Arxiv materiallarının xronoloji transkripsiyası, seçmə tərcümələr və şərhlər
(əvvəli 18, 20 fevral 2026-cı il tarixli saylarımızda)
Türkologiya sahəsindəki fəaliyyət göstərən ayrı-ayrı şəxslərin öz işlərinin nəticələri və əldə olunan yeni nailiyyətlər, eləcə də ayrı-ayrı Sovet respublikalarında türkologiya üzrə görülmüş işlərin ümumi yekunları ilə bağlı xüsusi məruzələrin gündəliyə daxil edilməsinə etiraz edilməsin.
Yuxarıda göstərilən təşkilatlardan və onların təklif etdiyi şəxslərdən dəyişiklikləri, əlavələri, məruzələri və həmməruzələri bu protokolun alınmasından sonra iki həftə ərzində müvafiq təşkilat və komissiyalara bildirmələri xahiş olunsun.
Beləliklə, Türkoloji Qurultayın çağırılması ilə bağlı Komissiya qərarının ümumi nəticələri:
I siyasi və elmi kontekstdə
Bu qərar SSRİ-də yaşayan türk-tatar xalqlarının mədəni-maarifləndirilməsi, dil və kimlik məsələlərinin elmi əsaslarla öyrənilməsi, tənzimlənməsi üçün böyük əhəmiyyət daşıyır.
Qurultayın çağırılması:
SSRİ rəhbərliyinin türk dillərinin tədqiqinə verdiyi strateji əhəmiyyəti, elmi dairələrin, xüsusilə etnoqrafların türkologiyaya olan yüksək marağını, bu sahədə koordinasiyalı dövlət siyasəti aparmaq niyyətini əks etdirir.
SSRİ bu vasitə ilə həm öz türk-müsəlman vətəndaşlarının mədəni ehtiyaclarını “tənzimləmək”, həm də türkologiya sahəsində beynəlxalq elmi mühitdə aparıcı rol oynamaq istəyir.
II Qurultayın keçirilməsi ilə bağlı əsas qərarlar. Elmi və praktiki əhəmiyyəti yüksək olan məsələlərin müzakirəsi üçün qurultayın çağırılmasının zəruriliyi və təxirəsalınmazlığı
1. Keçirilmə yeri: Bakı şəhəri türk-tatar respublikalarının mərkəzində yerləşdiyi və mədəni-coğrafi baxımdan əlverişli olduğu üçün toplantılara ideal yerdir.
2. Keçirilmə vaxtı: 1925-ci ilin sonu – dekabrın əvvəlində.
3. Tərəfdaşlıq prinsipi: SSRİ daxilində respublikalar və qurumların maraqlı rəyi sorğulanır. Bu da göstərir ki, tədbir “mərkəzdən idarə olunan” olsa da, formaca kollegial və çoxtərəfli müzakirəyə açıqdır.
III. Qurultayın gündəliyi və məqsədləri
Qurultayın gündəliyi elmi və təşkilati baxımdan olduqca genişdir və aşağıdakı əsas sahələri əhatə edir:
a) türk dillərinin təsnifatı, mənşəyi və tarixi inkişafı;
b) fonetika, morfologiya və terminologiya məsələləri;
c) yazı sistemləri: ərəb, latın, rus, monqol, akademik və s.;
ç) qohumluq əlaqələri: fin-uqor, monqol dilləri və etnik nəzəriyyə;
d) ibtidai dinlər və tarix;
e) orfoqrafiya və tədris metodikası.
Təşkilati məsələlər və elmi koordinasiyası göstərir ki, qurultay vahid dil siyasəti, ortaq terminologiyanın formalaşdırılması üçün də siyasi və mədəni bir platforma rolunu oynayır.
IV. Təşkilati mexanizmlər
1. Gündəliyin geniş müzakirəyə verilməsi, dəyişikliklərin təklif edilə bilməsi, tədbirin elmi-ictimai xarakter daşıdığını göstərir.
2. Təkcə dövlət orqanları deyil, akademiyalar, şərqşünaslıq assosiasiyaları, regional bürolar, xalq maarif komissarlıqları və fərdi mütəxəssislər də prosesə cəlb edilir.
