Vahid NOVRUZOV,
Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor
(əvvəli ötən sayımızda)
Dünya miqyasında IFAC nəzdində fəaliyyət göstərən Beynəlxalq Mühasibat Təhsili Paneli sabahın mühasib və auditorlarının hansı bilik və bacarıqlara ehtiyac duyacağını və süni intellektin öyrənmə prosesinin necə təkmilləşdirilməsini araşdırır.
Panelin nəticələri peşəkar qurumlar, o cümlədən IFAC-ın tamhüquqlu üzvü olan Auditorlar Palatası üçün yeni nəsil mütəxəssisləri cəlb etmək və onları düzgün hazırlamaq baxımından mühüm resurs olacaqdır. Bunu nəzərə alaraq Palata 2026-cı il 26 fevral tarixində Sertifikatlı Fırıldaqçılıq Müfəttişləri Assosiasiyası və Mühasibat Təhsili üzrə Beynəlxalq Panel tərəfindən təqdim olunan təlim və sertifikasiya proqramlarında Palatanın mütəxəssislərinin iştirak imkanları ilə bağlı şərtlər, qəbul tələbləri, proqramın məzmunu, tədris formatı, imtahan prosedurları, ödəniş şərtləri və mümkün institusional əməkdaşlıq mexanizmləri barədə ətraflı məlumatın təqdim olunmasını xahiş etmişdir.
Ölkəmizin süni intellekt Konsepsiyasında bir sıra önəmli işlərin görülməsi zəruri hesab edilmişdir. O cümlədən süni intellekt və məlumat idarəetməsi üçün kadr potensialının gücləndirilməsi üzrə təlimlərin təşkili və keçirilməsi, müvafiq təlimçilərin hazırlanması və cəlb edilməsi, dövlət orqanlarının rəhbər heyəti üçün süni intellekt və data təliminin təşkil edilməsi, dövlət qulluqçuları və rəhbər şəxslər üçün süni intellekt və məlumatların idarə edilməsi üzrə təlimlərin keçirilməsi, universitetlərdə və digər təhsil müəssisələrində data elmi və maşın öyrənməsi üzrə ixtisaslaşmış proqramların yaradılması və mövcud proqramların təkmilləşdirilməsi nəzərdə tutulur.
Mühasiblər və auditorlar üçün davamlı öyrənmə çox vacibdir. Peşə sahəsindəki dəyişikliklər son 5 ildə əvvəki iki onilliklərdən daha sürətli baş vermişdir. Gələcək daha intensiv dəyişikliklər vəd edir, bu da davamlı təhsil və bacarıq inkişafına sadiqliyi tələb edir.
Mühasibatlıq və audit peşəsi əsaslı bir dönüş nöqtəsindədir. Keçmiş praktikaların uğuruna qarşı müxtəlif təhlükələr mövcuddur, amma eyni zamanda, mühasiblərin və auditorların kapital bazarlarında və geniş biznes mühitində daha təsirli rol oynayan imkanlar təqdim edir. Peşələrimizin gələcəyi bizim əlimizdədir və bu imkanlardan maksimum dərəcədə yararlanmaq bizim öhdəmizdədir.
Beynəlxalq təşkilatların verdikləri proqnozlar da onu göstərir ki, 2035-ci ildən etibarən mühasiblər və auditorlar sadəcə rəqəmləri analiz edənlər olmayacaqlar – onlar innovatorlar, strateqlər və iqtisadiyyatın gələcəyini formalaşdıran liderlər olacaq. Bu peşə texnologiyanı qəbul edən və maliyyə dünyasında müsbət dəyişikliklər aparanlar üçün dinamik, təsirli və mükafatlandırıcı bir karyera yolu təqdim edir. Gələcək mühasibatlıq məzunlarımız və mütəxəssislər üçün parlaq olacaq, amma bu, dəyişiklikləri qəbul etməyi və peşəni yenidən müəyyənləşdirməyi, eyni zamanda peşəmizin quruluşunu qorumağı tələb edəcək.
