Ulu söz abidəsinin gizlinlərinə açılan qapı

post-img

Yaxud qorqudşünaslıqda Kamal Abdulla prinsipi

Türk xalqlarının qədim eposu, möhtəşəm abidəsi “Kitabi-Dədə Qorqud”un tədqiqi Kamal Abdulla elmi yaradıcılığının ana xəttini təşkil edir. Məlumdur ki, Kamal Abdulla qorqudşünaslığa dair “Gizli Dədə Qorqud” (Azərbaycan dilində 1991, türk dilində 1995, rus dilində 2006), “Sirr içində dastan və yaxud Gizli Dədə Qorqud-2” (1999), “Mifdən Yazıya və yaxud Gizli Dədə Qorqud” (Azərbaycan dilində 2009; türk dilində 2013), “Kitabi-Dədə Qorqud” dastanının poetikasına giriş” (Azərbaycan dilində 2017, rus dilində 2018), “Kitabi-Dədə Qorqud” poetikasına giriş. “Dansökülən variant”, “Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq” (Rafiq Əliyevlə birlikdə) adlı sanballı araşdırmaların və onlarla elmi məqalənin müəllifidir.

Xalq yazıçısı, akademik Kamal Abdullanın yenicə nəşr olunmuş “Gizli Dədə Qorqud: yeni mənalar axtarışında” monoqrafiyası (Bakı, Sim-sim, 2025, 584 s.) onun indiyədək apardığı tədqiqatların məntiqi davamı, apogeyi kimi dəyərləndirilə bilər. Bu əsərdə tədqiqatın obyekti sabit saxlanılmaqla, ona müraciətin baxış bucaqları əhəmiyyətli dərəcədə genişləndirilmişdir. Müəllifin elmi yaradıcılıq xronologiyası göstərir ki, tədqiqat materialının və yanaşma istiqamətlərinin dinamikliyi mövcud araşdırma obyektinin yeni semantik və metodoloji müstəvilərdə dərkini mümkün etmişdir. Bununla yanaşı, burada yalnız ayrı-ayrı süjetlərin, motivlərin və ya onların daxili məntiqinin təhlili ilə məhdudlaşan bir yanaşmadan söhbət getmir. Araşdırma bütövlükdə yaradıcı düşüncənin semiotik tədqiq paradiqması kimi çıxış edir. Eyni zamanda, əsər kollektiv yaddaş metaforlarını və simvolik diskursu mətnin öz daxili strukturu və semantik qatları əsasında bərpa edir. Bu mənada o, dilin, düşüncənin və tarixin daxili inkişafı kontekstində mənanı xüsusi semiosfera kimi yeni postulatlar kontekstində təklif edir. Nəticə etibarilə yeni tədqiqatda abidəyə baxış bucağı zaman və məna qatları üzrə genişləndirilmiş şəkildə təqdim olunur.

Kamal Abdullanın araşdırmasında xüsusi diqqətçəkən əsas məsələlərdən biri də “Dədə Qorqud” abidəsinin iki mühüm diskurs müstəvisində dərk edilməsidir. Birinci diskurs “gizlilik” konsepti ilə bağlıdır və “gizli Dədə Qorqud” anlayışı bu yanaşmanın mərkəzində dayanır. Gizlilik burada yalnız abidənin öz mətni ilə məhdudlaşan konsept kimi deyil, daha geniş semantik sferaya istiqamətlənən düşüncə paradiqması kimi çıxış edir. Bu baxımdan gizlilik, “Dədə Qorqud”un daxili məna qatlarını, onun gizli semantik potensialını özündə ehtiva edən və mətndə açıq şəkildə ifadə olunmayan mənaların daşıyıcısı olan konseptual çərçivə yaradır.