3. Bu struktur SSRİ-də türkologiyanın planlı şəkildə mərkəzləşdirilmiş formada qurulmasının ilkin nümunəsidir.
V. Simvolik və geosiyasi mahiyyəti
Qurultayın keçirilməsində Bakı şəhərinin seçilməsi həm coğrafi mərkəz, həm də 1920-ci illərdə Sovet türkologiyasının paytaxtı kimi tanıtmaq istəyindən irəli gəlir.
Bu sənəd bir daha göstərir ki, 1926-cı il Türkoloji Qurultayı bütün türkdilli xalqlar arasında mədəni-siyasi inteqrasiya vasitəsi olaraq SSRİ-nin türkologiya sahəsində dövlət səviyyəsində ideoloji idarəetmə mexanizmi qurmaq cəhdi ilə yanaşı, elmi müzakirələr vasitəsilə vahid yazı, dili, əlifba, terminologiya və tədris üsullarının formalaşdırılması məqsədini güdür.
1 saylı protokolun davamı qurultayın təşkilati məsələləri – nümayəndələrin sayı, bölgüsü, dillər, gündəliyə əlavə məsələlər və iştirakçı institutlar – əhatə edir.
Eşidildi:
6. Məruzələrin və qurultay işinin dili barədə
Qəbul edildi:
Qurultayın işi və bütün məruzələr türk və rus dilində aparılsın. Eyni zamanda, türkdilli nümayəndələrin doğma dillərində və ya beynəlxalq dillərdən birində öz məruzələrini və çıxışlarını təqdim etmələrinə icazə verilsin, onlara maneə törədilməsin.
Eşidildi:
7. Gündəliyə əlavə məsələlərlə bağlı məruzələr barədə
Qəbul edildi:
Hazırda gündəlik məsələlər üzrə məruzəçiləri təyin etməmək. Bütün təşkilatlara və şəxslərə gündəlik plan layihəsi və bu protokol göndəriləcək, onlardan hansı məsələlər üzrə məruzə hazırlaya biləcəklərini bildirmələri xahiş olunacaq. Onlardan bu haqda 1 oktyabra qədər cavab vermələri xahiş olunacaq.
Eşidildi:
8. Nümayəndələrin sayı barədə
Qəbul edildi:
İttifaq respublikaları və muxtar respublikalar, eləcə də SSRİ və xaricdən xüsusi dəvətlə gələcək şəxslər üçün qurultaya göndəriləcək nümayəndələrin ümumi sayı 120 nəfər olaraq müəyyən edilsin.
Eşidildi:
9. Yerlərin bölgüsü barədə
10. Qəbul edildi:
I. Aşağıdakı respublikaların və vilayətlərin Elmi Maarif Komissarları tərəfindən Qurultaya göndəriləcək nümayəndə sayı:
1. Azərbaycan – 6 nümayəndə
2. Gürcüstan (yerli türklər üçün) – 1 nümayəndə
3. Ermənistan – 1 nümayəndə
4. Dağıstan – 4 nümayəndə
5. Türkmənistan – 2 nümayəndə
6. Naxçıvan – 1 nümayəndə
7. Qaraçay vilayəti – 1 nümayəndə
8. Balqar vilayəti – 1 nümayəndə
9. Krım Respublikası – 1 nümayəndə
10. Tatarıstan – 2 nümayəndə
11. Başqırdıstan – 2 nümayəndə
12. Qırğızıstan – 1 nümayəndə
13. Özbəkistan – 3 nümayəndə
14. Qara Qırğız vilayəti – 1 nümayəndə
15. Türkmənistan – 3 nümayəndə
16. Orta vilayətlər – 2 nümayəndə
17. Yakut Respublikası – 1 nümayəndə
18. RSFSR Maarif Komissarlığının Türkdilli bölməsi tərəfindən – 2 nümayəndə
(Avtonom respublika və vilayətlərdə yaşayan türkdilli xalqlar üçün)
Çeçen, İnquş, Şimali Osetiya, Kabardin, Adıgey, Çərkəz, Kalmık Respublikası nümayəndələrinin də Qurultayda əlifba islahatı və latın əlifbasının qəbulu məsələlərinin müzakirəsində iştirak etmələri olduqca arzuolunandır.
