Qürur mənbəyimizə çevrilən şəhidlərimizdən biri də 30 yaşında şəhadətə ucalmış əsgər Emin Hüseynovdur. Sağ olsaydı, çox güman ki, elə bu axşam ailəsi, dostları ilə birlikdə 35 yaşını qeyd edəcək, haqqında söylənən xoş sözləri eşidəcəkdi.
Emin Fərmayıl oğlu Hüseynov 1990-cı il avqustun 20-də Tovuz rayonunun Yanıqlı kəndində anadan olub. Vətən sevgisi, doğma yurdun keşiyində durmaq arzusu onu Azərbaycan Ordusu sıralarında hərbi xidmətə sövq edib. 2008-2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələri sıralarında müddətli həqiqi hərbi xidmətdə olan Emin 2020-ci ilin məlum Tovuz döyüşlərindən sonra Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlayıb. Emin Vətən müharibəsi zamanı Murovdağın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə hünər göstərib. Murovdağ döyüşləri zamanı yaralanmasına baxmayaraq, yenidən döyüş meydanına qayıdıb.
Quru Qoşunlarında xidmət edən qumbaraatan əsgər Emin Hüseynov Ermənistan Ordusunun canlı qüvvəsinin və texnikasının məhv edilməsində dəfələrlə fərqlənib. Noyabrın 9-da Xocavənd döyüşləri zamanı şəhid olub. Ailəsi ilə axırıncı dəfə noyabırın 7-də telefon danışığı olan Emindən sonra 10 gün xəbər gəlməyib. Sən demə, həyatını canından çox sevdiyi Vətənə qurban veribmiş. Bu barədə məlumat noyabrın 18-də dəqiqləşib və ailəsinə bildirilib.
Hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə”, həmçinin torpaqlarımızın azadlığı uğrunda aparılan döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirdiynə görə “Kəlbəcərin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Tovuzun igid oğlunun şəhadətindən bir neçə ay sonra oğul övladı dünyaya gəlib. Mərkəzi xəstəxanaya gələn rayon icra hakimiyyəti və ictimaiyyət nümayəndələri şəhidin həyat yoldaşını və övladını xəstəxanadan evə qədər müşayiət ediblər ki, Eminin ruhu şad olsun. Qeyd olunub ki, şəhidlərimizin xatirəsi həmişə uca tutulduğu kimi, onların ailələri, övladları da hərtərəfli dövlət qayğısı ilə əhatə olunurlar.
Ad günüdür. Yenə də Tovuz Rayon Şəhid Ailələri Birliyinin üzvləri kəndə gedərək qohum-əqrəbası ilə birlikdə onun məzarını ziyarət edəcək, ruhuna dualar oxuyacaqlar. Bu duaların ünvanına həmən çatacağına əminik.