Xəstələrdən ödəniş tələb ediləcəkmi?
Milli Məclisin “Onkoloji yardım haqqında” qanuna etdiyi son düzəlişə əsasən, onkoloji yardım yalnız ixtisaslaşmış dövlət tibb müəssisələrində deyil, eyni zamanda, özəl klinikalarda da həyata keçiriləcək.
Bu yeni qanunla onkoloji xəstələrin müalicəsində nə dəyişəcək? Müayinə və müalicə xərcləri necə olacaq? Bu xidmət hansı özəl klinikalarda göstəriləcək?
“Onkoloji yardım haqqında” qanuna görə, bu xidmət yalnız dövlət tibb müəssisələrində onkoloq həkim tərəfindən aparıla bilərdi. Hətta diaqnoz xəstənin başqa problemlə bağlı müayinə zamanı təsadüfən dövlət xəstəxanasında aşkarlansa belə, müalicə üçün xüsusi ixtisaslaşmış müəssisələrə göndərilməli idi. Bundan kənara çıxmaq qanuna zidd hesab olunurdu.
Müalicə, dərman vasitələri ilə təminat, kimyaterapiya və s. icbari tibbi sığortadan əvvəl də dövlət proqramları hesabına həyata keçirilirdi. İTS tətbiq olunduqdan sonra onkoloji müalicənin sığorta hesabına qarşılanması mümkün olmadı, çünki fondun vəsaiti onkoloji xəstələri əhatə etməyə imkan vermir.
Son 1 ildə bəzi müayinələr İTS hesabına daxil edilib. Dövlət müəssisələrində onkoloji xəstələrin artımı, xəstəxanaların əsasən Bakıda cəmləşməsi bir çox hallarda xəstə sıxlığı və tibbi yardımın ləngiməsi ilə müşahidə olunur. Buna görə də insanlara alternativ tibbi xidmət təklif edilməsi labüd oldu.
Milli Onkologiya Mərkəzinin onkoloqu, Əməkdar həkim Elçin Mansurov xərçəng xəstələri üçün yeni dəyişikliyin mahiyyətini açıqladı:
– Qanuna yeni dəyişiklik ondan ibarətdir ki, onkoloji müalicə əvvəlki qaydada dövlət tibb müəssisələrində dövlət proqramları hesabına aparılacaq. Təcili tibbi yardım istər özəl, istər dövlət müəssisələrində ödənişsiz göstərilir. Özəl klinikalarda onkoloji müalicə isə vətəndaşın öz maddi vəsaiti hesabına aparılacaq. Yenilik ondadır ki, özəl sektorun bu sahəyə çıxışı qanuniləşdi. Bundan sonra xidmətdə rəqabət güclənəcək.
Özəl xəstəxanalarda lisenziya ilə hansı tibbi xidmətlərin göstəriləcəyi, hansı şöbələrin olacağı qeyd edilir. Onkoloji xidmət də bu siyahıya daxil ediləcək. Ola bilər ki, sırf onkoloji xəstəliklərlə məşğul olan özəl klinikalar açılsın. Amma bu müəssisələr müasir standartlara cavab verməlidir.
Bəziləri düşünür ki, onkoloji xidmətlə hər kəs istədiyi kimi məşğul ola bilər. Bu, qətiyyən belə deyil. Onkoloji xidmət yüksək kadr potensialı, elmi baza və ciddi maddi-texniki imkanlar tələb edir.
Elçin Mansurov özəl klinikalarda çalışacaq kadrlardan da söz açdı:
– Milli Onkologiya Mərkəzi dünyanın aparıcı onkoloji mərkəzlərindən geri qalmır, əksinə, öndədir. Sadəcə, xəstə sayı çoxdur, bəzən fiziki olaraq çatdırmırıq, növbələr yaranır. Amma xəstələr əvvəllər də özəl klinikalara və ya xarici ölkələrə gedirdilər.
Robotik əməliyyat Qafqazda ilk dəfə Milli Onkologiya Mərkəzində həyata keçirilib. Kimyaterapiyada tətbiq etmədiyimiz protokol yoxdur. Problem ağıllı dərmanlarla təminatdır, o da həll olunacaq.
Bəzən xəstələr pullarını xaricdə və ya özəl klinikalarda xərcləyir, imkanları tükənəndə Milli Onkologiyaya gəlirlər. Bir problemin üstünə başqa problem əlavə olunur. Ümid edirəm, bu qanun xəstələr üçün faydalı olacaq.
Elçin Mansurov hesab edir ki, dəyişikliklər ciddi çevriliş yaratmayacaq. Özəl klinikalar mütəxəssis seçimində diqqətli olmalıdır və Milli Onkologiya Mərkəzi onlar üçün təcrübə bazası ola bilər.
O, baş-boyun şöbəsində professor Əziz Əliyev, neyrocərrah Rasim Babayev, süd vəzi onkologiyası üzrə Tahir Nəcəfov və Cavid Qəribov, həmçinin Şəmistan Alıyev kimi mütəxəssislərin fəaliyyətini xüsusi qeyd etdi. Vurğuladı ki, PET müayinələrinin nəticələri beynəlxalq səviyyədə qəbul olunur, şüa aparatları Amerika istehsalıdır və MDB ölkələrindən mütəxəssislər burada təcrübə keçirlər.
“Onkologiya sözü bizdə qorxu yaradır. Qətərdə onkoloji xəstəxananın adını “Ümid xəstəxanası” qoyublar”, – deyən həkim əlavə etdi ki, “mən 40 ildən çoxdur bu sahədəyəm. Akademik Cəmil Əliyevin rəhbərliyi ilə Qafqazda analoqu olmayan mərkəz yaradılıb. Hesab edirəm ki, özəl klinikalar buradan çox şey öyrənməlidir”.
Zərifə HÜSEYNOVA
XQ