II. Sovet Respublikasının türkologiya və şərqşünaslıqla məşğul olan ali elmi və tədris müəssisələri:
1. Ümumittifaq Şərqşünaslıq Elmi Assosiasiyası – 3 yer
2. SSRİ Elmlər Akademiyası – 2 yer
3. Moskva Şərqşünaslıq İnstitutu – 1 yer
4. Leninqrad Şərqşünaslıq İnstitutu – 1 yer
5. Kazan Universiteti – 1 yer
6. Daşkənd – 1 yer
7. Bakı Dövlət Universiteti – 1 yer
8. Leninqrad Dövlət Universiteti – 1 yer
9. Krım Dövlət Universiteti – 1 yer
III. SSRİ-dən xüsusi dəvət edilən elm və mədəniyyət xadimlərinin ümumi sayı – 30 nəfər. Bu şəxslərin adları dəyişikliklə protokola əlavə ediləcək və yerləri bölgü ilə veriləcək.
IV. Qurultayda iştirak edəcək tanınmış türkoloqların, xüsusilə Türkiyə və digər xarici ölkə mütəxəssislərinin iştirak etməsi arzuolunandır. Onların siyahısı tərtib ediləcək və dəvət olunmaları üçün tədbirlər görüləcək.
Bu sənəd də 1 saylı potokolun davamıdır və əsasən təşkilati məsələlər ilə bağlı qərarları əhatə edir.
Eşidildi:
10. Türkoloji Qurultayın çağırılması üzrə Təşkilat Komissiyasının tərkibi haqqında.
Qərara alındı:
Komissiyanın tərkibinə həlledici səs hüququ ilə aşağıdakı şəxslər daxil edilsin:
Alimcan İbrahimov (Kazan), Zinətulla Novşirvanva, Türakulova, Odabaş, Baytursun.
Təşkilat Komissiyasının tərkibi aşağıdakı şəkildə müəyyən edilsin:
Başqan – Ağamalıoğlu (sədr), sədr müavinləri – Mixail Pavloviç və Həbib Cəbiyev.
Üzvlər: Q.İ.Braydo, professor Samoyloviç, professor Çobanzadə, akademik Bartold, professor Aşmarin, A. Qorxmasov, Zifeld, Fikrət Odabaş, Türakulova, Zinətulla Novşirvanva, Alimcan İbrahimov, Peninov, Baytursun və Əli Yusifzadə (məsul katib).
Eşidildi:
11. Sovet respublikalarında yardım komitələri haqqında.
Qəbul edildi:
SSRİ-nin bir sıra ittifaq və muxtar respublikalarının paytaxtlarında qurultaya kömək üzrə komitələrin yaradılması zəruri hesab edilsin.
Leninqradda yaradılacaq komitənin tərkibinə professor Samoyloviç, akademiklər Marr və Bartold daxil edilsin.
Moskvada belə komitə Sovet Elmi Şərqşünaslıq Assosiasiyası nəzdində fəaliyyət göstərsin.
A) Kazanda yardım komitəsinin təşkili Alimjan İbrahimova tapşırılsın;
B) Samara şəhərində yardım komitəsinin təşkili Fikrətə tapşırılsın;
C) Simferopolda yardım komitəsinin təşkili Odabaşa tapşırılsın.
Bütün yardım komitələri ilə vaxtaşırı əlaqə yaradılması, onların qurultayın hazırlığı və gedişi barədə hesabatlarının alınması təmin edilsin.
Eşidildi:
12. Qurultayın xərcləri:
Peninov, Əli Yusif və Cəbiyev Bakıya səfərə dəvət edilən rəsmi şəxslərin qarşılanması, yerləşdirilməsi və geri yola salınması ilə bağlı xərcləri hesablayaraq smeta tərtib etsinlər.
Qurultay dövründə iştirakçıların yemək, məskunlaşma və digər ehtiyacları təşkilat komissiyası tərəfindən təmin edilsin.
