I Türkoloji Qurultay – 100
Elmin sosial təsisat kimi formalaşması XVII əsrin sonu, XVIII əsrin əvvəllərinə təsadüf edir. Həmin dövrdə Avropada ilk elmi cəmiyyətlər və akademiyalar yaranmış, elmi jurnallar nəşrə başlamışdır. Məhz XIX əsrin sonu, XX əsrin əvvəllərində elmin təşkilatlanmasının yeni üsulu – irihəcmli elmi institutlar və güclü elmi-texniki bazaya malik elmi müəssisələr, laboratoriyalar yaranmışdır.
XX əsr şanlı tariximizə elmi inqilabın qabiliyyət dövrü kimi daxil oldu. Məhz bu əsrin 90-cı illərində müstəqilliyini bərpa etmiş Azərbaycan xalqı dövlətçilik ənənələrini qoruyub saxlamaq naminə qətiyyətli addımlar atmış, soy-kökünü öyrənməyə, keçmiş mənəvi dəyərləri özünə qaytarmağa çalışmışdır.
Xalqımızın milli-mənəvi dirçəlişində və tərəqqisində müstəsna rol oynamış Azərbaycan elmi dünya elminin inkişafına mühüm töhfə vermişdir. Fazil Fəriddin Şirvanlı, Fəxri Şirvani, Nizami Gəncəvi, Xaqani, Məhəmməd Füzuli, Nəsirəddin Tusi, Əbülhəsən Bəhmənyar, Nəsimi, Hüseyn Xalxali, M.F.Axundov, A.A.Bakıxanov kimi dünya şöhrətli alimlərimiz tariximizdə silinməz izlər qoymuşlar. Əsrlər boyu yaratdıqları zəngin mədəni irsin içərisində ən alisi ana dilimizdir.
Qeyd etmək lazımdır ki, Azərbaycan türklərinin tarixi, əsasən mərkəzdən idarə olunan ənənəyə “sadiq qalaraq” öyrənilib. Sovetlər Birliyinin tərkibində olan dövlətlər öz xalqlarının tarixini doğru-düzgün yazmaqdan məhrum idilər.
“Təbii dərinləşmə” üsulundan istifadə etməklə türklərin mənşəyinin araşdırılması üçün həm tarixi bilgilərin, yazılı qaynaqların, arxeoloji tapıntıların, toponimikanın, həm də dilimizin şivələrinin, yəni tarixi filologiyanın paralel öyrənilməsi gərəkdir. Yaranış mövzularının öyrənilməsində tarix və dil araşdırmaları arxeoloji araşdırmalardan öndə durur. Tarixi qaynaqlarda olan tutarlı yazılar, zəngin toponomiya və dil bilikləri gərəksiz hesab edilərək öyrənilməyib. Halbuki dünya xalqları öz yaranışlarını məhz tarix və dil biliklərinə söykənərək təhlil edirlər. Elmdə qəbul olunan fikrə əsasən, xalqın yaranışının başlıca göstəricisi dilidir. Belə isə Azərbaycan türkləri, Anadolu türkləri və türkmənlər qaqauzlar ilə birlikdə Oğuz kökündən yaranıb, onların hər birinin dili təbii ayrılıqlara baxmayaraq, Oğuz dilidir. Sovet tarixçiləri bu meyarı Azərbaycan türklərinə aid etmirdilər. Onlar türk xalqı deyil, olsa-olsa “türkdilli”, yəni Qafqaz – İber köklü albanların və İran köklü Güney Azərbaycan əhalisinin son 7 yüz ildə “türkləşmiş” törəməsi sayırdılar. Nə yazıq ki, biz sovet dönəmində bu uydurmaları təkzib etməkdən çəkinmişik, hətta bir çox tanınmış tarixçilər, dilçilər sovet tarixçilərinin yalnış bilgilərini təsdiq ediblər.
