Azərbaycanın bölgədə önəmini Aİ yaxşı anlayır

post-img

Yaxud Antonio Koştanın Bakıya ilk səfərinin əsl səbəbləri barədə

Bölgədə və dünyada cərəyan edən hadisələrin xarakteri bir çox ölkələrə, eləcə də beynəlxalq birlik və institutlara Cənubi Qafqaza yanaşma metodlarında bəzi korrektələr etmələrini zərurətə çevirib. Tam əminliklə yaza bilərik ki, bunu Azərbaycanın yaratdığı yeni reallıq tələb edir. Xarici aktorların bu bölgədə maraqlarını təmin etməsi Azərbaycanın iştirakı olmadan mümkün deyil. Bu baxımdan Avropa İttifaqının da Yaxın Şərqdə sürətlə dəyişən geosiyasi şəraitdə Cənubi Qafqazda təsirlərini artırmaq məqsədilə atdığı son addımları maraqla izlənməkdədir. “Qoca qitə”nin ən nüfuzlu siyasi qurumunun rəhbərlərinin Bakı istiqamətində intensivləşən səfərləri məhz bu aspektdən dəyərləndirilməlidir.

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana ilk rəsmi səfərini də qeyd etdiyimiz reallıq kontekstində nəzərdən keçirməyimiz daha doğru olar. Aİ Şurasının yaydığı məlumatda deyilir ki, səfər çərçivəsində A.Koşta Azərbaycan hökumətinin yüksək səviyyəli nümayəndələri ilə bir sıra görüşlər keçirəcək. Azərbaycanın Aİ üçün strateji əhəmiyyətə malik tərəfdaş olduğu vurğulanan məlumatda enerji sahəsində əməkdaşlığın enerji təchizatının şaxələndirilməsi və enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində birgə səylər baxımından mühüm rol oynadığı qeyd olunur. “Görüş, həmçinin Yaxın Şərqdə sürətlə dəyişən geosiyasi vəziyyəti müzakirə etmək üçün imkan yaradacaq. Avropa İttifaqı Azərbaycan hökuməti və xalqı ilə tam həmrəylik nümayiş etdirir”, - məlumatda qeyd olunub.

Dünən Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşündən sonra Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta mətbuata bəyanatında Azərbaycanın Avropa vətəndaşlarının İrandan təxliyəsində əvəzsiz yardım göstərməyini yüksək qiymətləndirdiyini bildirdi. A.Koşta bu gün regionda çox çətin bir geosiyasi prosesin getdiyini, Avropa İttifaqının Azərbaycan xalqı ilə tam həmrəylik ifadə etdiyini vurğuladı.

“Biz sizin (Antonio Koşta – red.) səfərinizə böyük əhəmiyyət veririk və əminəm ki, bu, bizim ikitərəfli münasibətlərimizin inkişafına böyük töhfə verəcək. Onlar uğurla inkişaf edir, xüsusilə son dövrlərdə. Bizim çox fəal dialoqumuz var”. Bu sözləri Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə mətbuata bəyanatında deyib. Dövlətimizin başçısı, həmçinin qeyd edib ki, hazırda Azərbaycan–Aİ əməkdaşlığı özünün çox fəal mərhələsindədir.

Oxuculara xatırladaq ki, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər 1999-cu ildən qüvvədə olan Avropa İttifaqı–Azərbaycan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinə əsaslanır. Avropa İttifaqı Azərbaycanda əsas investor və ölkənin ən böyük ticarət tərəfdaşlarından biridir. Antonio Koştanın Azərbaycana səfəri Aİ ilə Azərbaycan arasında münasibətlərin strateji xarakter daşıdığını göstərir. Son illər Avropa üçün enerji təhlükəsizliyi məsələsi prioritetə çevrildiyindən Azərbaycan bu kontekstdə mühüm tərəfdaş kimi ön plana çıxır.

Xüsusilə Avropanın enerji mənbələrini şaxələndirmək siyasəti fonunda Azərbaycan qazının rolu artmaqdadır. Bu baxımdan səfərin əsas mövzularından birinin enerji əməkdaşlığının genişləndirilməsi olacağı gözlənilir. Bakı Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirməyə çalışdığı halda, Brüssel də regionda sabit və dayanıqlı enerji marşrutlarının qorunmasında maraqlıdır.