Eşidildi:
13. Elmi və hesabat nəşrləri
Qərara alındı:
Qurultay zamanı SSRİ respublikalarının əlifba islahatı və xüsusi mədəni məsələlərinə dair ən əhəmiyyətli və aktual materialların nəşri zəruri hesab edilsin.
Təşkilat Komissiyasının fəaliyyətini və hazırlıq prosesini əks etdirən dövri “Bülleten” nəşr edilsin.
Redaksiya heyətinin tərkibi: Mixail Pavlov (məsul redaktor), prof. Çobanzadə, Fikrət, prof. Samoyloviç və Cəbiyev
Prof. Çobanzadə və Cəbiyevə “Bülleten”in birinci buraxılışı üçün smeta hazırlamaq və materialların toplanması tapşırılsın.
Eşidildi:
1. Kitab sərgisi
Qərara alındı:
Qurultay zamanı Bakıda türk-tatar dillərində nəşr olunmuş materiallardan ibarət sərgi keçirilsin. Sərgidə ədəbiyyat əlifbalara görə (ərəb, latın və s.) və respublikalara görə təsnifləşdirilsin (bədii ədəbiyyat, terminologiya və s.).
Katibliyə tapşırılsın ki, Komissiya adından bütün nəşriyyatlara müraciət etsin və onlardan istər türk-tatar dillərində, istərsə də Sovet Şərqində işlədilən bütün əlifbalarda öz nəşrlərini təqdim etmələri xahiş olunsun.
Sədr:
Katib: Əli Yusif
* * *
Beləliklə, Qurultayın əsas dilləri: türk və rus; türkdilli nümayəndələrə doğma və beynəlxalq dillərdə çıxış etmək imkanı verilir: bu qərar həm elmi ünsiyyət, həm də mədəni inklüzivlik baxımından önəmli addımdır. Məruzəçilər könüllü şəkildə çıxış edə bilirlər, bunun üçün bütün təşkilatlara gündəlik plan layihəsi və protokol göndərilir, hətta onlara 1 oktyabra qədər cavab üçün vaxt verilir.
Qurultayda iştirakçıların sayı: 120 nəfər nəzərdə tutulur və bu say 4 istiqamətdə paylanır:
1. İttifaq və muxtar respublikalar (məsələn, Azərbaycan, Dağıstan və s.);
2. Ali elmi-tədris qurumları (məs., Ümumittifaq Şərqşünaslıq Elmi Assosiasiyası, Bakı Dövlət Universiteti və s.);
3. SSRİ-dən xüsusi dəvətlilər;
4. Xarici ölkələrdən türkoloqlar.
Təşkilat Komissiyasının tərkibi (məsələn, sədr S.Ağamalıoğlu, sədr müavinləri: Mixail Pavlov və Həbib Cəbiyev, üzvlər Çobanzadə, Bartold, Samoyloviç, Aşmarin, Qorxmasov, Zifeld və b) SSRİ-nin həm türk, həm də rus intellektualları ilə balanslaşdırılmışdır. Qurultaya hazırlıq məqsədilə Moskva, Leninqrad, Kazan, Samara, Simferopol kimi iri şəhərlərdə yerli yardım komitələri yaradılmış, bunlar müntəzəm əlaqədə qalmalı və hesabat verməlidirlər.
Səfər, yerləşmə, yemək və digər xərclərlə bağlı Peninov, Əli Yusif və Cəbiyev smeta hazırlayır. Bu, maliyyənin planlı şəkildə təşkil olunması qərarının texniki peşəkarlığını göstərir.
Qurultay materiallarının və əlifba islahatına dair sənədlərin nəşri nəzərdə tutulur, “Bülleten” adlı dövri nəşrə hazırlıq görülür, redaksiya heyətinə Pavlov, Samoyloviç, Çobanzadə, Fikrət, Cəbiyev kimi ciddi alim və təşkilatçılar daxil edilir.
