Növbəti köç karvanı Xocalının Xanyurdu kəndinə çatıb

post-img

Noyabrın 25-də Ağdamdan yola salınan növbəti köç karvanı Xocalı rayonunun Xanyurdu kəndinə çatıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, bu gün Xanyurdu kəndinə 11 ailə - 38 nəfər köçürülüb.

Mənzillərin açarlarının təqdimat mərasimində çıxış edən Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev bildirib ki, dövlət başçısının tapşırığına uyğun olaraq, köçürülən ailələrin sosial təminatı və məşğulluğu istiqamətində kompleks tədbirlər həyata keçirilir. Sakinlər üçün iş imkanları yaradılır, sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlərə bütün zəruri dəstək göstərilir. Xanyurdu kəndində elektrik, qaz, su, rabitə və digər mühüm infrastruktur tam şəkildə bərpa edilib, əhalinin rahat yaşayışı üçün bütün şərait yaradılıb.

Sonra sakinlər açarları təhvil alaraq yeni evlərində məskunlaşıblar. Onlar yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.









Sosial həyat