İkinci diskurs isə, gizliliklə üzvi şəkildə bağlı olan məna axtarışı konseptidir. Məhz gizlilik və məna axtarışının vəhdəti “Dədə Qorqud” mətnində Kamal Abdullaya məxsus xüsusi interpretasiya prinsipini – bunu “Kamal Abdulla prinsipi” də adlandırmaq olar, formalaşdırır. Bu prinsipə görə, abidə ilə bağlı üzə çıxarılan bütün semantik aşkarlamalar, semiotik proseslər, mədəni diskurslar, linqvopoetik fiqurlar abidənin zahiri qatından deyil, onun görünməyən, gizli məna sferasından çıxış edərək həmin məna sirlərinin aşkarlanmasına yönəlir.

Kamal Abdullanın “gizlilik” və “məna axtarışı” konseptləri arasında qurduğu əlaqə sadəcə ixtiyari interpretasiyalar toplusu kimi çıxış etmir. Əksinə, elmi-nəzəri kontekstdə yanaşıldıqda burada müxtəlif metodoloji sistemlərin – semiotikanın, strukturalizmin, psixoanalizin, eləcə də digər linqvistik və humanitar elmi yanaşmaların konseptual imkanlarının ardıcıl şəkildə işlədiyi açıq-aydın müşahidə olunur. Məhz bu metodoloji çoxqatlılıq ortaya çıxarılan mənaların təsadüfi deyil, daxili məntiqə əsaslanan və nəzəri baxımdan əsaslandırılmış interpretasiyalar kimi formalaşmasını təmin edir.

Bu yanaşmada əldə edilən məna nəticələri yalnız interpretativ təsir bağışlamaqla kifayətlənmir, eyni zamanda, sistemli şəkildə təsbit olunur və elmi əsaslandırma qazanır. Bunun nəticəsi olaraq sözügedən konseptual model Azərbaycan folklorunun digər sahələrinə tətbiq edildikdə də analoji semantik sıraların və nəzəri prizmaların formalaşdırılmasına imkan yaradır. Beləliklə, bu metodoloji çərçivə folklor materialının daha sistemli, ardıcıl və elmi baxımdan əsaslı şəkildə irəli sürülməsi üçün məhsuldar imkanlar açır və interpretasiyaların ümumi elmi diskurs daxilində qəbul edilə bilən səviyyəyə yüksəlməsinə şərait yaradır.

Belə bir yanaşma təbii olaraq müasir elmi düşüncənin qabaqcıl nəzəri və metodoloji nailiyyətlərinə istinad etməyi tələb edir. Bu kontekstdə semiotikanın və semiosfer tədqiqatlarının yanaşmaları, strukturalizmin analitik imkanları, psixoanalitik metodun nəzəri konseptləri və funksionalizmin əsas postulatları Kamal Abdullanın yaradıcılığında yalnız formal metod kimi deyil, gizli mənanın aşkarlanmasına xidmət edən yaradıcı və konseptual öyrənmə alətləri kimi çıxış edir. Nəticə etibarilə bu metodoloji sintez “Dədə Qorqud” abidəsinin dərin semantik qatlarını üzə çıxarmağa yönəlmiş bütöv və sistemli bir interpretasiya modelinin formalaşmasına imkan yaradır.

Kamal Abdullanın tədqiqatına ümumi şəkildə yanaşıldıqda diqqəti cəlb edən əsas xüsusiyyətlərdən biri ondan ibarətdir ki, burada ayrı-ayrı obrazların fəaliyyəti və davranışı, eləcə də süjetlər və obrazlararası dinamik münasibətlər yalnız konkret situasiyanın zahiri təmsili ilə məhdudlaşmır. Həmin situasiyalar, əksinə, mətnin müxtəlif səviyyələrinin daxili məntiqi ilə qarşılıqlı şəkildə əlaqələnən, çoxqatlı semantik bütöv kimi formalaşır. Bu yanaşmada situasiya təkcə hadisələrin fonu və ya funksional çərçivəsi deyil, mətndaxili məna strukturlarının açılmasına xidmət edən konseptual vahid kimi çıxış edir. Məhz bu baxımdan Kamal Abdullanın elmi yaradıcılığında mətnin ayrıca elementlərini deyil, bütövlükdə mətnin özünü müstəqil semantik sistem kimi dəyərləndirmək daha məqsədəuyğun görünür.