Bizim söz ehtiyatı fondumuzda qorunub mühafizə edilən ərəb, fars sözlərinın 60-65 faizi özümüzə məxsusdur. Bu bizim çox zəngin sərvətimizdir. Çünki qədim gil yazıları yazıldığı zaman bu dillərin daşıyıcıları yada belə düşmürdü. Bunlar təkzibedilməz tarixi faktlardır. Dədə-babalarımızın işlətdikləri dildə təhsil aldıqları zaman ərəblər, farslar, yəhudilər, ermənilər və dilləri digər bizə aid olan sözləri özlərinin istifadə arealına daxil etdikdən sonra onlara verilən imtiyazlı hakimiyyətdən yararlanaraq, bizi inandırmağa çalışıblar ki, bu sözləri bizə hədiyyə ediblər.
Yunan və yəhudi dillərində kifayət qədər qədim şumer sözlərinə rast gəlmək mümkündür və bu çox təbii haldır.
Azərbaycan türk dilinin qədimliyini Qobustanda, Qazaxda, Gədəbəydə, Naxçıvanda tapılan nikioqrafik yazılar, 720 qayaüstü şəkil və əyani təsvir sübut edir.
Mixutar Qoşa müraciət etsək, qədim Alban əlifbasının qarqar (qıpcaq) dili əsasında Beniamin tərəfindən tərtib edildiyinə şahid olarıq. Azərbaycan tarixçisi Qiyasəddin Qeybullayevin elmi araşdırmalarına əsaslanaraq söyləyə bilərik ki, alban tayfalarından olan qarqarlar türk idilər və onların dili qıpçaq-türk dili hesab edilir. Bunu Azərbaycan və digər türkdilli xalqların yazılı eposu “Kitabi – Dədə Qorqud” təkzibedilməz fakt kimi təsdiq edir.
Akademik Vladimir Vasilyeviç Bartold 1926-cı ildə İstanbul Universitetində oxuduğu mühazirələrdə Ptolemey “Coğafiya”sından aşkar etdiyi “daiks” sözünü yaşı bəlli olan ilkin türk sözü sayırdı (Ptolemeydəki daiks, yoik – indiki Ural çayının adıdır). Zaman ötdükcə Bartoldun qeyd etdiklərindən daha çox “dərinlərdə” onlarca yeni türk sözləri elmə bəlli oldu. Çivil yazılarda tourki (türki), dinger (tengir, tenqri), ada, ama, eren, pelaskların dilində tepae (tepe), yunancada achu (acı) kimi türk sözləri üzə çıxdı. Bu sözlər yaşca Bartoldun aşkar etdiyi “daiks”dən ən azı 700 il, ən çoxu isə 3000 il qədimdir.
Türk xalqlarının yazısının 3 min illik tarixə malik olmasına baxmayaraq, bir neçə dəfə xalqın əlifbasında dəyişiklik olub. Dilimizin yazılı hissəsində yaşanan əsas çətinliklər hərflərin mürəkkəb təsviri və istifadəsi ilə bağlı idi.
Azərbaycan dilində rəsmi üç əlifba sistemi mövcuddur: Azərbaycanda latın, İranda ərəb və Dağıstanda kiril əlifbaları.
1922-ci ilə qədər Azərbaycanda türk dilləri ailəsinə aid əlavə işarələrlə birgə ərəb yazıları işlədilirdi. Azərbaycan mədəniyyət xadimlərinin qeydlərinə istinadən söyləyə bilərik ki, bu, çox çətin qrafik sistem təşkil edirdi. Hələ XVI əsrdə Məhəmməd Füzuli ərəb dilinin çətinliyi barədə öz fikrini söyləmişdi. Bu çətinliklərə baxmayaraq, Azərbaycanda 1929-cu ilədək ərəb əlifbası latın əlifbası ilə yanaşı işlənib. Türkdilli xalqların əksəriyyəti uzun müddət öz əsərlərini fars, ərəb, türk dillərində yazıblar və bu ənənə ədəbi dil üslubunun zənginləşməsinə xidmət edib. Azərbaycan xalqının görkəmli şəxsiyyətləri – Nəsimi, Füzuli üç dildə mükəmməl əsərlər yazıblar. M.Füzulinin ərəb, fars, türk dillərində yazdığı bənzərsiz sənət nümunələri dövrün ənənələrinə xas olaraq hər 3 dili yüksək səviyyədə bilməsinə sübutdur. Azərbaycan, Yaxın və Orta Şərq klassiklərinin müxtəlif dillərin qarışığından istifadə etməklə yazdıqları şeirlər təsadüfi deyil, tarixi coğrafi şəraitlə əlaqədardır. VII əsrdən sonra ərəb xilafətinin tərkibinə daxil olan ərazilərdə ərəb dilinin dövlət dili olması bir çox xalqların mədəniyyətini özündə birləşdirən ümummüsəlman mədəniyyətinin yaranmasına səbəb olub, islam bayrağı altında birləşən xalqlar üçün müştərək dünyagörüşünə əsaslanan ortaq ədəbi mövzular, janr formaları təşkil edib.
