Mənəvi kamillik və xeyirxahlıq ünvanı

post-img

Azərbaycan xalqının və dövlətinin qazandığı möhtəşəm uğurlarda ulu öndər Heydər Əliyevin dostu, silahdaşı və ömür-gün yoldaşı, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan, İlham Əliyevin anası, həyatının hər anı mənəvi kamillik və saflıq, xeyirxahlıq və humanizm məktəbi olmuş böyük oftalmoloq-alim, novator tədqiqatçı, Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, tibb elmləri doktoru, professor Zərifə Əziz qızı Əliyevanın da önəmli payı danılmazdır.

Zərifə xanım Əliyevanın elmi irsi insan həyatına yalnız biliyi ilə deyil, həm də məsuliyyət və vicdanla yanaşması ilə nüfuz qazanmışdır. O, sadəcə mütəxəssis deyildi, insan sağlamlığına, cəmiyyətin rifahına və tibb elminin inkişafına ürəkdən bağlı olan bir ziyalı idi.

Dəyərli elmi töhfələri ilə adını dünya tibb elminə qızıl hərflərlə yazdırmış Zərifə xanım Əliyeva 28 aprel 1923-cü ildə Naxçıvanın Şahtaxtı kəndində, ölkəmizin səhiyyə və dövlətçilik tarixində silinməz izlər qoymuş görkəmli alim, dövlət xadimi, Əməkdar həkim, professor Əziz Əliyevin ailəsində dünyaya gəlmişdir. Qərbi Azərbaycanda böyük hörmətə malik bu nüfuzlu ailənin taleyinə erməni işğalı və köçkünlük acısı yazılmışdı: 1918-ci ildə İrəvanda erməni terror dəstələrinin törətdiyi qırğınlar gənc Əziz Əliyevin Sankt-Peterburqdakı ali tibb təhsilini yarımçıq qoyaraq Vətənə qayıtmasına və nəhayət, bütün ailənin Naxçıvana sığınmasına səbəb olmuşdu.

Sonralar Əziz Əliyevin yarımçıq qalmış təhsilini davam etdirmək üçün Bakıya köçməsi ilə gələcək akademikin taleyində də yeni dövrün başlanğıcı qoyulmuş, Zərifə xanım orta təhsilini 1932–1942-ci illərdə Bakıda almışdır.

1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olan Zərifə Əliyeva təhsil illəri ərzində yalnız fövqəladə intellekti və çalışqanlığı ilə deyil, həm də elmi tədqiqatlara olan həvəsi və tələbə həyatında fəal iştirakı ilə fərqlənirdi. Onun gələcək dar ixtisas sahəsinin müəyyənləşməsində bir neçə amil mühüm rol oynamışdı.

1947-ci ildə institutu fərqlənmə diplomu ilə bitirdikdən sonra Zərifə xanım öz peşəkar biliklərini daha da dərinləşdirmək üçün Moskvaya – SSRİ məkanında tibb üzrə ən nüfuzlu elm, təhsil və innovasiya mərkəzlərindən biri olan Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutuna yollanmışdı. Burada oftalmologiya üzrə keçdiyi ikiillik ixtisas kursu gələcək elm xadiminə böyük təcrübə qazandırmış, oftalmoloq kimi püxtələşməyə, Bakıda əldə etdiyi dərin nəzəri bilikləri praktiki bacarıqlarla zənginləşdirməyə imkan yaratmışdı.

Vətənə qayıdış

1949-cu ildə Vətənə qayıdan Zərifə Əliyeva Azərbaycan SSR Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda ordinator kimi fəaliyyətə başladı. 1950-ci ildə aspiranturaya qəbul olunması onun elmi karyerasında yeni mərhələ açdı. 1953-cü ildə aspiranturanı fərqlənmə diplomu ilə bitirdikdən sonra Zərifə Əliyeva bütün qüvvəsini traxoma ilə mübarizə sahəsində səmərəli müalicə-profilaktika tədbirlərinin işlənib hazırlanmasına həsr etdi. Bu dövr Zərifə xanımın təkcə yüksək ixtisaslı həkim kimi deyil, həm də elmi axtarışlarda xüsusi fəallıq göstərən istedadlı alim kimi formalaşmasında mühüm rol oynamışdır.