Tədqiqatı dəyərləndirərkən əsas diqqət yetirilməli məqamlardan biri də abidənin məna oxunuşu səviyyəsində əsas götürülən münasibətlər sisteminin necə qurulmasıdır. Bu yanaşmada artıq sosial münasibətlərin ayrı-ayrı aspektləri məna oxunuşunun aparıcı dayaqları kimi çıxış edir və interpretativ prosesin əsas semantik müstəvisinə cəlb olunur. Həmin münasibətlər sistemi, ilk növbədə, Oğuz igidlərinin öz aralarındakı qarşılıqlı əlaqələr sferasında təzahür edir. Bununla yanaşı, ata–oğul münasibətləri konsepti xüsusi semantik yük daşıyan əsas oxlardan biri kimi ön plana çıxarılır.

Digər mühüm istiqamət Oğuz düşüncə sferasında məhəbbət konseptinin dərk edilməsidir ki, bu da daha geniş kontekstdə Oğuz–kafir münasibətləri müstəvisində şərh olunur. Eyni zamanda, hakimiyyət strukturları ilə bağlı münasibətlər – bürokratik təbəqə, hökmdar və cəmiyyətin digər üzvləri arasında formalaşan əlaqələr, habelə cəmiyyət daxilində müsbət və mənfi keyfiyyətlərin daşıyıcıları olan sosial qruplar–mətnin məna qatlarının açılmasında mühüm semantik baza rolunu oynayır.

Beləliklə, sadalanan bütün bu münasibətlər sistemi abidənin məna oxunuşunda təsadüfi elementlər kimi deyil, vahid və ardıcıl interpretasiya modelinin əsasını təşkil edən semantik dayaqlar kimi istifadə olunur və mətndaxili mənaların çoxsəviyyəli şəkildə üzə çıxarılmasına xidmət edir.

Tədqiqatın əsas xüsusiyyətlərindən biri ondan ibarətdir ki, burada semantik bütövlər müstəqil elmi-tədqiqat baxışı ilə müəyyənləşdirilir və sistemli şəkildə təqdim olunur. Bu bütövlərin şərhi isə dünya mifologiyasının başlanğıc nöqtələrindən biri hesab edilən yunan mifoloji konseptləri kontekstində aparılır. Diqqət yetirildikdə aydın olur ki, müxtəlif obrazlar məhz yunan mifoloji münasibətləri daxilində formalaşmış konseptual prizma vasitəsilə dəyərləndirilir və semantik baxımdan müqayisəli təhlilə cəlb olunur.

Bu yanaşma Banı Çiçək və Penelopa, Salur Qazan və Aqamemnon, Sarı Donlu Selcan Xatun və Gözəl Yelena, Admet, Herakl və Dəli Domrul münasibətləri, Edip və Buğac qarşılaşdırmaları, Polifem və Təpəgöz paralelləri, eləcə də Odissey, Basat və Beyrək obrazları üzərində aparılan semantik oxunuşlarda açıq şəkildə müşahidə edilir. Belə müqayisələr vasitəsilə bir tərəfdən yunan mifoloji düşüncə sistemi Azərbaycan filoloji mühitinə elmi-nəzəri kontekstdə təqdim olunur, digər tərəfdən isə Azərbaycan epik-mifoloji materialı dünya filoloji fikir müstəvisində qəbul edilə biləcək ümumiləşdirilmiş bir təqdimat platforması qazanır.

Nəticə etibarilə bu metodoloji yanaşma “Dədə Qorqud” abidəsinin semantik potensialını lokal çərçivədən çıxararaq ümumbəşəri mifoloji və filoloji düşüncə sistemləri ilə dialoq səviyyəsinə yüksəldir və onu dünya humanitar elminin müzakirə predmeti kimi təqdim etməyə imkan yaradır.

