Bu oyunda udmaq istəyənlər kim(lər)dir?
Zəngəzur dəhlizi ideyasının, habelə böyük anlamda Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun, yaxud, sadəcə, TRIPP-in faydaları haqqında çox söz açılıb, xeyli fikirlər səslənib. Xüsusən, layihənin bütün region ölkələrinə xeyri üzərində dayanılıb və bildirilib ki, heç bir dövlətə qarşı yönəlməyən TRIPP yalnız iqtisadi mənfəətləri rəhbər tutur. İstər Prezident İlham Əliyevin, istərsə də digər rəsmilərin açıqlama və bəyanatlarında da məsələyə dair konkret baxış irəli sürülüb, arqumentlər gətirilib, əsaslandırmalar aparılıb. Amma...
“Əmması” ondadır ki, son günlər TRIPP-ə qarşı cəbhə formalaşıb. Daha doğrusu, hər zaman mövcud olan əks cinah təbliğatını gücləndirib. Bu qütbün söykəndiyi başlıca məqam isə İranda yaşananlar, daha dəqiq desək, ABŞ və İsrailin İrana qarşı hərbi müdaxiləsi fonunda yaranmış durumdur. İranda de-eskalasiya mühitinin hökm sürdüyü hazırkı şəraitdə müxtəlif ekspert dairələri tərəfindən, xüsusən Ermənistandakı bəzi başbilənlərin dili ilə TRİPP layihəsinin icrasının qeyri-mümkünlüyü və ya uzanacağı söylənilir. Bu mülahizəni ortaya atanlar müharibədən sonra güclənmiş İran amili üzərində dayanırlar. Onlar bildirirlər ki, İslam respublikası ərəb ölkələrində ABŞ-a məxsus obyektləri hədəfə almışdı və TRIPP də eyni aqibətlə üzləşə bilər. Hətta, İran diplomatiyasının layihənin reallaşmasına daha sərt formada mane olacağı önə çəkilir.
Doğrudur, İranda Zəngəzur dəhlizi və TRIPP-lə bağlı etiraz səsi ucaldanlar olub və belələri yenə qalmaqdadır. Amma mövcud amil heç də konstruktiv düşüncə sahiblərinin, hadisə və proseslərə reallığın pozitiv pəncərəsindən baxanların sıradan çıxması demək deyil. Eyni zamanda, hesab etmirik ki, İslam respublikasında TRIPP-ə ölkənin Azərbaycanla münasibətlərinin müsbət ahənginə nəzərən yanaşanların sırası seyrəlib. Axı İrana ən yaxın məsafədə olan ölkəmiz nəinki bu müharibədə, ümumən Tehrana qarşı digər kampaniyalar zamanı da alətə çevrilməyib, mehriban qonşuluq münasibətlərinə sadiq qalıb. Ümumən, ölkəmizin hərbi məqdəsli kampaniyalarda yer almadığı hər kəsə yaxşı məlumdur.
Bəli, Zəngəzur dəhlizi ideyası fonunda meydana çıxmış TRIPP iqtisadi layihədir və onda hansısa hərbi element yoxdur. Deməli, layihənin nəinki İrana, bütövlükdə regionun hansısa dövlətinə qarşı yönəlməsi qeyri-mümkündür. Müvafiq olaraq, İslam respublikasının ona hərbi həmlələr etməsinə dair düşüncələr cəfəngiyyatdan başqa bir şey deyil. Bəs bu ideyalar nəyə görə vüsət almaqdadır? Səbəb çox sadədir: məsələ Ermənistandakı parlament seçkiləri ilə bağlıdır. O seçkilər ki, gərgin keçəcəyi indidən müşahidə olunmaqdadır.
Bildiyiniz kimi, Ermənistanda revaşist və şovinist kəsim var. Bu kəsim hər vəchlə baş nazir Nikol Paşinyan administrasiyasını gözdən salmağa, yekunda hakim komanda üzərində qələbə qazanmağa çalışır. Rəsmi İrəvanın xətti ilə gerçəkləşdirilmiş bütün fəaliyyətə qarşı çıxan hay müxaliflər qəsdən TRIPP-in, guya, İranın əleyhinə olduğuna və Tehranın sərt addımlarının Ermənistan üçün təhlükəli durum yaratdığına dair rəy formalaşdırmağa səy göstərirlər.
