aİ-də islahat çağırışlarını yenidən gündəmə gətirir. Xarici siyasət məsələlərində səs çoxluğu prinsipinə keçidin mümkünlüyü müzakirə mövzusu olaraq qalır. Bəzi siyasətçilər hesab edirlər ki, sürətli reaksiya tələb edən beynəlxalq böhranlar şəraitində konsensus mexanizmi İttifaqın effektivliyini azaldır. Digərləri isə bunun kiçik və orta dövlətlərin təsir imkanlarını zəiflədə biləcəyini düşünür. 20-ci sanksiya paketi ətrafında yaranmış vəziyyət bu debatları daha da aktuallaşdırır. Eyni zamanda, Aİ daxilində iqtisadi maraqların fərqliliyi də vahid mövqenin formalaşmasına təsir göstərir. Enerji asılılığı, ticarət əlaqələri və daxili bazar strukturu ölkədən-ölkəyə dəyişir. Ona görə də sanksiyaların potensial təsiri hər üzv dövlət üçün eyni deyil. Bir sıra ölkələr üçün sərt məhdudiyyətlər daha böyük iqtisadi yük yarada bilər. Məhz bu səbəbdən siyasi qərarların qəbulunda müxtəlif prioritetlərin toqquşması müşahidə olunur.
Hadisənin siyasi kommunikasiya tərəfi də diqqətəlayiqdir. Aİ özünü beynəlxalq arenada vahid və koordinasiyalı aktor kimi təqdim etməyə çalışır. Lakin daxili fikir ayrılıqları açıq şəkildə üzə çıxdıqda, bu imic müəyyən dərəcədə zədələnir. Əslində söyləmək mümkündür ki, demokratik və çoxtərəfli qurumda fikir müxtəlifliyinin mövcudluğu təbii haldır. Əsas məsələ fərqliliklərin idarə olunması və ortaq məxrəcə gətirilməsidir. Macarıstanın veto qərarı isə Aİ-nin institusional strukturunun necə işlədiyini göstərən real nümunədir. Hadisə İttifaqın qarşısında duran əsas çağırışlardan birini, milli maraqlarla ortaq strategiya arasında balansın tapılmasını bir daha gündəmə gətirdi.
Sonda mövcud fikir ayrılıqları fonunda “qoca qitə”nin həqiqətən də qocalmasının və qəddinin əyilməsinin əsas səbəblərindən birinin məhz mövcud parçalanma və siyasi konsensus çatışmazlığı olduğunu söyləyə bilərik. Əgər bu ziddiyyətlər konstruktiv dialoq və institusional çeviklik vasitəsilə aradan qaldırılmasa, Avropanın qlobal təsir imkanları tədricən zəifləyə bilər. Belə olan təqdirdə ziddiyət tərəfdarı olan qüvvələrin fikir müxtəlifliyini gücə çevirmə və vəziyyəti daha da gərginləşdirmə ehtimalı yüksəkdir.
Nəzrin ELDARQIZI
XQ
Ekspert rəyi
Xəyal BƏŞİROV, Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq
2022-ci ilin fevralında başlayan Rusiya–Ukrayna müharibəsindən bu günə qədər Avropa İttifaqı tərəfindən Rusiyaya qarşı 19 sanksiya paketi qəbul olunub. Hazırda 20-ci paket ətrafında müzakirələr davam edir və bəzi dövlətlərin etirazı səbəbindən qərar prosesi uzanır. Macarıstanın mövqeyi Aİ daxilində fikir ayrılıqlarının mövcudluğunu bir daha üzə çıxarır. Müharibənin ilk aylarında diplomatik təşəbbüslər də gündəmdə idi. Türkiyədə keçirilən görüşlər müəyyən ümid yaratmış, tərəflər arasında nisbi yaxınlaşma ehtimalını gücləndirmişdi. Həmin mərhələdə hərbi əməliyyatların miqyası indiki səviyyəyə çatmamışdı və proseslər daha məhdud çərçivədə gedirdi. Sonrakı dövrdə bir sıra Qərb ölkələri daha sərt strategiyanı dəstəklədi. Fransa, Almaniya və Böyük Britaniya Ukraynaya hərbi dəstəyin artırılması və sanksiyaların genişləndirilməsi xəttini önə çəkdilər. Bu yanaşma isə İttifaq daxilində birmənalı qarşılanmadı və müəyyən narazılıqlara səbəb oldu. Bəzi üzv dövlətlər hesab edirlər ki, müharibənin uzanması onların iqtisadiyyatına və sosial rifahına əlavə təzyiq yaradır. Onların fikrincə, proses siyasi həllə doğru yönəlməlidir. Lakin mövcud qərar mexanizmləri çərçivəsində bu mövqeni tam şəkildə həyata keçirmək asan deyil.
Bu şəraitdə Macarıstan kimi ölkələr veto hüququndan istifadə etməklə mövqelərini ifadə etməyə çalışırlar. Münaqişə davam etdikcə iqtisadi risklər və enerji təhlükəsizliyi ilə bağlı narahatlıqlar, xüsusilə Şərqi Avropada daha qabarıq hiss olunur. Heç bir dövlət öz sərhədlərinə yaxın ərazidə uzunmüddətli hərbi gərginlikdə maraqlı deyil. Tarixi təcrübəsi qarşıdurmalarla zəngin olan Şərqi və Mərkəzi Avropa ölkələrinin bir qismi prosesin daha da dərinləşməsinə ehtiyatla yanaşır. Fərqli mövqelər səsvermələrdə də öz əksini tapır. Ukraynaya ayrılması nəzərdə tutulan 90 milyardlıq maliyyə paketinə veto qoyulması da həmin kontekstdə dəyərləndirilə bilər. Mövcud dinamika göstərir ki, fikir ayrılıqları yaxın dövrdə də qalacaq.
Yeri gəlmişkən, müxtəlif yanaşmalar yalnız Avropa İttifaqında deyil, NATO çərçivəsində də müşahidə olunur. Qısamüddətli perspektivdə həmin qurumların bütövlüyü üçün birbaşa təhlükə yaranmasa da, uzunmüddətli baxımdan qərarvermə proseslərinə və siyasi koordinasiyaya təsir göstərə bilər. Müharibə başa çatsa belə, yaranmış ziddiyyətlərin tam aradan qalxması zaman tələb edəcək.