1950-ci illərin əvvəllərində Zərifə xanımın həyatında baş verən yenilik, Azərbaycanın gələcəyində misilsiz rol oynayacaq bir insanla tanışlıq yalnız iki şəxsin taleyini deyil, bütövlükdə, Azərbaycan xalqının gələcəyini formalaşdıracaq tarixi bir an hesab edilə bilər. Gənc oftalmoloqun Heydər Əliyevlə tanışlığı – elə ilk görüşdən başlayan qarşılıqlı hörmət, dərin məhəbbət, fərqli mühitlərdə böyüsələr də fikirlərində meydana çıxan tam uyğunluq – İlahinin qədər-qisməti kimi təzahür etdi. 1954-cü ildə baş tutmuş evlilik yalnız şəxsi xoşbəxtlik deyil, eyni zamanda, dövlətçilik məfkurəsinin, milli dəyərlərin və elmi irsin sintezi idi ki, bu da nəticədə Azərbaycanın müasir tarixində ən parlaq səhifələrdən birinə çevriləcəkdi.

Zərifə xanımın elmi işlərindən ictimai xidmətlərinə qədər hər fəaliyyətində xüsusi bir mənəvi enerji, insanlara qarşı sonsuz sevgi və məsuliyyət hissi özünü göstərirdi. Bu gözəl, sadə və təvazökar insanın təbiətində birləşən həkim mərhəməti, alim dərinliyi və əsl vətəndaş amalı onu xalqın gözündə həqiqi "sağlamlıq mələyi" statusuna qaldırmışdı.

Gənc alimin ilk elmi axtarışlarının istiqamətini dövrün amansız reallıqları müəyyənləşdirmişdi. 1950-ci illərdə Azərbaycanın kənd bölgələrində epidemiyaya çevrilən traxoma xəstəliyi mərhəmətli və kövrək həkim qəlbini dərin düşüncələrə qərq etmişdi. O, özünü tamamilə bu sahədəki tədqiqatlara həsr edərək, o dövr üçün innovativ sayılan sintomisin antibiotikinin effektiv istifadə imkanlarını və üsullarını öyrənərək tətbiqi metodikasını işləyib hazırlamışdı. 1959-cu ildə uğurla müdafiə etdiyi "Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi" mövzusundakı dissertasiyası yalnız elmi nailiyyət yox, eyni zamanda, minlərlə insanın görmə qabiliyyəti üçün həqiqi xilas yolu oldu.

Nəzəriyyə və praktikanın harmoniyası

1960-1967-ci illər Zərifə Əliyevanın bir alim və praktiki təbib kimi tam yetkinlik dövrü kimi xarakterizə oluna bilər. SSRİ Ali Attestasiya Komissiyası tərəfindən 1963-cü ildə “Oftalmologiya” ixtisası üzrə baş elmi işçi adına layiq görülməsi elmin zirvəsinə gedən yolda növbəti uğur oldu. Zərifə xanımın işləyib hazırladığı müalicə üsulları praktikaya geniş tətbiq edilərək traxomanın sosial xəstəlik kimi ləğv edilməsində həlledici rol oynamışdır. Nəzəriyyə ilə praktikanın harmoniyasına ən gözəl nümunə olan bu tədqiqatlar dünya oftalmologiya elmində Azərbaycan məktəbinin nüfuzunu xeyli artırdı.