Kamal Abdullanın “gizlilik“ və “məna axtarışı“ konseptləri arasında qurduğu əlaqə sadəcə ixtiyari interpretasiyalar toplusu kimi çıxış etmir. Əksinə, elmi-nəzəri kontekstdə yanaşıldıqda burada müxtəlif metodoloji sistemlərin semiotikanın, strukturalizmin, psixoanalizin, eləcə də digər linqvistik və humanitar elmi yanaşmaların konseptual imkanlarının ardıcıl şəkildə işlədiyi aydın şəkildə müşahidə olunur. Məhz bu metodoloji çoxqatlılıq ortaya çıxarılan mənaların təsadüfi deyil, daxili məntiqə əsaslanan və nəzəri baxımdan əsaslandırılmış interpretasiyalar kimi formalaşmasını təmin edir.

Bu yanaşmada əldə edilən məna nəticələri yalnız interpretativ təsir bağışlamaqla kifayətlənmir, eyni zamanda, sistemli şəkildə təsbit olunur və elmi əsaslandırma qazanır. Bunun nəticəsi olaraq sözügedən konseptual model Azərbaycan folklorunun digər sahələrinə tətbiq edildikdə də analoji semantik sıraların və nəzəri prizmaların formalaşdırılmasına imkan yaradır. Beləliklə, bu metodoloji çərçivə folklor materialının daha sistemli, ardıcıl və elmi baxımdan əsaslı şəkildə irəli sürülməsi üçün məhsuldar imkanlar açır və interpretasiyaların ümumi elmi diskurs daxilində qəbul ediləbilən səviyyəyə yüksəlməsinə şərait yaradır.

Kamal Abdulla yaradıcılığında mərkəzi mövqedə dayanan “Dədə Qorqud prinsipi” anlayışını ardıcıl və konseptual şəkildə əsaslandırır. Mətnin başlanğıcında Dədə Qorqudun “dastanın təsəvvür edilən müəllifi” kimi təqdim edilməsi ilk baxışda onun tarixi şəxsiyyət kimi qəbuluna imkan yaratsa da, müəllif dərhal bu ehtimalı problematikləşdirir. Müqəddimənin ilk cümləsinə istinadla “Rəsul əleyhissəlam dövrünə yaxın Bayat boyundan Qorqud ata derlər bir ər qopdu” – Dədə Qorqudun konkret tarixi zamana bağlanması göstərilir, lakin bu bağlanmanın elmi baxımdan yetərli olmadığı da mətnin özündə açıq şəkildə ifadə olunur: “Bundan ciddi dəlil ola bilməz”.

Bu məqamdan etibarən mətn Dədə Qorqudu tarixi şəxsiyyət kimi deyil, semantik və diskursiv bir fenomen kimi dərk etməyə yönəlir. Dədə Qorqud dastan daxilində “şaman, ozan, elçi” funksiyalarını özündə birləşdirən obraz kimi təqdim olunsa da, bu funksiyalar onun fərdi varlığını deyil, mədəni və mənəvi mexanizmi ifadə edir. Mətnin öz ifadəsi ilə, Dədə Qorqud “Oğuzun mənəvi rəhbəridir” və “Şaman – müəllim – ozan” xəttini öz timsalında birləşdirən odur”. Bu birləşmə isə onu konkret süjet subyekti olmaqdan çıxarıb, bütün süjetləri əlaqələndirən prinsip səviyyəsinə yüksəldir.

Kitabda diqqətçəkən ən fundamental elmi postulatlardan biri “Dədə Qorqud prinsipdir” tezisidir. Bu prinsip “Oğuz cəmiyyətinin aparıcı şah damarı” kimi təqdim olunur və onun funksiyası əxlaqı, dünyagörüşünü, identiklik ruhunu qoruyaraq “müxtəlif zamanları, müxtəlif ideyaları, müxtəlif amalları birləşdirmək”dir. Beləliklə, Dədə Qorqud mətndə bir obraz deyil, bütün obrazları, zamanları və mənaları vahid semioloji prosesə daxil edən strukturlaşdırıcı mərkəz kimi çıxış edir.