Azərbaycan türk dilinin yazılışında latın əlifbasının qəbul edilməsi təşəbbüsü ilk dəfə XIX əsrdə irəli sürülüb. Yeni əlifba görkəmli ictimai xadim, yazıçı, maarifçi, şair, filosof, Rusiya imperiyasının Coğrafiya Cəmiyyətinin üzvü, Azərbaycan dramaturgiyası və ədəbi tənqidinin banisi Mirzə Fətəli Axundov tərəfindən tərtib olunub.
O, 1857-ci ildə farsca yazdığı ərəb əlifbasının islahat layihəsində ərəb yazılarının çatışmazlıqlarını qeyd edərək həlli yollarını təklif edib. 1863-cü ildə öz layihəsinə dəstək almaq məqsədilə İstanbula səfər edib. Onun layihəsi “Ancuman – Danış” Elmi Cəmiyyəti tərəfindən rədd edilib. Buna cavab olaraq M.F.Axundov islam əlifbasından tamamilə imtina etməyi, Avropa yazı sistemi üzrə soldan sağa doğru yazmağı təklif edib. M.F.Axundov Avropa sisteminə əsaslanan 42 işarəli (32 samit və 10 sait hərfləri) layihə üzərində işləyib yeni əlifba tərtib edib. Yeni layihədə görkəmli ədib ərəb əlifbasının bütün hərflərini saxlayıb, orada yer almayan saitləri əlifbaya əlavə edib. İstanbuldan qayıtdıqdan sonra əlifba haqqında ikinci layihə tərtib edərək Tehrana göndərib. Lakin irticaçı İran hökuməti başda Nəsrəddin şah olmaqla bu layihəni qəbul etməyiblər. Əlifba məsələsi ilə bağlı üçüncü layihəni Türkiyə sədrəzəmi Ali paşaya göndərib. Bu layihədə Türkiyə alimi Suavinin İslam əlifbasının dəyişdirilməsinin lüzumsuzluğu haqqında məqaləsini kəskin tənqid edib. M.F.Axundov geniş xalq kütləsinin tez və asan yolla savadlanmaq üçün köhnə ərəb əlifbasının dəyişdirilməsi uğrunda ömrünün sonuna qədər mübarizə aparıb, Azərbaycan dilinin sadələşdirilməsi uğrunda çalışıb, dramatik əsərlərini çox sadə xalq danışıq dilində qələmə alıb. “Əlifba haqqında mənzumə” əsərini yazıb.
XX əsrin əvvəllərində latın əlifbasına keçid barədə bir neçə dəfə məsələ qaldırılıb. Cəlil Məmmədquluzadə, Həsən bəy Zərdabi, Nəriman Nərimanov və digər ədiblər ərəb əlifbasından latın əlifbasına keçidin zəruri olduğunu söyləyiblər. Nəhayət, 1919-cu ildə Azərbaycan Demokratik Respublikası Maarif Nazirliyinin nəzdində Yeni əlifbanın tədqiqi üzrə komissiya yaradılıb. A.Əfəndizadənin təqdim etdiyi nümunələrdən biri təsdiq olunaraq nəşr edilib.
