33 il əvvəl ermənilərin Kəlbəcərdə törətdikləri qanlı vəhşiliyin silinməyən izləri
Qanlı qətliamın izləri o dəhşəti yaşayan insanların yaddaşına əbədi həkk olunub. Türklərə qarşı sağalmaz kin-küdurət, kor nifrət, xəstə qisasçılıq azarına mübtəla olmuş hayların 30 il işğalda saxladıqları Qarabağın elə bir yeri yoxdur ki, orada vəhşi vandallar soydaşlarımızın qanını axıtmasın. Erməni vandalların törətdikləri dəhşətli cinayətlərdən birinin izi Kəlbəcər rayonunun “Tunel” adlanan ərazisində qalıb. O qanlı qətliam 1993-cü il martın 31-də törədilib.
Tunel qətliamının şahidlərinin bəziləri həyatdadırlar. Qanlı hadisə zamanı özünü qayadan çaya ataraq sağ qalan, ətraf kəndlərin erməni vəhşiliyindən qaçan sakinlərini onları tuneldə gözləyən təhlükədən xəbərdar edən 14 yaşlı yeniyetmə, bu gün 47 yaşı olan Ramil Hüseynovla söhbətləşirik. Onun iştirakçısı və şahidi olduğu o dəhşətli olay barədə danışdıqlarını həyəcansız dinləmək mümkün deyil. Baş verənləri onun öz dilindən eşidək: “Məni atam, anam və həmin vaxt kənddə olan qardaşım Ceyhun yola salırdılar. Maşının banı insanlarla dolu olduğundan öndəki yükün üstündə oturub, ayaqlarımı kabinanın üstünə uzatmalı oldum. Bir yanımda kəndimizin ağsaqqallarından Məhəmməd dayı, digər yanımda qonşumuz Əsgərxan dayı oturmuşdular. Hər ikisini ermənilər əsir götürdülər, indi həyatda yoxdurlar, ruhları şad olsun... Biri sağ qolumdan, digəri sol qolumdan tutmuşdu ki, maşın hərəkətdə olanda yıxılmayım. Təxminən saat 7-yə işləmiş maşın Kilsəli kəndindən çıxdı. Yeddi kilometrlik məsafəni qət edib, Comərd kəndinə çatdıq. Burada yol tunelə girirdi. Onu da deyim ki, dinc vaxtlarda tunelin hər iki başında dayanan gözətçilər yolda gediş-gəlişi tənzimləyirdilər”.
ARAYIŞ: Azərbaycanda ən uzun sayılan tunel Tərtər–Kəlbəcər yolunun cənubunda, Laçın-Kəlbəcər yolunun üstündə yerləşir. 35 kəndi rayon mərkəzi ilə birləşdirən, eni yalnız bir avtomobilin hərəkətinə imkan verən, işıqlandırılmayan tunelin uzunluğu 2 kilometrə yaxındır. Hadisə baş verən yerdə 82 nəfər azərbaycanlı olub. Hay nasistləri onların 50-sini olmazın işgəncələr verərək öldürüb, bəzilərini isə diri-diri yandırıblar. 31 nəfər əsir götürülüb. Qətliamın qurbanı olan insanların bəziləri hələ də itkin düşmüş sayılır.
Ramil Hüseynov deyir ki, martın 31-də səhər tezdən ermənilər Ağdərə istiqamətindən gəlib artıq tunel ərazisinə çatıblarmış: “Rayon mərkəzinə və Ağdərəyə tərəf çıxışdan təxminən 150 metr sonra yol sola burulanda “Tunel dairəsi” deyilən yer var. Erməni silahlıları burda pusqu qurmuşdular və bizim maşını görən kimi atəş açmağa başladılar. Maşını yolun ortasında saxlayıb, yerə düşən sürücü Qoşqarı dərhal vurdular. Onda anladıq ki, bunlar ermənilərdir. Özünü maşından yerə atan Əsgərxan dayını ayağından vurdular. Mən də aşağı tullandım və cəld maşının körpü hissəsi ilə arxa təkəri arasındakı dar bir yerə girib gizləndim. Bir saata yaxın davam edən gülləbarandan sonra maşında yaralanmayan adam qalmamışdı: kimisinə bir, kimisinə dörd-beş güllə dəymişdi. Ağır yaralanan Cəmilə adlı qadının yanında 4 uşağı vardı. Maşının yük yerindən kürəyimə qan damcılayırdı. Yolda insan qanı sel kimi axırdı... Ah-nalə ərşə dirənmişdi. Yaralılar “su” deyib qışqırırdılar...”.
