Tibbi sığorta mexanizmi “müalicə”yə möhtacdır

post-img

Xəstə ilə həkim arasında uzun məsafəni aşmaq o qədər də asan olmur

Azərbaycanda son illər həyata keçirilən sosial islahatlar sırasında səhiyyə sisteminin yenilənməsi xüsusi yer tutur. Bu islahatların ən mühüm istiqamətlərindən biri icbari tibbi sığorta modelinin tətbiqidir. Sözügedən mexanizmin əsas məqsədi əhalinin tibbi xidmətlərə əlçatanlığını artırmaq, səhiyyə xərclərinin daha səmərəli idarə olunmasını gerçəkləşdirmək və vətəndaşların maliyyə yükünü azaltmaqdır.

İcbari tibbi sığortanın ölkə üzrə tətbiqi səhiyyə sistemində yeni idarəetmə və maliyyələşmə modelinin formalaşmasına gətirib çıxarıb. Bununla belə, sistemin geniş miqyasda fəaliyyətə başlaması bəzi struktur problemləri və praktiki çətinliklər də yaradıb. Mövcud vəziyyət isə icbari tibbi sığorta modelinin səmərəli işləməsi üçün təkcə hüquqi və maliyyə mexanizmlərinin yaradılmasının kifayət etmədiyini, həm də idarəetmə, infrastruktur və xidmət keyfiyyəti sahələrində kompleks yanaşmanın zəruriliyini qarşıya əsas vəzifə kimi qoyub.

Tibbi sığorta eksperti Həsən Abbasovun sözlərinə görə, icbari tibbi sığorta sistemi tətbiq edilməzdən əvvəl respublikada səhiyyə xidmətlərinin maliyyələşməsi, əsasən, dövlət büdcəsi hesabına həyata keçirilirdi. Bu model müəyyən sosial təminat yaratsa da, praktiki baxımdan bir sıra problemlər mövcud idi. Dövlət xəstəxanalarında maliyyə resurslarının qeyri-bərabər bölüşdürülməsi, xidmət keyfiyyətində fərqlər və qeyri-rəsmi ödənişlər kimi hallar vətəndaşların narazılığına səbəb olurdu.

İcbari tibbi sığorta modelinin tətbiqi ilə səhiyyə müəssisələrinin maliyyələşdirilməsi mexanizmi dəyişdi. Tibb müəssisələrində göstərilən xidmətlərin həcminə və keyfiyyətinə uyğun maliyyə vəsaitinin əldə edilməsinə başlandı. Bu yanaşma səhiyyə ocaqlarının tibb fəaliyyətinin daha səmərəli təşkilinə və ehtiyatlardan məqsədəuyğun istifadə olunmasına əlverişli imkan yaratdı. Eyni zamanda, vətəndaşların tibbi xidmətlərdən daha şəffaf, səmərəli mexanizm əsasında yararlanması qarşıya əsas məqsəd kimi qoyuldu. Xidmətlər icbari tibbi sığortanın təminat paketinə daxil olan tibbi prosedurlar üzrə həyata keçirildi və bu paket vətəndaşların hərtərəfli tibbi xidmətlərdən istifadəsini gerçəkləşdirdi.

Həsən Abbasov daha sonra bildirir ki, sistemin tətbiqi zamanı müəyyən müsbət nəticələr əldə olunsa da, praktiki müstəvidə bir sıra problemlər ciddi narahatlıq doğurdu. Ən çox müzakirə olunan məsələlərdən biri səhiyyə xidmətlərinin əlçatanlığı ilə bağlı oldu. Belə ki, bəzi regionlarda tibbi infrastrukturların yetərli səviyyədə olmaması, ixtisaslı həkimlərin çatışmaması və müasir tibbi avadanlıqların məhdudluğu vətəndaşların sığorta çərçivəsində nəzərdə tutulan xidmətlərdən tam istifadəni etməsini. Nəticədə, xəstələrin böyük hissəsi Bakı və digər iri şəhərlərdə yerləşən tibb müəssisələrinə üz tutmağa başladı. Bu isə paytaxt xəstəxanalarında yüklənmənin artmasına gətirib çıxardı.