Azərbaycan SSR elan edildikdən sonra latın əlifbasına keçid yenidən gündəmə gəlib. Uzun müzakirələrdən sonra yeni əlifba 1922-ci ildə təsdiq edilib, 1925-ci ildə isə ərəb əlifbası ilə yanaşı, rəsmi dil kimi istifadə olunub.
1924-cü ildə Moskvada şərqşünaslıq elmi cəmiyyəti nəzdində təsis edilən Türk yazılarında latın şrifti assosiasiyası yaradılıb və bu qurum ilk Ümumtürk Qurultayının keçirilməsinə zəmin yaradıb. Hazırlıq işləri zamanı 1924-cü il avqustun 2-də Azərbaycanda diyarşünaslıq üzrə Qurultayın əsasnaməsi qəbul edilib.
1924-cü il 21-24 sentyabr tarixlərində Azərbaycanda I Diyarşünaslıq Qurultayı 200 nümayəndənin iştirakı ilə ilk dəfə “Satir – Agit” (indiki Kukla teatrı) teatr binasında keçirilib. Qurultayda SSRİ MİK-nın sədri Nəriman Nərimanov, SSRİ Elmlər Akademiyasının elmi katibi, akademik Sergey Oldenburq, Ümumittifaq Şərqşünaslar Assosiasiyası və RSFSR-nin Diyarşünaslıq bürosunun, başda professor Aleksandr Samoyloviç olmaqla görkəmli alimləri, respublikanın elm və mədəniyyət xadimləri təmsil olunurdular.
Qurultayı Azərbaycan SSR MİK-nın sədri Səməd Ağamalıoğlu açıq elan etmişdi. S.Ağamalıoğlu, Q.Musayev, M.Quliyev və S.F.Oldenburq qurultayın fəxri sədrləri seçilmişdilər. H.Cəbiyev, professor Vladimir Pavloviç Smirnov-Loginov, Ə.Haqverdiyev, A.R.Zifeldt, D.Rəfibəyov, A.D.Pepinov qurultayın rəyasət heyətinin tərkibinə daxil edilmişlər. Ümumittifaq Şərqşünaslıq Assosiasiyasının və RSFSR-in Diyarşünaslıq bürosunun nümayəndəsi akademik A.N.Samoyloviç həm də “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti”nin fəxri sədri seçilmişdi.
Qurultayda çıxış edən M.K.Qasımov “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti”nin ilk olaraq Şərqdə yaradılmasının əhəmiyyətini vurğulayıb.
Qurultayın gündəliyində duran əsas məsələ Azərbaycan-türk dili ləhcələrinin elmi cəhətdən öyrənilməsi, bu dilin türk ləhcələri və akademik Marrın ən yeni yafetik dillər nəzəriyyəsi ilə əlaqəsinin müəyyənləşdirilməsi, Azərbaycan-türk milli xalq ləhcələri lüğətinin tərtib edilməsi olub.
Qurultayda türk xalqlarının tarixi, etnoqrafiyası, folklorunu öyrənən bölmələri əhatə edən türkoloji yarımseksiya yaradılıb. I Diyarşünaslıq Qurultayında türkoloji seksiyanın iclaslarında, Nəriman Nərimanovun məruzəsinin müzakirəsindən sonra türk mədəniyyətinin bir sıra elmi təcrübə məsələlərinin müzakirəsi məqsədilə Türkoloji Qurultayın çağırılmasının zəruriliyi barədə qətnamə təsdiq edilib.
Diyarşünaslıq Qurultayının qətnaməsində dərc olunun “Türkoloji Qurultay” məqaləsində Bəkir Çobanzadə türkoloji qurultayın zəruriliyi, bu ideyanın önəmindən danışıb.
Respublikada diyarşünaslıq sahəsinin təkmilləşmiş yeni metodlarla gerçəkləşməsinin elmi səciyyəvi zəruriliyi vurğulanmış və qərara alınmışdı ki, “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti” respublikada diyarşünaslığın araşdırılması üçün bütün imkanlardan yararlanaraq təşviqat aparacaq.
