Naxçıvan Qərbi Azərbaycana Qayıdış hərəkatının ön cəbhəsində

post-img

Muxtar diyarda səslənən həqiqətlər Ermənistanda tez və gur əks-səda verir

Azərbaycan Prezidenti, Qarabağın fatehi İlham Əliyevin uzaqgörən siyasəti, uğurlu diplomatiyası və müdrik addımları nəticəsində Ermənistanın Azərbaycana 30 il davam edən hərbi təcavüzünə, misilsiz soyqırımı və vandallıqla müşayiət olunmuş işğala son qolmuş ölkəmizin ərazi bütölüyü və suverenliyi tam bərpa edilmişdir. 

Ümummilli lider Heydər Əliyevin ideya və əməllərini, yarımçıq qalmış arzu və istəklərini inamla davam etdirən ölkə rəhbəri Ulu öndərin erməni millətçilərinin 1905–1906, 1918–1920, 1948–1953 və 1988–1991-ci illərdə xalqımıza qarşı həyata keçirdikləri soyqırımı və deportasiya siyasətinin ifşa edilməsi, Qərbi Azərbaycan həqiqətlərinin təbliği, bu əzəli torpaqlarımızdan vəhşiliklə qovulmuş soydaşlarımızın hüquqlarının beynəlxalq müstəvidə müdafiə olunması ilə bağlı siyasətini də iri miqyasda, qətiyyətlə davam etdirir. Prezident İlham Əliyev müzəffər komandanı olduğu Qarabağ zəfərindən sonrakı dövrdə bu mübarizəni ümummilli hərəkat səviyyəsinə yüksəldərək, Qərbi Azərbaycana Qayıdış missiyasının dövlət səviyyəsində dəstəklənməsini təmin edir.

Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə Qərbi Azərbaycandan deportasiya edilmiş soydaşlarımızın tarixi yurdlarına ləyaqətli və təminatlı qayıdışı üçün önəmli meydan açdı. Prezident 
İlham Əliyevin 24 dekabr 2022-ci ildə Qərbi Azərbaycan İcmasının inzibati binasına gəlişi, burada prinsipial mövqeyə əsaslanan, proqram xarakterli çıxış etməsi xalqımızda Qərbi azərbaycanlıların hüquqlarının bərpa olunmasına və onların öz doğma torpaqlarına qayıtmasına əminlik və böyük ruh yüksəkliyi yaratdı. 

Bundan sonra Qərbi Azərbaycan İcmasının fəaliyyətinin konseptual xarakterli çərçivə sənədi – Qərbi Azərbaycana Qayıdış Konsepsiyası hazırlandı. Ötən müddətdə bu tarixi sənədin icrası istiqamətində çoxşaxəli məqsədyönlü addımlar atılmışdır.

Bəhs etdiyimiz tarixi sənədin icrası istiqamətində İcmanın Azərbaycan Milli Elmlər Akademiyasında yaradılmış elmi-tədqiqat strukturu ilə əlaqəli şəkildə fəaliyyəti hərəkatda önəmli bir istiqamət açdı. 

Xatırladaq ki, həyata keçirilən dövlət siyasətinə uyğun olaraq, AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin təşəbbüsü əsasında AMEA Rəyasət Heyətinin 16 yanvar 2023-cü il tarixli qərarı ilə Qərbi Azərbaycan tədqiqatları üzrə Əlaqələndirmə şurası yaradılıb. Bundan əlavə, “AMEA-nın Qərbi Azərbaycanın tədqiqi və təbliği ilə bağlı Tədbirlər planı” təsdiq edilərək mərhələli şəkildə həyata keçirilir. AMEA-nın Tarix və etnologiya İnstitutunda Qərbi Azərbaycan tarixi, Folklor İnstitutunda Qərbi Azərbaycan folkloru, Nəsimi adına Dilçilik İnstitutunda isə Qərbi Azərbaycan toponimikası şöbələri yaradılıb. Bu qurumlarda Qərbi Azərbaycanla əlaqədar çoxsahəli tədqiqatlar aparılmaqda, elmi nəşrldə hazırlanır.                         

2023-cü ilin 23–24 noyabrında Naxçıvan Dövlət Universitetinin təşəbbüsü ilə Azərbaycanda ilk dəfə muxtar respublikada “Qərbi Azərbaycana qayıdış” adlı festival və “Qərbi Azərbaycana qayıdışa gedən yol” adlı konqres keçirilməsi də Qərbi Azərbaycana qayıdış strtaegiyasının reallaşdırılması istiqamətində mühüm tarixi addım oldu. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı, Türkiyədən olan 20-dən çox qurumun tərəfdaşlığı ilə keçirilən festival-konqres mühüm tarixi məqamları ilə yadda qaldı.               