Hələlik isə mühasibatlıq və audit üzrə bacarıqlı kadrların çatışmazlığı əksər ölkələrdə, o cümlədən Azərbaycanda kəskin hiss olunmaqdadır. Xarici peşəkar qurumlar tərəfindən aparılmış sorğulardan aydın olmuşdur ki, 50 faiz respondent bacarıqlı kadr çatışmazlığını və bunun yüksək risk yaratdığını hesab edir. Təşviş doğuran haldır ki, bu göstərici 2024-2025-ci illər ərzində 7 faiz artmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və göstərişlərini nəzərə alaraq Azərbaycan Respublikası Auditorlar Palatasında rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik üzrə sədr müavini vəzifəsi yaradılmış, imtahan və ixtisasartırma proqramlarında rəqəmsallaşmaya və süni intellektin tətbiqinə daha geniş yer verilməsi nəzərdə tutulmuşdur.
Maliyyə fırıldaqları və ƏL/TMM
Bütün dünyada maliyyə cinayətləri çox sürətlə inkişaf edir və maliyyə institutları və tənzimləyicilərdən, habelə maliyyə nəzarəti orqanlarından proaktiv (qabaqlayıcı) və əmakdaşlığa əsaslanan yanaşma tələb edir.
Qeyd etmək lazımdır ki, rəqəmsallaşma və süni intellektin tətbiqi bu bəşəri problemin həllində müsbət rol oynamaqla yanaşı, həm də ciddi çətinliklər və pozuntulara yol açan fırıldaqçılıq hallarının yenilənməsinə və yayılmasına da şərait yaradır. Bunlara misal olaraq zərərli proqram təminatını, məlumatların saxtalaşdırılmasını, mühasibatlıq sisteminə müdaxilə, bank ödənişlərinin yönləndirilməsini, kommersiya sirrinin oğurlanmasını, insanın səsinin, üzünün, video görüntüsünün saxtalaşdırılmasını, şirkətlərdə pul, məlumat və qərarların manipulyasiyası məqsədilə edilən dələduzluqları və s. göstərmək olar.
Məhz bu səbəblərin təsirilə maliyyə cinayəti baş verir, inkişaf edir, yayılır və çox ciddi maliyyə və nüfuz itkilərinə gətirib çıxarır. Lakin nəzərə alsaq ki, bu pozuntu və cinayətləri çox vaxt maliyyə və mühasibat kitablarına ən yaxın olanlar mühasiblər və auditorlar aşkar edə bilərlər, onda onların fəaliyyətinin maliyyə cinayətkarlığına qarşı müdafiənin birinci – ön xətti olması aydın olur. Başqa sözlə, mühasibatlıq və audit düzgün dəyərli tərəfdaş olaraq bu sahədə vacib rol oynaya bilərlər.
Ən təhlükəli hallardan biri də odur ki, maliyyə cinayətləri və fırıldaqçılıq müəllifləri süni intellektin üstünlüklərindən öz xeyirlərinə çox çevik istifadə etməyi də bacarırlar. Ekspertlərin rəyincə, maliyyə peşəkarları, o cümlədən də mühasibatlıq və audit texnologiyanın sürətli inkişafı ilə ənənəvi metodların üzləşdiyi bir dövrə uyğunlaşmalıdırlar.
Dünyanın bir sıra dövlətlərində maliyyə fırıldaqçılığı milli təhlükəsizlik təhdidi kimi tanınır. Mübarizə əsasən aşağıdakı cinayət təhdidinə qarşı aparılmalıdır:
1. Səlahiyyətli fırıldaqçılıq: Sosial media və texnologiya vasitəsilə həyata keçirilən fırıldaqçılıq sxemləri;
2. Sanksiyalar və ixrac nəzarətindən yayınma;
3. Qlobal maliyyə sisteminin parçalanmasına, maliyyə cinayətlərinin aşkar edilməsini və qarşısının alınmasını çətinləşdirən geosiyasi qütbləşmə və münaqişələr;
4. Süni intellektin cinayətkar istifadəsi;
5. Yeraltı bankçılıq və kölgə maliyyə sistemi.
Rəsmi bank sistemindən kənar Hawala şəbəkəsindən kripto əsaslı əməliyyatlara qədər yeraltı bankçılıq metodlarının tənzimləyici çərçivələri və hüquq – mühafizə imkanlarını üstələməsidir.