Azərbaycanda keçirilən diyarşünaslıq sahəsinə aid işlərin, hesabatların toplanması, eləcə də müxtəlif elmi əsərlərin, bülletenlərin nəşri “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti”nin öhdəsinə verilmişdir.
Diyarşünaslıq Qurultayı 4 gün fəaliyyət göstərmiş, plenum və seksiyalarda 30-dan çox məruzə dinlənilmişdi. Qurultayın qərar və tövsiyələrində respublikada diyarşünaslıq sahəsində tədqiqata cəlb olunacaq vacib məsələlərin qoyuluşu çox əhəmiyyətli təkmil formada öz əksini tapmışdı.
Diyarşünaslıq Qurultayında Azərbaycanda I Türkoloji Qurultayın keçirilməsi qərara alınmışdı. “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti”nin əməkdaşları qurultayın keçirilməsi üçün hazırlıqlara başlamışdı.
Beləliklə, qurultay diyarşünaslığın inkişafına böyük təkan verdi, Azərbaycanın tədqiqi və öyrənilməsi dərnəkləri, Cəmiyyətin populyarlaşdırılması barədə əsasnamə qəbul edilmişdi. Əsasnamədə qeyd edildiyi kimi, Azərbaycanı tədqiq edən dərnəklərin əsas vəzifəsi əhali arasında milli diyarşünaslığın müxtəlif sahələri üzrə kadrların hazırlanması kimi əhəmiyyətli məsələləri həll etmək idi.
Respublikanın Xalq Maarif Komissarlığı hökumətinin qərarına əsasən, “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti”nin əməkdaşları (Səməd Ağa Ağamalıoğlu, Ruhulla Axundov, R.Cəbiyev, prof. Bəkir Çobanzadə, prof. N.İ.Aşmarin, V.Xuluflu və başqaları) əlifba komissiyası, ali təhsil müəssisələri və ictimai təşkilatlarla birgə fəaliyyətə başlamışlar.
“Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti” türkdilli xalqların istifadə etdiyi bütün əlifba sistemlərini, eləcə də əlifba islahatları barədə təkliflərini əyani sərgilər təşkil edərək geniş ictimaiyyət qarşısında nümayiş etdirmişlər. Sərginin rəhbəri tanınmış tarixçi, numizmat və arxeoloq Yevgeniy Aleksandroviç Paxomov idi.
Fəaliyyəti dövründə cəmiyyət çox işlər görmüş, xeyli inkişaf etmiş, üzvlərinin sayı artmışdı: B.V.Çobanzadə, X.Məmmədov, A.O.Musaxanlı, V.Əşim, İ.Hikmət, H.Seyidbəyli, Ə.Hüseynzadə, S.Nəşirvanova, A.Vəlixanlı, Ağamirzə Axundzadə, Ə.Yazidji, Əli Nazim Məmmədzadə, C.Sadıxov, H.Verdiyev və digərləri. Adları sadalanan görkəmli alimlər Cəmiyyətə üzv olduqdan sonra bölmənin işi xeyli genişləndi.
Azərbaycanı tədqiq edən və öyrənən cəmiyyət Azərbaycan xalqının ədəbi irsinin, folklorunun öyrənilməsi və digər sahələrdə mühüm göstəricilərə nail olmuşdur. Qurultaya hazırlıq Səməd Ağamalıoğlunun rəhbərliyi altında 9 nəfərdən ibarət Cəmiyyətin Mərkəzi Şurasının təşkilat komissiyası tərəfindən aparılmışdır.
“Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti”nin təşəbbüsü ilə Bakı şəhərində yerləşən Türk mədəniyyəti sarayında (“İsmailiyyə” binası) 1926-cı il fevralın 16-dan martın 6-na qədər I Türkoloji Qurultay keçirilmişdir.