Qeyd edək ki, Prezident İlham Əliyev Qərbi Azərbaycan ziyalı qrupu ilə görüşü zamanı bu bölgənin tarixi, mədəni irsi, qayıdış hüququ mövzularında sərgilər, təqdimatlar, beynəlxalq konfranslar keçirilməsi ilə bağlı tapşırıq vermişdi. Qərbi Azərbaycana coğrafi-etnik baxımdan, tarix etibarilə daha doğma və yaxın olan Naxçıvan bu çağırışa ilk cavab verərək möhtəşəm bir tədbir reallaşdırdı. Bununla Qərbi Azərbaycanla bağlı yeni elmi-tədqiqat mərhələsinin rəmzi təməli qoyuldu, bu festival-konqresin ənənəvi olaraq keçirilməsi qərara alındı. 

Ölkəmizin müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında, həmçinin qardaş Türkiyə universitetlərində fəaliyyət göstərən tədqiqatçıların bir araya gəldiyi bölmə iclaslarında ali təhsil proqramlarına Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, folkloru, toponimləri, İrəvan Müəllimlər Seminariyası ilə bağlı dərslərin, seçmə fənlərin daxil edilməsi kimi aktual məsələlər ortaya qoyuldu. Azərbaycanın elm, təhsil müəssisələrində Qərbi Azərbaycan tarixinin araşdırılması sahəsində ardıcıl, sistemli tədqiqatların aparılması və elmi-tarixi, nəzəri əsərlərin yazılması zərurəti qeyd edildi. 

Konqres beynəlxalq təşkilatlara Azərbaycana qarşı ədalətli mövqe nümayiş etdirməyə, Qərbi azərbaycanlıların ləyaqətli və tam təhlükəsiz qayıdışına səssiz qalmamağa çağırış etməklə həm də siyasi əhəmiyyət daşıdı. Festival-konqres çərçivəsində keçirilən kitab təqdimatları, ustad dərsləri, film nümayişləri, xalq oyunları, kompozisiyalar, konsert proqramları, müxtəlif sərgilər, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, tanınmış modelyer-rəssam Fəxriyyə Xələfovanın ilk dəfə Naxçıvanda təşkil olunan “Milli ornamentlərin harmoniyası” adlı kolleksiyası və yeni elmi-tarixi faktlarla zəngin məruzələr tarixi həqiqətin sarsılmazlığına, doğma yurda qayıdışa əminlik yaratdı. 

Festival-konqres çərçivəsində qonaqlar Ordubad rayonunun Parağa, Kəngərli rayonunun Çalxanqala kəndlərində yaşayan Qərbi azərbaycanlılarla görüşdülər. Bu, deportasiyaya məruz qalmış müxtəlif nəslin nümayəndələri olan soydaşlarımızla əslən Qərbi Azərbaycandan olan bugünkü nəslin bölgələrdə, bəlkə də, ilk belə tarixi kütləvi görüşü idi ki, festival-konqres nəsillərarası əlaqəni daha da möhkəmləndirmək, milli yaddaşı təzələmək, düşüncələrdə yurda dönüşə birgə güclü inam yaratmaq baxımından da çox mühüm əhəmiyyət kəsb etdi. 

2024-cü il iyunun 21–22-də keçirilən ikinci “Qərbi Azərbaycana qayıdış” festival-konqresi də Qərbi Azərbaycanda xalqımızın uzun illər ərzində yaratdığı mədəni irsin, tarixi keçmişimizin təbliği, həmçinin doğma torpaqlara qayıdış hüququnun beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımndan çox böyük əhəmiyyətə malik oldu. Vurğulayaq ki, bəhs etdiyimiz festival-konqreslərin plenar iclaslarında Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin, Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayevin, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevanın, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevin, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərlinin, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Qərbi Azərbaycan Araşdırma Mərkəzinin təssisçisi, professor Mahirə Hüseynovanın çıxışları, söylədiklərimülahizələr bu irimiqyaslı aksiyaya siyasi dəyər, elmi məzmun verdi, hərəkata geniş ictimai dəstək qazandırdı.