Məlumdur ki, dünya folklorşünaslığında folklor mətnin strukturunda motiv anlayışının funksiya anlayışı ilə əvəz edilməsi təcrübəsi olmuşdur. Fransız strukturalistləri isə, ümumiyyətlə, mətn strukturunda elementlərin funksiya ilə əvəzlənməsini təklif etmişdilər. Psixoanalitiklər isə mətn strukturunda funksiyanı genezis etibarilə insanın psixoenergetik özünüifadəsi kimi qələmə verməyə çalışmışlar. Dünya elmində belə yanaşmalar çoxdur. Biz dünya humanitar elmlərində olan belə elmi yanaşmaların konkret milli mətn nümunəsində tətbiqinə ilk dəfə olaraq Kamal Abdullanın yanaşmasında rast gəlirik. Müəllifin Dədə Qorqudun prinsip hesab edilməsi, bizə görə, obrazın mədəni sistemdəki funksionallığına, həmin funksionallığın diaxron və sinxron səviyyələr üzrə miqyasına işarədir. Prinsip fundamental müəyyənləşdirici şərtdir. Prinsip pozulmaz qanunauyğunluqdur. Prinsip sistemyaradıcı parametrdir. “Dədə Qorqud prinsipdir” postulatı Dədə Qorqudun etnik-mədəni sistemdə funksional mahiyyətini olduqca dəqiq formullaşdırır. Mədəniyyət Dədə Qorqud obrazına elə funksiyaları yükləyir ki, o, sistemtənzimləyici parametrə çevrilir, həm də bu funksiyasını mədəni sistem kontekstində diaxron inkişaf prosesi ərzində uzun müddət davam etdirir. Həm də sistemtənzimləyici parametr olmaqla yanaşı, sistemyaradıcı faktor funksiyasını yerinə yetirir. Tarixilik, mənəvilik, sosiallıq və bütövlükdə mədəni təkamülün təfəkkür ölçüləri aspektində bu mühüm məqamdır. Dədə Qorqud bizim həyat tərzimiz, düşüncəmiz, yaşam qaydamız və özünü həyatda təsdiqetmə dinamikamız baxımından o dərəcədə önəmlidir ki, Şuşanı əliyalın azad edə bildik!

Beləliklə, təqdim olunan mətn Kamal Abdullanın yaradıcılığında “Dədə Qorqud prinsipi“nin yalnız interpretativ anlayış deyil, vahid semiosferanı təşkil edən, zamanı, mətni və mənanı bir diskursda birləşdirən əsas elmi-konseptual model olduğunu mətnin öz daxili məntiqi ilə sübut edir

Kamal Abdullanın “Kitabi-Dədə Qorqud” üzərində apardığı araşdırmaların axıcılığı və ardıcıllığı onun elmi düşüncəsinin zamanın heç bir mərhələsində əvvəlki mövqedə donub qalmadığını, əksinə, daimi şəkildə inkişaf etdiyini aydın şəkildə göstərir. Bu yanaşma Dədə Qorqud mətnlərini yalnız bədii abidə kimi deyil, eyni zamanda, semantik abidə – yəni mənanın formalaşma və ötürülmə mexanizmlərini özündə ehtiva edən işarələr sistemi kimi dəyərləndirməyə imkan verir və onların əbədiyaşarlığını təsdiqləyir. Xüsusilə diqqətəlayiq olan məqam ondan ibarətdir ki, Kamal Abdullanın Dədə Qorqud abidəsinə dair araşdırmalarında bir mərhələdən digər mərhələyə keçid əvvəlki nəticələrin inkarı üzərində qurulmur; əksinə, həmin mərhələlər üzərində yeni məna qatlarının açılması və dərinləşdirilməsi ilə müşayiət olunur. Bu səbəbdən, əsərdə əldə olunan nəticələrin “ilkin nəticələr“ kimi təqdim edilməsi metodoloji baxımdan əsaslandırılmışdır. Burada “ilkin nəticə“ anlayışı tamamlanmış yekunluq deyil, semantik prosesin davamlılığını ifadə edir və Dədə Qorqud mətnlərinin hər yeni nəsil tərəfindən yenidən oxunması, dərk edilməsi və şərh olunması zərurətini ön plana çıxarır. Beləliklə, Dədə Qorqud tarixi-filoloji abidə kimi təkcə ölməz bir məna işarəsi deyil, həm də ümumprinsipial düşüncə modeli, semioloji proses və metaforik təfəkkür forması kimi yaşarlığını qoruyur və Azərbaycan mədəni-mənəvi varlığı mövcud olduğu müddətcə elmi araşdırmaya açıq və aktual bir mətn korpusu olaraq qalır.

