Nikah müqaviləsi nədir və niyə bağlanır?
Son zamanlar boşanmaların sayının artması ilə tərəflər arasında mülk, aliment iddiası, uzun sürən məhkəmə çəkişmələri çoxalıb. Azərbaycan Respublikasının Ailə Məcəlləsində nikaha daxil olmaq istəyənlərə nikah müqaviləsinin bağlanılması tövsiyə edilsə də, çoxları bundan xəbərsizdir. Bilənlərin də əksəriyyəti müqavilə imzalamaqdan çəkinir.
Bu, ailə quran tərəflər arasında əmlak münasibətlərini tənzimləyir, boşanma zamanı narazılıqları minimuma endirir. Statistika göstərir ki, məhkəmələrdə baxılan mülki mübahisələrin böyük qismi ailə münaqişəsi nəticəsində yaranır və əmlak xarakterlidir. Belə olan təqdirdə boşanmadan sonra əmlak bölgüsü və aliment tutulması ilə əlaqədar tərəflər az qala düşmənə çevrilirlər.
Qərb ölkələrində boşanma zamanı belə problemlər baş vermir. Vəkillər Kollegiyasının üzvü, vəkil Şahin Dadaşov XQ-yə açıqlamasında bildirdi ki, buna səbəb həmin ölkələrin təcrübəsində tərəflərin nikahdan öncə nikah müqaviləsi bağlamasıdır:
- Azərbaycanın Ailə Məcəlləsində də nikaha daxil olanlara bu müqavilənin bağlanması tövsiyə edilir. Ancaq təcrübədə bu müqavilənin imzalamasına nadir hallarda rast gəlinir. Səbəb isə mental dəyərlərdir. Belə ki, tərəflərin evlənməzdən öncə müqavilə tələb etməsi xırdaçılıq, bədniyyətlilik və utancverici hal sayılır. Əslində belə müqavilənin, razılaşmanın olmaması tərəflər arasında əmlak mübahisəsi zamanı ciddi problemlər doğurur.
Əksəriyyət belə düşünür ki, bu müqavilənin imzalanması nikahın daimi olacağına şübhə yaradır. Bu yanlış mövqedən çıxış edənlər nikah müqaviləsinin mahiyyətinə varmır, buna görə də onun üstünlükləri barədə məlumatsız olurlar. Əslində nikah müqaviləsinin bağlanması tərəfləri belə mübahisələrdən sığortalayır və onların gələcək sosial təminatının qarantı kimi çıxış edir.
Hüquqşünas sonra bildirdi ki, nikah müqaviləsi əmlakın kimin mülkiyyətinə verilməsini, ondan istifadə qaydalarını müəyyənləşdirməyə imkan verir və bu da gələcəkdə yarana biləcək hər hansı mübahisələrin qarşısını ala bilər. Nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və ya nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. Müqavilə yazılı formada bağlanır və notarial qaydada təsdiq olunur. Ər-arvad əmlakla bağlı öz aralarında şifahi razılığa gəlsələr belə, nikaha xitam verilən zaman həmin razılaşmaya əsaslanaraq əmlak iddiası irəli sürə bilməz. Nikah müqaviləsində tərəflərin bir-birini qarşılıqlı saxlaması, gəlirlərində və ailə xərclərində iştirak qaydası ilə bağlı öhdəlikləri, ər-arvadın əmlakının hüquqi rejimi müəyyənləşdirilir. Bu müqavilə həm də ər-arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər.
Bununla belə, əgər tərəflər arasında nikah müqaviləsi bağlanıbsa, ər-arvadın nikah dövründə əldə etdikləri mülkiyyət onların birgə mülkiyyətidir və bərabər payda bölünür. Müqavilədə onların nikah müddətində əldə etdikləri mülkiyyətin bölünməsinin fərqli qaydası da müəyyən oluna bilər.
Müsahibimiz söylədi ki, nikah müqaviləsi tərəflərin hüquq və fəaliyyətini, onların məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. Müqavilə bağlandıqdan sonra heç bir tərəf onun icrasından boyun qaçıra bilməz. Lakin nikah müqaviləsi tərəflərin razılığı ilə istənilən dövrdə dəyişdirilə, yaxud ləğv edilə bilər və bu razılıq yazılı formada olmalıdır. Nikah müqaviləsinə xitam verildiyi halda, ər-arvadın müqavilədə nəzərdə tutulan hüquq və vəzifələrinə də xitam verilir.
Azərbaycanda nikaha girənlər arasında nikah müqaviləsi bağlayan cütlüklərin sayının çox az olduğunu deyən hüquqşünas qeyd etdi ki, rəsmi məlumatlara görə, bu göstərici qeydə alınan nikahların 1 faizini də təşkil etmir. Lakin əvvəlki dövrə nisbətən nikah müqavilələrinin sayı artıb. Bir qism ekspert nikah müqaviləsinin bağlanmasının məcburiliyi ilə bağlı qanunvericiliyə dəyişiklik olunmasını təklif edir. Müqavilənin məcburiləşdirilməsi isə müqavilə azadlığı prinsipinə ziddir. Müqavilə tərəflərin razılığı ilə məcburiyyət olmadan, tərəflər heç bir təsir altında qalmadan bağlanmalıdır.
Ümumilikdə statistik məlumatlara nəzər salsaq nikah müqavilələrində artım müşahidə olunur. Ancaq vəziyyət o qədər də qənaətbəxş deyil. Dövlət Statistika Komitəsinin hesabatına əsasən 2023-cü ildə 63 min 859 nikah qeydə alınsa da onlardan yalnız 129-da, ötən il bağlanmış 35 min 348 nikahdan, 151-də 2025-ci ilin ilk 3 ayında isə 10 min 334 nikahdan yalnız 28-də nikah müqaviləsi imzalanıb.
Bütün bunlar göstərir ki, cəmiyyətdə nikah müqaviləsinin mahiyyətinin, üstünlüklərinin düzgün başa düşülməsi üçün təbliğat aparılmalı, VVAQ şöbələri nikah üçün müraciət edənlərə bu müqavilənin üstünlüklərini izah etməlidir. Cəmiyyət bu sənədin əsl mahiyyətini dərk etməyincə, müqavilənin bağlanması reallaşmayacaq.
Elenora HƏSƏNOVA
XQ