I MƏQALƏ
TDT-nin sabahı
Dünya miqyasında geosiyasi dinamika və bütöv mənzərənin sürətlə dəyişməsi fonunda Türk Dövlətləri Təşkilatının (TDT) perspektivinin qiymətləndirilməsi daha da aktuallaşır. Dövlətlər üçün inkişafla təhlükəsizliyin təmini məsələsi daha incə və dərin faktorları nəzərə almağı tələb edir.
Bunlarla yanaşı, TDT-nin bir özəlliyi də vardır. Onu Azərbaycan Prezidenti İlham Əliyev dəqiq ifadə etmişdir. Dövlət başçısı demişdir: “Dünyada bir çox beynəlxalq təşkilatlar var, ancaq etnik köklər üzərində yaranmış təşkilatların sayı o qədər də çox deyil. Yəni bu, bizim çox böyük üstünlüyümüzdür. Yəni bizi birləşdirən bizim etnik mənsubiyyətimizdir. Bu, birinci amildir. Ondan sonra bizim coğrafiyamızdır, ölkələr arasındakı çox xoş və isti münasibətlərdir, vahid məqsədlərdir. Ona görə bax, bütün bu amilləri nəzərə alaraq biz təşkilatımızı daha da yüksək pilləyə qaldırmalıyıq”.
Türk Dövlətləri Təşkilatının etnik köklər üzərində yaranması mühüm müəyyənedici amildir. Bu elə tarixi, etnomədəni, təbii təməldir ki, bütün məsələlərdə üstünlüyü təmin etməyə meydan yaradır. Lakin siyasi və geosiyasi baxımdan bu təbii üstünlük potensialını real sinerjiyə təşkilat olaraq çevirmək üçün digər faktorları da nəzərə almaq lazımdır.
Prezident İlham Əliyev həmin faktorları da müəyyən etmişdir. Həmin anlamların konkret TDT üçün mənasını dərk etmək üçün müasir geosiyasətdə müşahidə edilən bir neçə ümumi nümunəyə baxaq.
Qonşuluq geosiyasi amil kimi
Məlumdur ki, “qonşuluq” anlayışının müasir geosiyasi və siyasi təlimlərdə geniş semantik anlamı mövcuddur. Hətta dünyanın böyük geosiyasi gücləri “qonşuluğu” siyasi münasibətlərin əhəmiyyətli növü kimi konseptual səviyyədə xarici siyasət kurslarına daxil etmişlər. Məsələn, Avropa İttifaqının qonşuluq siyasəti.
Bu, konsepsiya səviyyəsində olan xüsusi bir yanaşmadır və siyasi nəzəriyyələrdə ayrıca termin kimi yerini tutmuşdur (ingiliscə: European Neighbourhood Policy; ENP). Aİ həmin siyasətin nəzəri izahını vermiş və məqsədlərini müəyyənləşdirmişdir.
Avropa Qonşuluq Siyasəti (AQŞ) Aİ-nin qonşu ölkələrlə münasibətlərini möhkəmləndirməsi məqsədilə yaradılmışdır. Yəni birincisi, bu siyasətdə özündə 27 ölkəni birləşdirən geniş bir təşkilat qonşu hesab etdiyi çoxlu sayda ölkələrin hər biri ilə təhlükəsizlik, rifah, dost ölkələr dairəsi, kommunikasiya sistemi, əməkdaşlıq sahələri yaratmağı nəzərdə tutur, ikincisi, bu məqsədə çatmaq üçün çoxlu sayda və əhatə dairəsi geniş olan faktorları vahid siyasi və geosiyasi məntiq müstəvisinə gətirməyə çalışır.