İkinci festival-konqresin Azərbaycanın dilbər guşələrindən biri olan Batabat yaylağında təşkil olunması xüsusi rəmzi məna daşıyırdı. Bu festivalın mənfur düşmənlərimizin işğal arzusunu əbədilik gözündə qoyan qədim Naxçıvan diyarının füsunkar məkanında – vaxtilə həmvətənlərimizin yaşadıqları Qərbi Azərbaycan kəndlərindən cəmi bir neçə kilometr məsafədə yerləşən ərazidə keçirilməsi ermənilərə gözgörəsi ibrət dərsi idi. Biz “həm ruhən, həm də məsafə etibarilə Qərbi Azərbaycana addım-addım yaxınlaşırıq!” deməklə öz mənəvi haqqımıza qovuşmamıza, tarixi ədalətin bərpasına çox az qaldığını bəyan etdik.

 Batabat yaylağında Qərbi Azərbaycanın 11 mahalını rəmzi olan çadırların qurulması, müstəqillik rəmzi Dövlət Himnimizin səsləndirilməsi, el ağsaqqalı, müdrik Dədə Qorqudun müqəddəs qopuz sədaları altında xeyir-dua verməsi, üçrəngli Dövlət Bayrağımızı vüqarla dalğalandıran çaparların dağlara səs salan qələbə müjdəsi, zəfər simvolu olan üç tonqal, NDU-nun Tələbə Teatr Studiyasının hazırladığı “Zəfər” və “Dərələyəz” kompozisiyaları tədbirə millilik, həmrəylik məzmunu bəxş etdi. Qərbi Azərbaycandan olan iki gəncin toy mərasimi əzəli yurd yerimizin folklor və etnoqrafiyasını, milli mədəni irsini sərgiləməklə yanaşı çox yaxında Qərbi Azərbaycana qayıdacağımızla bağlı bayram şadyanalığının zirvəsi oldu, insanlara qələbə ovqatı, qayıdış inamı bəxş etdi. NDU-nun texnologiya mərkəzinin hazırladığı Qərbi Azərbaycan mətbəxi sərgisi isə iştirakçılar üçün bayram süfrəsinə çevrildi.

Festival-konqresin bölmə məruzələrdə indiki Ermənistanın qədim Oğuz-türk yurdunun tarixi bir bölgəsi olması tarixi, arxeoloji, toponimik və dil faktorları əsasında bir daha elmi təsdiqini tapdı. Naxçıvan Dövlət Universiteti Elmi kitabxanasında Qərbi Azərbaycanla bağlı çap olunmuş kitabların təqdimatı erməni məkri və saxtakarlıqlarının ifşası baxımından əhəmiyyət kəsb etdi. 

Bu il iyunun 13-ü və 14-də Naxçıvanda keçirilən “Qərbi Azərbaycan: tarixi, mədəniyyəti və böyük qayıdış” mövzusunda respublika elmi konfransı mövcud ənənənin uğurlu davamı olmaqla yanaşı elmi ağırlığı, elmi yenilik zənginliyi və mahiyyət dərinliyi ilə xüsusilə seçildi. Konfrans Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, AMEA Tarix və Etnologiya İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyası, AMEA Naxçıvan Bölməsi, Qərbi Azərbaycan İcması və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə reallaşdırıldı. Bu faktın özü Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının icrası istiqamətində qarşıya qyulmuş hədəflərə çatmaqda vahid təşkilatlanmadan, konkret məqsəd və ideya birliyi formalaşmasından xəbər verir. 

AMEA Naxçıvan Bölməsi AMEA-nın 80 illik yubileyini qeyd etdiyimiz ərəfədə bəhs etdiyimiz konfransa öz elmi-yaradıcı potensialının çoxsaylı uğurları ilə gəlmişdi. “Xalqımızın qədim yurd yeri: Qərbi Azərbaycan” mövzusunda və digər elmi konfransların keçirilməsi, akademik İsmayıl Hacıyevin “Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri”, filologiya üzrə fəlsəfə doktoru, dosent Aytən Cəfərovanın “Qərbi Azərbaycanın etno-mədəni mühiti: tədqiqlər, xatirələr, faktlar” ikicildliyi və digər elmi və elmi-kütlıvi nəşrlərin hazırlanması, movzu ilə bağlı elmi tədqiqatların müxtəlif dillərdə beynəlxalq impakt faktorlu junalda da yer alması bunu bir daha təsdiq edir. Tədbir çərçivəsində öz mövzu rəngarəngliyi və aktuallığı ilə seçilən belə elmi nəşrlərdən ibarət kitab sərgisi festival-konqres iştirakçıları tərəfindən maraqla qarşılandı.