Məsələ ondadır ki, Paşinyan administrasiyasında yer alan şəxslərin ölkədəki əks qütbün təmsilçilərinin hakimiyyətə gələcəkləri təqdirdə, Azərbaycanla yeni müharibənin qaçılmaza çevriləcəyinə dair fikirləri var. Müharibə təhlükədir və sadə ermənilər düşmənçilikdən, həmçinin savaş şəraitinin məşəqqətlərindən beziblər, onlara dinclik lazımdır. Yəni hay müxaliflərin hazırkı anti-TRIPP təbliğatı Nikol və tərəfdarlarının detallarını diqqətə çatdırdığımız təbliğatına qarşıdır. Təxminən belə: müharibənin əleyhinə olan Paşinyan və komandası ABŞ-ı regiona gətirir və Ermənistan üçün fəlakət hazırlayır. Hələ bu təbliğatın anti-Azərbaycan motivləri də özünü göstərir.
Digər tərəfdən, erməni hakim komandası üzvlərinin İrandakı vəziyyətə görə TRIPP-in inşası ilə bağlı işlərin ləngiməsinə dair açıqlamalarına rast gəlinib. Hərçənd, birmənalı şəkildə demək olmaz ki, bu açıqlamalar layihə üzrə nəzərdə tutulan fəaliyyətin gerçəkləşdirilməsindən boyun qaçırmaq məramınə daşıyır. Çünki, necə deyərlər, bu günün sabahı da var və bu, Nikol və komandasının üzvlərinə yaxşı məlumdur. Məsələn, bu gün Azərbaycan öz ərazisindən Ermənistana ixracın gerçəkləşməsinə şərait yaradıb. Eyni zamanda, Azərbaycan öz neft məhsullarını Ermənistana ixrac edir. Bunun nəticəsidir ki, ölkədə benzinin qiymətində enmə qeydə alınıb. Amma aydındır ki, belə vəziyyət sonsuzadək davam edə bilməz. Yəni davamlı şəkildə Bakıdan İravana Gürcüstan ərazisi ilə daşımalar mümkünsüzdür. Ən azından ona görə ki, Azərbaycanın Ermənistanla sərhəd zolağının uzunluğu ölkəmizin Gürcüstanla olan sərhəd xəttinin uzunluğundan çoxdur. Bütün bunlar hay hakim dairələri tərəfindən nəzərə alınmalıdır. Bilavasitə TRIPP-in fəaliyyət göstərməsinin başqa iqtisadi faydalarının mövcudluğu da həmçinin.
Bəli, TRIPP-lə bağlı yanaşmanın konseptuallıq amili, xüsusən Azərbaycanın təminatları düzgün qiymətləndirilməlidir. Sonda bir məqamı da vurğulamağa ehtiyac var. Məlumdur ki, Ermənistandakı revanşist və şovinist kəsim Rusiyadan “qidalanır”. O Rusiyadan ki, oradakı bəzi dairələr Paşinyan hakimiyyətinin devrilməsində maraqlıdırlar. Belələrinin direktivləri ilə hərəkət edən hay müxaliflər TRIPP-i sırf Amerikanın siyasi və hərbi layihəsi qismində qiymətləndirirlər. Belələri, eyni zamanda, Rusiyanın Zəngəzur dəhlizindən faydalanma imkanlarını da şübhələndirmək yolu tuturlar.
Obrazlı desək, regionun başı üzərində Şimal küləkləri əsir. O küləklər ki, toz-duman yaratmaqdan başqa heç nəyə yaramır, hər cür konstruktivlikdən uzaqdır, ənənəvi imperialist xəttini rəhbər tutur. Regionda hazırda formalaşmış Rusiya-İran tandemini TRIPP-ə qarşı cəbhəyə çevirmək istəklərinin kökü də məhz bundadır.
Ə.CAHANGİROĞLU
XQ


