Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin hüquqi, tibbi və sosial aspektləri müzakirə edilib

post-img

Dekabrın 29-da Bakıda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) Tibbi Xidmət İdarəsinin və Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin birgə təşkilatçılığı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin hüquqi, tibbi və sosial aspektləri" mövzusunda qurumlararası dəyirmi masa keçirilib.

XQ xəbər verir ki, tədbirdə DGK-nın sədr müavini, gömrük xidməti general mayoru Güloğlan Muradlı narkotik vasitələrə qarşı mübarizəyə əhalinin bütün təbəqələrinin cəlb olunmasının vacib olmasına diqqət çəkib. “2016-cı ildən bu günədək yalnız gömrük orqanları tərəfindən qanunsuz dövriyyədən 15 tona yaxın narkotik vasitə çıxarılıb. Bunun da 70 faizini daha təhlükəli narkotiklər, yəni heroin və metamfetamin təşkil edir. Ötən ilin sonuna olan məlumata görə, Azərbaycanda 40 min 500 nəfər narkotik istifadəçisi rəsmi qeydiyyata alınıb. Lakin bu, aysberqin yalnız görünən tərəfidir. Ekspertlərin fikrincə, əslində onların sayı dəfələrlə çoxdur. Bugünkü dəyirmi masa isə ölkəmizin bu proqram çərçivəsində qarşısına qoyduğu vəzifələrin həyata keçirilməsində təcrübə mübadiləsinin aparılması, yeni çağırışlara cavab verən həll yollarının formalaşdırılması baxımından mühüm platforma rolunu oynayacaq. Əminəm ki, bu tədbir narkotiklərlə mübarizə sahəsində fəaliyyətimizə ciddi töhfə verəcək”, - deyə G.Muradlı bildirib.

DGK-nın Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov xatırladıb ki, Azərbaycanda narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və narkomanlığa qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilib. Bu mübarizə üzrə ölkəmizin dövlət siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. O qeyd edib ki, məhz Ulu Öndərimizin imzaladığı "Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında" 1996-cı il 26 avqust tarixli Fərman Azərbaycanda bu sosial bəlaya qarşı mübarizənin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına rəvac verib. Ümummilli Liderin əsasını qoyduğu bu siyasət dövlətimizin başçısı İlham Əliyev tərəfindən dövrün tələblərinə uyğun yeni müstəvidə müvəffəqiyyətlə davam etdirilir. Məqsədyönlü, konkret hədəflərə istiqamətlənən fəaliyyət nəticəsində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri son illərdə daha da intensiv xarakter alıb. “Təbii ki, narkotik vasitələr, psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizədən danışarkən həmin maddələrin sərhəddən ölkəyə keçirilməsinin qarşısının alınması xüsusi əhəmiyyət kəsb edir. Bu istiqamətdə DGK tərəfindən dövlət sərhədindən buraxılış məntəqələrində sistemli və məqsədyönlü iş aparılır. Bu işin nəticəsində yalnız son iki ay ərzində Biləsuvar Gömrük İdarəsinin əməkdaşları tərəfindən İrandan Rusiyaya kartof yükü aparan nəqliyyat vasitəsində 295 ədəd bağlamada ümumi çəkisi 92 kiloqramdan artıq olan narkotik vasitə - marixuana aşkar edilib. Həmçinin Astara dəmir yolu gömrük postunda İrandan Estoniyaya kafel yapışdırıcısı yükü aparan vaqonda ümumi çəkisi 457 kiloqram 800 qram olan və qara bazarda dəyəri 90 milyon Amerika Birləşmiş Ştatları dollarından artıq olan narkotik vasitə - heroin aşkar edilib. Dövlət Sərhəd Xidməti və DGK-nın birgə axtarış-əməliyyat tədbirləri nəticəsində Horadiz sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 25 kiloqrama yaxın narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb”, - deyə C.Məmmədov bildirib.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova vurğulayıb ki, narkotik maddələrin qanunsuz dövriyyəsi və istifadəsi bu gün təkcə hüquq-mühafizə məsələsi deyil, eyni zamanda, ciddi sosial, tibbi və mənəvi problemlər yaradan qlobal təhlükədir. Bu problem, xüsusilə, gənclərin sağlamlığına, ailə institutuna və cəmiyyətin gələcəyinə ciddi zərbə vurur. Ailələr bu mübarizədə mühüm rol oynayır. Sağlam ailə mühiti, valideyn nəzarəti və düzgün tərbiyə gənclərin zərərli vərdişlərdən uzaq qalmasında həlledici amillərdəndir. Eyni zamanda, vətəndaş cəmiyyəti institutlarının, qeyri-hökumət təşkilatlarının və media qurumlarının bu istiqamətdə apardığı maarifləndirmə fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Komitə sədrinin sözlərinə görə, dövlət qurumları ilə cəmiyyətin bütün təbəqələrinin birgə və koordinasiyalı fəaliyyəti nəticəsində narkotiklərlə mübarizədə daha effektiv nəticələr əldə oluna və cəmiyyətimizin sağlam gələcəyi təmin edilə bilər.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev narkomaniya ilə mübarizədə profilaktikanı ən öndə tutmağın vacibliyinə diqqət çəkib. Deputat qeyd edib ki, istənilən bir xəstəliyin müalicəsi onun profilaktikasından 3-4 dəfə baha başa gəlir və çətinliklərlə üzləşir: “Narkomaniya təkcə bir şəxsin xəstəliyi deyil, eyni zamanda, ciddi sosial problemdir. Narkomaniyanı tətikləyən maraqlı qüvvələr var və bu, bizim təsir dairəmizdən olduqca kənardadır. 5 il əvvəl ölkəyə daxil olan narkotiklər daha çox bitki mənşəli idi, amma son dövrlərdə daha çox kimyəvi tərkibli narkotiklərin gəldiyi müşahidə edilir. Həmçinin internetin, sosial şəbəkələrin inkişafı və yayılması bu mənfi təsirin cəmiyyətimizdə olduqca ağırlaşmasına gətirib çıxarıb”.

Daha sonra aidiyyəti qurumların nümayəndələri tərəfindən narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə istiqamətində həyata keçirilən fəaliyyətlər və mövcud təcrübə barədə təqdimatlar edilib, o cümlədən müvafiq sahədə multisektoral əməkdaşlığın gücləndirilməsi istiqamətində təkliflər səsləndirilib.

Sosial həyat