Avropa İttifaqının Ermənistandakı missiyasına “binoklsuz” baxış
Avropa İttifaqının Azərbaycan–Ermənistan sərhədində keşik çəkən EUMA abreviaturalı mülki müşahidə missiyasında toy-bayramdır. Elə düşünməyin ki, qurumun yeni rəhbəri, finlandiyalı polis Satu Koivu özünün vəzifəyə təyinatını qeyd edir. Səbəb başqadır. Sən demə, EUMA 8000-ci patrul reydini həyata keçiribmiş. Ortada gülməli durum var.
Təsəvvür edin, bir tərəfdə Azərbaycan və Ermənistan barış sazişini paraflayıb, yekun sülh müqaviləsinin imzalanması istiqamətində addımlar atır, üstəlik, ölkələr arasında ticarət əlaqələri formalaşıb, digər yanda Aİ-nin binokllu müşahidəçiləri 8000-ci partul reydinin təntənəsinə toplaşıblar. Amma səhnə gülməli olduğu qədər də, düşündürücüdür.
Tam adı European Union Mission in Armenia (EUMA) olan qurum 2023-cü il fevralın 20-də Aİ-nin ümumi təhlükəsizlik və müdafiə siyasəti çərçivəsində fəaliyyətə başlamış beynəlxalq mülki müşahidə missiyasıdır və əsasən Ermənistan-Azərbaycan sərhədi boyunca vəziyyəti izləmək məqsədi daşıyır. Onun yaradılmasına dair qərar isə həmin ilin yanvarında Aİ Şurası tərəfindən qəbul olunub. Müəyyən vaxtlarda müşahidəçilərin özləri üçün sərhədyanı ərazilərin əhalisi ilə danışıqlar aparmaq, onların, guya qorxularını azaltmaq istiqamətində işlər görmək vəzifəsini də qondardıqlarını bilirik...
Onu da deyək ki, missiya Ermənistan hökumətinin rəsmi müraciəti əsasında regiona yerləşdirilmiş təsisatdır. Müraciətin isə səbəbi var. Ermənistan silahlı qüvvələri 2022-ci ilin payızında sərhəddə təxribat törətmişdilər və bunun nəticəsində qarşıdurma qeydə alınmışdı. O qarşıdurma ki, rəsmi İrəvan və ona yaxın dairələr sonradan onu Azərbaycanın müstəqil Ermənistanın ərazilərinə təcavüzü kimi qiymətləndirmişdilər. Bu yanaşma Rusiyanın və Moskvanın hakim rol oynadığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının rolunu heçə endirməyə hesablanmışdı. Yəni Ermənistan Fransa ilə birgə Aİ-nin təhlükəsizlik patronajını işə salmağa girişmiş və yekun nəticədə EUMA-nı ərsəyə gətirmişdilər.
Qeyd edək ki, Azərbaycan əvvəldən EUMA-nı qəbul etməmişdi. Rəsmi Bakı onun fəaliyyətini regiona kənar müdaxilə qismində qiymətləndirmişdi. Həqiqətən, belə bir müdaxilə niyyəti olmuşdu. Qarabağda separatçı rejimin mövcudluğu şəraitində avropalı müşahidəçilər ölkəmizin, bir növ, əl-qolunu bağlamalı idilər. Plan belə idi: separatçı rejim qalacaq, buna qarşılıq Azərbaycan sərhəd zonasına yaxın ərazilərdə hansısa addımlar atacaq və EUMA ölkənin işğalçı obrazını formalaşdıracaq.
Ancaq plan baş tutmadı. Çünki Azərbaycan səbir və təmkinlə davrandı, böyük diplomatik bacarıq və qətiyyət nümayiş etdirdi. Silahlı Qüvvələrimizin 2023-cü ilin sentyabrında reallaşdırdığı lokal xarakterli antiterror tədbirləri ilə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası Ermənistanın və havadarlarının bütün hesablamalarını alt-üst etdi. Beləliklə, EUMA-nı silahlı qruplaşma halına gətirmək istiqamətindəki düşüncələrə son qoyuldu. Əlbəttə, rəsmi İrəvan və dəstəkçilərinin Aİ-nin müşahidə missiyasını Azərbaycan-Ermənistan nizamlamasında birinciyə təzyiq kimi istifadə etmək, qurumu vasitəçiyə çevirmək niyyətlərinin mövcudluğunu vurğulamalıyıq. Yəni bu istəklər də həyata keçmədi.