Təsadüfi deyildir ki, Aİ-nin qonşuluq siyasəti Şərqi Avropanı, Cənubi Qafqazı və Aralıq dənizi məkanını əhatə edir. Bu zaman Aİ həm də həmin qonşu saydığı ölkələrlə “siyasi-təşkilati” məsafə də saxlayır – onlara avtomatik olaraq təşkilata üzvlük vədi vermir! Digər xüsusiyyət ondan ibarətdir ki, Avropa İttifaqı qonşu kimi qiymətləndirdiyi hər bir ölkə ilə həmsərhəd deyildir, yəni onlara birbaşa “coğrafi çıxışı” yoxdur. Məsələn, Cənubi Qafqaz ölkələri Aİ ilə həmsərhəd deyillər. Bəs onda hansı anlamda Azərbaycan Aİ-nin qonşuluq siyasətinin subyekti ola bilər? Avropa İttifaqının “qonşuluq” anlayışının coğrafi-təbii sərhəd qonşuluğu ilə yanaşı, əməkdaşlıq, təhlükəsizlik, kommunikasiya və digər sferalar üzrə də yaxın münasibətlər qurmaq özəlliyini nəzərə aldığını görmək olar. Bu mənada, ümumiyyətlə, müasir siyasətdə və geosiyasətdə “qonşuluq” konkret məna çalarlarına malik olan və praktiki reallaşma aspektini özündə ehtiva edən məfhum kimi qəbul edilir.
Bu cür yanaşma həm əsaslıdır, həm də əhəmyyətlidir. Çünki həmin məntiqlə “praktiki alqoritmik” addımlarla çox geniş coğrafi məkanda əməkdaşlıq, təhlükəsizlik və qarşılıqlı faydalı qazanc verən əməkdaşlıq platforması yaratmaq mümkündür. Onu Avropa İttifaqı hansı uğurla həyata keçirir, bu, artıq başqa məsələdir. Prinsipcə, Aİ-nin yanaşması həm maraqlı, həm də perspektivli görünür.
Bunların fonunda başqa bir düşündürücü və aktual sual meydana gəlir: eyni etnik mənsubluğa malik və bir-biri ilə həmsərhəd olan ölkələrin qarşılıqlı fayda verə bilən qonşuluq siyasəti necə qurula bilər? Burada etnik “qardaşlıqla” dövlət və ölkə kimi coğrafi qonşu olmanın üstünlükləri mövcuddurmu? Bəlkə, müasir qlobal dünyanın reallıqları bu faktorları arxa plana atır və önə başqa amilləri çıxarır?
Bu suallara cavab axtarışları nümunələrindən biri kimi Tük Dövlətləri Təşkilatına baxaq.
TDT-də qardaşlıq və qonşuluq
Türk dünyasında “qardaşlıq” adi ünsiyyətdə eyni etnik mənsubluğu, bir millətə mənsub olmanı ifadə edir. Qardaşlıq bu anlamda qədimdən mövcud olan birgəyaşam üsulunun bir aspekti olaraq formalaşmışdır. Türk tayfaları və xalqları tarixin müxtəlif dönəmlərində qardaşlığa kollektiv təsəvvürlərdə eyni anlamı vermişlər və onu yaddaşlarda bu günə qədər fərdi və ictimai səviyyədə möhkəmləndirmişlər. Lakin qardaşlığın ölkə və dövlət olaraq siyasi kontekstdə anlamı başqa məsələdir.
Burada artıq müstəqil dövlətləri olan türk xalqlarının ölkə və cəmiyyət kimi münasibətlərinin siyasi, hüquqi, geosiyasi, mənəvi-mədəni aspektləri ön sıraya çıxır. Bu o deməkdir ki, türklər sözün böyük mənasında cəmiyyət, ölkə və dövlət olaraq elə ortaq münasibətlər sistemi müəyyən etməlidirlər ki, etnik-mədəni “qardaşlıqla” ziddiyyət təşkil etməsin.