Bakı şəhərində keçiriləcək sərgidə ərəb, rus, latın qrafikaları ilə türk-tatar dillərində nəşrlər nümayiş etdiriləcək. Kitab sərgisi həm elmi, həm də ideoloji baxımdan SSRİ-nin çoxdilli siyasətini – türkdilli ziyalıların və sovet nəşriyyat sisteminin sinxronizasiyasını nəzərdə tutur.
Göründüyü kimi, rus dilinin rəsmi statusu, hegemonluğu qorunmaqla türkdilli çıxışlara şərait yaradılması, əslində, elmi və siyasi balansda SSRİ-nin türk xalqları arasında “bərabər təmsilçilik görüntüsü yaratmaq” istəyindən xəbər verir. Həm respublikalar, həm də elmi qurumlar təmsil olunur – bu, sosial və ideoloji elitanın sintezidir. Açıq-aydın nəzərə çarpır ki, qurultayın əsas məqsədlərindən biri latın əlifbasına keçidi sistemləşdirməkdir, “Bülleten”lər də ideoloji nəzarət və təşviqat məqsədi daşıyır.
Kadr seçiminə gəldikdə, komissiya üzvləri arasında həm SSRİ elmi elitasının nümayəndələri (Bartold, Samoyloviç), həm də milli ziyalılar (Çobanzadə, İbrahimov, Baytursun və s.) yer alırlar. Şübhəsiz ki, bu balanslı kadr siyasəti etimad yaratmaqla yanaşı, nəzarət mexanizmi də təmin edir.
1926-cı il Bakı Türkoloji Qurultayı elmi konfransdan çox, planlaşdırılmış ideoloji-siyasi proqramdır: Sovet rəhbərliyi bu tədbirdən türk xalqlarının yeni ortaq mədəni kodunu yaratmaq, latınlaşma siyasətini legitimləşdirmək və elmi ictimaiyyəti siyasi layihəyə inteqrasiya etmək məqsədilə alət kimi istifadə etmişdir.
T.Menzel də yazırdı ki, başlanğıcda İstanbul və Ankaradakı türk alimlərinin qurultayda iştirakı planlaşdırılmışdı. Lakin əlifba məsələsindəki qeyri-müəyyənlik və bəzi xoşagəlməz hadisələr səbəbindən bütün alimlər qatılmaqdan imtina etdilər. Leninqrad akademiyasının nümayəndələri, türkoloqlar bəzi narahatlıqları səbəb göstərərək iştiraklarını təxirə salmışdılar. Dəvətnamələrin vaxtında çatmaması səbəbindən 1926-cı il yanvarın 3-dən 6-dək qurultaya hazırlıq xarakterli görüşlər keçirilir. 30 dekabr 2025-ci ildə göndərilən dəvətnamələrin gecikmə səbəblərinin nəzərə alınmaması reallığı göstərir. İlk xarici qonaq T.Menzel 03 yanvar 2026-cı il tarixində Tiflis üzərindən Bakıya gəlir, məhz burada qurultayın təxirə salındığını eşidir. Həmin gün təşkilat komissiyası I Türkoloji Qurultaydan öncə gündəmin və iştirakçıların yekun formalaşdırılması məqsədilə ümumi iclas çağırır. İclasda qərar alınır ki, gündəm və proqram yenidən işlənsin, dəvət olunan türk xalqlarının coğrafi spektri genişləndirilsin, 3-6 yanvar tarixlərində sessiyada çıxış edəcək şəxslərin siyahısı müəyyən edilsin. T.Menzelin qeydlərindən:
3 yanvar 1926-cı il tarixli iclasda Yardım Komitəsinin 12 əsas üzvü iştirak edirdi:
S.Ağamalıoğlu, Pavloviç, Məmmədzadə, Zifeld, Samoyloviç, Qorkmasov, Baytursun, Aşmarin, Çobanzadə, Odabaş, Peninov, Əli Yusifzadə.