Ötən müddət ərzində bu problemlərin aradan qaldırılmaması ilə bərabər, xidmətlərin təşkili ilə bağlı ciddi çətinliklər də özünü qabarıq büruzə verir. Bir sıra tibb müəssisələrində növbələrin uzunluğu, diaqnostik müayinələrə yazılma müddətinin uzanması və bəzi hallarda vətəndaşların prosedurlar barədə kifayət qədər məlumatlandırılmaması kimi hallar bunun bariz ifadəsidir. Mütəxəssislərin fikrincə, bu problemlərin aradan qaldırılması üçün ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Ailə həkimi institutunun zəif inkişaf etməsi, poliklinikaların fəaliyyətində səmərəliyin aşağı olması və xəstələrin düzgün istiqamətləndirilməməsi səhiyyə sistemində yüklənmənin artımına gətirib çıxarır.

İcbari sığorta prosesində tez-tez belə bir vəziyyət də yaranır: vətəndaş dövlət xəstəxanasında uzun növbələr, vaxt məhdudiyyəti və ya digər səbəblərdən dolayı diaqnostik müayinələri sığorta çərçivəsində gözləmək əvəzinə öz şəxsi vəsaiti hesabına özəl klinikada və ya başqa tibb müəssisəsində etdirir. Bununla da xəstəliyin diaqnozu təsdiqini tapır. Daha sonra isə vətəndaş əməliyyat və ya müalicənin icbari tibbi sığorta hesabına aparılmasını istəyir. Formal baxımdan sığorta sistemi üçün belə hallarda müəyyən prosedurlar mövcuddur. Çünki icbari tibbi sığorta modeli yalnız müalicənin deyil, diaqnostika və müalicə prosesinin bütöv zəncirini əhatə etməyi nəzərdə tutur. Yəni diaqnozun təsdiqi də sığorta sisteminin daxilində həyata keçirilməlidir.

Bu qaydanın tətbiqinə üstünlük verilməsi bir neçə amillə bağlıdır. Ən əsası isə bu, sistemin tibbi qərarların vahid standartlara uyğunluğunun gerçəkləşdirilməsi, saxta və ya qeyri-dəqiq diaqnozların qarşısının alınması ilə əlaqədardır. Bu səbəbdən bəzi hallarda xəstədən sığorta sisteminə daxil olan tibb müəssisəsində diaqnozun yenidən təsdiqlənməsi bildirilir. Lakin bu yanaşma müəyyən narazılıqlar doğurur. Çünki vətəndaş artıq öz vəsaiti hesabına diaqnostik müayinələrdən keçərək xəstəliyinin mövcudluğunu təsdiqləyir. Belə vəziyyətdə diaqnozun yenidən təsdiqlənməsi əlavə vaxt itkisinə səbəb olur, bəzən isə təkrar müayinələr tələb edilir, xəstəliyin ağırlaşma riski yüksəlir və vətəndaşın sistemə etimadı zəifləyir. Xüsusilə təcili və ya cərrahi müdaxilə tələb edən hallarda bu prosedur daha çox tənqid olunur.

Əlçatanlığa yaradılan maneələr

İcbari tibbi sığorta sisteminin tətbiqi zamanı müzakirə olunan məsələlərdən biri də diaqnostik müayinələrin hansı çərçivədə aparılması və onların nəticələrinin qəbul olunması ilə bağlıdır. Praktikada tez-tez belə bir vəziyyət yaranır ki, vətəndaş müxtəlif səbəblərdən, məsələn, uzun növbələr, müayinə üçün vaxt məhdudiyyəti və ya daha operativ nəticə əldə etmək istəyi ilə tibbi analiz və müayinələri öz vəsaiti hesabına özəl tibb müəssisələrində gerçəkləşdirir. Bununla da xəstəliyin diaqnozu təsdiqini tapır və xəstə artıq cərrahi müdaxilə və ya digər müalicə üsullarına ehtiyac duyur.

Belə hallarda ortaya çıxan əsas suallardan biri ondan ibarətdir ki, xəstə öz hesabına bütün diaqnostik mərhələdən keçdiyi halda, təkcə əməliyyatın icbari tibbi sığorta hesabına aparılması nə dərəcədə məqsədəuyğundur. Mövcud qaydalara görə, sığorta sistemi diaqnostika və müalicə prosesini vahid tibbi xidmət zənciri kimi nəzərdə tutur. Yəni xəstəliyin diaqnostikası da, müalicəsi də sığorta paketinə daxil olan tibb müəssisələrində və müəyyənləşdirilmiş prosedurlar çərçivəsində həyata keçirilməlidir. Bu yanaşma tibbi qərarların vahid standartlara uyğun qəbulunu və sığorta fondunun maliyyə intizamının qorunmasını reallaşdırmaq məqsədi daşıyır.