Bu yerdə Ramil susur, danışmağa çətinlik çəkir. Biz də başa düşürük ki, qorxulu yuxuya bənzəyən bu hadisəni birinci dəfə deyil nəql edir. Nəfəsini dərəndən sonra sözünə davam edir: “Bu vaxt tuneldən üstü adamla dolu daha bir yük maşını çıxdı. Sürücüsü vəziyyəti başa düşüb, qəfildən sürəti artırdı. Yəqin məqsədi ermənilərin əlindən qurtulub, “Tunel körpüsü” adlanan yerə çatmaq idi. Əgər oraya çata bilsəydi, bəlkə də adamları ölümdən xilas edə bilərdi. Amma maşın yanımızdan keçəndə gördüm ki, ermənilərin atdığı güllələrdən təkərləri deşilmiş maşın diskin üstündə hərəkət gedir. 10-15 metrdən sonra dayandı və ondan arxadakı, qadın və uşaqların olduğu UAZ markalı maşın da irəliyə gedə bilmədi. İndi hər üç maşın atəş altındaydı, güllə yağış kimi yağırdı. Qabaqdakı yük maşınını ermənilər qumbaratanla vurdular, alov onu bürüdü”.
Sonradan məlum olacaq ki, həmin maşının yük yerində 52 nəfər varmış və onların əksəriyyəti Laçın rayonu işğal olunan zaman Kəlbəcərin Çobangərəhməz kəndinə sığınıblarmış. Aralarında iki hərbçi olduğundan ermənilər maşını qumbaratanla vurmuşdular.
Ramilin dediklərindən: “Yanğından xilas ola bilməyən, yaralanan, can verən insanların alovun içində dəhşətlə bağırtılarını eşidirdik. Ermənilər bizim maşında da hərbçilərin olduğunu güman edib, qumbaratanla atəş açmağa hazırlaşanda mən gizləndiyim yerdən çıxdım. Elə bu an qohumumuz Ofeliya xalanın səsini eşitdim: “Ramil, hardasan, mənə kömək elə, düşüm”. O, qolundan yaralanmışdı. Maşından düşməyə kömək etdim, üst-başım qana bulaşdı. Yerdə yaralı vəziyyətdə uzanmış Əsgərxan dayı ermənilərin niyyətini başa düşüb əlindəki papağı yelləyərək qışqırdı: “bizim maşında hərbçi, silah-sursat yoxdur”. Bundan sonra 7-8 erməni bizim maşına yaxınlaşaraq silahlarını üstümüzə tuşlayıb, yanımızda hərbçilərin olub-olmadığını soruşdular. Cavab verdik ki, hamısı yerli kənd camaatıdır. Həmin an mən arxa təkərin yanında durmuşdum. Erməninin biri ayağını təkərin üstünə qoyub yuxarı qalxdı, maşının banına baxdı və gördü ki, orada yaralılar və ev əşyalarıdır”.
***
Məhz həmin an yeniyetmə Ramil beynində bu cəhənnəmdən qaçmağın planını qurur. Ermənilər onlarla Azərbaycan dilində, öz aralarında isə ermənicə danışırmışlar. Aralarında iki nəfər dəstə başçısı imiş. Birinə “Karo”, digərinə “Avo” (söhbət məşhur terrorçu, sonralar Ağdam rayonu ərazisində öldürülən “Avo” ləqəbli Monte Melkonyandan gedir – red.) deyə müraciət edirmişlər.
Qəhrəmanımız qanlı hekayənin davamını danışır: “Qorxudan yerimdə donub qalmışdım. Kənddə qalan valideynlərimin, qardaşımın, qohum-əqrəbanın, indi də olmasa, sabah gəlib buradan keçəcəklərini düşünəndə az qala havalanırdım. Qumbaratanla vurulan yük maşınının partlayış dalğası yeniyetmə qızla bir oğlanı aşağıdan axan Tutqu çayına atmışdı. Sonradan öyrəndim ki, onlar Yeganə və Müşfiq adlı bacı-qardaşdırlar. O uşaqların ağlaşma ah-naləsi hələ də qulağımdadır... Bunu görəndə əsir düşməmək üçün özümü çaya atmaq qərarına gəldim. Düşündüm ki, sağ qalsam, gedib kəndə xəbər verərəm”.
Beləliklə, Ramil mühasirədən qaçış planının icrasına başlayır. Ermənilər onlara tərəf gələndə, o, yavaş-yavaş maşının arxasına keçir, ordan qaçıb 25-30 metr yüksəklikdəki qayadan özünü çaya atır. Ardını belə nəql edir: “Erməni silahlıları bunu görüb, arxamca qışqırmağa və güllə atmağa başladılar. Tutqu çayı məni, hardasa, 50 metr öz axarı ilə apardı. Sahilə çıxa bilmirdim, çaya yıxılmış bir ağaca ilişib qaldım. Ağacın qol-budağı sahilə qədər uzanırdı. Birtəhər sahilə çıxandan sonra hiss etdim ki, ayağımda dəhşətli ağrı var. Əvvəlcə elə bildim güllə dəyib, amma diz qapağım möhkəm əzilmişdi. Özümə gələndən sonra üzüyuxarı qayıtmağa başladım”.