Bəli, Azərbaycan özünün düşünülmüş siyasəti ilə EUMA-nı tam şəkildə neytrallaşdırdı, ona bəslənilən ümidləri puça çıxardı. Qurumun konkret mandatına isə Ermənistan–Azərbaycan sərhədinin Ermənistan tərəfində vəziyyəti müşahidə etmək və hesabat hazırlamaq, sərhəd bölgələrində sabitlik və təhlükəsizliyə töhfə vermək, münaqişədən zərər görmüş ərazilərdə insan təhlükəsizliyini gücləndirmək, Ermənistan və Azərbaycan arasında etimadın formalaşmasına kömək göstərmək, həmçinin regionda normallaşma prosesinə uyğun mühit yaratmaq daxildir ki, EUMA nə indi, nə də əvvəllər sadalanan istiqamətlər üzrə əməli fəaliyyət gerçəkləşdirib. Onun real fəaliyyəti Azərbaycan mövqelərinin müşahidəsini aparıb kəşfiyyat məlumatlarını Ermənistan ordusuna ötürmək və şütümək olub ki, buna sonda qayıdacağıq.
EUMA-nın bütün fəaliyyəti tam səmərəsizliyi ilə yadda qalıb. Bir məqamı da vurğulayaq ki, tərkibi 200-dən çox beynəlxalq və yerli əməkdaşdan, yəni Aİ-nin 25 ölkəsindən, o cümlədən Fransadan və Almaniyadan, həmçinin Kanadadan cəlb edilmiş keçmiş polislərdən ibarət missiyanın səlahiyyət müddəti lap əvvəl bir neçə aylıq idi. Lakin sonradan 2 illik müddət müəyyənləşdi. 2025-ci ilin yanvarında isə Aİ Şurası onun mandatını 2027-ci il fevralın 19-dək uzatdı. Bu dövr üçün missiyaya 44 milyon avrodan çox büdcə də ayrıldı.
Vacib məqamlardan biri də odur ki, EUMA-nın mövculuğu Cənubi Qafqazda münaqişə məntiqini vurğulayır. Söhbət, ilk növbədə, Azərbaycan və Ermənistan arasındakı konfliktli durumdan gedir. Halbuki rəsmi Bakının mövqeyi münaqişə məntiqini qəbul etmir və etməyib. Digər tərəfdən, EUMA regionda Qərb-Rusiya rəqabəti, Ermənistanın geosiyasi kursu və Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi ilə sıx bağlı olan strateji element kimi də qiymətləndirilir. Bütün bunlara görə də Azərbaycan qurumun ləğvini tələb edir. Nəzərə alaq ki, onun qalması Bakı və İrəvan arasındakı etimad quruculuğuna da zərərdir.
Sonda yenidən EUMA-nın 8000-ci patrul reydinə qayıdaq. Daha doğrusu, şütümək məsələsinə. Məlumdur ki, qurumun təmsilçilərinin işi-gücü “pikap” avtomobillərlə hələlik tam dəqiqləşdirilməmiş sərhədin bir başından o biri başına şütümək və yol boyu “piknik”lər təşkil etmək olub. Missiyanın ləğvinə gəlincə, ötən il avqustun 8-də Azərbaycan və Ermənistan arasında Vaşinqtonda Birgə Bəyannamənin imzalanmasından sonra bunun baş verəcəyi bildirilirdi. Ancaq o da məlumdur ki, rəsmi İrəvan məsələni öz başına həll etmək iqtidarında deyil. Çünki EUMA onun iradəsindən kənardır, Fransanın ixtiyarındadır. Hər ehtimala deyək ki, baş nazir Nikol Paşinyanın təsisatın ləğvi ehtimalını nəzərdə tutan açıqlaması da var. O demişdi ki, EUMA fəaliyyətini Azərbaycan-Ermənistan sərhədinin tam dəqiqləşməsindən sonra dayandıracaq. Dəqiqləşmə prosesi isə davam edir. Ona görə də EUMA 8000-ci patrul reydini şadyanalıqla qarşılasın. Necə deyərlər, dəliyə hər gün bayramdır.
Ə.CAHANGİROĞLU
XQ

