Hacıkəndin qışı da gözəldir!

post-img

Hacıkəndə bu dəfə fotomüxbir Rövşən Əmiraslanoğlu ilə gəlmişdik. Bu mövsümün qışı artıq öz sözünü demişdi: hər tərəf qar içində idi.

Maşından düşən kimi üzümüzü üşüdən soyuq, alatorana bənzər ağ duman bizə dağ yerinin qış özəlliyini anlatdı. Adətən, bütün əzəməti ilə görünən Kəpəz bu gün yalnız dumanın arasından çətinliklə seçilirdi. Rövşənin dağın tutqun siluetini görüb lentə alması da bir özgə məharət idi. Adama elə gəlirdi ki, Kəpəz çən-duman arxasından nazlana-nazlana bizə baxır...

Hacıkənd qışda tamam başqa bir mənzərə ilə görünür. Qar ağacların budaqlarına, damların üstünə, yol kənarlarına səssizcə qonub. Addım atdıqca, ayaqların altında yastılanan qar ətrafda hökm sürən sükuta xəfif bir xışıltı qatır. Bu sakitlik adamı yormur, əksinə, sanki, ruhun dincəlir.

Hər yerə qar yağsa da, yol açıqdır. Bu, ilk baxışdan diqqətçəkən bir təzaddır. Dağlıq ərazi, sərt qış, amma hərəkət var, həyat dayanmayıb. Yoldan keçən avtomobillər, ara-sıra görünən insanlar Hacıkəndin qış günlərində də əlçatan olduğunu göstərir.

Rövşən fotoaparatını yenə işə salır. Dumanın içindən seçilən ağaclar, gözqamaşdıran bəyazlıq, qara lent kimi uzanan yol qışın obrazı kimi kadrların yaddaşına köçürülür. Hər çəkilən şəkil məhz bu anların canlı şahididir. Günəş isə hələ ki, özünü, nurlu üzünü göstərmir. Yolun hər iki tərəfindəki qar topaları isə, sanki, günəş işığını əvəz edərək ətrafı süd rənginə qərq edir.

Kəpəz bütün bu qış nağılının görüntülərini əvvəlki əzəməti ilə deyil, qışın yaratdığı qəribə bir küskünlüklə seyr edir.

…Bu səfərimiz bir daha göstərdi ki, Hacıkənd təkcə yay istirahətinin ünvanı deyil. Qışda da buranın öz cazibəsi, özgə bir gözəlliyi var. Qarın ağlığı, dumanın bəyaz toru, gediş-gəlişli yollar və dağın müdrik sükutu – bütün bunlar Hacıkəndin qış portretini tamamlayan cizgilərdir.

Mən bu portreti sözlə rəsm etməyə çalışdım, Rövşən isə şəkillərlə canlandırdı. Və hər iki təsvir eyni gerçəyi sakitcə pıçıldayır: Hacıkəndin qışı da gözəldir!

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri
Fotolar Rövşən ƏMIRASLANOĞLUNUNDUR.



Sosial həyat