1967-ci ildə Azərbaycan SSR Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasının dosenti vəzifəsində çalışmağa başlaması Zərifə Əliyevanın elmi və pedaqoji yaradıcılığında yeni mərhələnin açılması demək idi. O, 1969-cu ildən bu institutda Göz xəstəlikləri kafedrasının Görmə orqanının peşə patologiyası laboratoriyasının müdiri oldu. Qısa müddətdə keçmiş Sovet İttifaqında böyük nüfuz qazanmış bu laboratoriyanın yaradılması oftalmologiya elmində bir yenilik idi. Ömrünün sonuna kimi institutda çalışan Zərifə Əliyeva 1977-1979-cu illərdə kafedranın professor əvəzi, 1979-1982-ci illərdə professoru, 1982-1985-ci illərdə həmin kafedranın müdiri vəzifələrində işlədi.

Elmi karyerasının qızıl dövrü

1968-ci ildən etibarən görmə orqanının peşəkar patologiyaları sahəsində pioner araşdırmalar aparmış Zərifə Əliyeva elmi karyerasının ən mühüm nailiyyətlərinin birini 1976-cı ildə əldə etmişdir. Moskvanın nüfuzlu M.Helmholts adına Göz Xəstəlikləri İnstitutunda müdafiə etdiyi "Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti" mövzusundakı doktorluq dissertasiyası onun elmi yaradıcılığının yeni zirvəsi olmuşdur. Öz dövrünün mühüm elmi nailiyyəti olan bu monumental işdə sənaye oftalmologiyasında Azərbaycanda aparıcı tədqiqatların əsası qoyulmuş, kimya sənayesi işçilərinin görmə qabiliyyətini qoruyan innovativ metodlar təklif edilmişdir.

Bu müdafiəyə görə Zərifə xanım 1977-ci ildə SSRİ Nazirlər Kabineti yanında Ali Attestasiya Komissiyası tərəfindən tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülmüş, 1979-cu ildə görkəmli alimə Göz xəstəlikləri kafedrası üzrə professor elmi adı verilmişdir.

Elmi və elmi-təşkilati fəaliyyətində və kadr hazırlığında əldə etdiyi mühüm nailiyyətlər, onların sosial-iqtisadi əhəmiyyəti professor Zərifə Əliyevaya böyük şöhrət gətirmişdi. Bütün bunlara görə, 1983-cü ildə Azərbaycan EA-nın həqiqi üzvü seçilməsi Zərifə xanımın görmə orqanı ilə bağlı bütün məsələləri, problemləri, profilaktika, diaqnostika və müalicə üsullarını əhatə edən 35 illik elmi fəaliyyətinin pik nöqtəsi hesab edilə bilər.

Tədqiqatın əsas istiqamətləri

Akademik Zərifə Əliyevanın tədqiqatlarının əsas istiqamətlərini ümumiləşdirməyə çalışsaq deyə bilərik ki, o, bütün alim həyatını traxoma xəstəliyinin klinikası, görmə orqanının fiziologiyası və peşə xəstəliklərinin təsiri nəticəsində baş verən göz patologiyalarının profilaktikası, diaqnostikası və müalicəsi, kimya sənayesi müəssisələrinin işçilərində görmə orqanının vəziyyəti, herpetik göz xəstəlikləri, görmə orqanının virusla zədələnməsi, ağır virus konyunktivitləri, gözün hidrodinamik sisteminin fizioloji-anatomik xarakteristikası, göz sulanmasının müasir cərrahiyyə üsulları ilə müalicəsi, şəkərli diabet zamanı göz xəstəlikləri, göz zədələnmələri, terapevtik oftalmologiya, iridodiaqnostikanın əsasları, göz vərəmi, qlaukoma, göz onkologiyası problemləri və s. kimi məsələlərə həsr etmişdir. Bütün bu məsələlərin ümumi şəkildə əhatə edildiyi “Terapevtik oftalmologiya”, “Oftalmologiyanın aktual problemləri” kimi monoqrafiyaları dünya oftalmologiya elminə mühüm töhfələrdir.

