Ailə karyeraya maneə yaratmır, əksinə uğurlara yol açır

post-img

Son dövrdə Azərbaycan gənclərinin xarici ölkələrin aparıcı universitetlərində təhsil alması dövlət siyasətində prioritetlərdən birinə çevrilib. “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın əsas məqsədi gənclərə təhsilalma imkanı yaratmaqla, onların Azərbaycanın gələcək inkişafını təmin edəcək və qlobal çağırışlara cavab verəcək müasir texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli, yüksəkixtisaslı peşəkar kadrlar kimi hazırlanmasını təmin etməkdir.

Bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Böyük Britaniyada akademik və elmi fəaliyyət göstərən gənc ailə–iki dəyərli azərbaycanlı alim – Aygün Azadova və Fərid Ədilovla bu günlərdə Bakıda keçirdiyi görüşlə bağlı dedi. Qeyd etdi ki, bəzən bir görüş təkcə cari niyyətlərin  deyil, bütöv bir ilin planlarının yenidən düşünülməsi, daha fərqli, dərinləşdirilmiş perspektivlər və istiqamətlər üçün stimul yaradır. Bu gənc ailə ilə görüşün təsirli və ruhlandırıcı anlarınən yaddaşına həkk olunduğunu bildirən komitə sədri daha sonra fikirlərinə əlavə etdi:

– Onların Azərbaycana səfərinin ilin sonuna, yeni ilin astanasına təsadüf etməsi qarşıdakı dövr üçün planlarımızda müəyyən müsbət korrektələr aparmağa, bəzi ideyaları daha konkret və hədəfli şəkildə formalaşdırmağa da təkan verdi. Xüsusilə elmin, təhsilin və dövlət siyasətinin bir-birini tamamladığı sahələrdə yeni yanaşmalar üzərində düşünmək üçün bu görüş əhəmiyyətli zəmin oldu.

Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, Aygün Azadova Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın Essex Universitetində doktorantura təhsilini uğurla başa vurmuş, süd vəzi xərçəngi ilə bağlı elmi tədqiqatını yüksək səviyyədə müdafiə etmişdir. O, eyni zamanda iki il ərzində həmin universitetdə müəllim və fənn rəhbəri kimi biologiya ixtisasını tədris etmiş, tələbələrlə uğurlu və nəticəyönümlü işi 2024-cü ildə “Təhsildə Mükəmməllik” mükafatı ilə dəyərləndirilmişdir. Bu uğur azərbaycanlı alimlərin beynəlxalq akademik mühitdə etimad qazandığının bariz göstəricisidir.

Fərid Ədilov isə uzun illər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində, o cümlədən Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdiri kimi çalışaraq dövlət siyasətinin formalaşdırılması və icrası sahəsində dərin praktiki təcrübə əldə edib. Hazırda Essex Universitetinin Sosiologiya və Kriminologiya Departamentində doktorantura təhsili alır və müəllim kimi fəaliyyət göstərir. Onun tədqiqatı Azərbaycanın keys araşdırması əsasında qadınların milli qanunvericilik orqanlarında təmsilçiliyinin qərar qəbuletməyə təsirini tədqiq edir.  Bu tədqiqatın nəticələrinin növbəti ildə Oxford Universitetində təqdim ediləcək olması ölkəmizdə bu sahədə həyata keçirilən siyasətin beynəlxalq elmi platformalarda tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Komitə sədri ölkə Prezidentinin Qarabağ Universitetinin yeni korpusunun açılışında xaricdə təhsil alaraq  universitetin tədris və elmi potensialına töhfə verən müəllimləri xüsusi olaraq qeyd etməsini də diqqətə çatdırdı:

– Xüsusi məmnunluq doğuran məqamlardan biri də odur ki, Aygün və Fərid 15–16 dekabr 2025-ci il tarixlərində Qarabağ Universitetinin biznes və iqtisadiyyat fakültəsində akademik tərkib və tələbələr üçün yüksək səviyyəli təlimlər keçiblər. Akademik heyət üçün təşkil olunan “Ali təhsildə tədris və öyrənmə” mövzulu təlimdə Birləşmiş Krallığın ali təhsil təcrübəsi, QAA yanaşmaları və Professional Standards Framework 2023 (PSF) çərçivəsi əsasında müasir tədris, qiymətləndirmə və keyfiyyət meyarları müzakirə olunub. Tələbələr üçün təşkil edilən “Akademik oxu və yazı” təlimi isə onların beynəlxalq akademik standartlara uyğun bacarıqlarının inkişafına mühüm töhfə verib.

Bu yanaşma bir daha göstərir ki, dövlət üçün insan kapitalına yatırım və beynəlxalq təcrübənin ölkəyə transferi strateji prioritetdir. Bu baxımdan görüş zamanı xüsusi olaraq vurğuladım ki, Aygün və Fəridin elmi fəaliyyətlərini davam etdirdikləri universitetlərlə Azərbaycan universitetləri arasında institusional əməkdaşlıqların, birgə tədqiqatların və akademik mübadilələrin qurulması olduqca vacibdir. Və onlar bu sahədə etibarlı körpü rolunu oynaya bilərlər. Eyni zamanda, Fəridin tədqiqat sahəsi nəzərə alınaraq ona Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə elmi əsaslı əməkdaşlıq imkanlarının genişləndirilməsi, ölkəmizdə bu sahədə həyata keçirilən siyasətin uğurlu nəticələrinin daha geniş beynəlxalq auditoriyaya çıxarılması üçün yeni təşəbbüslər üzərində çalışma niyyətimizi bildirdim.

Sonda Bahar Muradova ailənin karyeraya maneə olmadığını, əksinə uğurlara yol açdığını dedi:

– Vurğulamaq istərdim ki, elmə, təhsilə və birgə akademik fəaliyyətə söykənən bu sağlam əsaslı ailə təkcə peşəkar uğurları ilə deyil,  istinad etdikləri dəyərlərlə də yeni qurulan ailələr üçün əsl örnəkdir. Eyni mərkəzdə çalışan, bir-birinin elmi yoluna dəstək olan, həyata, dəyərlərimizə və ölkəmizin qarşısındakı hədəflərə çatmaq istiqamətində fəaliyyətə qatqılarında da bir-birini yaxşı tamamlayan bu cütlüyün nümunəsi göstərir ki, ailə və karyera bir-birinə maneə deyil, əksinə, düzgün yanaşma olduqda bir-birini  yeni uğurlara həvəsləndirə, həmçinin ailəni gücləndirə bilər.

Əminəm ki, belə alimlərimizin ölkə ilə bağlarının daha da möhkəmlənməsi, onların bilik və təcrübəsinin Azərbaycan elminə və dövlət siyasətinə inteqrasiyası qarşıdakı illərdə daha böyük nəticələrə yol açacaq.

Gənc alimlərlə görüşün sonunda Aygünlə Fəridi elmi fəaliyyətləri, şəxsi və ictimai həyatda qazandıqları nailiyyətlər və bayramlar münasibətilə ürəkdən təbrik etdim, bu gözəl ailə örnəyimizə rifah və səadət arzuladım!

Söhbəti hazırladı:
Zərifə BƏŞİRQIZI
XQ

Sosial həyat