Neokolonializmə qarşı çıxan dövlətlər niyə hədəfə çevrilir?
Son dövrlər beynəlxalq münasibətlər sistemində müşahidə olunan əsas tendensiyalardan biri neokolonializmə qarşı çıxan dövlətlərin və ictimai platformaların fəaliyyətinə qarşı sistemli təzyiq mexanizmlərinin güclənməsidir. Daha dəqiq desək, siyasi müstəqillik əldə etmiş bir sıra ölkələrin iqtisadi, informasiya və təhlükəsizlik baxımından xarici təsir dairəsində saxlanılması cəhdləri davam edir. Bu təsirə qarşı çıxan aktorlar müxtəlif vasitələrlə neytrallaşdırılmağa çalışılır.
Neokolonializm dolayı təsir alətləri, informasiya kampaniyaları, sanksiyalar, siyasi təzyiq, kiberhücumlar və beynəlxalq institutlar vasitəsilə həyata keçirilir. Müxtəlif regionlarda baş verən hadisələr göstərir ki, neokolonial təsir mexanizmlərinə qarşı çıxan ölkələr və təşkilatlar paralel şəkildə reputasiya hücumları, daxili sabitliyi sarsıtmağa yönəlmiş fəaliyyətlər və təhlükəsizlik təhdidləri ilə üzləşirlər. Mali, Burkina Faso və Niger kimi Qərbi Afrika dövlətlərində bu proses daha çox müşahidə olunur. Həmin ölkələr son illərdə keçmiş müstəmləkəçilik sisteminin iqtisadi və hərbi mirasının aradan qaldırılması istiqamətində addımlar atmaqla milli resursların idarə olunması məsələsində də sərt mövqe tutublar. Onlara qarşı beynəlxalq səviyyədə siyasi təcrid cəhdləri, sanksiya təhdidləri və daxili sabitliyi zəiflədən informasiya kampaniyalarının artması təsadüfi deyil. Oxşar tendensiya Konqo Demokratik Respublikası və Mərkəzi Afrika Respublikası kimi təbii ehtiyatlarla zəngin ölkələrdə qeydə alınır.
Asiya regionunda da oxşar proseslər müşahidə edilir. Xüsusilə Hindistan daxilində dini və milli azlıqların hüquqları ilə bağlı məsələlərin beynəlxalq platformalarda müzakirəyə çıxarılması bir sıra hallarda siyasi gərginlik yaradır. Etnik azlıqların hüquqları ilə bağlı iddiaların beynəlxalq konfranslarda və hüquq müdafiə platformalarında səsləndirilməsi bəzi siyasi dairələr tərəfindən daxili işlərə müdaxilə kimi qiymətləndirilir və nəticədə bu mövzunu gündəmə gətirənlərə qarşı təzyiq halları artır. Oxşar vəziyyət Pakistan, Şri-Lanka və Myanma kimi ölkələrdə də etnik və dini azlıqların hüquqları ilə bağlı beynəlxalq müzakirələr zamanı müşahidə olunur. İnsan hüquqları ilə bağlı müzakirələr çox vaxt siyasi alət kimi təqdim edilir və mövzunu qaldıran tərəflər müxtəlif formalarda təzyiqlə üzləşirlər.
Cənubi Qafqaz regionunda da oxşar tendensiyalar qeydə alınır və bu kontekstdə Azərbaycanın fəaliyyəti xüsusi diqqət çəkir. Son illər ölkəmizin beynəlxalq hüquqa əsaslanan mövqeyi, postmünaqişə dövründə suverenlik məsələlərində sərt xətt yürütməsi və neokolonializmə qarşı təşəbbüslərə dəstək verməsi müxtəlif informasiya və siyasi təzyiq kampaniyaları ilə müşayiət olunur. Həmin kampaniyalar bir sıra hallarda insan hüquqları, demokratiya və təhlükəsizlik məsələləri ilə əsaslandırılsa da, proseslərin müqayisəli təhlili göstərir ki, məsələdə qərəz var. Halbuki müstəmləkəçiliklə mübarizədə aktiv iştirak edən Bakı Təşəbbüs Qrupunun (BTQ) fəaliyyəti ətrafında baş verən hadisələr müasir neokolonial təzyiq mexanizmlərinin pərdəarxasını ifşa edir. BTQ müxtəlif regionlarda milli və dini azlıqların hüquqlarının müdafiəsi, kolonial siyasətin nəticələrinin araşdırılması və beynəlxalq hüququn prinsiplərinin tətbiqi istiqamətində tədbirlər təşkil edir. Sözügedən fəaliyyət çərçivəsində yanvarın 16-da Bakıda “Hindistanda siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” mövzusunda beynəlxalq konfrans keçirildi. Tədbirdə müxtəlif ölkələrdən ekspertlər, hüquq müdafiəçiləri və ictimai xadimlər iştirak edirdi. Onlar Hindistanda siqh icmasının və digər azlıqların hüquqları ilə bağlı mövcud vəziyyəti müzakirə etmişdilər. Tədbirin yekununda qəbul edilən birgə bəyanatda diskriminasiya və zorakılıq halları ilə bağlı beynəlxalq mexanizmlərin daha fəal tətbiqinin vacibliyi qeyd olunmuşdu. Lakin konfransdan dərhal sonra baş verən hadisələr bu mövzunun nə qədər həssas və siyasi baxımdan riskli olduğunu bir daha göstərdi. BTQ-dən verilən məlumata görə, qrupun rəqəmsal infrastrukturu kiberhücumlara məruz qalıb. Hücumların məqsədinin qurumun fəaliyyətini zəiflətmək və onun beynəlxalq təşəbbüslərinin qarşısını almaq olduğu ehtimal edilir. Ümumən, kibertəhlükəsizlik sahəsində aparılan araşdırmalar göstərir ki, bu tip hücumlar çox vaxt siyasi motivli informasiya qarşıdurmasının tərkib hissəsi kimi istifadə olunur və əsas hədəf təşkilatın nüfuzuna zərbə vurmaqdır. Maraqlıdır ki, təzyiq halları bununla da məhdudlaşmayıb. Konfransda iştirak edən və siqh icmasının hüquqları ilə bağlı çıxış edən şəxslərdən biri “Sikh Federation Canada” təşkilatının sədri Bual Moninder tədbirdən sonra özünə və ailəsinə qarşı ölüm təhdidləri aldığını açıqlayıb. Belə halların baş verməsi göstərir ki, milli və dini azlıqların hüquqları ilə bağlı məsələlərin beynəlxalq gündəmə çıxarılması bəzi hallarda ciddi təhlükəsizlik riskləri yaradır və mövzunu qaldıran şəxslər hədəfə çevrilirlər.