Bir neçə il bundan əvvəl (2023) 138 ölkədə baş vermiş fırıldaqçılıq arasında maliyyə hesabatı fırıldağı (maliyyə hesabatlarının məqsədli şəkildə hesabatı hazılayanların qanunsuz məqsədləri üçün manipulyasiyası) cəmi 5 faiz təşkil etsə də, belə hər bir hadisədə dəyən zərər (766 min dollar) digər fırıldaq növlərindən daha yüksək olmuşdur.
Süni intellektin ikili xarakteri və ondan istifadənin spesifik xüsusiyyətləri onun tətbiqinin etik standartlar əsasında həyata keçirilməsinin zəruriliyini ortaya qoyur.
Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL/TM) bir çox neqativ hallara və pozuntulara gətirib çıxarır ki, bunlara misal olaraq resursların iqtisadi inkişafdan yayındırılmasını, hüququn aliliyinin zəiflədilməsini, şirkətlərin reputasiyasının zəifləməsini, bütövlükdə cəmiyyətin idarəetməyə etimadının aşınmasını və azaldılmasını və s. göstərmək olar.
Dünya təcrübəsi sübut edir ki, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına qarşı kəsərli mübarizə aparmadan iqtisadi islahatların həyata keçirilməsi və inkişafın sürətləndirilməsi mümkün olmur. İstər qanunsuz yollarla əldə edilmiş əmlakın leqallaşdırılması, istərsə də onunla sıx bağlı olan korrupsiya hər bir ölkənin iqtisadiyyatına böyük ziyan vurmaqla bərabər, əlverişli investisiya mühitinin formalaşmasına, xarici və daxili mənbələr hesabına investisiyaların cəlb edilməsinə, sahibkarlığın inkişafına ciddi əngəl törədir və ölkənin maliyyə bazarının dayanıqlılığını sarsıdır.
Sübut olunmuşdur ki, qanunsuz yollarla əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin mümkünlüyü maliyyə hesabatlılığının dürüstlüyündən birbaşa asılıdır. Başqa sözlə, bu sahədə mübarizədə maliyyə hesabatlarının düzgün tərtib edilməsi və onun obyektiv qiymətləndirilməsi, qanunsuz və şübhəli əməliyyatlara nəzarətin təmin edilməsi, maliyyə institutlarının fəaliyyətində zəruri şəffaflığın olması mühüm əhəmiyyət kəsb edir. Bu işdə isə heç şübhəsiz ki, auditin potensial rolu və əhəmiyyəti çox böyükdür. Beynəlxalq təcrübədə məhz müstəqil auditor tərəfindən təsdiqlənmiş maliyyə hesabatlığının mövcudluğu qanunsuz yollarla əldə edilmiş əmlakın leqallaşdırılmasında və korrupsiyaya qarşı mübarizədə preventiv (qabaqlayıcı) xarakterli tədbir kimi dəyərləndirilir.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev qanunsuz gəlirlərin qarşısının alınmasını ən prioritet məsələ kimi dəyərləndirməklə və eyni zamanda, bu sahədə möhkəm qətiyyət nümayiş etdirməklə şəffaflığın yüksəlməsi istiqamətində mübarizənin daha qətiyyətlə aparılmasının zəruriliyini dəfələrlə vurğulamışdır. Dünya ölkələrinin təcrübəsi göstərir ki, bu istiqamətdə mübarizə dövlət siyasəti olaraq davamlı hal alırsa, hökmən müsbət nəticələr əldə edilir. Ən önəmlisi isə bu mübarizədə ölkə rəhbərinin siyasi iradə nümayiş etdirməsidir.