Lakin real müstəvidə bu qayda müəyyən narazılıqlar yaradır. Çünki vətəndaş öz şəxsi vəsaiti hesabına müayinələrdən keçərək diaqnoz əldə etməsinə baxmayaraq, bəzi hallarda diaqnozun yenidən təsdiqlənməsi tələb olunur. Bu isə əlavə vaxt itkisinə, təkrar müayinələrə və bəzən xəstəliyin müalicəsinin gecikməsinə səbəb olur. Xüsusilə cərrahi müdaxilə tələb edən hallarda belə prosedurlar xəstələrin və onların yaxınlarının haqlı narazılığı ilə qarşılanır.

Tibbi sığorta eksperti Adil Həsənəliyev hesab edir ki, bu problemin həlli üçün daha çevik mexanizmlərin tətbiqi mümkündür. Məsələn, akkreditə olunmuş özəl laboratoriyaların və diaqnostika mərkəzlərinin nəticələrinin sığorta sistemi tərəfindən qəbul edilməsi, tibbi qərarların konsilium əsasında verilməsi və təkrar müayinələrin yalnız zəruri tibbi əsas olduqda aparılması daha səmərəli yanaşma hesab olunur. Bu cür yanaşma həm icbari tibbi sığorta sisteminin maliyyə dayanıqlığını qoruyur, həm də vətəndaşların əlavə bürokratik prosedurlarla üzləşməsinin qarşısını alır.

Beləliklə, diaqnostik müayinələrin nəticələrinin qarşılıqlı tanınması və tibbi qərarların daha çevik mexanizmlərlə qəbul edilməsi icbari tibbi sığorta sisteminin səmərəliyinin artırılması baxımından mühüm istiqamətlərdən biri kimi qiymətləndirilə bilər. Bu məsələ həm də vətəndaş məmnunluğunun yüksəldilməsi və səhiyyə xidmətlərinə etimadın gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Əlavə xərclər, vaxt itkisi

İcbari tibbi sığorta sisteminin tətbiqi zamanı tez-tez müzakirə edilən məsələlərdən biri də bəzi diaqnostik müayinələr üzrə mövcud olan limitlər və göndəriş mexanizmi ilə bağlıdır. Sistemə görə, vətəndaşların əksər hallarda ixtisaslaşmış müayinələrə yönləndirilməsi ilkin səhiyyə müəssisələri və ya ailə həkimləri vasitəsilə həyata keçirilməlidir. Məqsəd tibbi xidmətlərin daha düzgün istiqamətləndirilməsi və xəstəxanalarda yüklənmənin qarşısının alınmasıdır.

Lakin real müstəvidə bu mexanizm hər zaman səmərəli işləmir. Bəzi hallarda xəstə müayinələrə göndəriş almaq üçün bir neçə dəfə tibb müəssisələrinə müraciət etməli olur, nəticədə, proses uzanır və vətəndaş öz hesabına özəl laboratoriyalara üz tutmağa məcbur qalır. Bu isə icbari tibbi sığortanın əsas məqsədlərindən biri olan tibbi xidmətlərin əlçatanlığının artırılması prinsipinə uyğun gəlmir.

İcbari tibbi sığorta sisteminin səmərəli işləməsi üçün ölkə üzrə səhiyyə infrastrukturu və kadr potensialının balanslı inkişafı xüsusi önəm daşıyır. Hazırda bəzi regionlarda ixtisaslı həkimlərin çatışmazlığı və müasir tibbi avadanlıqların məhdudluğu vətəndaşların sığorta çərçivəsində nəzərdə tutulan xidmətlərdən tam istifadə etməsinə mane olur.

Nəticədə, xəstələrin böyük hissəsi müayinə və müalicə üçün Bakı və digər iri şəhərlərə üz tutur. Bu isə bir tərəfdən paytaxtdakı xəstəxanalarda yüklənməni artırır, digər tərəfdən isə regionlarda yaşayan vətəndaşlar üçün əlavə maliyyə və vaxt itkisinə gətirib çıxarır. Ekspertlərin fikrincə, regional tibb mərkəzlərinin gücləndirilməsi, müasir avadanlıqlarla təminat və həkimlərin bölgələrə cəlb olunması bu problemin həllində əsas rol oynaya bilər.