Etnik qardaşlıq anlamından siyasi və dövləti qardaşlıq anlamına uğurlu keçid etmək mürəkkəb məsələdir. Türk dövlətləri tarixində onun ilk uğurlu ölkələri Azərbaycan və Türkiyə oldu. Bunun ifadəsi isə Şuşa Bəyannaməsinin hər bir bəndində yer aldı.
Şuşa Bəyannaməsi, bizcə, ümumiyyətlə, müasir dünyada eyni etnik mənsubiyyəti olan iki dövlətin siyasi, geosiyasi və digər anlamlarda necə qardaş ola bilmələrinin klassik manifestidir. Azərbaycan və Türkiyə müstəqil dövlətlər kimi qarşılıqlı münasibətlərin bütün sferalarında sıx yaxınlaşma zərurətini vurğulamaqla yanaşı, bərabərhüquqluluq prinsipinə əməl etmək məsuliyyətini üzərlərinə götürdülər. Yəni çağdaş tarixdə Şuşa Bəyannaməsi etnik qardaşlığı tarixi-ünsiyyət kontekstindən siyasi münasibətlər kontekstinə transformasiya edən çox uğurlu sənəddir.
Şuşa Bəyannaməsindən ümumtürk qardaşlığına
Şuşa Bəyannaməsinin məzmunu və məqsədi yalnız Türkiyə-Azərbaycan siyasi-hüquqi qardaşlığının manifesti çərçivəsində dərk edilməməlidir. Onun əsas üstünlüklərindən biri “bir millət, iki dövlət” kəlamını bütün Türk dünyası üçün siyasi-dövləti anlamda proyeksiya etməyə imkan verməsi ilə bağlıdır. Qarabağ Bəyannaməsi bunun əyani təsdiqidir.
2024-cü il iyulun 6-da Şuşada imzalanan həmin Bəyannamənin 2-ci bəndində yazılır: “Strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi, TDT-nin kollektiv strategiyasının formalaşdırılması üçün siyasi, iqtisadi, nəqliyyat, müdafiə sənayesi, humanitar, təhsil və mədəniyyət sahələrində türk dövlətlərinin tam potensialından və imkanlarından istifadə edilməsinin vacibliyini bir daha vurğulayırlar”.
Beləliklə, rəsmi sənədlər əsasında türk dövlətləri münasibətlərini müasir beynəlxalq hüququn tələblərinə uyğun davamlı olaraq qurmaqdadırlar. Bu proses konkret proqramların uğurla həyata keçirilməsi ilə müşayiət olunur. Əgər TDT-də qardaşlığı bu cür dərk etsək, “qonşuluq” anlayışının da özünəxas anlamına baş vura bilrik.
TDT üzvlərinin coğrafi əraziləri bir-birini tamamlayır. Türkiyədən başlayaraq Azərbaycandan keçir və Mərkəzi Asiya dövlətlərinə qədər davam edir. Coğrafi bağlılıq həm də ölkə kimi onları bir-birinə bağlayır. Bu əhəmiyyətli xüsusiyyət türk dövlətlərini etnik-mədəni mənsubluq qədər təbii olan digər amillər üzərində birləşdirir – coğrafi ərazi, ölkə və dövlət kimi onlar bir-birilərini tamamlayırlar.
Bu özəllik türk xalqları, ölkələri və dövlətlərini həm də qonşular kimi xarakterizə etməyə imkan verir. Belə alınır ki, türk dövlətləri həm etnik-mədəni mənsubluğa görə eyni təmələ malikdirlər, həm də ölkə, cəmiyyət və dövlət olaraq qonşudurlar. Əgər etnik mənsubluq faktoru irqi baxımdan qardaşlıq yaradırsa, ölkə, dövlət və cəmiyyət kimi münasibətlərdə qonşuluq amilini də nəzər almağı tələb edir.
Digər tərəfdən, Avropa İttifaqında coğrafi qonşuluq aspektində özünü göstərən məqam türk ölkələrində də vardır. Belə ki, Türkiyə və ya Azərbaycan Özbəkistan və ya Qırğızıstanla həmsərhəd deyillər, burada, müəyyən mənada “coğrafi kəsintisizlik qırılmış”dır.