Kitabın ümumi dəyərləndirilməsində iki mühüm aspekt əsas götürülə bilər:

1. Kontekst müəyyənləşdirilməsində antropoloji universalizm;

2. Mətn təhlilində semantik dərinlik və polifonizm.

Əvvəlcə, kontekstin antropoloji universalizmi haqqında. Araşdırmada qarşıya qoyulan əsas hədəf zahirən filolojidir və bütün təhlillər də bu mərkəzi hədəfə istiqamətlənmiş kimi görünür: “KDQ” mətni əsasında yazıya qədərki dövrün bədii-poetiklik təsəvvürlərinin, real mətn quruculuğunda istifadə edilən ünsür və vasitələrinin öyrənilməsi! Qarşıya qoyulan bu filoloji elmi hədəf araşdırmanın, necə deyərlər, fokus nöqtəsini təşkil edir. Belə bir elmi fokuslaşma təbii ki, etnik-mədəni sistemi kontekst olaraq nəzərə alan filoloji təmayüllü linqivopoetik və mifopoetik təhlil perspektivindən xəbər verir. Lakin araşdırma boyu biz tamamilə başqa mənzərənin şahidi oluruq. Burada ənənəvi humanitar düşüncədə və qorqudşünaslıqda kök salmış stereotiplərin əksinə olaraq, “KDQ” etnik-mədəni sistem müstəvisində deyil, ümumbəşəri mədəniyyətin ilkin təşəkkül mərhələsi kontekstində təhlil edilir. Mətn boyu dərinə doğru hərəkət miqyasın kiçilməsi ilə deyil, əksinə, etnik-mədəni sistem hüdudlarından antropoloji universalizm səviyyəsinə qədər genişlənmə ilə müşayiət olunur. Məhz bu rakursdan salınan işıqda aydın görünür ki, dastanda Oğuzun və türkün genezisi üst qatların həqiqətidir. Mətnin daha dərin qatları etnik geneologiyadan daha çox, antropoloji geneologiyadan xəbər verir. Sən demə, “KDQ” həm də bəşəriyyətin Təbiətdən Mədəniyyətə keçidini bütün parametrlər üzrə özündə əks etdirən unikal bir abidədir.

Nə qədər paradoksal səslənsə də, məhz bu rakursdan yanaşdıqda, qədim türk mədəniyyətinin bəşər mədəniyyəti kontekstində yeri və mövqeyi formal vətənpərvərlik və millətçilik düşüncəsi ilə yazılan tədqiqatlarda olduğundan daha aydın, həm də daha şərəfli görünür. Bu mənada, kitabın çox mühüm cəhətlərindən biri onun Azərbaycan elmi humanitar düşüncəsinin universal antropoloji elmi səviyyəyə iddiasını və imkanını özündə əks etdirməsidir. Bizcə, hazırda belə bir iddiaya Azərbaycan humanitariyasının çox ehtiyacı vardır.

