Monteneqro Ombudsmanı Podqoritsada saxlanılan Azərbaycan vətəndaşı ilə bağlı məsələni nəzarətə götürüb

post-img

Monteneqro İnsan Hüquqları və Azadlıqları Müdafiəçisi Sinişa Bjekoviç Podqoritsa şəhərində Azərbaycan vətəndaşının saxlanılması ilə bağlı İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyevanın məktubuna rəsmi qaydada cavab ünvanlayıb.

Bu barədə XQ-yə Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, Monteneqro Ombudsmanı məsələnin nəzarətə götürülərək bununla əlaqədar həmin ölkənin Polis İdarəsi ilə birbaşa əlaqə yaratdığını və saxlanılmış Azərbaycan vətəndaşına qarşı xüsusi həssaslıqla davranıldığını bildirib.

S.Bjekoviç etnik, milli və ya dini zəmində hər hansı bir ayrı-seçkiliyin, nifrət nitqi və ya düşmənçilik münasibətlərinin qarşısının alınması ilə bağlı məsələlər də daxil olmaqla, hər bir Azərbaycan vətəndaşının hüquqlarının müdafiə olunacağını qeyd edib, saxlanılmış şəxslərlə bağlı aparılan istintaq və məhkəmə proseslərinin gedişatının onun mandatı çərçivəsində nəzarətdə saxlanılacağını diqqətə çatdırıb.

Hadisə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin diqqətində saxlanılır.

Qeyd edək ki, bir neçə gün əvvəl xarici mətbuatda bir qrup Azərbaycan və Türkiyə vətəndaşlarının yerli sakinlərlə qarşıdurması barədə məlumatlar dərc olunub.

Sosial həyat