Keçmiş Sovet İttifaqının bütün türkdilli xalqlarının 131 nəfərlik alim heyəti, SSRİ Elmlər Akademiyasının mütəxəssisləri, Ukrayna Akademiyasının Şərqşünaslıq Elmi Assosiasiyası, Qafqaz Şərqşünaslıq Assosiasiyası və 30 nəfər xarici ölkələrdən gəlmiş alimlər arasında Türkiyə və Almaniyadan iki professor, Macarıstan, Avstriya və İrandan gəlmiş nümayəndələr qurultayda iştirak etmişlər. Qurultay Azərbaycan SSRİ MİK-nın və XKŞ-nin sədri Q.Musabəyovun sədrliyi ilə işə başlamışdır.
Qurultayın Rəyasət Heyətinə Səməd ağa Ağamalıoğlu, Ruhulla Axundov, Vasiliy Bartold, A.Krımski, H.Cəbiyev, M.F.Köprülü, C.Qorxmazov, S.F.Oldenburq, M.P.Pavloviç, B.Çobanzadə, T.Mensel, A.B.Baytursun, İ.N.Borozdin, A.N.Samoyloviç və digərləri seçilmişdi. Əcnəbi nümayəndə heyətinin tərkibində Mehmet Fuad Köprülü, Əli Bəy Hüseynzadə, Teodor Menzel, Yulius Messaroş, Ömər Tehsin, Qorten, Məcid Soltani, Deni, Munkaçi, Boneli, Setele, Tompson, Banq, Oberqummer, Paul Vitek, Valter Radebold və digərləri iştirak etmişlər.
Gündəlikdə üç əsas məsələ - türk dilinin əlifbası, terminologiyası, orfoqrafiyası daxil olmaqla 14 məsələ təqdim edilmişdi. 40-dan çox məruzə və həmməruzə dinlənilmişdi. Orfoqrafiya üzrə əsas məruzəçi professor Lev Şerba, elmi terminologiya üzrə türk alimi Azərbaycan Dövlət Universitetinin professoru Bəkir Çobanzadə çıxış etmişdi.
Qurultay iştirakçıları tərəfindən məruzə olunan aktual problemlər sırasında: “Türk xalqları tarixinin öyrənilməsinin müasir durumu və uyğun tapşırıqları” (Vasiliy Bartold), “Türk xalqları arasında diyarşünaslıq işinin metodları” (Sergey Oldenburq), “Türk dillərinin öyrənilməsində müasir vəziyyət və uyğun vəzifələr” (Aleksandr Samoylov), “Qafqaz türklərinin etnoqrafiyasının öyrənilməsinin uyğun vəzifələri” (Q.F.Çursin), “Türkologiyanın keçmişi və indiki durumu haqqında” (N.N.Aşmarin), “Türk dillərində elmi terminologiya sistemi barədə” (Hənəfi Zeynallı), “Türk dillərinin yafetidoloji dillərlə münasibətləri barədə” (A.N.Genko), “Türk danışıqlarının doğmalığı barədə” (Bəkir Çobanzadə), “Türk dilində doğru yazı” (F.Ağazadə), “Orfoqrafiya haqqında” və “Texniki baxımdan əlifba sistemi barədə” (C.Məmmədzadə), “Türk xalqlarının təsviri sənəti barədə” (A.A.Miller), “Orfoqrafiya barədə” (A.B.Baytursun), “Türk-tatar xalqlarının ədəbi inkişafı” (Qaziz Qubaydullin), “Türk xalqlarında ədəbi dilin inkişafı” (Mehmet Fuad Köprülüzadə) və digərləri çıxış etmişlər.
Qurultayda ölkənin bütövlükdə türkdilli xalqları üçün latın əlifbası əsasında vahid yazının ərsəyə gətirilməsi, türk xalqlarının mədəni inkişafında prinsipial məsələlərin müzakirəsi aparılmışdı. Türkoloji Qurultay Fransa, Almaniya, Türkiyədə və bir sıra ölkələrdə böyük maraq doğurmuşdu. “Der İslam” adlı alman jurnalında Türkoloji Qurultayın “dünya tarixində görünməmiş hadisə olması” barədə əhatəli məqalə dərc edilmişdi. Leninqradda Canlı Şərq Dilləri İnstitutunda Birinci Türkoloji Qurultaya türkoloji seminar həsr edilmişdi.