Klinik diaqnostika məsələləri

Zərifə Əliyevanın göz patologiyalarının diaqnostikası sahəsindəki monoqrafiyaları və digər elmi əsərləri, müasir Azərbaycan oftalmologiya məktəbinin formalaşmasında bənzərsiz rol oynamışdır. Onun hər bir əsəri təkcə nəzəri bilgilərlə deyil, həm də unikal klinik müşahidələrlə zəngindir. Alimin “Keratitlər, gözün damarlı traktının, torlu qişanın, görmə sinirinin xəstəlikləri, kataraktalar”, “Qlaukoma və gözün hipertenziyası”, “Şəkərli diabetdə göz xəstəlikləri”, “Gözün mikrocərrahiyyəsi”, “Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası” və s. kimi qiymətli əsərləri xüsusi qeyd edilə bilər.

Görmə orqanının peşə patologiyaları

Zərifə xanımın peşə oftalmologiyası sahəsindəki tədqiqatları, tibb elmində tamamilə yeni bir istiqamətin formalaşmasına səbəb olmuşdur. O, SSRİ-də ilk dəfə peşə xəstəliklərinin oftalmik təzahürlərini sistemli şəkildə təsnif etmiş, 4000-dən çox sənaye işçisi üzərində aparılmış və dünyada analoqu olmayan genişmiqyaslı tədqiqatların nəticələrini “Görmə orqanının peşə patologiyası”, “Yod sənayesində peşə xəstəliklərinin profilaktikası”, “Xroniki yod intoksikasiyası zamanı oftalmopatologiya”, “Şin istehsalında gözün peşə patologiyası” kimi kitab və monoqrafiyalarında ümumiləşdirmişdir. Yod və şin sənayesi işçilərinin görmə orqanında yaranan peşə xəstəliklərini elmdə ilk dəfə Zərifə xanım Əliyeva öyrənmiş və bu xəstəliklərin profilaktikası tədbirlərini işləyib hazırlamışdır.

Zərifə Əliyevanın Əməkdar elm xadimi, akademik A.P.Nesterov və tibb elmləri doktoru, professor Z.M.Skripniçenko ilə həmmüəlliflikdə hazırladığı 2 hissədən ibarət “Görmə orqanının peşə patologiyası” monoqrafiyasında istehsalat amillərinin təsiri altında görmə orqanında yaranan əsas xəstəliklər haqqında geniş məlumat verilmiş, peşə patologiyasının öyrənilməsinin metodları və nəticələri şərh olunmuşdur.

Zərifə xanımın təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 1979-cu ildə Fiziologiya İnstitutunda SSRİ-də ilk dəfə olaraq görmə orqanının fiziologiyası və peşə patologiyası laboratoriyası yaradılmışdır.

Oftalmoloji herontologiya yeni istiqamət kimi

Zərifə Əliyevanın elmi maraq dairəsində görmə orqanının, görmə analizatorunun yaşla bağlı dəyişikliklərinin tədqiqi də xüsusi yer tuturdu. Zərifə xanımın “Gözün və görmə siniri yolunun yaşla əlaqədar dəyişiklikləri: morfohistokimyəvi tədqiqatlar” kitabı oftalmoloji herontologiya sahəsində ilk fundamental əsərlərdən biri olmuşdur. Görkəmli rus oftalmoloq-alimi, akademik A.Brovkina Zərifə xanımın bu kitabı haqqında demişdi: “Bu elmi əsər mahiyyət etibarilə oftalmologiyada yeni bir istiqamətin – oftalmoloji herontologiyanın başlanğıcını qoyur”. Bu kitab AR ETN Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda bu gün həyata keçirilən herontoloji tədqiqatlar fonunda daha da aktual və dəyərlidir.

