“Konstitusiya və Suverenlik İli” çərçivəsində medianın rolu

post-img

Aprelin 22-də Hüquq və İnsan Haqları İnstitutu “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə birgə bir sıra media qurumlarının nümayəndələri üçün məlumat sessiyası təşkil edib. 

“Konstitusiya ali hüquqi sənəd kimi: Əsas insan hüquq və azadlıqlarının Azərbaycan Respublikasının Konstitusiyasında təminatı” mövzusunda keçirilən tədbirdə 27 media nümayəndəsi iştirak edib. 

İnstitutun İdarə Heyəti sədrinin müavini Vəfaddin İbayev tədbiri açaraq Medianın İnkişafı Agentliyi ilə təmsil etdiyi qurum arasında mövcud olan səmərəli əməkdaşlıqdan bəhs edib. Natiq, eyni zamanda institutun jurnalistlər üçün də faydalı resursları və keçirilən tədbirləri barədə məlumat verib. 

Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli çıxışında “Konstitusiya və Suverenlik İli” çərçivəsində medianın qarşısında duran əsas vəzifələrdən danışıb. O, bildirib ki, bu dövrdə hüquq və azadlıqların, konstitusiya prinsiplərinin cəmiyyətə düzgün çatdırılması medianın əsas məsuliyyətlərindəndir. 

O, həmçinin medianın demokratik dəyərlərin təbliğində etibarlı və obyektiv platforma rolunu oynamasının vacibliyini də vurğulayıb.

İnstitutun təlimçi-ekspertləri Zümrüd Əlizadə və Heydər Həsən oğlu Əliyev insan hüquqlarının mahiyyəti, Konstitusiyada təsbit olunan əsas hüquqlar və beynəlxalq müdafiə mexanizmləri barədə geniş təqdimatla çıxış ediblər. Bununla yanaşı Konstitusiyada təsbit edilən təhsil, əmək, mənzil, yaradıcılıq azadlığı, ana dilindən istifadə, mülki və siyasi hüquqlarla bağlı məsələlər də müzakirə olunub.

Məlumat sessiyası qarşılıqlı fikir mübadiləsi və iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.

Qabil YUSİFOĞLU
XQ

 

Sosial həyat