Plenar iclasda AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevın çıxışı ilə erməni şovinizminin dünya imperializminin havadarlığına arxalanaraq Azərbaycan xalqına qarşı törətdikləri soyqırım və deportasiya faciələri bir daha yaddaşlarda yeniləndi. Nə qədər ağır və faciəvi olsa da tarixə qısa ekskurs zamanı məlum oldu ki, XX əsr boyu həyata keçirilmiş və XXI əsrdə də davam etmiş soyqırımı, deportasiya və təcavüzlər on minlərlə həmvətənimizin qətliamına, yüz minlərlə azərbaycanlının öz doğma yurdundan didərgin düşməsinə səbəb olub. Ermənilər yuzilliklər boyu törətdikləri bu vandalizmə görə tarix qarşısında, beynəlxalq hüquq çərçivəsində cavab verməlidir. Məhz Azərbaycanın dövlət siyasəti, iqtidar-xalq birliyi buna nail olmağa zəmanət verir.

Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov vurğuladı ki, ölkəmizin hərtərəfli inkişafı, Azərbaycanın beynəlxalq müstəvidə yetərli nüfuz və söz sahibinə çevrilməsi, milli həmrəyliyimiz, Azərbaycanın dövlət suverenliyini və ərazi bütövlüyünü qalibiyyətlə bərpa etməsi, müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradə və qətiyyəti Qərbi Azərbaycana sülh yolu ilə qayıdışı günbəgün reallaşdırır. Bu proseslərdə Qərbi Azərbaycana məxsus toponimləri, dil faktlarını, dini-tarixi abidələri və digər mədəniyyət nümunələrini araşdıraraq tutarlı elmi sübut və dəlillər ortaya qoyan alim və ziyalılarımızın müstəsna xidmətləri danılmazdır, eyni zamanda onların üzərinə mühüm tarixi vəzifələr düşür.

AMEA prezidenti, akademik İsa Həbibbəyli dövlət başçısı İlham Əliyevin uzaqgörən sülhsevər siyasətinə əsaslanan Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını tarixi zəfərdən sonra ölkəmizdə ikinci Böyük Qayıdış Proqramı kimi təhlil etdi. Akademik bildirdi ki, AMEA-da Qərbi Azərbaycan mövzuunda araşdırmalar aparılması, konfranslar keçirilməsi, “Xalq qəzeti” ilə birgə ictimai müzakirələrin təşkil edilməsi, “Qərbi Azərbaycan toponimlərinin leksik-semantik xüsusiyyətləri”, “Qərbi Azərbaycan dialektoloji atlası”, “Qərbi Azərbaycan folklor örnəkləri” toplusu, “Qərbi Azərbaycan Ensiklopediyası” kimi dəyərli nəşrlərin hazırlanması istər Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının elmi-ictimai müstəvidə uğurlu icrasına xidmət edir. 

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Qərbi Azərbaycana həsr olunmuş fundamental tədqiqatlardan bəhs etdi, bu araşdırmaların gənc tədqiqatçılar üçün yeni elmi üfüqlər açdığını bildirdi. Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, QAİ-nin Amasiya rayonu üzrə sədri Abel Məhərrəmov Naxçıvan və Qərbi Azərbaycanın tarixindəki oxşarlıqlarla və Qərbi Azərbaycan İcmasının fəaliyyəti ilə bağlı maraqlı faktları diqqətə çatdırdı. QAİ İdarə Heyətinin üzvü, Keşkənd rayon icmasının sədri, professor Mahirə Hüseynovanın Qərbi Azərbaycan toponimlərinin dəyişdirilməsi – ermənilərin heç bir tarixi ədalətə və məntiqə sığmayan etnik cinayəti ilə bağlı səsləndirdiyi ittihamlar, AMEA Tarix və Etnologiya İnstitutu Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, professor Cəbi Bəhramovun Qərbi Azərbaycanın tarixi və mədəniyyətinin tədqiqi istiqamətində aparılan elmi-kütləvi təbliğat işləri haqqında verdiyi məlumatlar konfransda maraqla qarşılandı. 

İğdır Universitetinin ədəbiyyat fakültəsinin dosenti Oğuz Şimşək Qərbi Azərbaycanın oğuz türklərinin ata-baba yurdu olması, soydaşlarımıza qarşı törədilən erməni vəhşilikləri, kəndlərimizin saxtakarlıqla erməniləşdirilməsi ilə bağlı yeni zəngin tarixi faktlara əsalnaraq çıxış etdi. Bu tarixi çıxış, türkiyəli alim-ziyalının jurnalistlərə müsahibəsi Qərbi Azərbaycana – əzəli oğuz-türk yurduna qaydışın, o torpaqları, dini-tarixi abidələri birgə ziyarətin artıq bir ümumtürk məramına, türkçülük ideyasına çevrildiyini təsdiq etdi. 