Elmi irsin bəzi faktları

Akademik Zərifə Əliyeva oftalmologiyanın müxtəlif istiqamətlərinə aid 200-ə qədər elmi əsərin, o cümlədən 14 monoqrafiyanın, 12 səmərələşdirici təklifin müəllifi kimi dünya tibb elmində silinməz izlər buraxmışdır. Bir alim kimi çox böyük zirvələri fəth etməyi bacarmış akademik Zərifə Əliyevanın əsərləri, elmi monoqrafiyaları bu gün də öz aktuallığını qoruyub saxlamaqla, oftalmoloqların stolüstü kitablarına çevrilmişdir.

Alimin elmi-pedaqoji fəaliyyəti bununla məhdudlaşmır, bütün oftalmoloji müəssisə və şöbələri, kadrların təkmilləşdirilməsi prosesini də əhatə edirdi. Qeyd etmək lazımdır ki, Zərifə Əliyeva yüksəkixtisaslı kadrların hazırlanmasına böyük əmək sərf etmişdir. Onun birbaşa rəhbərliyi ilə gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Zərifə Əliyeva hər zaman ətrafına bacarıqlı və savadlı gənc həkimləri toplamaqla elmi tədqiqat işlərini uğurla təşkil etmiş, tələbələrinə zəngin elmi təcrübəsini öyrətmiş, onlara diqqət və qayğı ilə yanaşmışdır.

Görkəmli alim və şəxsiyyətin həkimlik, elmi və ictimai xidmətləri layiqincə qiymətləndirilmiş, o, orden və medallarla təltif edilmiş, “Azərbaycanın Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.

Tədqiqatlardan alınmış və monoqrafiyalarında (xüsusən, "Şin istehsalında gözün peşə patologiyası" monoqrafiyası) dərc edilmiş uğurlu nəticələrə görə akademik Zərifə Əliyeva 1981-ci ildə oftalmologiya sahəsində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. Əlamətdar faktdır ki, Zərifə xanım keçmiş SSRİ-də bu mükafata layiq görülən ilk qadın mütəxəssis olmuşdur.

Akademik Zərifə xanım Əliyevanın elmi-ictimai fəaliyyəti də geniş və əhatəli olmuş, sülh, insanlıq, əmin-amanlıq, ehtiyaclı insanlara dəstək istiqamətində gördüyü işlər ona cəmiyyətdə böyük nüfuz qazandırmışdır. O, SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, “Bilik” Cəmiyyətinin İdarə Heyətinin və Elmi Tədqiqatlar Komitəsinin Rəyasət Heyətinin, SSRİ Oftalmoloqlar Cəmiyyətinin Rəyasət Heyətinin üzvü kimi dövlət və xalq qarşısında böyük xidmətlər göstərmişdir. Zərifə xanımın keçmiş Sovetlər İttifaqında bir sıra beynəlxalq və yerli konfransların təşkilində mühüm rol oynadığını, bunlardan bəzilərinin təşəbbüskarı olduğunu da qeyd etmək lazımdır.

Zərifə xanım haqqında tanınmış alimlərin fikirləri də böyük maraq doğurmaqla onu bir şəxsiyyət kimi xarakterizə etməyə imkan verir. Dünya şöhrətli oftalmoloq alim, akademik A.Nesterov: “Zərifə Əliyeva çox ağıllı insan və böyük professional idi. Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm. Oftalmologiyada o, bir nömrəli idi”; akademik

N.Puçkovskaya: “Xeyirxahlıq Zərifə xanımın həyat tərzi idi”; professor A.Brovkina: “Zərifə xanım nəciblik və mənəvi paklıq timsalı idi”; professor N.Şulpina: “Biz onu sevmişik, sevirik və ömrümüzün sonuna qədər sevəcəyik”.

Ümummilli lider Heydər Əliyev böyük oftalmoloqun elmi fəaliyyətinə yüksək qiymət verərək deyirdi: “Zərifə xanım çox böyük alim olub. Mən hələ onunla həyat quranda o, artıq elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi”.