Hətta Türkiyə coğrafi olaraq birbaşa yalnız Azərbaycanla qonşudur. Mərkəzi Asiyanın heç bir ölkəsinin Türkiyə ilə nə quru, nə də su bağlantısı mövcud deyil. Bu özəllik türk dövlətlərinin qonşuluğuna xüsusi siyasi və geosiyasi anlam verir.
Bir müqayisə aparaq. Yuxarıdakı suallardan birini təkrar edək: Azərbaycanla Aİ qonşudurlarmı? Coğrafi olaraq qonşu deyillər, lakin siyasi və geosiyasi anlamda qonşudurlar. Bunun praktiki gerçəkləşməsi üsulu isə Avropa İttifaqı ilə Azərbaycanın müxtəlif platformalarda mehriban qonşu və etibarlı tərəfdaş olaraq münasibətlər qurması ola bilər.
Bu istiqamətdə prosesin getdiyi məlumdur. Ancaq burada aparıcı etnik-mədəni faktor deyildir, tərəflərə qarşılıqlı fayda verən və onları sülhə və əməkdaşlığa motivə edən müxtəlif sferalar üzrə layihələrdir. Burada enerji və nəqliyyat layihələrinin xüsusi birləşdirici rol oynadığını mütləq qeyd etmək gərəkdir. Deməli, Aİ-Azərbaycan qonşuluğunda infrastruktur diplomatiyası aparıcı rol oynayır.
Eyni mənzərə TDT üçün də mövcuddurmu? TDT-də yuxarıda vurğulanan faktorlar, əlbəttə, mehriban qonşuluğa xidmət edirlər. Onların kökündə etnik mənsubluq, dil, din və mədəniyyət ortaqlığı dayanır. Məhz bu anlamda Azərbaycan Prezidenti ilk faktor kimi eyni etnik mənsubluğu önə çəkmişdir. Yəni Azərbaycan dövlət başçısı irqi eyniliyi xüsusi vurğulamaq naminə deyil, həmin faktorun TDT üçün çox güclü qardaşlıq və mehriban qonşuluq perspektivi yaratdğını hər kəsin dərk etməsi üçün qeyd etmişdir.
Əlbəttə, Türk Dövlətləri Təşkilatının təməli möhkəmdir. Buna görə də onun davamlı olaraq inkişaf edəcəyinin böyük perspektivləri vardır. Azərbaycan Prezidentinin aşağıdakı fikirləri bu bağlılıqda çox əhəmiyyətlidir.
Dövlət başçısı vurğulamışdır: “Təbii ki, təşkilatımızın gələcək inkişafı ilə bağlı növbəti addımlar atılacaq. Bu gün Türk Dövlətləri Təşkilatı dünya miqyasında böyük nüfuz qazanmışdır və bizim beynəlxalq mövqelərimiz möhkəmlənir. Həm bölgədə gedən proseslərə bizim təsir imkanlarımız artır, eyni zamanda, qlobal müstəvidə də təşkilatımızın rolu artmaqdadır və biz müştərək səylərlə mövqelərimizi möhkəmləndirməliyik”.
Bu prosesin strateji hədəfi də dəqiq müəyyən edilmişdir – “Bu gün bizim təşkilatımız dünyanın aparıcı beynəlxalq təşkilatlarının sırasına daxil edilməlidir. Bu, bizdən asılıdır” (Azərbaycan Prezidenti İlham Əliyev).
Deməli, növbəti addımlar TDT-nin dünyanın aparıcı beynəlxalq təşkilatlarının sırasına daxil edilməsinə xidmət etməlidir! Bu isə, öz növbəsində, türk ölkələri arasındakı çox xoş və isti münasibətləri və vahid məqsədləri daha da aktuallaşdırır.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