Sonda qeyd edək ki, Azərbaycanın beynəlxalq platformalarda bu məsələləri açıq şəkildə gündəmə gətirməsi ölkəni informasiya qarşıdurmasının əsas hədəflərindən birinə çevirir. Xüsusilə kolonializm və neokolonializm mövzusunun müxtəlif regionlardan olan icmaların iştirakı ilə müzakirəsi bəzi dairələr tərəfindən geosiyasi maraqlara zidd addım kimi qiymətləndirilir və nəticədə ölkəyə qarşı tənqid kampaniyaları intensivləşir. Bu kampaniyaların xarakteri göstərir ki, müasir mərhələdə siyasi təzyiq həm də media, kiberməkan və ictimai rəy vasitəsilə həyata keçirilir.
Azər HƏSRƏT,
siyasi şərhçi
Dünyada informasiya və kommunikasiya texnologiyaları sahəsi ilə bağlı ilk nazirlik Hindistanda yaradılıb. Bu məqamı ona görə xatırladırıq ki, son dövrlər bu istiqamətdə baş verən hadisələrin arxasında, xüsusilə də Bakının fəaliyyətinə mane olmağa çalışan qüvvələr arasında Hindistanın olması ehtimalı kifayət qədər yüksəkdir. Ümumiyyətlə, bu ölkədə yeni texnologiyalar sahəsində çox sürətli inkişaf müşahidə olunur. Bu istiqamətə böyük həcmdə vəsait ayrılır, dövlət səviyyəsində ciddi dəstək göstərilir. Təsadüfi deyil ki, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən aparıcı informasiya və kommunikasiya texnologiyaları şirkətlərində çox sayda hindistanlı mütəxəssis çalışır. Bu səbəbdən, qlobal miqyasda informasiya və kommunikasiya texnologiyaları sahəsində baş verən proseslərə baxdıqda, bir çox hallarda proseslərin içində Hindistanla bağlı şəxslərin və ya strukturların iştirakını görmək mümkündür. Ona görə hesab edirəm ki, Bakı Təşəbbüs Qrupunun irəli sürdüyü təşəbbüslərdən sonra baş verən hücumların Hindistanla əlaqəli olması ehtimalı istisna deyil. Əgər söhbət Hindistan ərazisində və ya Hindistan əhalisi ilə bağlı problemlərin gündəmə gətirilməsindən gedirsə və Azərbaycan bu məsələləri beynəlxalq səviyyədə ictimailəşdirirsə, təbii olaraq bundan ən çox narahatlıq keçirənlərdən biri Hindistan ola bilər. Belə hallarda həmin ölkənin müxtəlif vasitələrlə təzyiq göstərməyə və ya hücum xarakterli addımlar atmağa çalışması ehtimalı artır.
Bununla yanaşı, üçüncü tərəflərin də prosesdə iştirakını istisna etmək olmaz. Çünki hazırda Azərbaycanla Hindistan arasında müəyyən gərginlik mövcuddur və bu gərginlik Hindistanın bölgə siyasəti ilə bağlıdır. Məlum olduğu kimi, Hindistan Ermənistanı silahlandırır və onun hərbi siyasətinə dəstək verir. Bu isə, təbii olaraq, Azərbaycan tərəfindən müsbət qarşılanmır və münasibətlərdə problemlərin yaranmasına səbəb olur. Belə bir şəraitdə Hindistanın anti-Azərbaycanyönümlü fəaliyyətlərə qoşulması və ya bu cür proseslərdə dolayısı ilə iştirak etməsi gözlənilən hal kimi qiymətləndirilə bilər. Şəxsi qənaətim ondan ibarətdir ki, Bakı Təşəbbüs Qrupunun bu addımını sabotaj etməyə çalışan, onun fəaliyyətinə qarşı kiber hücumlar təşkil edən qüvvələr arasında Hindistanın özü və ya Hindistanla əlaqəli strukturların olması ehtimalı kifayət qədər yüksəkdir.
Nəzrin ELDARQIZI
XQ


