Şamaxıda “Erkən müayinə can qurtarır!” tibbi aksiyası keçirilib

post-img

Şamaxı şəhərində yerləşən “MedSun” klinikasında “Fərqindəlik” layihəsi çərçivəsində “Erkən müayinə can qurtarır!” adlı tibbi aksiya təşkil olunub. Tədbir “PAŞA Holding”, Səhiyyə Nazirliyi, Şamaxı Şəhər İcra Hakimiyyəti və “All Medical” şirkətinin birgə təşkilatçılığı ilə baş tutub.

AZƏRTAC xəbər verir ki, aksiyanın əsas məqsədi bölgə əhalisinin ilkin tibbi müayinələrə çıxışını artırmaq, xəstəliklərin erkən aşkarlanmasına şərait yaratmaq və sağlam həyat tərzinin təşviqinə töhfə vermək olub. Gün ərzində yüzlərlə sakin endokrinologiya, terapiya və ümumi tibbi müayinələrdən keçib. İştirakçıların şəkəri və arterial təzyiqi ölçülüb, onlara fərdi tibbi məsləhətlər verilib. Risk qrupuna daxil olan şəxslərə qlükometr cihazları hədiyyə olunub.

Aksiya çərçivəsində şəkərli diabet xəstəliyinin erkən aşkar olunması və müvafiq tibbi nəzarətin təmin edilməsi əsas mövzu kimi ön plana çəkilib. Tibbi heyət vətəndaşlarla maarifləndirici söhbətlər apararaq onlara sağlam qidalanmanın, fiziki aktivliyin və profilaktik müayinələrin vacibliyi barədə ətraflı məlumat verib.

Qeyd edək ki, dağlıq və iqlim baxımından spesifik xüsusiyyətlərə malik olan Şamaxı bölgəsində belə aksiyaların keçirilməsi xəstəliklərin vaxtında müəyyən olunması və daha ciddi fəsadların qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır. Yerli əhalinin aksiyaya böyük maraq göstərməsi və fəal iştirakı tədbirin sosial əhəmiyyətini bir daha təsdiqləyib.

“Fərqindəlik” layihəsi çərçivəsində ölkənin müxtəlif bölgələrində keçirilən bu kimi səyyar tibbi aksiyalar əhalinin sağlamlıq durumuna diqqətin artırılmasına və profilaktik tibbi xidmətlərə çıxışın asanlaşdırılmasına xidmət edir.

















Sosial həyat