Gəncə hər zaman təbiətə, yaşıl məkanlara xüsusi diqqət göstərən bir şəhər olub. Burada ağaclar məqsədli şəkildə qırılmır, əksinə, şəhərin hər guşəsi, hər küçəsi yeni həyatla, təravətlə dolmaqda, yaşıllıqlar şəhərinə çevrilmək yolunda inamla irəliləyir.
Son dövrlərdə aparılan geniş inventarlaşdırma işləri göstərib ki, şəhər ərazisində küçə və parklarımızda müəyyən sayda quru və bioloji inkişafdan geri qalmış ağaclar mövcuddur. Bu, təbiətin öz qanunudur – ağaclar müəyyən dövrdən sonra zəifləyir, quruyur. Lakin Gəncədə məqsəd bu ağacları kəsmək deyil, onları yaşayan, nəfəs alan və şəhərin ekoloji tarazlığını təmin edən yeni ağaclarla əvəz etməkdir.
Bu məqsədlə sentyabr ayında başlayacaq kampaniya çərçivəsində, qeyd olunan ağacların yerində yerli iqlim və torpaq şəraitinə uyğun, sağlam və gənc ağaclar əkiləcək. Hər yeni ağac xüsusi nişanlarla işarələnəcək və ictimaiyyət yenilənməni www.agac.az portalı vasitəsilə izləyə biləcək.
Bu layihənin əsas məqsədi Gəncənin yaşıllıq fonunu daha da gücləndirmək, ekoloji tarazlığı qorumaq və şəhərin ümumi yaşayış şəraitini yaxşılaşdırmaqdır. Şəhər rəhbərliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu işləri şəffaflıq və ictimai nəzarət prinsiplərinə əsaslanaraq həyata keçirir.
Quruyan və qəzalı ağacların götürülməsi bəzən sərt qərar kimi görünə bilər. Lakin əslində bu, Gəncənin təbiətinə göstərilən dərin hörmətin, gələcəyə verilən dəyərin, yaşıl gələcəyin təminatçısıdır. Gəncə artıq yaşıl və sağlam mühit yaratmaq istiqamətində ciddi addımlar atır və yaxın gələcəkdə hər bir küçəsi, hər bir parkı daha təravətli, nəfəs alan məkanlara çevriləcək.
Bu, təkcə şəhərin gözəlliyinin artırılması deyil, həm də insan sağlamlığına, rifahına verilən önəmin göstəricisidir. Təbiət və insan arasında mükəmməl harmoniya yaradılması – Gəncənin əsas prioritetidir.
Beləliklə, Gəncə şəhəri həm təbiətinə bağlı, həm də müasir ekoloji standartlara cavab verən, yaşıllıqlar şəhəri kimi ölkəmizin nümunəvi məkanlarından biri olmaq yolundadır.
Bütün bunlar barədə - inventarlaşdırılmış quru və qəzalı ağacların götürülməsi ilə bağlı Gəncədə keçirilən ictimai dinləmədə geniş söhbət açılıb.
Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri
Gəncə