Samuxda Ərik Festivalı

post-img

Bu dadlı və şəfalı nemətin şərəfinə 2-ci dəfə təntənə qurulur

Əslində, bu festival keçən il ilk dəfə keçiriləndə müxtəlif fikirlərə, disskusiyalara, hətta mübahisələrə səbəb oldu. Biri dedi ki, ən çox ərik yetişdirilən bölgə Naxçıvanın Şərur, Ordubad rayonlarıdır. Başqa birisi Goranboyun adını çəkdi. Hətta Bərdənin, Şəkinin, Tərtərin adları sadalandı, Samuxun isə yox. Lakin bircə nəfər demədi ki, ola bilsin həmin rayonlarda ərik Samuxdakından çox yetişdirilir, amma onu rayonun brendinə çevirmək istəyən, ilk dəfə belə bir festival keçirmək barədə təşəbbüs irəli sürən rayon Samuxdur axı. Niyə də alqışlamayaq, “sağ olun” deməyək. Nəcib təşəbbüs hamı tərəfindən müdafiə olunsa, daha yaxşı deyilmi?

Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev dedi ki, ikinci festivala ciddi hazırlaşıblar. Rayonda ərik sahələri hər il genişləndirilir. Bir il qabaq Azərbaycanda ən çox ərik əkilən 5 rayon olub ki, onların arasında Goranboydan sonra Samux ikinci yeri tutur. Cənab Prezidentimiz İlham Əliyevin qeyri-neft sektorunun inkişafı istiqamətində gördüyü işlər, eyni zamanda kənd təsərrüfatı sahəsinə diqqət və qayğısı nəticəsində rayonlarda, o cümlədən bizim Samuxda bağçılıq ildən-ilə inkişaf edir. Hazırda rayonumuzun ərik bağlarında 20 sorta yaxın ərik yetişdirilir.

Onu da qeyd edək ki, Samuxda Ərik Festivalının keçirilməsi təşəbbüsünü Firdovsi Əliyev özü irəli sürüb və rayon əhalisi, xüsusilə fermerlər, kiçik sahibkarlar da bu təşəbbüsü bəyənib və müdafiə ediblər. Qeyd olunub ki, bu həm də gözəl təbiəti, tarixi abidələri, qızıla bərabər torpağı olan Samuxun turizm potensialını göstərmək, təbliğ etmək, yeni turizm marşrutlarının salınması baxımından çox səmərə verə bilər.

İndi yenə bütün diqqət Samuxa yönəlib. Bu gün rayonda ikinci “Ərik Festivalı”dır. Samux şəhəri, Heydər Əliyev prospektində, müasir dizaynda yeni salınan, artıq rayon sakinlərinin və qonaqların sevimli istirahət guşəsinə çevrilən parkda təşkil olunan “Ərik Festivalı” və “Aqrar Biznes Festivalı”nda milli mətbəximizin təamları, fermerlərin yetişdirdikləri müxtəlif növ ərik məhsulları, onların mürəbbəsi və şirələri təqdim olunur.

Festivalın keçirilməsində məqsəd həm də fermerlərin yetişdirdiyi ərik növlərini nümayiş etdirməklə fermer və sahibkarlar arasında işgüzar əlaqələri genişləndirmək, eyni zamanda destinasiyanın aqroturizm potensialını canlandırmaq, ərik məhsulunun Samux rayonu üçün brendləşməsinə, rayonun sosial-iqtisadi və mədəni inkişafına müsbət təsir göstərməsini yaxşılaşdırmaqdan ibarətdir.

Festival çərçivəsində qonaqlar Samux rayonunda fəaliyyət göstərən təsərrüfat sahələrinə də baxış keçirir, istehsal olunan məhsullarla tanış olurlar. Aqrar Biznes Festivalında isə kənd təsərrüfatı təyinatlı qurğu və avadanlıqlar, müasir yeni texnologiyalar nümayiş olunur, aqrar sahədə fəaliyyət göstərən texnika, gübrə, toxum və dərmanlar sərgilənir.

Xatırladaq ki, ərik qurudulmuşu, yağı və hətta toxumu ilə şəfa verir. Tərkibində çoxlu A, B, C, E, K və P vitaminləri var. Ərik həm də fosfor, kalsium, kalium və dəmir baxımından çox zəngindir. Diabetdən xərçəngə, artıq çəkidən iltihaba qədər bir çox xəstəliklə mübarizə aparır.

Sonda bildirək ki, Samux rayonu tarixən ərik yetişdirilməsi ilə məşğul olub. Gəncə bazarlarını, həmçinin Bakı şəhərini bu məhsullarla təchiz edib. İndi isə onu rayonun brendinə çevirmək məqamıdır. Buna samuxluların haqqı çatır. Həm məhsulunun dadı, həm bolluğu, həm də insanlarının həddindən artıq zəhmətkeşliyi ilə. Uğur olsun!

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri
Samux rayonu



Sosial həyat