Qan laxtalanması təhlükəli haldır. Bu, damarlarda trombların əmələ gəlməsinə səbəb olur. Tromb qan axını ilə daha nazik damarlara düşüb onları bağlaya bilir. Bu laxta ürək damarına düşdükdə infarkt, beyin damarlarını bağladıqda isə insult yaranır.
Müasir dövrdə insanların oturaq həyat tərzi, yağlı, qızardılmış qidalar yeməsi, üstəlik, az su içməsi qanı qatılaşdırır.
Fitoterapevtlər qanı təmizləyən, duruldan, tərkibini yaxşılaşdıran, xolesterin səviyyəsini aşağı salan məlhəm tövsiyə edirlər. Bu qarışımı hazırlamaq üçün 1/2 stəkan noxud, 2 xörək qaşığı zeytun yağı, 2 diş sarımsaq, 1 xörək qaşığı limon şirəsi, hərəsindən 1 çimdik qırmızı istiot, zəncəfil, sarıkök və 2 ədəd mixək (üyüdülmüş) lazımdır.
Qarışımın hazırlanma qaydası belədir:
1. Öncə noxud yuyulur və axşamdan bir qədər soda əlavə olunmuş suda isladılır. Səhər suyu süzülür, bişirilir.
2. Bişmiş noxudun qabıqları soyulur və blenderdə əzilir.
3. Zeytun yağı, əzilmiş sarımsaq, limon şirəsi, ədviyyatlar əlavə edilib qarışdırılır.
4. Hazır qarışım soyuducuda saxlanır.
Bu məlhəmdən gündə 2–3 xörək qaşığı qəbul edilir. Onu çörəyə yaxmaq da olar.
Z.HÜSEYNLİ
XQ