Qurultayda ərəb əlifbasından latın əlifbasına keçidi türk xalqlarının tarixi-etnoqrafik və linqvistik problemlərinin həlli ilə yanaşı, keçmiş SSRİ ərazisində yaşayan bütün türkdilli xalqların mədəni inkişaf perspektivləri müəyyən edilmişdi. Bir müddət sonra 1933-cü ildə bəzi hərflərin qrafikası və fonetik əhəmiyyətini fərqləndirən yeni əlifba yarandı. Azərbaycan latın əlifbası 1938-ci ildə dəyişikliyə məruz qaldı, nəticədə “N, n” hərfi ləğv edildi. Nəhayət, türkdilli xalqları öz soykökündən uzaqlaşdırmaq məqsədi güdən Sovetlər Birliyinin məkrli siyasəti nəticəsində 1939-cu ilin may ayında Azərbaycan-türk əlifbasının kiril əlifbasına keçirilməsi barədə qərar qəbul edildi. 1939-cu il noyabrın 15-də kiril əlifbası rəsmi olaraq təsdiq edildi. Azərbaycan SSR XKS komissiyasının nəzdində yaradılan əlifba 1940-cı il yanvarın 1-də qüvvəyə mindi.
Bakı şəhərində keçirilən I Türkoloji Qurultayın tövsiyəsi ilə Azərbaycan xalqı türk xalqları ilə birlikdə latın qrafikalı əlifbanı qəbul etdi. Bu o qədər asan həll edilə biləcək məsələ olmadığı üçün çox böyük elmi diskussiyaların məntiqi sonluğu kimi kütləvi savadlanmaya bütün türk xalqları arasında elmi, mədəni əlaqələrin daha intensiv inkişafına təkan verəcək bir addım olmalı idi.
Beləliklə, Türkoloji Qurultay, ümumilikdə, türk xalqları tarixinin araşdırılması sahəsində ilk ən mühüm və qlobal hadisə idi. Bu qurultay daha öncə keçirilmiş qurultaydan və onun kimi digər konqreslərdən fərqli olaraq aşağıdakı özəllikləri ilə seçilirdi:
Türkoloji Qurultay şərqşünaslara yeni imkanlar yaratdı, elmi tədqiqatların səviyyəsini yüksəltdi, daha dinamik iş rejimi imkanı verdi;
Türk alimləri, müəllimləri bu sahədə ilk dəfə Avropa, Rusiya və digər dövlətlərin elmi ictimaiyyəti ilə praktiki, nəzəri problemləri birgə müzakirə etmək imkanı əldə etdi;
Qurultayın gündəliyində əlifba, terminologiya, ədəbi dil, çoxsaylı türk-tatar xalqları arasında mədəni əlaqələrin əməli və ictimai məsələlər səviyyəsində inkişafı araşdırılırdı;
Qurultay Avropa və Şərq alimlərinin dostluq, yoldaşlıq şəraitində əməkdaşlığın ilk bariz təzahür forması idi. I Türkoloji Qurultay müxtəlif sahələrdə aparılan tədqiqatlarla elmi yanaşmanın təkmilləşməsinə səbəb oldu.
Sonradan Sovet Birliyinin iyerarxiyası türk xalqlarının birləşərək güclü real qüvvəyə çevrilməsindən ehtiyatlandıqları və siyasi səhvə yol verdiklərini anlayaraq Azərbaycan və digər türk xalqlarının iradəsinə zidd, mərkəzin təzyiqi ilə 1939-cu ildə kiril əlifbasına keçidi reallaşdırdılar. Bu qərar türk xalqlarının milli özünüdərk prosesinin qarşısını almaq, bir-birindən uzaq salaraq yadlaşdırmaq, onların birləşərək təhlükəli qüvvəyə çevrilməsinin qarşısını almaqdan ibarət idi.
