Cari il mayın 1-də “Yaşıl ASAN” ekoloji proqramının yaradılmasının 10 ili tamam olur.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, proqram 2015-ci ildə ASAN könüllüləri tərəfindən irəli sürülüb və ölkəmizdə ekoloji mədəniyyətin formalaşmasında, ictimai təşəbbüslərin gücləndirilməsində mühüm rol oynayıb.
Əsas məqsəd kağız israfının qarşısını almaq, təkrar emal prosesini təşviq etməklə ağacların qorunmasına, ətraf mühitin mühafizəsinə və ekoloji tarazlığın saxlanılmasına töhfə verməkdir. Bununla yanaşı proqram əhalidə ekoloji məsuliyyət hissinin artırılmasına və təbiətə qarşı daha həssas yanaşmanın formalaşdırılmasına yönəlib. Bu məqsədlə indiyədək 2 min 200 tondan çox kağız tullantısı toplanaraq təkrar emala göndərilib. Nəticədə 37 min 400-dən artıq ağacın kəsilməsinin qarşısı alınıb.
Proqram çərçivəsində 500-dən çox ekoloji və sosialyönümlü layihə, 100-dən çox təmizlik və ağacəkmə aksiyaları təşkil olunub. “Balaca Ekoloqlar” layihəsi çərçivəsində 100-ə yaxın təhsil müəssisəsində şagirdlərlə görüşlər keçirilib, gənc nəslə ekoloji biliklərin aşılanmasına xüsusi diqqət yetirilib.
Respublikamızın müxtəlif regionlarında ümumilikdə 6 dəfə “Yaşıl dağ” ekoloji-sosial aksiyası gerçəkləşib. Eləcə də təkrar emaldan hazırlanmış əl işlərindən ibarət sərgilər təşkil edilib.
İstifadə edilən kağız məhsullarını “Yaşıl ASAN” proqramı çərçivəsində təhvil vermək istəyən vətəndaşlar, idarə və təşkilatlar “ASAN xidmət” mərkəzlərinə yaxınlaşa və ya 108 Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq ətraflı məlumat əldə edə bilərlər.
İl ərzində “Yaşıl ASAN” proqramının davamlılığını və təsir dairəsini daha da artırmaq məqsədilə müxtəlif tədbir və layihələrin keçirilməsi nəzərdə tutulur. Bu tədbirlər cəmiyyətin bütün təbəqələrində ekoloji düşüncə tərzinin daha da gücləndirilməsinə xidmət edəcək.