Belə bir siyasi iradənin mövcudluğu Azərbaycan Prezidentinin müxtəlif illərdə imzaladığı və öz sistemliliyi ilə fərqlənən qanunvericilik aktlarının və Milli Fəaliyyət Planlarının mahiyyətində özünü bir daha büruzə verir.
Əmlakın leqallaşdırılması probleminin dövlət qurumlarının fəaliyyətində olduğu kimi, özəl sektorda da təmin edilməsi çox zəruridir. Bu problemlərin həlli isə müvafiq araşdırmaların və beynəlxalq təcrübənin tətbiqini ön plana çəkir.
Xüsusi vurğulamaq lazımdır ki, nəzərdə tutulmuş məsələlər inzibati yollardan daha çox, qabaqlayıcı tədbirlərin görülməsini məqsədəmüvafiq hesab edir.
Süni intellekt və maşın öyrənməsi (machine learning) texnologiyaları müasir çirkli pulların yuyulmasına qarşı mübarizə sistemlərinin əsas komponenti halına gəlmişdir. Çirkli pulların yuyulmasına qarşı mübarizə ənənəvi sistemləri mürəkkəb və sürətlə dəyişən maliyyə cinayətkarlığının mənzərəsinə cavab vermək üçün kifayət etmir. 2024-cü il statistikasına görə, dünyada maliyyə institutlarının 71 faizi artıq pul yuyulması, bank fırıldaqçılığı və digər qeyri-qanuni fəaliyyətlərlə mübarizə üçün süni intellekt və maşın öyrənməsi texnologiyalarından istifadə edir.
Süni intellekt maliyyə xidmətləri şirkətlərinin böyük həcmdə məlumatlardan istinadlar edərək əlaqələri görməyə, qənaətlər çıxarmağa və ssenarilər proqnozlaşdırmağa imkan verən statistik vasitələr məcmusudur.
Ənənəvi qayda əsaslı sistemlər əvvəlcədən proqramlaşdırılmış nümunələr, statistik qaydalar və hədlər üzərində işləyir, lakin yüksək false positive dərəcəsi (90-95 faiz) və məhdud adaptasiya qabiliyyəti ilə xarakterizə olunur. Süni intellekt əsaslı sistemlər isə dinamik nümunə aşkarlanması, öyrənmə və adaptasiya qabiliyyəti, false positive azalması (50-70 faizə qədər) və gizli və mürəkkəb əlaqələrin aşkarlanması imkanları təqdim edir.
Məhkəmə auditi
Maliyyə fırıldaqçılığına qarşı mübarizədə beynəlxalq təcrübədən bəhrələnməyin rolu şübhəsizdir. Fikrimcə, müvafiq qurumlar və peşəkar mütəxəssislər “Məhkəmə Mühasibatlığı və Araşdırma Standartlarının” (FAIS № 330) öyrənilməsinə və tətbiqinə xüsusi fikir verməlidirlər.
Ona görə ki, fırıldaqçılığı törətmək üçün stimullar və təzyiqləri göstərən hadisələr və ya şəraitlərin (motive) və ya onu həyata keçirmək üçün imkan yaradan vəziyyətlərin (opportunity) mahiyyəti məhz bu standartda sistemli və peşəkar səlahiyyətə açıqlanmışdır.
Məhkəmə auditi - maliyyə və mühasibatlıq məlumatları ilə əlaqəli pozuntuları, fırıldaqçılığı, maliyyə sui-istifadələrini və ya digər qanunsuz hərəkətləri aşkar etməyə yönəlmiş xüsusi araşdırma prosesidir. Bu, sübutları tapmaq məqsədilə məlumatların toplanması, analizi və yoxlanmasını əhatə edir və bunlar məhkəmə proseslərində və ya digər hüquqi prosedurlarda istifadə oluna bilər.