Əlavə olaraq aşağıdakı nümayəndələr iclasa qatılmışdılar:
Leninqraddan: Oldenburq, Tomasovski (Leninqrad Universitetinin keçmiş rektoru)
Moskvadan: Veltman, Peskovski
Azərbaycandan: H.Zeynallı, İsmayıl Hikmət (ədəbiyyat tarixçisi, müəllim), dörd cildlik “Türk ədəbiyyatı tarixi” müəllifi
Kazandan: Əziz Ubeydulin
Türkmənistandan: Berdıyev
Özbəkistandan: Əbdülcabbarov
Almaniyadan: Menzel (yəni mən)
T.Şahbazi və H.Rəfiq – nümayəndəlikdən
* * *
Elə ilk gündən Bakıda keçirilən Türkoloji Qurultayla bağlı ziddiyyətli fikirlər irəli sürülür. Fransız türkoloqu Jozef Castagne Rusiyanın Türkoloji Qurultayı toplamaqla Bakını “Türkcə danışan dünyanın baş kəndi”, yəni intellektual paytaxtı etməyi hədəflədiyini, başqa birisi Sovetlərin pantürkist düşüncəni zərərsizləşdirmək məqsədilə əks-hücumu kimi qiymətləndirir. İlber Ortaylı isə Bakını “Sovetlər Birliyi və Türkiyə türkolojisinin qarşılaşdığı bir məkan olaraq” dəyərləndirir.
Qurultayda iştirak edən alman türkoloqu Teodor Menzel tədbirin Bakıda keçirilməsinin əsas səbəbini Orta Asiyada həmin dövrdə sabitliyin olmaması kimi izah edir və Bakını türkdilli icmaların ən intellektual şəhəri kimi dəyərləndirir. “Azərbaycanlı siyasi mühacirlərin yaxından əməkdaşlıq etdiyi “Prometey” jurnalı isə əksinə, Türkoloji Qurultaya ümumən skeptik yanaşaraq bütün qərarların Moskvada verildiyini göstərir, alimlərin çıxış və mübahisələrini isə əvvəlcədən hazırlanmış siyasi şou kimi dəyərləndirir”.
3 yanvar 1926-cı il Türkoloji Qurultayın Çağırılması üzrə Təşkilat Komissiyasının I Ümumittifaq Türkoloji Qurultayla əlaqədar yerli komitə nümayəndələrinin
I Plenum iclasının protokolu:
Təşkilat Komissiyasının üzvləri: S.Ağamalıoğlu (Azərbaycan), H.Cəbiyev (Azərbaycan), M.Pavloviç (Moskva), C.Məmmədzadə (Azərbaycan), A.Zifeld (Azərbaycan) prof. Samoyloviç (Leninqrad), Qorxmasov (Dağıstan), Baytursun (Qazaxıstan), Aşmarin (Azərbaycan), prof. Çobanzadə (Azərbaycan), Odabaş (Krım), Peninov (Azərbaycan), Əli Yusifzadə (Azərbaycan), yerli yardım komitələrinin nümayəndələri: S.Oldenburq (Leninqrad), V.Berdıyev (Türkmənistan), Abdul Cabbarov (Özbəkistan), prof. Tomaşevskiy (Leninqrad), Veltman (Moskva), H.Zeynallı (Azərbaycan), İsmayıl Hikmət (Türkiyə); qonaqlar: T.Menzel (Almaniya), T.Şahbazi (Azərbaycan), Qubaydulin (Tatarıstan), Rafiqov (Tatarıstan).
Sədr: S.Ağamalıoğlu
Katib: A.Zifeld
* * *
Təşkilat Komissiyasının üzvləri: S.Ağamalıoğlu (Azərbaycan), H.Cəbiyev (Azərbaycan), M.Pavloviç (Moskva), C.Məmmədzadə (Azərbaycan), A.Zifeld (Azərbaycan) prof. Samoyloviç (Leninqrad), Qorxmasov (Dağıstan), Baytursun (Qazaxıstan), Aşmarin (Azərbaycan), prof. Çobanzadə (Azərbaycan), Odabaş (Krım), Peninov (Azərbaycan), Əli Yusifzadə (Azərbaycan), yerli yardım komitələrinin nümayəndələri: S.Oldenburq (Leninqrad), V.Berdıyev (Türkmənistan), Abdul Cabbarov (Özbəkistan), prof. Tomaşevskiy (Leninqrad), Veltman (Moskva), H.Zeynallı (Azərbaycan), İsmayıl Hikmət (Türkiyə); qonaqlar: T.Menzel (Almaniya), T.Şahbazi (Azərbaycan), Qubaydulin (Tatarıstan), Rafiqov (Tatarıstan).