Ulu öndərin aşağıdakı sözləri isə Zərifə Əliyevanın tam obrazını, bütün daxili aləmini hər kəsdən və hamıdan daha yaxşı, zərgər dəqiqliyi ilə gözlərimiz önündə canlandırır: “Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib”.

Heydər Əliyev SSRİ dövründə və sonralar müstəqil Azərbaycanın qurucusu kimi gərgin siyasi həyatla məşğul olduğu halda, Zərifə xanım onun arxasında dayanan səssiz, lakin möhkəm bir mənəvi dayağa çevrilmişdi. Onun sadə, sakit, ağıllı və zərif varlığı Heydər Əliyevin həyatında mühüm rol oynayırdı. Onların münasibəti bir çox insanlar üçün ideal ailə modeli hesab olunurdu – orada nə süni nümayiş, nə də soyuqluq vardı. Səmimi, hörmətə əsaslanan, intellektual dəyərlərlə zəngin bir münasibət mövcud idi. Zərifə xanım üçün ailə, sadəcə, sosial bir struktur deyildi, müqəddəs, toxunulmaz və sabit bir məbəd, şəxsiyyətin formalaşdığı ilk məktəb idi.

Zərifə xanımın ana obrazı şəfqətli və savadlı Azərbaycan qadını üçün bir ideallıq nümunəsidir. O, övladlarını təkcə ana qayğısı ilə deyil, alim məsuliyyəti və ziyalı yanaşması ilə tərbiyə etmişdir. Onlara elmə hörmət, kitaba sevgi, insana dəyər verməyi, ən əsası isə xalq qarşısında ən yüksək məsuliyyəti dərk etməyi öyrətmişdir. Prezident İlham Əliyev sonralar çıxışlarında dəfələrlə anasının təsirindən danışmış və onun zəngin mənəvi irsini öz həyatında rəhbər tutduğunu qeyd etmişdir. Müasir Azərbaycanın müzəffər lideri anasını bir alim kimi də çox gözəl xarakterizə etmişdir: “Zərifə xanım Əliyeva böyük həkim, böyük alim idi. O, Azərbaycan oftalmologiya məktəbinə öz dəyərli töhfəsini vermişdir, gənc kadrların hazırlanmasında çox böyük fəaliyyət göstərmişdir. Alim kimi Zərifə xanım çox böyük zirvələrə çata bilmişdir. Onun əsərləri, elmi monoqrafiyaları bu gün də öz aktuallığını itirmir”.

Azərbaycan xalqının sevimlisi Zərifə xanım Əliyeva ömrünün 62-ci baharında, 1985-ci il aprelin 15-də Moskva şəhərində onu sevənləri, ömür-gün yoldaşını, həyatı qədər sevdiyi iki gözəl övladını əbədi olaraq tərk etdi.

Zərifə xanımın insanların qəlbində və ölkənin tarixində dərin iz qoymuş şərəfli fəaliyyəti bu gün cənab Prezidentin silahdaşı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, yüksək insani keyfiyyətləri, vətəndaş mövqeyi, intellekti və vətənpərvərliyi ilə örnək şəxsiyyət olan Mehriban xanım Əliyeva tərəfindən daha geniş miqyasda davam etdirilir.

Dərin zəkası, el-obaya, ailəsinə, millətinə, ölkəsinə, elmə sonsuz sədaqəti, yüksək daxili mədəniyyəti, insanlıq qarşısında məsuliyyəti və xidmətləri ilə hələ sağlığında qəlblərdə özünə abidə ucaltmış akademik Zərifə xanım Əliyevanın parlaq xatirəsi, işıqlı obrazı, yaratdığı elmi irs yalnız keçmişin xəzinəsi deyil, gələcəyə uzanan yoldur. Nuru, işığı, ocağı heç zaman sönməyəcək əbədi bir yol!

İradə HÜSEYNOVA,
AMEA-nin vitse-prezidenti, AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik





Sosial həyat