Məhkəmə mühasiblərinin və auditorların hazırlanması – maliyyə pozuntularını, fırıldaqçılığı və ya digər hüquq pozuntularını aşkar etmək məqsədilə audit yoxlamalarını həyata keçirə biləcək mütəxəssislərin hazırlanması vacib bir prosesdir. Məhkəmə mühasibləri və auditorları (və ya forensik auditorlar) maliyyə saxtakarlıqları, korporativ cinayətlər və ya mühasibat hesabatının pozulması ilə bağlı araşdırmalarda əsas rol oynayırlar. Onların vəzifəsi, məhkəmə işlərində istifadə oluna biləcək sübutlar toplamaqdır.
Məhkəmə mühasibləri və auditorları yüksək etik standartlara riayət etməlidirlər. Onlar müstəqil və obyektiv işləməli, xarici təzyiqlərdən asılı olmamalıdırlar və onların nəticələri etibarlı və güvənli olmalıdır. Araşdırmalar üzərində işləyərkən, onların məqsədi ədaləti qorumaq olmalı, hansısa tərəfi (məsələn, müştəri və ya şirkət) dəstəkləmək olmamalıdır.
Müasir texnologiyalar forensik auditdə mühüm rol oynayır. Auditorlar müxtəlif ixtisaslaşmış proqram təminatlarından və alətlərdən istifadə edə bilərlər:
• Böyük verilənlərin təhlili. Böyük verilənlər bazarlarında olan əməliyyatlar və maliyyə qeydlərini sürətlə təhlil etmək üçün xüsusi proqramlar istifadə olunur.
• Fırıldaqçılığın aşkarlanması. Maşın öyrənmə və süni intellekt alqoritmləri istifadə edərək verilənlərdəki şübhəli nümunələri aşkar etmək.
• Rəqəmsal forensika. Kompüterlərdə və bulud saxlama sistemlərində olan faylların və digər rəqəmsal sübutların araşdırılması.
FAİS yalnız maliyyə cinayətlərinin aşkarlanmasına deyil, həm də təşkilatın daxili nəzarət sistemlərini gücləndirmək, riskləri idarə etmək və qanunvericiliyə uyğunluğu təmin etməkdə kömək edir.
Kibertəhlükəsizlik
Bu ilin fevral ayındakı çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev göstərmişdir ki, “kibertəhlükəsizlik üzrə əsas hədəflər müəyyən edilmişdir. Bu sahə kritik sahələrdən biridir....Ona görə də bu sahəyə ciddi diqqət göstərilməlidir”.
Məlumat məxfiliyi və təhlükəsizliyi, audit məqsədi ilə süni intellektdən istifadə zamanı əsas məsələlərdən biridir. Süni intellekt sistemləri çox vaxt düzgün işləmək üçün böyük həcmdə həssas maliyyə məlumatına çıxış tələb edir. Bu məlumatların icazəsiz daxilolma və mümkün pozuntuların qarşısını almaq üçün son dərəcə diqqətlə idarə edilməsi vacibdir. Təşkilatlar süni intellekt texnologiyalarının məlumatların qorunması qaydalarına uyğun olmasını və kifayət qədər təhlükəsizlik tədbirlərinə malik olmasını təmin etməlidirlər.
Bundan əlavə, süni intellektin tətbiqi məlumat sahibliyi və idarəçiliyi ilə bağlı məsələlər yaradır. Təşkilatlar Sİ tərəfindən yaradılmış məlumatlara kimin çıxışının olduğunu, bu məlumatların necə idarə olunduğunu və paylaşıldığını müəyyən edən aydın standartlar hazırlamalıdırlar. Süni intellekt alətlərinin təsadüfən həssas məlumatları açıqlamamasını və ya məlumat bütövlüyünü pozmamasını təmin etmək etibarın və uyğunluğun qorunması üçün vacibdir. Məhz bu baxımdan kibertəhlükəsizlik sahəsində qanunvericiliyin gücləndirilməsi günün vacib məsələlərindəndir.
