Son illər Salyan rayonunda bitkiçilik məhsullarının istehsalı sahəsində yüksək artım müşahidə olunur. Əvvəlki dövrlərdə olduğu kimi, 2025-ci ildə də müsbət dinamika davam edib. İl ərzində aqrotexniki tədbirlərin düzgün aparılması, müasir texnologiyaların tətbiqi və fermerlərin artan təcrübəsi sayəsində taxıl və pambıq istehsalı üzrə yüksək göstəricilər əldə edilib.
Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Rişad Əsgərlinin verdiyi məlumata görə, ötən il rayonda 12 min 696 hektar sahədə taxıl əkini aparılıb. Əkilən sahələrinin 5 min 202 hektarında buğda, 7 min 494 hektarında isə arpa yetişdirilib. Buğda sahələrindən 25 min 227 ton məhsul əldə olunub. Hektarın orta məhsuldarlığı 48,5 sentner təşkil edib. Arpa sahələrindən isə 28 min 475 ton məhsul götürülüb, orta məhsuldarlıq 38 sentner/hektar olub. Ümumilikdə, təsərrüfatlarda 53 min 702 ton taxıl istehsal edilib, orta məhsuldarlıq 42,3 sentner/hektar səviyyəsində qeydə alınıb.
Ötən il pambıqçılıq sahəsində də yüksək göstəricilər əldə olunub. Fermerlər pambıq əkinlərini rayonda fəaliyyət göstərən “Pagro” MMC, “Prime Cotton” MMC, “Aztəsərrüfat” MMC və “Azərpambıq” ASK MMC ilə bağlanmış müqavilələr əsasında həyata keçiriblər. Mövsüm ərzində hər hektardan 35,09 sentner məhsul yığılaraq tədarük məntəqələrinə 33 min 931 ton pambıq təhvil verilib. Yığılan pambığın 2,46 faizi əl əməyilə, 97,54 faizi isə kombaynlar vasitəsilə toplanıb ki, bu da pambıqçılıqda mexanikləşmənin əvvəlki illərlə müqayisədə daha da genişləndiyini göstərir.
Rişad Əsgərli onu da bildirdi ki, 2025-ci ildə Salyan rayonunda çəltik sahələri də xeyli genişləndirilib. Əkin-biçin işlərinin nəticələrinə əsasən, çəltikçilik sahəsində həm məhsulun həcmi, həm də məhsuldarlıq göstəriciləri qənaətbəxş olub. İl ərzində rayon üzrə, ümumilikdə, 1155,1 hektar çəltik əkilib və həmin sahələrin hamısında biçin həyata keçirilib. Yığım zamanı ilkin çəkidə 4 min 242 ton məhsul əldə olunub. Hektarın orta məhsuldarlığı isə 36,7 sentner təşkil edib.
Əkin sahələrinin 971,62 hektarı yazlıq, 183,48 hektarı isə təkrar əkinlərin payına düşüb. Yazlıq əkinlərdən 3 min 388 ton, təkrar əkinlərdən isə 854 ton çəltik yığılıb. Xüsusilə təkrar əkin sahələrində məhsuldarlıq yüksək olub və bu göstərici 46,5 sentner/hektar təşkil edib.
Qeyd edək ki, ötən il rayonda çəltik istehsalı ilə, ümumilikdə, 44 fermer məşğul olub. Onlardan 20-si yazlıq, 24-ü isə təkrar əkin sahələrində fəaliyyət göstərib. Bu da çəltikçiliyin rayon əhalisinin məşğulluğunda mühüm rol oynadığını göstərir. Əldə olunan yüksək nəticələr aqrotexniki qaydalara düzgün əməl olunması, suvarmanın vaxtında aparılması və fermerlərin bu sahəyə artan marağı ilə bağlıdır. Mütəxəssislərin fikrincə, qarşıdakı illərdə rayonda çəltikçiliyin daha da genişləndirilməsi üçün potensial imkanlar mövcuddur.
Salyan rayonunda məhsul istehsalını ildən-ilə artırmaq məqsədilə aqrotexniki qaydalara daha ciddi əməl olunması və məhsuldarlığın yüksəldilməsi nəzərdə tutulur. 2026-cı il üçün proqnozlara əsasən, rayonda 7 min 800 hektar sahədə pambıq, 1200 hektar sahədə isə çəltik əkini aparılması planlaşdırılır. Bu göstəricilər Salyan rayonunda bitkiçilik sahəsində istehsalın gələcək illərdə də artacağını deməyə əsas verir.
Mikayıl NƏRİMANOĞLU
XQ