Sistemin tətbiqi ilə bağlı vətəndaşların ən çox səsləndirdiyi problemlərdən biri də bəzi tibb müəssisələrində növbələrin uzun olmasıdır. Xüsusilə yüksək tələbat olan ixtisaslar üzrə müayinə və konsultasiya üçün vətəndaşlar bəzən bir neçə həftə gözləməli olurlar. Bu vəziyyət bir tərəfdən tibbi xidmətlərə tələbatın artması ilə izah olunsa da, digər tərəfdən səhiyyə xidmətlərinin planlaşdırılması və idarə olunması sahəsində əlavə tədbirlərin görülməsini zəruri edir. Elektron növbə sistemlərinin təkmilləşdirilməsi, xəstələrin düzgün istiqamətləndirilməsi və ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi bu problemin həllinə kömək edə bilər.

Ramil KƏRİMOV,
sığorta məsələləri üzrə ekspert

İcbari tibbi sığorta sisteminin davamlı fəaliyyəti üçün maliyyə dayanıqlığının təmin olunması mühüm məsələlərdən biridir. Bu baxımdan sistemin maliyyələşdirilməsində dövlət büdcəsi, sığorta haqları və digər maliyyə mexanizmləri arasında ən yüksək nəticəni ifadə edən balansın qorunması vacibdir. Bu baxımdan Prezident İlham Əliyevin “Tibbi sığorta haqqında” qanuna edilən dəyişiklikləri təsdiqləməsi xüsusi əhəmiyyət kəsb edir. Sənədə əsasən, icbari tibbi sığorta çərçivəsində reallaşdırılması nəzərdə tutulan müştərək maliyyələşmə mexanizminin tətbiqi müddəti daha bir il uzadılır.

Müştərək maliyyələşmə sistemi bəzi tibbi xidmətlər üzrə xərclərin müəyyən hissəsinin vətəndaş tərəfindən ödənilməsini nəzərdə tutur. Lakin sistemin yeni formalaşdığı mərhələdə belə mexanizmlərin tətbiqi sosial həssaslıq baxımından diqqətli yanaşma tələb edir. Məhz buna görə müvafiq müddətin uzadılması vətəndaşların əlavə maliyyə yükü ilə üzləşməsinin qarşısını almaq və sistemin daha balanslı şəkildə formalaşmasına imkan yaratmaq məqsədi daşıyır. Bu qərar həm də göstərir ki, səhiyyə sahəsində həyata keçirilən islahatlar mərhələli şəkildə həyata keçirilir və sosial rifah amili əsas prioritetlərdən biri kimi nəzərə alınır.

Yeri gəlmişkən, könüllü və icbari sığortanın birləşdirilməsi təminat dairəsini genişləndirmək baxımından faydalı olar. İcbari sığorta zərflərində bəzi xəstəliklər nəzərdə tutulmayıb və təminata daxil deyil. Həmin risklərdən könüllü qaydada sığortalanmaq vacibdir. Hazırda planlaşdırılan birləşmə ilə demək olar ki, bütün könüllü sığorta növləri təminat siyahısına daxil ediləcək. Bunun nəticəsində vətəndaşlara daha geniş əhatəli tibbi xidmətlər təqdim olunacaq.

Onu da qeyd edim ki, bəzi klinikalar hələ də icbari sığorta ilə əməkdaşlıq etmir və daha çox könüllü sığorta paketləri ilə işləyirlər. Bu tibb müəssisələri iri şirkətlərlə əməkdaşlıq quraraq vətəndaşlara daha üstün və keyfiyyətli təminat paketləri təqdim edirlər. Birlikdə işlədikdə isə bu model bütün sığorta növlərinə aid təminatları əhatə edə bilər. Hazırda könüllü sığorta üzrə şirkətlərin təminat dairəsi və sığorta qaydaları Mərkəzi Bank tərəfindən tənzimlənir və şirkətlər bu təminatı həyata keçirmək üçün icazə almalıdır.

Vaqif BAYRAMOV
XQ



Sosial həyat