Bakıda Azərbaycanla Latviya arasında beynəlxalq avtomobil daşımaları sahəsində Qarışıq Komissiyasının növbəti iclası keçirilib. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA)məlumatına görə, toplantıda iki ölkə arasında avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımalarının cari vəziyyəti, daşımalardakı problemlər və onların həlli yolları müzakirə edilib.
İclasda hər iki ölkə daşıyıcılarının beynəlxalq yükdaşımalarında iştirakının artırılması məqsədilə ikitərəfli əsasda mübadilə edilən “İcazə” blanklarının illik kvotasının 2 dəfə artırılması barədə razılıq əldə olunub. Eyni zamanda, müxtəlif növ daşımaların daha çevik həyata keçirilməsinə şərait yaradılması məqsədilə yeni növ ikitərəfli/tranzit/3-cü ölkəyə/ölkədən “İcazə” blankı mövcud icazələrin siyahısına daxil edilib. Beləliklə, Latviya ilə 1000 ədəd ikitərəfli/tranzit və 300 ədəd ikitərəfli/tranzit/3-cü ölkəyə/ölkədən “İcazə” blanklarının mübadilə edilməsi razılaşdırılıb.
Bununla yanaşı, Azərbaycan, Türkiyə və Özbəkistan arasında uğurla tətbiq olunan “İcazə” blanklarının elektron qaydada mübadiləsinə və verilməsinə imkan verən “e-Permit” sistemi nümayəndə heyətinə təqdim olunub. Latviya ilə də “İcazə” blanklarının yaxın gələcəkdə elektron şəkildə mübadilə edilməsi istəyi məmnunluqla ifadə edilib.
Latviya nümayəndə heyətinin üzvləri AYNA-nın Sürücü Təlim Mərkəzində sürücülərin nəzəri və praktiki hazırlıq prosesi ilə tanış olublar.