Müasir dövrdə rəqəmsal texnologiyaların sürətli inkişafı maliyyə sektorunda yeni imkanlar yaratmaqla yanaşı, cinayətkarlar üçün də əlavə fürsətlər təqdim edir. Kibercinayətlər və məlumat təhlükəsizliyi məsələləri çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL/TMM) sahəsində çox mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan kibercinayətlərin növləri, məlumat təhlükəsizliyi prinsipləri, beynəlxalq və milli təcrübə, həmçinin bu sahədə audit və nəzarət mexanizmlərin araşdırılması zəruridir.
Kibercinayətlər maliyyə sistemində müxtəlif formalarda özünü göstərir və ƏL/TMM risklərini əhəmiyyətli dərəcədə artırır. Maliyyə fırıldaqçılığı kredit kartları ilə qanunsuz əməliyyatlar, onlayn bank hesablarına icazəsiz giriş, saxta ödəniş sistemləri və şəxsiyyət məlumatlarının oğurlanması formasında həyata keçirilir. Şifrələmə proqramı hücumları maliyyə institutlarının sistemlərinin bloklanması, fidyə pulunun kriptovalyuta ilə tələbi və məlumatların şifrələnərək satılması ilə xarakterizə olunur.
Kriptovalyuta cinayətləri qaranlıq veb bazarlarda qanunsuz əməliyyatlar, qarışdırma və dolaşdırma xidmətləri, mərkəzləşdirilməmiş maliyyə protokollarından sui-istifadə formasında baş verir. Daxili təhdidlər isə işçilər tərəfindən məlumat satışı, sistemlərə icazəsiz giriş və maliyyə məlumatlarının kənar şəxslərə verilməsi kimi hallarla özünü göstərir.
Əlavə olaraq, kibercinayət və ƏL/TMM riskləri yalnız birbaşa maliyyə institutlarının daxilində deyil, həm də xarici tərəflər vasitəsilə yarana bilər. Xüsusilə üçüncü tərəf və keçmiş əməkdaşlar potensial risk mənbəyi hesab olunur. Bu qrupun fəaliyyəti FATF və NIST sənədlərində ayrıca vurğulanır, müvafiq nəzarət və monitorinq tədbirlərinin tətbiqi tövsiyə olunur.
2023-cü il üzrə beynəlxalq rəqəmlər kibercinayətlərdən dünya iqtisadiyyatının zərərinin 10,5 trilyon dollar, maliyyə sektorunda kibercinayət hallarının 40 faiz artım, ransomware (fidyə proqramı) hücumlarının orta fidyə məbləğinin 850 min dollar və phishing (fişinq/aldatma) hücumlarının uğur dərəcəsinin 32 faiz təşkil etdiyini göstərir.
Mühasibatlıq və audit üçün kibertəhlükəsizlik çox vacibdir, çünki onlar tez-tez həssas maliyyə məlumatları ilə işləyirlər. Süni intellekt əsaslı kibertəhlükəsizlik həlləri, real vaxtda təhlükə aşkarlanmasını və qarşısının alınmasını təklif edərək maliyyə məlumatlarının qorunmasını gücləndirir. Bu həllər məlumat sızmaları, viruslar və digər kibertəhlükələr kimi təhdidlərə qarşı texnologiya sistemlərini, şəbəkələri və məlumatları qorumaq üçün hazırlanmış bir sıra alət və strategiyaları əhatə edir.
Tam yəqinliklə demək olar ki, son vaxtlar ölkəmizdə rəqəmsallaşmanın və süni intellektin tətbiqi, habelə kibercinayətkarlığa, habelə maliyyə fırıldaqlarına qarşı mübarizəyə rəvac verən sənədlərin qəbulu və həyata keçirilməsi ölkəmizin bu sahədə də yaxın vaxtlarda nəzərəçarpacaq uğurlar qazanmasına və beynəlxalq reytinqinin yüksəlməsinə zəmin yaradacaqdır.