Sədr: S.Ağamalıoğlu
Katib: A.Zifeld
* * *
Dinlənildi:
Sədr S.Ağamalıoğlu, iclası açaraq Təşkilat Komissiyasının plenum iclasının əhəmiyyətinə toxundu. O bildirdi ki, Qurultayın çağırılması fikri təkcə elmi dairələrdə deyil, türk xalqları arasında da böyük ruh yüksəkliyi ilə qarşılanmış, ictimai-siyasi marağa səbəb olmuşdur. Bu toplantı yalnız elmi məqsəd daşımır, eyni zamanda, türk-tatar xalqlarının ortaq mədəni və siyasi problemlərinin müzakirəsi üçün mühüm platforma olacaqdır. Ağamalıoğlu qeyd etdi ki, bu Qurultay Şərqlə Qərbin elmi əməkdaşlığında körpü rolu oynayacaq və ümumtürk elminin formalaşmasında əlamətdar hadisə olacaqdır.
Katib Zifeld iclasın gündəliyini elan edir.
Gündəlik üzrə məsələlər:
1. Qurultayın çağırılma tarixi və əsaslandırılması
2. Qurultay iştirakçılarının tərkibi
3. Qurultayın keçirilməsi haqqında proqram və nizamnamə
4. Yerli komitələrin qurultayda çıxışı
5. Əlişir Nəvainin yubileyi
6. Qurultayın seksiyaları və reqlament
7. Mətbuatla əlaqə və nəşr işləri, ədəbiyyat sərgisi, teatr incəsənətinin nümayişi, ekskursiyalar
Qurultayın çağırılma tarixi və əsaslandırılması.
C.Məmmədzadə qurultayın çağırılması tarixçəsi və təşkilatlandırılma səbəbləri haqqında qısa məlumat verdi. O, Təşkilat Komissiyasının apardığı işləri qeyd edərək qurultayın keçirilmə tarixinin 1926-cı il 20 fevral tarixi üzərində dayanmağı təklif edir və məqsədəuyğun bilir.
Qurultayın keçirilmə tarixi 1926-cı il 20 fevral yox, qəti olaraq son vaxt 2 fevral təyin edildi. Qorxmasov məlumat verdi ki, həmin ilin 10 fevral tarixində Moskvada SSRİ Mərkəzi Komitəsinin sessiyası başlayır, yəqin ki, 20-dək uzanacaq və qurultay iştirakçılarının bir qismi orada iştirak edəcəklər.
Qurultayın keçirilmə tarixi təsdiqlənmir, bu məsələ açıq qalır.
II Qurultayın tərkibi
Cəbiyev qurultaya dəvət olunacaq nümayəndələrin siyahısı üzərində aparılmış ilkin işlər barədə məlumat verdi və bəzi əlavələrin edilməsinin zəruri olduğunu bildirdi. O qeyd etdi:
– Çuvaş, Xakas vilayətlərindən, xüsusilə türk mənşəli əhali yaşayan bölgələrdən nümayəndələr cəlb edilməlidir; Qazaxıstanın Kuznrtskiy rayonu kimi mərkəzlərdən, habelə Türkmənistan və Qırğızıstandan nüfuzlu elm və ictimai xadimlərin iştirakı təmin olunmalıdır; Qaraqalpaq bölgəsindən 2 nəfər, Dağlılar bölgəsindən isə 1 nəfər nümayəndə ayrılması məqsədəuyğundur; əgər dəvət məktubları artıq göndərilibsə belə, əlavə dəvətlər üçün tədbirlər görülməlidir. Qurultayda xarici iştirakçıların siyahısı genişləndirilsin, ümumi nümayəndə sayı 15 nəfər müəyyən edilsin.
İclas davam edir...
(ardı var)
Nadir MƏMMƏDLİ,
AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor



