“Vəhşi təbiətin super qəhrəmanları”

post-img

Heydər Əliyev Mərkəzində ekoloji sərgi

Fevralın 4-də Heydər Əliyev Mərkəzində təsirli ictimai sənət nümunələri yaradan məşhur sənətkarlar - britaniyalı və avstraliyalı heykəltaraşlar Cili və Mark Şatnerin “Vəhşi təbiətin super qəhrəmanları” adlı sərgisinin açılışı olub.

Açılışda Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli, incəsənət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Bakı layihəsi müəlliflərin bu günədək təqdim etdikləri ən böyük sərgidir. Vəhşi təbiətin fədakar müdafiəçiləri kimi tanınan Cili və Mark yaradıcılıqları ilə incəsənəti təbiətin mühafizəsi üçün mühüm bir platformaya çeviriblər. Sərgi vəhşi təbiətin qarşılaşdığı problemləri bir daha gündəliyə gətirməklə yanaşı, tamaşaçıya cəsarət və ümid dolu baxış bucağı təqdim edir.

Açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov bildirib ki, Mərkəzdə Cili və Mark Şatnerin 100-ə yaxın əsəri sərgilənir. Onun sözlərinə görə, heykəltaraşların əsərləri dünyanın bir çox ölkəsində nümayiş etdirilib. Anar Ələkbərov vurğulayıb ki, layihənin unikallığı məhz heykəltaraşların təbiətin qorunması istiqamətində gördükləri mühüm işlərdə öz əksini tapır və onların bu sahədə böyük rolu var. O bildirib ki, “Vəhşi təbiətin super qəhrəmanları” sərgisi bir ildən artıq müddət ərzində fəaliyyət göstərəcək. Anar Ələkbərov, həmçinin layihənin Heydər Əliyev Mərkəzində keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya layihənin reallaşmasına göstərdiyi böyük dəstəyə görə dərin minnətdarlığını ifadə edib.

Heykəltaraş Cili Şatner deyib ki, bu sərgi onlar üçün adi bir layihə deyil, təbiətə olan sevgilərinin ümumi bir təntənəsidir: “Bu sərgi ilə biz qəlblərimizi, hekayələrimizi və danışa bilməyən heyvanların səsini insanlara çatdırmaq istəyirik. Biz hər zaman inanmışıq ki, incəsənət qəlbləri birləşdirən ən güclü vasitədir”.

O, əlavə edib ki, monumental heykəllər indiyədək Nyu-York, London, Sinqapur, Sidney, Şanxay da daxil olmaqla dünyanın 250-dən çox şəhərində nümayiş etdirilib.

Heykəltaraş Mark Şatner bildirib ki, Azərbaycana ilk dəfə səfər edirlər və Heydər Əliyev Mərkəzində belə möhtəşəm bir məkanda sərgilərinin açılması onlar üçün böyük sevincdir. Heykəltaraş ərsəyə gətirdikləri əsərlər barədə danışıb: “Əsərlərimiz elə qurulub ki, tamaşaçı onların üzərində otura, ətrafında gəzə və hətta toxuna bilərlər. Bu isə işimizin mahiyyəti baxımından əsərlərlə həm emosional, həm də fiziki təmas qurmağa imkan yaradır”.

Heykəltaraşlar Cili və Mark Şatner vurğulayıblar ki, indiyə qədər ərsəyə gətirdikləri əsərlər bir məhəbbət hekayəsindən başlayıb. Belə ki, Cili və Mark Şatner cütlüyü təsadüfi görüş nəticəsində 1990-cı ildə Honkonqda bir filmin çəkiliş meydançasında tanış olublar.

Daha sonra qonaqlar sərgi ilə tanış olublar.

“Vəhşi təbiətin super qəhrəmanları”nda nəsli kəsilməkdə olan canlıların gələcək taleyi mövzusu aktuallaşdırılır. Ekspozisiya təbiəti qorumaq missiyasını üzərinə götürən, bir-birindən fərqli, lakin ayrılmaz iki qəhrəman – “Dovşan xanım” və “İt adam”ın macəralarını əks etdirir.

Bakı sərgisi təkcə canlı aləmin mühafizəsi haqqında deyil, həm də şəfqət, cəsarət və birlik haqqında hekayədir.

Qabil YUSİFOĞLU
XQ





Sosial həyat