21 İyun Ümumdünya Musiqi Günüdür
Planetin ahəngini musiqisiz təsəvvür etmək çətindir. Hələ qədim tarixə aid Qobustan qayalarının üzərindəki rəqs səhnələri, birlik simvolu olan qavaldaşlar bu yerləri ilkin rəqs və musiqi mədəniyyətinin formalaşdığı ərazi kimi təqdim edir.
İyun ayının 21-nin Ümumdünya Musiqi Günü sayılması ideyasını yarım əsr əvvəl amerikalı musiqiçi Coel Koen təklif edib. Bir qədər sonra Fransada bu münasibətlə ilk festival keçirilib. Tədricən Musiqi Günü genişlənərək Avstraliya, Belçika, İngiltərə, Lüksemburq, Almaniya, İsveçrə, Kosta-Rika, İsrail, Çin, Hindistan, Livan, Malayziya, Mərakeş, Pakistan, Filippin, Rumıniya, Kolumbiya kimi ölkələri də əhatə edib. Qardaş Türkiyədə ilk dəfə 2005-ci ildə bu münasibətlə Qu quşları Parkları kimi xalqa açıq yerlərdə, müxtəlif sənətçi və birliklərin pulsuz konsertləri təşkil olunub. Günün xüsusi şüarları “Musiqi dinlə!” və “Küçədəki nota qulaq verin” kimi formalaşıb.
Bu bayramı daha çox haqq edən ölkələrdən biri Azərbaycandır. İlk yazılı ədəbi abidəmiz olan “Kitabi-Dədə Qorqud” dastanında musiqi ilə bağlı bir sıra parçaların mövcudluğu, dastan boyunca müxtəlif musiqi alətlərinin adlarının çəkilməsi musiqimizin qədimliyinə əyani sübutdur. Bu gün Azərbaycan musiqisi, xüsusilə də muğam və xalq mahnılarımız dünya mədəniyyəti xəzinəsinin dəyərli inciləri sırasındadır. Musiqinin inkişafı ölkəmizdə xarakter cizgilərindən sayıla bilər. İliyə, qana hopan ritmlər şən həyatın, nikbin ovqatın təzahürüdür.
Dünyada cəmi bir neçə şəhər var ki, musiqi onun hər daşına, qayasına, ab-havasına hopub. Bu şəhərlər Avstriyanın Vyanası, İtaliyanın Neapolu, Azərbaycanın da Şuşasıdır. Beş il əvvəl erməni işğalından azad edilmiş Şuşa haqlı olaraq “Qafqazın konservatoriyası” təyinini qazanıb. Bu diyarın parlaq nümayəndələri dünyanın bütün qitələrində Azərbaycan musiqisini ləyaqətlə təmsil edərək ona şöhrət gətiriblər. Şuşa Mir Möhsün Nəvvabın, Xarrat Qulunun, Hacı Hüsünün, Sadıxcanın, Məşədi İsinin, Əbdülbağı Zülalovun, Cabbar Qaryağdıoğlunun, Keçəci oğlu Məmmədin, Məşədi Məmməd Fərzəliyevin, İslam Abdullayevin, Seyid Şuşinskinin, Bülbülün, Rəşid Behbudovun, Zülfi Adıgözəlovun, Xan Şuşinskinin, Məşədi Cəmil və Fikrət Əmirovların, Qurban Pirimovun, bəstəkarlardan Üzeyir, Zülfüqar, Soltan və Niyazi Hacıbəyovların, Əfrasiyab Bədəlbəylinin, Əşrəf Abbasovun və Süleyman Ələsgərovun vətənidir.
Azərbaycan muğamı 7 noyabr 2003-cü ildə UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan olunub. Daha 5 il sonra Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış bu qurumunun Qeyri-maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib.
Danılmaz faktdır ki, sivilizasiyalar və mədəniyyətlərarası dialoqa töhfə verən Azərbaycan bununla ümumdünya mədəni irsini də zənginləşdirir. Ölkəmizdə keçirilən ənənəvi “Xarıbülbül”, Qəbələ musiqi festivalları, Beynəlxalq Muğam Müsabiqəsi ətrafına çoxsaylı xarici qonaqları və sənətsevərləri toplayır. 1995-ci ildən isə 18 sentyabr “Üzeyir Musiqi Günü” kimi təqvimə düşüb. Bu münasibətlə respublikamızda bir çox konsert, tədbir və sərgilər təşkil olunur. Üç ay sonra dahi bəstəkarın anadan olmasının 140 illik yubileyi ilə əlaqədar daha bir möhtəşəm Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
Musiqimizi dünya arenasına çıxarmış ünlü bəstəkarlarımız Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Qara Qarayev, Fikrət Əmirov, Cahangir Cahangirov, Tofiq Quliyev və digərləri ehtiramla yad olunurlar. Gözəl səs sahibləri Bülbül, Rəşid Behbudov, Müslüm Maqomayev, Şövkət Ələkbərova, Lütfiyar İmanov, Polad Bülbüloğlu, Zeynəb Xanlarova dünya salonlarını lərzəyə salıblar.
Elə bu günlər Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda “Muğam aləmi” VII Beynəlxalq Musiqi Festivalı keçirilir. Bayrama ümumilikdə 25-dən çox ölkədən 200-dən artıq ifaçı, tədqiqatçı və qonaq qatılıb. Festival çərçivəsində Azərbaycan, Türkiyə, Tacikistan, Özbəkistan, Səudiyyə Ərəbistanı və Çindən olan gənc istedadların iştirakı ilə növbəti muğam müsabiqəsi təşkil edilib. Sabah başa çatacaq festivalın proqramına XIII əsrin görkəmli musiqişünası Səfiyəddin Urməvinin nəzəri və praktik irsi ilə bağlı simpozium, İçərişəhərdə Azərbaycan radiosunun 1950–60-cı illərin “Muğam saatı” proqramı əsasında interaktiv səs performansı və “Muğam 12” musiqi marafonu da daxildir. Festival boyunca Azərbaycanın tanınmış muğam ifaçılarının iştirakı ilə ustad konsertləri də olub.
Bundan başqa, bir həftədir ki, Bakıda IV Beynəlxalq Piano Festivalı davam edir. Tanınmış caz pianoçusu və bəstəkar, Əməkdar artist Şahin Növrəslinin təşəbbüskarı olduğu bu möhtəşəm bayrama dünyanın 10 ölkəsindən sənətçilər təşrif buyurub. Fransanın məşhur caz-divası Mina Aqossinin kvartetinin, Türkiyənin “Altera Ensemble” qrupunun konsertləri, “Caz gecəsi”, Zaza Xutçişvilinin, Simon Raabın, Liz Rasanın, Mike Del Ferronun, Yeganə Axundovanın çıxışları, gənc istedadların “Gələcək bizik” performansı, sərgilər, ədəbi müsabiqə və cem sessiyaları unudulmaz təsir bağışlayıb. Festivalın son akkordları iyunun 28-də vurulacaq.
Görünən budur ki, Azərbaycan dünyanın nəbzi musiqi ilə vuran gözəl məkanıdır. Paytaxtımız musiqi xadimlərinin adlarını daşıyan küçə və prospektlərinin, məktəblərinin, mənzil-muzeylərinin sayına görə, bəlkə də, dünyada 1-cidir. Bakıda Musiqi Mәdәniyyәti Dövlәt Muzeyi də var və 40 ilə yaxındır ki, fəaliyyət göstərir.
Qoy, dünyadan musiqi sədaları əskik olmasın! Musiqilər səslənsin, döyüş topları (indiki halda raketlər) sussun!
Ə.DOSTƏLİ
XQ