Dekabrın 15-də Dövlət Turizm Agentliyinin aparatında və strukturuna daxil olan regional turizm idarələrində ilk dəfə inzibati vəzifələr üzrə daimi dövlət qulluğuna qəbul olunmuş 13 əməkdaşının andiçmə mərasimi keçirilib.
XQ xəbər edir ki, tədbirdə çıxış edən İnsan resurslarının idarə edilməsi və hüquq şöbəsinin müdiri Mehriban Hüseynova əlamətdar hadisə münasibətilə əməkdaşları təbrik edib, bu şərəfli və məsuliyyətli fəaliyyətdə hər birinə uğurlar arzulayıb.
Mədəni irs və regional turizm şöbəsinin müdiri Elgün Cavadov dövlət idarəçiliyi sahəsində peşəkar kadr potensialının formalaşdırılması və perspektivli mütəxəssislərin irəli çəkilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib, daimi dövlət qulluğuna qəbul olunan əməkdaşlara müvafiq tövsiyələrini verib.
Daha sonra əməkdaşlar Azərbaycan Respublikasının Dövlət bayrağı altında Azərbaycan Respublikasının Konstitusiyasına əl basaraq “Dövlət qulluğu haqqında” Qanunun tələblərinə uyğun olaraq Azərbaycan Respublikasına sadiq olacaqlarına, Konstitusiyaya dönmədən əməl edəcəklərinə, dövlət sirrini və xidməti sirri qoruyacaqlarına, dövlət qulluğunun verdiyi hüquqları və üzərlərinə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, ancaq qanunauyğun surətdə, var gücləri ilə Vətənin mənafeyi naminə həyata keçirəcəklərinə and içiblər.


