Gəncə “Asan müraciət” sistemi üzrə ölkədə üçüncüdür

post-img

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən 2025-ci il üzrə “ASAN xidmət indeksi”nin qiymətləndirmə nəticələrinə və “ASAN müraciət” informasiya sisteminin fəaliyyətinə dair illik hesabatın təqdimatı keçirilib. Tədbirdə müxtəlif dövlət qurumlarının nümayəndələri iştirak edib.

Təqdimat zamanı “ASAN xidmət indeksi” üzrə qiymətləndirmənin nəticələri açıqlanıb, həmçinin “ASAN müraciət” informasiya sisteminin 2025-ci il ərzində fəaliyyəti geniş şəkildə təhlil olunub. Qeyd edilib ki, sistem vətəndaş müraciətlərinin vahid platforma üzərindən qəbul edilməsi, operativ cavablandırılması və icra prosesinə nəzarətin gücləndirilməsi baxımından mühüm rol oynayır.

2025-ci ilin yekun nəticələrinə əsasən “ASAN müraciət” informasiya sistemi üzrə I yerə Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti, II yerə İri Şəhərlərin Su Təchizatı QSC, III yerə isə Gəncə Şəhər İcra Hakimiyyəti layiq görülüb.

Gəncə Şəhər İcra Hakimiyyətinin ilk üçlükdə yer alması qurumun vətəndaş müraciətlərinə həssas və məsuliyyətli yanaşmasının, şəffaflıq və operativlik prinsiplərinə sadiqliyinin bariz nümunəsidir. Bu nəticə şəhər rəhbərliyinin və aidiyyəti struktur bölmələrinin vətəndaş məmnunluğunun artırılması istiqamətində həyata keçirdiyi ardıcıl və məqsədyönlü fəaliyyətin məntiqi yekunu kimi qiymətləndirilir.

Tədbirdə iştirak edən Gəncə Şəhər İcra hakimiyyəti başçısının müavini Kamran Məhərrəmov bizimlə söhbət zamanı dedi:

-Gəncə Şəhər İcra Hakimiyyətinin “ASAN müraciət” informasiya sistemi üzrə üçüncü yerə layiq görülməsi kollektiv əməyin və vətəndaşlara məsuliyyətli yanaşmanın nəticəsidir. Bu nəticə bizim üçün sadəcə statistik göstərici deyil. Bu, vətəndaşların müraciətlərinə həssas yanaşmanın, operativliyin və şəffaf idarəetmənin göstəricisidir. Qarşımıza qoyduğumuz əsas məqsəd hər bir müraciətin vaxtında və obyektiv araşdırılması, insanların dövlət qurumlarına inamının daha da möhkəmləndirilməsidir. Son illər Gəncə Şəhər İcra Hakimiyyətində vətəndaş qəbullarının keyfiyyətinin artırılması, müraciətlərin elektron sistem üzərindən izlənilməsi və icra intizamının gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Rəqəmsal həllər və müasir idarəetmə mexanizmləri işimizin səmərəliliyini artırır. “ASAN müraciət” sistemi bu baxımdan bizim üçün çox vacib platformadır. Məqsədimiz gələcək illərdə daha yüksək nəticələr əldə etmək və vətəndaş məmnunluğunu maksimum səviyyəyə çatdırmaqdır.

Hamlet QASIMOV
XQ-nin Gəncəbasar müxbiri





Sosial həyat