“Erməni kilsəsi” ordudan çıxdaş edildi

post-img

Vaxtilə işğala xeyir-dua verənlərin bugünkü aqibəti tarixin ironiyasıdır

Erməni Apostol Kilsəsinin ölkədə cərəyan edən siyasi proseslər fonunda hakimiyyətlə qarşıdurmanı daha da dərinləşdirməyə yönəlmiş davranışları diqqətdən yayınmır. Kilsə rəhbərliyi cəmiyyətdə gərginliyi azaltmaq əvəzinə, qarşıdurma mühitini qızışdıran mövqe sərgiləməkdə davam edir. Özünü mənəvi institut kimi təqdim edən Eçmiədzin getdikcə daha açıq şəkildə siyasi mübarizənin iştirakçısına çevrilir.

Kilsənin Ali Ruhani Şurasının Ermənistanın Baş naziri Nikol Paşinyanın bir neçə gün öncə Avropa Parlamentində etdiyi çıxışda bu qurum barədə səsləndirdiyi bəyanatları qınaması bunun daha bir göstəricisidir. Bütün ermənilərin katolikosu II Qareginin rəhbərliyi ilə keçirilən şura iclasının yekunlarına dair Eçmiədzinin yaydığı məlumat aranı daha da qızışdırmağa xidmət edir. Məlumata görə, şura üzvləri N.Paşinyanın Avropa Parlamentində səsləndirdiyi və Erməni Apostol Kilsəsi ilə ruhaniləri “xarici təsir agenti”, “müharibə partiyası” və sair kimi təqdim edən ittihamları qəti şəkildə pisləyiblər. Bildirilib ki, bu cür açıqlamalar hakimiyyətin “qeyri-qanuni addımlarını” (?) əsaslandırmaq və kilsəyə qarşı təqibləri davam etdirmək cəhdinin açıq təzahürüdür.

Şura iclasında kilsə ilə dövlət arasında münasibətlər, həmçinin kilsənin missiyasının səmərəliliyinin artırılması (?) məsələləri də müzakirə olunub. Gündəlikdə Masiatsotn yeparxiyasının vəzifəsindən uzaqlaşdırılmış sabiq rəhbəri Arman Saroyanın davranışı ilə bağlı məsələ də yer alıb. Qeyd edilib ki, Saroyan “hakimiyyətin qeyri-qanuni dəstəyi ilə” yeparxiyanın kanonik, pastoral və inzibati fəaliyyətinə mane olur, ruhanilər və dindarlar arasında gərginlik yaradır. Bununla yanaşı, vurğulanıb ki, yeparxiyanın əksər ruhaniləri kilsə qanunlarına sadiq qalaraq xidmətlərini davam etdirirlər.

İclasda ruhanilərə qarşı qaldırılmış cinayət işləri “saxta” adlandırılıb, dövlətin kilsənin daxili işlərinə qanunsuz müdaxilə etdiyi bildirilib. Bu kontekstdə şura üzvləri kilsə ilə bağlı qanunvericiliyə edilən son dəyişikliklərin Erməni Apostol Kilsəsinin statusunu və fəaliyyətini məhdudlaşdırdığını, eyni zamanda, antikilsə ritorikasının yayılması üçün zəmin yaratdığını bildiriblər. EAK nümayəndələri hesab edirlər ki, bu təşəbbüslər kilsə–dövlət münasibətlərinin konstitusion əsaslarını, xüsusilə də vicdan və dini etiqad azadlığı prinsiplərini sarsıdır.

Toplantı zamanı silahlı qüvvələrdə kapellan xidmətinin dayandırılması və bu istiqamətdə ruhanilərə göstərilən təzyiqlərlə (?) bağlı məruzə də dinlənilib. Şura qeyd edib ki, müdafiə nazirinin bu barədə birtərəfli qərarı Ermənistan konstitusiyasına, “Ermənistan Respublikası ilə Müqəddəs Erməni Apostol Kilsəsi arasında münasibətlər haqqında” qanuna, eləcə də silahlı qüvvələrdə kapellan xidmətinin fəaliyyətini təsbit edən hökumət qərarına ziddir. Bu xidmətin ordunun ruhani və mənəvi-psixoloji sağlamlığı baxımından böyük əhəmiyyət daşıdığı vurğulanaraq, mövcud sahədə yeni hüquqi tənzimləmələrin yenidən hüquqi müstəviyə qaytarılmasının vacibliyi qeyd edilib. Şura üzvləri sentyabr ayında keçirilməsi planlaşdırılan Kilsə–Nümayəndələr Məclisinin gündəliyi və təşkilati məsələlərini də müzakirə etdiklərini bildiriblər.

***

Kilsənin bəyanatında səslənən fikirlərin təhlilinə keçməmişdən öncə qeyd edək ki, özünü mənəvi dəyərlərin qoruyucusu kimi təqdim edən Erməni Apostol Kilsəsi son vaxtlar siyasi proseslərə birbaşa müdaxilə edən tərəf kimi çıxış edir. Bu səbəbdən də Eçmiədzindən səslənən hər bir açıqlama artıq təkcə dini mövqe kimi deyil, həm də ölkədaxili siyasi mübarizənin bir elementi kimi qiymətləndirilir. Belə bir şəraitdə Ali Ruhani Şuranın son bəyanatı da yalnız Paşinyanın çıxışına cavab kimi yox, kilsənin mövcud siyasi proseslərdə öz mövqeyini nümayiş etdirmək cəhdi kimi görünür.

Əslində, Erməni Apostol Kilsəsinin son bəyanatları göstərir ki, bu qurum özünü dini institutdan daha çox siyasi proseslərin fəal iştirakçısı kimi aparmağa başlayıb. Eçmiədzinin yaydığı açıqlamalar yalnız Paşinyanın çıxışına cavab vermək məqsədi daşımır, həm də hakimiyyətə qarşı siyasi mövqenin nümayişi kimi qəbul olunur. Bu isə, təbii olaraq, Ermənistan daxilində mövcud olan onsuz da kövrək münasibətlər sistemini daha da sarsıdır. Ən diqqət çəkən məqam isə ondan ibarətdir ki, kilsə rəhbərliyi öz mövqeyini müdafiə etmək üçün faktların müzakirəsindən daha çox ittiham və qarşı ittiham yolunu seçir. Paşinyanın Avropa Parlamentində səsləndirdiyi fikirlərə cavab olaraq hakimiyyəti hansısa qeyri-qanuni addımlarda ittiham etmək, əslində, siyasi mübarizə üsuluna bənzəyir. Tarixən “cəmiyyətin mənəvi dayağı” kimi təqdim olunan qurumun dövlətlə açıq qarşıdurmaya girməsi Ermənistan cəmiyyətində yeni parçalanmalar yaradır. Bu isə dini qurumun əsas funksiyası ilə açıq ziddiyyət təşkil edir.

Dindarlara qarşı açılmış cinayət işlərinin “saxta” adlandırılması da eyni yanaşmanın davamı kimi görünür. Kilsə rəhbərliyi istintaqın nəticələrini gözləmədən bu işləri siyasi təqib kimi qələmə verməyə çalışır. Bu isə ictimai rəyin yönləndirilməsi cəhdi kimi qiymətləndirilə bilər. Halbuki hər hansı hüquqi prosesə bu cür yanaşma göstərilməsi hüquqi dövlət prinsiplərinə hörmətsizlik kimi də qəbul oluna bilər. Əgər doğrudan da ittihamlar əsassızdırsa, bunu məhkəmə araşdırmaları müəyyən etməlidir. Kilsənin əvvəlcədən hökm verməsi isə vəziyyəti daha da gərginləşdirir.

Orduda kapellan xidmətinin dayandırılması ilə bağlı məsələ də kilsə tərəfindən siyasi müstəviyə çıxarılır. Qeyd edək ki, kapellan xidməti əsasən ordu, xəstəxana, həbsxana, universitet və digər qapalı qurumlarda fəaliyyət göstərən dini xidmət sistemidir. Bu xidməti həyata keçirən din xadimlərinə kapellan deyilir. EAK-ın fəaliyyətinə nəzər saldıqda görmək çətin deyil ki, bu qurum uzun illər ərzində regionda baş verən münaqişələrdə yalnız dini mövqe ilə kifayətlənməyib, açıq şəkildə siyasi proseslərin iştirakçısı olub. Xüsusilə Azərbaycan torpaqlarının işğalı dövründə kilsə rəhbərliyinin davranışı bunun ən aydın nümunələrindən biri hesab olunur. Həmin illərdə erməni silahlı dəstələrinin keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə və ətraf rayonlarımıza yollanması zamanı bir sıra dindarların onlara xeyir-dua verməsi faktları dəfələrlə gündəmə gətirilib. Bu addımlar dini qurumun münaqişənin dərinləşməsində mənəvi legitimlik yaratmağa çalışdığını göstərirdi. Halbuki dini institutun əsas missiyası müharibəni təşviq etmək deyil, sülh və barış çağırışları etmək olmalı idi. Lakin kilsə bu prinsipdən uzaqlaşaraq siyasi və hərbi məqsədlərlə səsləşən mövqe sərgilədi. Bu baxımdan bu gün kilsənin özünü “təzyiqə məruz qalan tərəf” kimi təqdim etməsi bir çox müşahidəçilər tərəfindən ikili yanaşma kimi qiymətləndirilir və baş verənlər, müəyyən mənada, tarixin ironiyası təsiri bağışlayır.

Bu gün Eçmiədzinin məlum qərarı konstitusiyaya zidd addım kimi təqdim etməyə çalışır. Halbuki bu məsələ dövlətin təhlükəsizlik və idarəetmə siyasəti çərçivəsində verilmiş qərar kimi də qiymətləndirilə bilər. Ordunun fəaliyyəti ilə bağlı qərarların dövlət tərəfindən qəbul edilməsi normal idarəetmə praktikasının tərkib hissəsidir. Kilsənin bu məsələdə sərt mövqe tutması isə onun hərbi və siyasi sahələrə təsir imkanlarını qorumağa çalışdığını göstərir. Nəticə etibarilə Eçmiədzinin son açıqlaması Ermənistan daxilində mövcud olan kilsə-hakimiyyət qarşıdurmasının daha da dərinləşdiyini göstərir. Görünən odur ki, tərəflər arasında kompromisə aparan yol hələlik görünmür.

Səxavət HƏMİD
XQ

Siyasət