Gerçəyə çevrilən Qızılgül nağılı

post-img

– Ay nənə, bir nağıl da de...

– Yaxşı bala, gəl otur dizimin üstündə, bu dəfə sənə Qızılgülün nağılını söyləyəcəyəm.

Biri var idi, biri yox idi... Tanrının bol nemət bəxş etdiyi bir diyar – Zaqatala var idi. Dağların qoynunda qərar tutmuş bu gözəl məkanda torpağın bərəkəti birə-beş artıq idi. Burada hər qarış torpaq dəyərli idi, hər damla su həyat bəxş edirdi. İnsanlar illərlə bu torpağı sevgi ilə becərir, zəhmətlərinin bəhrəsi ilə yaşayırdılar.

Bu diyarın ən gözəl nemətlərindən biri də Qızılgül idi. Zaqatalanın torpağı və iqlimi qızılgül üçün ideal mühit yaratmışdı. Xüsusilə 1960–1980-ci illərdə Qızılgül plantasiyaları bütün bölgəyə şöhrət qazandırmışdı. Hər yazın gül mövsümündə səhərin ilk işartısında qız-gəlinlər plantasiyalara axışar, barmaqlarının ucu ilə ləçəkləri ehtiyatla dərərdilər. Bu səhnələr sanki nağılvari bir gözəllik kimi cilvələnirdi.

Nənə nağılın davamında söylədi ki, 1990-cı illərin əvvəllərində ölkədə baş verən iqtisadi böhran bu sahəyə də təsirsiz ötüşmədi. İstehsal dayandı, plantasiyalar baxımsız qaldı. Qızılgül sənayesi uzun illər susqunluğa qərq oldu. Nə yaxşı ki, işbilən insanlar bu gözəl ənənənin tam unudulmasına yol vermədilər.

İllər sonra dövlətin diqqəti və dəstəyi ilə Zaqatalanın qədim məşğulluğu yenidən dirçəldildi. Bu dəfə ünvan dəyişdi – rayonun Şərq qapısında yeni plantasiyalar salındı. Layihənin həyata keçirilməsində mərhum Şamil Məmmədovun əməyi xüsusilə qeyd olunur. O, bu sahənin inkişafına böyük zəhmət sərf etdi.

2017-ci ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə müasir gül emalı müəssisəsinin açılışı keçirildi. Prezident burada yaradılan şəraitlə yerində tanış oldu və müəssisənin gələcəyinə yüksək qiymət verdi. Gülçülük təsərrüfatına geniş investisiya yatırıldı: 82 hektarda “Dəməşq qızılgülü”, 25 hektarda “Lavanda” plantasiyaları salındı, artezian quyuları qazıldı, damcı suvarma sistemləri quraşdırıldı, infrastruktur yeniləndi. Türkiyədən təcrübəli aqronomlar dəvət olundu, Bolqarıstandan yüksək keyfiyyətli tinglər gətirildi.

Bu gün müəssisə “Lecheq Farm and Distillery” MMC adı ilə fəaliyyətini davam etdirir. Burada illik 1250 ton yaş gül ləçəyi emal olunur, 250 litr qızılgül, 6 min litr lavanda yağı istehsal edilir. İstehsal olunan məhsullar əsasən Yaponiya, ABŞ, Fransa, Almaniya, Türkiyə və digər ölkələrə ixrac olunur. Müəssisənin məhsulları dünyanın nüfuzlu sərgilərində təqdim edilir, bəzi məhsullar isə artıq beynəlxalq dərsliklərə daxil edilib.

Bu il mövsüm 528 ton məhsul yığımı ilə yekunlaşıb. Təsərrüfatın baş aqronomu Abdulla Qurbanovun sözlərinə görə, yığım prosesində 1500 nəfər çalışıb. İndi isə yığım mövsümündən sonra daimi briqadalar tərəfindən işlər davam etdirilir, qalan məhsullar əlavə məhsulların hazırlanması üçün toplanır.

Müəssisə təkcə efir yağı istehsalı ilə kifayətlənmir. Gülqənd, gülçay, qurudulmuş ləçəklər, lavanda yağı və digər məhsullar da hazırlanır. Bununla yanaşı, lavanda, nanə, yasəmən, şalfey və yovşan kimi dərman və aromatik bitkilərin də becərilməsi və emalı həyata keçirilir. Gələcək planlara şalfey yağının istehsalı da daxildir.

Bu gün Zaqatalada təkcə iqtisadi fəaliyyət deyil, nənəmin söylədiyi bir nağıl gerçəkləşir. Qızılgül əfsanəsi yenidən dirçəlir, torpağın ətri dünyaya yayılır, insanların zəhməti ilə zənginləşir. Bu, təkcə kənd təsərrüfatı deyil – bu, milli sərvətimizin, zəhmətsevər insanlarımızın, torpağa bağlılığımızın və mədəni irsimizin davam edən nağılıdır.

Və bu nağıl bitmir. Əksinə, hər mövsüm yenidən başlanır...

Elmira MEHDİQIZI,
jurnalist
Zaqatala





Sosial həyat