Azərbaycanın və Litvanın Baş nazirləri Bakıda görüşüblər

post-img

Aprelin 9-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə rəsmi səfərdə olan Litva Respublikasının Baş naziri İnqa Ruqiniene ilə görüşüb.

Nazirlər Kabinetindən XQ-yə bildiriblər ki, görüş zamanı Azərbaycan ilə Litva arasında siyasi, iqtisadi, nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Tərəflər iki ölkə arasında münasibətlərin uğurla inkişaf etdiyini məmnunluqla qeyd edərək, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların mövcud olduğunu vurğulayıblar.

İqtisadi sahədə əməkdaşlığın dərinləşdirilməsi, ticarət dövriyyəsinin artırılması və investisiya imkanlarının təşviqi məsələlərinə xüsusi diqqət yetirilib. Bu kontekstdə hökumətlərarası komissiyanın fəaliyyətinin əhəmiyyəti qeyd olunub.

Nəqliyyat və logistika sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilərək, Orta Dəhliz və digər beynəlxalq nəqliyyat marşrutları üzrə qarşılıqlı fəaliyyətin genişləndirilməsi imkanları nəzərdən keçirilib.

Enerji sahəsində əməkdaşlıq imkanları da diqqət mərkəzində olub.

Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə edərək, Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin inkişafının önəmini diqqətə çatdırıblar.



Siyasət