Özünü atdığı qayaya çatanda ermənilərin onu görmədiklərinə əmin olan Ramil tunellə geriyə – kəndlərinə sarı qaçmağa başlayır. Çayın qırağı ilə gedərkən Comərd kəndi tərəfdən adamlarla dolu bir neçə maşının gəldiyini görür. Onlara qışqırır ki, getməyin, tunelin çıxışını ermənilər tutublar. Ramil o maşınlardan birinə minib Comərdə qayıdır: “Camaata şahidi olduğum hadisəni danışdım və orada qalmayıb, pay-piyada kəndimizə yollandım. Yeddi kilometr yolu dayanmadan gedib, axşamtərəfi kəndimizə çatdım. İlk ev sürücü Qoşqargilinki idi. Onun anası Əfruz xala məni görüb: “Ramil, səni səhər yola salmışdıq, niyə qayıtdın?” – deyə qışqırdı. Dedim ki, “ermənilər bizi tutdular, təkcə mən qaça bildim”. Əfruz xalanın qızı, oğlu o maşında idilər. Qadının qışqırtısına kənd sakinləri axışıb gəldilər. Atam elə bilib ki, maşın qəzaya düşüb, mən ölmüşəm... “Kənddə camaat başıma yığışmışdı. Əhvalatı danışanda elə bir müsibət qopdu ki!” Ramilin xəbərdarlığından sonra hamı kəndi tərk etməyə başlayır. Martın 31-də yola çıxan kənd sakinləri 4 günə dağlarla Xanlar (indiki Göygöl - red.) rayonunun Toğanalı kəndinə gəlib çıxa bilirlər.
...Onu dinlədikcə əmin oluruq ki, bir qərinə əvvəl şahidi olduğu o qanlı olay Ramilin yaddaşına xırdalıqlarına kimi həkk olunub. O zaman, o şəraitdə 14 yaşlı yeniyetmənin hərəkətini yalnız qəhrəmanlıq kimi qiymətləndirə bilərik. Oxucuların diqqətinə onu da çatdıraq ki, hazırda 47 yaşlı Ramil iki övlad atasıdır. 20 yaşlı Rəvan Bakı Dövlət Universitetində 3-cü kursda, 18 yaşlı Tuncay isə ADA Universitetində 1-ci kursda təhsil alırlar.
***
İndi işğaldan azad edilmiş torpaqlarda erməni faşistlərinin əməllərinin izləri silinməklə yanaşı, aparılan genişmiqyaslı bərpa-quruculuq işləri nəticəsində Azərbaycanın dilbər guşəsi Kəlbəcərdə ikinci həyat başlayıb. Doğma yurdlarına qayıdanların isti nəfəsi ilə torpaq yenidən dirçəlir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharəti, diplomatik hünəri sayəsində Kəlbəcər bir güllə atılmadan işğaldan azad edildi. Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq, Azərbaycan Respublikasının Baş Prokurorluğu Ermənistanın ötən əsrin 90-cı illərindən etibarən Azərbaycan vətəndaşlarına qarşı sülh və insanlıq əleyhinə törətdiyi cinayətlərin araşdırılması və təqsirkar şəxslərin müəyyənləşdirilərək yerli və beynəlxalq məhkəmələrdə məsuliyyətə cəlb olunması istiqamətində fəaliyyəti davam etdirir. Tunel qətliamında əli olanların Femida qarşısına çıxarılacağı gün uzaqda deyil.
2025-ci il avqustun 21-də Prezidentin Kəlbəcər rayonuna səfəri Azərbaycanın Qarabağ bölgəsində apardığı bərpa-quruculuq işlərinin yeni mərhələsinin əlaməti olmaqla yanaşı, həm də dövlətimizin bölgədə davamlı sülhə və sabitliyə verdiyi önəmin göstəricisi idi. Kəlbəcər rayonunda ekoturizm, kənd təsərrüfatı və digər sahələrdə böyük potensial mövcuddur. Dövlətin məqsədi bu potensialı reallaşdırmaq, bölgənin iqtisadiyyatını şaxələndirməkdir. Bu isə yeni iş yerlərinin yaradılması, gənclərin və ailələrin burada qalmasını təmin etmək deməkdir. Prezident İlham Əliyev, həmçinin qeyd edib ki, milli həmrəylik və vətənpərvərlik bu gün Azərbaycanın güc mənbəyidir: “Kəlbəcərin bərpası bütün bölgədə sülhün və əmin-amanlığın möhkəmlənməsi üçün vacib addımdır. Azərbaycan dövləti bölgədə davamlı inkişafı təmin etmək üçün hərtərəfli tədbirlər həyata keçirir və bu işlər davam etdiriləcək”.
Qalib xalqımız, qüdrətli dövlətimiz və onun qətiyyətli rəhbəri tunel qətliamının da tezliklə hüquqi qiymət almasına və bunu törədən erməni quldurların cəzalandırılmasına nail olacaq. Yəqin həyatın yenidən canlanmağa başladığı Kəlbəcərdə 33 il əvvəl erməni vəhşiliyinin qurbanı olmuş şəxslərin xatirəsini əbədiləşdirmək üçün həmin tunelin yaxınlığında memorial-abidənin ucaldılması barədə də düşünəcəklər. Bizdən ötrü bu, erməni faşizminin cinayətlərini heç vaxt unutmamağımız, onlar üçün isə tarixdən ibrət götürmələri üçün lazımdır.
İ.HƏSƏNQALA
XQ


