Hazırda ölkə ərazisində, xüsusilə dağlıq rayonlarda soyuq və şaxtalı hava şəraiti müşahidə olunur.
Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək bir sıra təhlükəsizlik qaydalarını bir daha xatırladır.
Nazirliyin mətbuat xidmətindən XQ-yə verilən xəbərə görə, xüsusilə dağlıq ərazilərdə yaşayan, eləcə də dağlara səfər edən insanlara şaxtalı havada mümkün qədər yaşayış məntəqəsini tərk etməmək, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmaq tövsiyə edilir: “Hərəkət avtomobillə olduqda avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğu və kifayət qədər yanacaq ehtiyatı təmin edilməlidir. Qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək və günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönmək tövsiyə olunur”.
Müraciətdə eyni zamanda vurğulanıb ki, soyuq hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olduğundan bu cihazlardan istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir. “Nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalıdır. Unutmayın: Qaydalara biganəlik həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!”, - deyə müraciətdə bildirilib.