Aİ Şurası Prezidentinin Bakı səfəri regional geosiyasi vəziyyətin müzakirəsi baxımından da önəmlidir. Son vaxtlar Yaxın Şərqdə, ümumilikdə Avrasiya coğrafiyasında yaşanan hərbi-siyasi gərginliklər fonunda Cənubi Qafqazın rolu daha da artıb. Məhz bu səbəbdən Aİ bölgənin lideri olan Azərbaycanla münasibətləri dərinləşdirməyə və regiondakı proseslərlə bağlı koordinasiyalı fəaliyyət aparmaqda maraqlıdır.

Ümumilikdə, Koştanın Bakıya səfəri təkcə diplomatik protokol xarakterli görüş deyil. Bu səfər enerji, ticarət və təhlükəsizlik sahələrində əməkdaşlığın daha da genişlənməsi üçün yeni imkanlar yarada və tərəflər arasında strateji tərəfdaşlığın növbəti mərhələsinə təkan verə bilər.

Birmənalı olaraq deyə bilərik ki, Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub. 2022-ci ildə imzalanan memoranduma əsasən Aİ-nin Azərbaycanı özünün əsas enerji tərəfdaşlarından biri hesab edir. Burada xüsusən Ukrayna müharibəsi mövzusunda Qərbin enerji resurslarına ehtiyacı rol oynayır: “Azərbaycan Avropa Birliyinin 10-dan artıq üzv ölkəsinə enerji ixrac edir. Hazırda Hörmüz boğazının bağlanması riski var və regionda eskalasiya şiddəti artmaqdadır. Bu da Avropa İttifaqının enerji resurslarına ehtiyacını artırır. Antonio Koştanın məhz belə bir ərəfədə Bakıya səfəri xüsusi əhəmiyyətə malikdir. Görüşdən əvvəl verdiyi açıqlamada Aİ Şurasının Prezidenti mövcud müharibə şəraitinin regionun böyük qismini əhatə etdiyini, amma Azərbaycan və Türkiyənin neytral qalmağa çalışdığını bəyan etməsi ölkəmizin ittifaq üçün cəlbedici olduğu və xüsusi önəm daşıdığı anlamına gəlir.

Baxmayaraq ki, Azərbaycanın Avropa Şurası və Avropa Parlamenti ilə əlaqələri korlanıb, fəqət Brüssel Bakı ilə enerji sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Son vaxtlar Avropa Komissiyasının Azərbaycanla münasibətləri inkişaf etdirməyə meyilləndiyi də nəzərdən yayınmayıb. Komissiya rəhbəri Ursula fon der Lyayenin Bakıya ötənilki səfərində strateji qaz müqaviləsi imzalaması ilə Antonio Koştanın bu səfərini eyni kontekstdə dəyərləndirmək mümkündür. Sirr deyil ki, Aİ Cənubi Qafqazda öz təsirini artırmağa çalışır. Onun Ermənistanla əlaqələri genişləndirməsinin arxasında bölgədə Rusiyanın boşalan yerini doldurmağa hesablandığı da təbii qəbul edilə bilər.

Beləliklə, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Bakıya ilk səfəri çərçivəsində Azərbaycan Prezidenti ilə yüksək səviyyəli danışıqlar aparacağı gözlənilir. Nəzərə alaq ki, Avropa İttifaqı Rusiyaya 20-ci sanksiyalar paketini tətbiq edib və onun neft-qaz ehtiyatlarından asılılığı tam azaltmaq niyyətindədir. Bu da Brüssel üçün alternativ bazarlar axtarışına çıxmağı və əlaqələri dərinləşdirməyi qaçılmaz edir. Hazırda Azərbaycan qazı Cənub Qaz Dəhlizinin bir hissəsi olan Transadriatik boru kəməri vasitəsilə Avropaya ixrac olunur. Bu kəmərin ilkin ötürücülük gücü illik 10 milyard kubmetrdir. Ancaq gələcəkdə 20 milyard kubmetrədək artırılması planlaşdırılır.

Onu da qeyd edək ki, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın bu gün öz işinə başlayacaq XIII Qlobal Bakı Forumunda iştirak edəcəyi gözlənilir.

İmran BƏDİRXANLI
XQ

Siyasət