Dünən eşitdim ki, kəndimizin daha bir dəyərli oğlu dünyasını dəyişib. El-obada kimliyindən asılı olmayaraq, adamların amansız və zamansız ölümlərinə təəssüflənirik.
Onun böyük ürəyi vardı. Böyük ürəkli adamların yaşamaq eşqi də böyük olur. O, xaraktercə iradəli və diribaş adam idi. Qamsaxurdiya dövründə gürcü millətçilərinin tənəsi və təzyiqi ilə üzləşsə də, böyük inam, böyük əqidə və böyük iradə onu heç vaxt tərk etmədi.
Həmin dövrlərdə Borçalıda müxtəlif vəzifələrdə işləmiş imkan sahibləri kənddən çıxıb Azərbaycana üz tutur və paytaxt Bakıda məskunlaşırdılar. O, el-obasının dar günündə kəndinin qədir-qiymətini daha yaxşı bilir və öz yerini doğma kəndində daha uzaqgörənliklə müəyyənləşdirir, öz məsuliyyətini dərindən dərk edirdi. Ona görə də dünyaya göz açdığı, qucağında böyüdüyü yurd-yuvadan, el-obadan – Faxralı kəndindən ömrünün sonunadək ayrılmadı.
...Mən onu uşaqlıq illərimdən tanıyırdım. Hələ orta məktəb şagirdi olduğum illərdə rayonda çıxan “Qələbə bayrağı” qəzetində gələcəyin jurnalisti kimi məqalələrim dərc olunurdu. O zaman Bayram müəllim də rayonda məsul vəzifədə işləyirdi. Rayon mərkəzində təsadüfən onunla rastlaşanda qabağında dili topuq çalan uşaq kimi olurdum. Görüşüb salamlaşanda da həyəcandan səsim titrəyirdi, nəfəsim təntiyirdi. Yaxşı ki, onun xoş təbəssümü və isti ürəklə hal-əhval tutması məni vəziyyətdən çıxardırdı. Mənə ürək-dirək verirdi. Deyirdi ki, məqalələrini oxuyuram, yaxşı yazırsan. Belə də davam et, yaz. Sanki demək istəyirdi ki, yad millətin, yad adamların içində özünü adamsız hiss eləmə, yaz, yarat...
Böyük ürəkli insanlar böyüklə böyük, kiçiklə kiçik olduqları üçün uca məqama çatırlar. Ona görə də insanların yaddaşında yaşamaq haqqı qazanırlar. İllər ötdü. O, mənim yaddaşımda böyük ürəkli adam kimi qaldı.
Bayram Əliyev kəndimizin sayılıb-seçilən, nüfuz sahibi olan oğullarından idi. O, çox xoşrəftarlı idi, hamıya hörmətlə, ləyaqətlə yanaşırdı. Bu da təsadüfi deyildi. Bayram müəllim kəndimizdə yurd salan, çıraq yandıran, el dolandıran və uzun illər rayonun rəhbər işçilərindən, eyni zamanda, ağsaqqallarından biri olmuş Əli Əliyevin ailəsində dünyaya göz açmışdı. Atasının yolunu ləyaqətlə davam etdirən Bayram Əliyev yüksək təhsil almışdı. Bir neçə dil bilirdi. Dil içində dil, din içində din bəsləyib yaşadığımız Gürcüstanda Bayram Əliyev kimi elmli, savadlı, yüksək təhsilli kadrlara soydaşlarımızın böyük ehtiyacı vardı. Bayram müəllim harada, hansı vəzifədə işləyirdisə, soydaşlarımızın etimadını səylə, bacarıqla doğruldurdu.
Atasının vəfatından sonra Bayram müəllim də vəzifə pillələrində irəlilədi və Bolnisi Rayon Partiya Komitəsinin katibi kimi rəhbər vəzifəyə yüksəldi. Rayonda təhsil, səhiyyə və ideoloji iş sahəsində fəaliyyətini doğru-düzgün məcraya yönəltdi.
Bayram Əliyevin xalqına, el-obasına mehri-məhəbbəti böyük idi. Onun xeyirxahlığı qonşu İmirhəsən kəndinin və doğma Faxralı sovxozunun direktoru işlədiyi illərdə daha qabarıq görünürdü. Ana kəndi üçün gördüyü xeyirxah işlər zaman-zaman xatırlanacaq.
İndi doğma elimiz öz oğlu ilə vidalaşır. Bu kiçik yazım da elimiz üçün vəfa borcu, Bayram Əliyevin doğmaları üçün isə kiçik bir təsəllidir. Gözəl dağına söykənmiş Faxralı kəndini – öz elini canı qədər sevən bir gözəl insan elimizi cismən tərk etsə də, ruhən həmişə doğmaları ilə olacaqdır. Məkanı behişt, ruhu şad olsun!
Həzi HƏSƏNLİ,
şair-publisist