Konfransın bölmə iclaslarındakı məruzələrdə səsləndirlən yeni elmi-tarixi faktlar, aktual müzakirə və diskussiyalar Qərbi Azərbaycana Qayıdış hərəkatının zəruriliyini elmi, tarixi və mədəni əsaslandırmaq baxımından əhəmiyyətli oldu. Konfransda Qərbi Azərbaycanın tarixi, Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırlanmış Qayıdış Konsepsiyasının reallaşdırılması ilə bağlı qarşıda duran vəzifələr və başlıca hədəflər müəyyənləşdirildi. Qərbi Azərbaycana həsr olunmuş son respublika elmi konfransı həm beynəlxalq, həm də respublika səviyyəli ictimai-siyasi tədbirlərin geniş vüsət alması bu əbədi və əzəli torpaqlarımız uğrunda mübarizənin dövlətçilik strategiyası ilə yanaşı ümummilli ideyaya, ümumxalq hərakatına çevrildiyini sübut etdi. 

Yeri gəlmişkən qeyd edək ki, Qərbi Azərbaycana qayıdış uğrunda məqsədyönlü elmi-ictimai fəaliyyətin ilk səmərəli addımları dünya erməniliyini ciddi narahat etmişdir. Erməni mərlkəzlərinin təşvişə düşməsi, bununla bağlı kütləvi dezinformasiya işləri aparması bunu göstərir. Ermənistan Elmlər Akademiyasının rəhbəri Aşot Saqyan Qərbi Azərbaycana Qayıdış hərəkatının addımları iləbağlı ölkənin Təhlükəsizlik Şurasına müraciət etməsi qarşı tərəfin müdafiə mövqeyinə keçməsindən xəbər verir.

Bu yaxınlarda amerikalı jurnalist Lindsi Snel və ona istinad edən Ermənistan mətbuatı Qərbi Azərbaycan İcmasının 2023-cü ilin noyabrında Naxçıvanda Qərbi Azərbaycanla bağlı festival keçirməsini və bunu müasir Ermənistan ərazisinə qayıtmaq yolunda addım adlandırmasına antiAzərbaycan münasibəti bldirdi. Materialda qeyd olunurdu ki, Azərbaycan Prezidenti İlham Əliyev ATƏT PA-nın sədri Pia Qauma ilə görüşündə İrəvan rəhbərliyini azərbaycanlı qaçqınların öz yurdlarına qayıtmaq hüququnu rədd etməkdə ittiham edib. 

Həmin kampaniyada Azərbaycan Dövlət Pedaqoji Universitetində fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi də hədəfə alınmışdı. Xatırladaq ki, bu Mərkəz tarixi saxtalaşdırmaqla, ermənilərə qarşı əks-təbliğat aparmaqla məşğul olan ideoloji baza kimi təqdim edilir. ADPU-nun prorektoru, professor Mahirə Hüseynova bu yanlış və manipulyativ yanaşmanı kəsərli və əsaslandırılmış şəkildə təkzib edərək bildirdi ki, onun rəhbərlik etdiyi mərkəz elmi araşdırmalara söykənən həqiqətləri üzə çıxarır. Qərbi Azərbaycan həqiqətlərini müəllimlərə öyrətmək iddiasına gəlincə, təbii ki, burada müəllimlərə müəyyən istiqamət verilir. Ancaq bu istiqamət bir təbliğat deyil, tarixi həqiqətlərin düzgün təqdimidir və gələcək nəsillərə öz tariximizi doğru çatdırmaq məqsədi daşıyır. 

Bütün bunlar Qərbi Azərbaycanla bağlı keçirilən festival-konqreslərin, elmi konfransların mühüm tarixi, elmi-mədəni əhəmiyyət kəsb etdiyini bir daha sübüut edir. Bu tədbirlərdəki çıxışların, məruzələrin toplu halında nəşri, burada yer alan tarixi, ədəbi-mədəni faktlar Qərbi azərbaycanlıların layiqli və ədalətli şəkildə öz yurdlarına qovuşmasını təmin edəcək, Qərbi Azərbaycana Qayıdış dövlət siyasətinə və ümummilli hərakatına mühüm töhfə olacaq. Naxçıvanda keçirilən “Qərbi Azərbaycan: tarixi, mədəniyyəti və böyük qayıdış” mövzusunda respublika elmi konfransı bu qaydışa ilk olaraq elmi-siyasi şüur və təfəkkürdə nail olmaq, bu hüququ beynəlxalq prizmada, fundamental əsaslandırılmış şəkildə təsdiq etdirmək istiqamətində mühüm addım oldu. 

Mehriban SULTAN,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı, fəlsəfə doktoru, Naxçıvan MR Əməkdar jurnalisti

 



Sosial həyat