Xüsusi qeyd etmək istədiyimiz təmayül tekstin təhlilində dərinlik və polifonizmdir. Bədii poetiklik axtarışları istiqamətində mətn sanki nanotexnoloji səviyyədə araşdırmaya cəlb edilir. Araşdırmadan aydın olur ki, “KDQ”-nin mətn strukturu istər diaxron, istərsə də sinxron düzüm üzrə strukturların mürəkkəb münasibətlər şəbəkəsindən yaranmışdır. Və onlar ayrılıqda götürülən element kimi də, bir-biri ilə münasibətdə də İnsanın Təbiətdən Cəmiyyətə keçidinin bütün dolanbaclarını özündə əks etdirən informasiya daşıyıcılarıdır. Tədqiqatda informasiyanın mifoloji məzmundan bədii məzmuna keçidi üzərində xüsusi dayanılır. Məlumdur ki, elmdə məşhur mifoloji və tarixi şüur dövrləri bölgüsü vardır. Müəllif o məqam üzərində xüsusi dayanır ki, mətndə bədii poetikliyin strukturu, əsasən, həmin zaman mərhələləri ilə şərtlənir.

Müstəqillik dövrünün yaratdığı imkanlar abidəmizin elmi taleyində keyfiyyətcə yeni mərhələnin formalaşmasına şərait yaratmışdır. Müasir dövrdə ən aktual və mühüm vəzifələrdən biri məhz bu abidəni dünyanın qabaqcıl elmi məktəblərinin və aparıcı elmi proseslərinin cərəyan etdiyi diskurslara daxil etməkdir. Bu kontekstdə təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmış Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam bütün elmi sahələr, o cümlədən folklorşünaslıq, mifologiya və ədəbiyyatşünaslıq qarşısında yeni vəzifələr müəyyənləşdirir. Həmin vəzifələr abidəyə münasibətdə yalnız təsviri və tarixi yanaşma ilə kifayətlənməyib, onu çağdaş elmi metodologiyalar və nəzəri modellər kontekstində yenidən öyrənməyi zəruri edir.

Bu baxımdan, müstəqillik dövründə Azərbaycan akademik mühitinin əhəmiyyətli bir hissəsinin, xüsusən də son illər dövlət siyasətinə uyğun olaraq türkoloji tədqiqatların genişlənməsi kontekstində Azərbaycan Milli Elmlər Akademiyasının əsas elmi prioritetlərindən birini təşkil edən qorqudşünaslığın çoxsaylı nailiyyətləri xüsusi qeyd olunmalıdır. Bu proses Abidənin milli elmi şüurda mərkəzi mövqeyə çıxmasını, eyni zamanda, onun beynəlxalq elmi müzakirələrə açıq bir mətn korpusu kimi qəbul edilməsini şərtləndirir. Təsadüfi deyil ki, məhz bu mərhələdə aparılan elmi diskussiyaların əsas istiqamətlərindən biri türkoloji tədqiqatların yalnız dilçilik çərçivəsində məhdudlaşdırılmaması, digər elm sahələrinin – folklorşünaslıq, ədəbiyyatşünaslıq, semiotika və mədəniyyətşünaslığın da türkoloji istiqamətin inkişafına fəal şəkildə cəlb olunması məsələsidir.

Bu kontekstdə “Dədə Qorqud” abidəsi ilə bağlı tədqiqatlarda formalaşdırılmış konseptual yanaşmalar türkoloji folklorşünaslığın inkişaf məntiqi daxilində Türk dünyasının müxtəlif elmi mühitlərində ayrı-ayrı təşəbbüslər kimi deyil, qarşılıqlı elmi inteqrasiya və metodoloji sintez əsasında mənimsənilməli və ümumiləşdirilməlidir. Ümumelmi diskursun bu istiqamətdə genişlənməsi və sahələrarası xarakter qazanması, bir tərəfdən mövcud elmi yanaşmaların nəzəri dərinliyini artırır, digər tərəfdən isə Abidənin müasir elmi düşüncə sistemində uzunmüddətli aktuallığını təmin edən mühüm intellektual potensialın mövcudluğunu ortaya qoyur.

Filologiya elmləri doktorları:
Sərxan XAVƏRİ,
Hikmət QULİYEV,
Səfa QARAYEV



Sosial həyat