“Rəşadət” ordenli şəhid mayor

post-img

Vətən var olduqca şəhidlər nəsillərin ürəyində, qürurunda, qalib ölkənin adında əbədi yaşayacaqlar. Onların tanıdılması günümüzün böyük əhəmiyyət kəsb edən məsələlərindən biridir. Belə igidlərdən biri də şəhid mayor Rüfət Mürvət oğlu Əsgərovdur.

Rüfət 1981-ci il dekabrın 1-də Qubadlı rayonunun Aşağı Mollu kəndində doğulub. 1993-cü ildə bədxah və nankor düşmənin Qubadlını işğal etməsi nəticəsində el-oba doğma yurdlarından didərgin düşəndə yeniyetmə Rüfətin necə deyərlər, dişi bağırsağını kəsirdi. Tam əminik ki, elə bu səbəbdən də o, 1996–1999-cu illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil aldı. Daha sonra hərbi biliklərini möhkəmləndirmək, həyat yolunu peşəkar hərbçi kimi davam etdirmək, vaxtı çatanda düşməndən qisas almaq üçün Heydər Əliyev adına Ali Hərbi Məktəbdə oxudu.

Ali təhsilini uğurla başa vuran Rüfət leytenant hərbi rütbəsi ilə Beyləqandakı hərbi hissədə qulluğa başlayıb. Sonra Ağcabədidə, Gəncədə və Tovuzda şərəfli işini davam etdirib. 2014-cü ildə Rüfət Əsgərova nümunəvi xidmətinə görə mayor rütbəsi verilib. Həmin ildən Heydər Əliyev adına Hərbi Məktəbdə Kəşfiyyat kafedrasının baş müəllimi kimi gənc hərbçilərə hərbin sirlərini öyrətməyə başlayıb.

Rüfətin döyüş yolu Xüsusi Təyinatlı Qüvvələrdən keçib. 2020-ci il sentyabrın 27-də torpaqlarımızın azad edilməsi uğrunda başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azad edilməsi uğrunda, həmçinin Ağdərə istiqamətində gedən döyüşlərdə Ermənistan Silahlı Qüvvələrinin 24-dən çox hərbçisini məhv edib, bir gün ərzində döyüş dostları ilə birgə 3 strateji postun Azərbaycan Ordusunun nəzarəti altına alınmasında xüsusi igidlik göstərib. Kəşfiyyatçı Rüfət Əsgərov düşmənin kabusuna çevrilən qəhrəmanlardan olub. Bu şeiri sanki onun üçün yazmışdım:

Hər qələbə düşmənə dərs,
Hər qələbə salacaq səs.
Qoyma, düşmən alsın nəfəs,
Yor, qoluna qurban olum!
Vur əsgərim!
Vur, qoluna qurban olum!

Yeri gəlmişkən, şair Rəfiqə İsaqqızının müəllifi olduğu “Zülmətdən doğan Günəş” kitabı şəhid mayor Rüfət Əsgərovun əziz xatirəsinə həsr olunub.

Zəngin və şərəfli döyüş yolu keçmiş Rüfət Əsgərov 2020-ci il oktyabrın 14-də torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə Ağdərə şəhəri istiqamətində, Tərtər rayonunun Ballıca kəndi ərazisində, qəhrəmanlıqla vuruşaraq, xüsusi tapşırığı yerinə yetirərkən düşmən gülləsinə tuş gəlib, şəhidlik kimi ali məqama yüksəlib. Bakıda, İkinci Fəxri xiyabanda dəfn olunub. Layiq görüldüyü “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Suqovuşanın azad olunmasına görə” medalları onun igidliyinin parlaq nişanəsidir.

Atası Mürvət müəllimin dediklərindən: “Silahdaşlarından eşitmişəm ki, o, həmişə əsgərlərdən qabaqda gedirdi. Liderlik xüsusiyyəti vardı. Son dəfə düşmənin arxasına keçərək, 3 postu alıb, bu barədə 3-cü postdan məruzə edəndə vurulub. Meyiti 3 gün orada qalıb. Dostları tapşırıqla yox, öz təşəbbüsləri ilə onun nəşini döyüş meydanından götürüblər. Elə bunun özü Rüfətin necə hörmət və nüfuz qazanmış olduğunu göstərir”.

Şəhidin oğlu Xansuvar deyir ki, o, bu həyatda təkcə atasını yox, həm də ən yaxın dostunu, sirdaşını itirib: “Atamla həmişə fəxr etmişəm. Cəbhədə başqa, ailədə tam başqa idi, bizimlə nəfəs alırdı. Hərbçi övladı olmaq böyük məsuliyyət, üstəlik şəhid övladı olmaq böyük qürurdur. Axırıncı görüşümüzdə məndən halallıq istədi, ailəni sənə əmanət edirəm, – dedi. Atamın ruhunu hər zaman şad etməyə çalışıram”.

Güllü Eldar TOMARLI,
Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, şair-publisist

Sosial həyat