Görkəmli fizioloqun 100 illik yubileyi

post-img

Dekabrın 18-də Azərbaycan Tibb Universitetində tanınmış alim, tibb elmləri doktoru, professor Qəhrəman Qəhrəmanovun anadan olmasının 100 illiyinə həsr edilmiş elmi-praktik konfrans keçirilib.

Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli çıxışında Qəhrəman Qəhrəmanovun həyat və fəaliyyətinə nəzər salaraq onu Azərbaycan tibb elminin korifeylərindən biri kimi səciyyələndirib. Alimin çoxsaylı elmi məqalələrin, monoqrafiyaların və dərsliklərin müəllifi olduğunu xatırladan rektor, xüsusilə, onun 2001-ci ildə nəşr edilən “Beynin və ürəyin sirlərinə pəncərələr” kitabının bu gün də fiziologiya sahəsində dəyərli mənbə kimi istifadə olunduğunu diqqətə çatdırıb.

Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov professorun böyük elmi məktəb yaratdığını vurğulayaraq qeyd edib ki, Qəhrəman Qəhrəmanov ömrünün sonuna qədər fiziologiya sahəsində çalışıb, fəaliyyət göstərib, elmi-tədqiqat işləri aparıb, kitablar çap etdirib. Səhiyyə nazirinin müavini Nadir Zeynalov isə Qəhrəman Qəhrəmanovun tələbəsi kimi xatirələrini bölüşərək, onun mürəkkəb fiziologiya elmini sadə və anlaşılan dildə izah etmək bacarığını xüsusi qeyd edib.

AMEA-nın müxbir üzvü, ATU-nun Normal fiziologiya kafedrasının müdiri, professor Arif Məmmədov görkəmli alimin həyat və elmi irsinə həsr olunmuş geniş məruzə ilə çıxış edib. Professorlar İbadulla Ağayev və Paşa Qəlbinur xatirə çıxışlarında Qəhrəman Qəhrəmanovun Azərbaycan tibb elminə verdiyi əvəzsiz töhfələrdən danışıblar.

Elmi-praktik konfransın işi sessiyalarla davam edib.

XQ



Sosial həyat