Gəncədə güclü küləyin törətdiy fəsadlar aradan qaldırılır

post-img

Gecə saatlarından etibarən əsən güclü külək Gəncə şəhərində bir sıra fəsadlar törədib. Səhərə qədər davam edən küləyin təsiri nəticəsində şəhərin müxtəlif ərazilərində yaşayış binalarına və yaşıllıqlara ziyan dəyib.

İlkin məlumata əsasən, güclü külək Heydər Əliyev, Şah İsmayıl Xətai, Nizami Gəncəvi prospektləri, eləcə də Dədə Qorqud,Mirzə Abbas Abbaszadə, Üzeyir Hacıbəyov küçələri və 4-cü mikrorayon ərazisində ümumilikdə 10-a yaxın yaşayış binasının dam örtüyünü yararsız hala salıb. Bundan əlavə, şəhər üzrə 30-a yaxın iri və orta gövdəli ağac aşıb, 2 işıq dirəyi yararsız vəziyyətə düşüb.

Hadisədən dərhal sonra Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin müvafiq şöbələrinin əməkdaşları ərazilərə cəlb olunub. Səhər saatlarından etibarən xüsusi texnikaların köməyi ilə bərpa və təmizləmə işlərinə başlanılıb.

Hazırda aşan ağaclar ərazilərdən yığışdırılır, aşma təhlükəsi olan ağaclar zərərsizləşdirilir, təhlükə yaradan budaqlar kəsilir. Zərər görmüş dam örtükləri ilə bağlı müvafiq tədbirlər görülür.

MKTİB-in canlı qüvvəsi və texnikası gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir. Məqsəd küləyin yaratdığı fəsadları qısa müddətdə aradan qaldırmaq və şəhər sakinlərinin təhlükəsizliyini tam təmin etməkdir.

Hamlet Qasımov
XQ-nin Gəncəbasar müxbiri















Hadisə