XX əsrin 30-cu illərində yüzdən çox qurultay iştirakçıları pantürkizm, millətçilik, əks-inqilabi fəaliyyətdə günahlandırılaraq repressiyalara məruz qaldı. Onların arasında Aleksandr Samoyloviç, Cəlaləddin Qorxmazov, Bəkir Çobanzadə, Osman Ağçöhrəli, Əhməd Baytursunov, Salman Mümtaz, Ruhulla Axundov, İsidor Baraxov, Hənəfi Zeynallı, Ayna Sultanova, Həmid Sultanov və digərləri var idi.
Ümumi dil, əlifba, orfoqrafiya, ümumbirlik terminlər sahəsində I Diyarşünaslıq Qurultayında öz həllini tapan mühüm problemlər, 1926-cı ildə elmi-tədqiqat mövzusu kimi qadağan edildi.
Qeyd edək ki, ulu öndər Heydər Əliyevin 2 avqust 2001-ci ildə verdiyi fərmanla Azərbaycan dili və Əlifbası günü təsis edildi. Bu da Azərbaycan xalqının mütəfəkkiri Mirzə Fətəli Axundovun arzularının, xəyallarının gerçəkləşməsi idi.
Fərmanda bəşər tarixinin böyük kəşfi olan yazı vasitəsilə Qobustan və Gəmiqaya təsvirləri epiqrafik abidələr şəklində daşların yaddaşında həkk olunaraq günümüzədək yaşamışdır.
İslam dininin qəbuluna qədər olan dövrün yazı, şəkilləri unudulmuş və ərəb qrafikasına keçirilmişdir. Ərəb əlifbasından istifadə müsəlman Şərqinin ümumi yazı sistemi kimi formalaşmışdır. Əsrlərlə müxtəlif xalqların mədəni əlaqəsinə xidmət edən ərəb qrafikasının dilimizin səs sistemini dolğunluğu ilə əks etdirməsi, quruluşu və xarakteri haqqında təsəvvür yarada bilməməsi XIX əsrin ikinci yarısından M.F.Axundov başda olmaqla dövrün mütərəqqi maarifçi ziyalılarını islahat problemi üzərində düşündürmüşdür. Bu, Azərbaycan xalqının o dövrdə yaşadığı tarixi şəraitdən doğan zərurət idi.
1991-ci il 18-20 noyabr tarixlərində İstanbulda “Çağdaş” “Türk Alfabesi Sempozyumu”nda hazırlanan layihəyə əsasən, Beynəlxalq Türk Akademiyası ilə Türk Dil Qurumunun 9-11 sentyabr 2024-cü il tarixində keçirilən türk dünyası ortaq komissiyasının iclasında Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyəni təmsil edən alim və mütəxəssislərdən ibarət komissiya üzvləri ümumi razılığa gələrək 34 hərfdən ibarət Ortaq Əlifba layihəsini yekdilliklə təsdiq etmişlər. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra latın əlifbası bərpa edildi. 1992-ci ildən həyata keçirilən latın əlifbasına keçid 2001-ci ildə yekunlaşdı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd edilməsi barədə imzaladığı sərəncam türk xalqlarının mədəni inteqrasiyasında yeni mərhələnin təməlini qoydu. Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə dövlət başçısı İlham Əliyev türk xalqlarının ortaq tarixi, etnik köklərimiz, dilimizin bizi bir ailə kimi birləşdirdiyini açıqladı. Prezident Türkoloji Qurultayın tarixi əhəmiyyətini vurğulayaraq Türk Dövlətləri Təşkilatı çərçivəsində qurultayın yüzillik yubileyinin keçirilməsini təklif etdi. Zirvə Görüşünün qəbul ediləcək qərarlarla birgə Türk Dövlətləri Təşkilatının mövqeyinin yüksəlməsinə, güclənməsinə, türk xalqlarının rifahı və təhlükəsizliyinə töhfə verəcəyi vurğulandı.
Zemfira HACIYEVA,
AMEA Rəyasət Heyəti Aparatının şöbə müdiri, professor

